Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.
Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə
kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə
şəkilçi deyilir.
Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s.
Qeyd: Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır:
na, bi, ba, la, a, anti və s. Məsələn:
namərd, narahət, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s. Bu şəkilçilərdən ilk dördü ərəb — fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə
ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.
Şəkilçilərin növləri
Şəkilçilər vəzifəsinə görə iki növə bölünür:
leksik (sözdüzəldici) və
qrammatik (sözdəyişdirici) şəkilçilər.
Söz köklərinə qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır.
Leksik şəkilçilər qoşulduğu söz köklərindən yeni mənalı sözlər düzəldir, yəni onun mənasını dəyişdirir. Məsələn:
kənd -kənd + li,
balıq — balıq+çı,
üzüm — üzüm+lükvə s.
Ön şəkilçilər
(na, bi, la, a, anti və s.) də leksik şəkilçilərdir.
Qrammatik şəkilçilər isə sözün yalnız formasını dəyisdirir. Bu şəkilçilər söz birləşmələrində və cümlələrdə sözlər arasında qrammatik əlaqə yaradır. Buna görə də həmin şəkilçilər qrammtik şəkilçilər adlanır.
İsimlərdə
cəm, hal, mənsubiyyət və
xəbərlik şəkilçiləri,fellərdə isə
zaman və
şəxs şəkilçiləri qrammatik şəkilçilərdir. Məsələn:
kitab+lar, qələm+in, şa+gird+dir, yaz+dı+q, yaz+dcaq+san və s.
Sözlərin yalnız formasını dəyişən və onlar arasında əlaqə yaradan şəkilçilər qrammatik şəkilçilər adlanır.
Şəkilçilərin yazılışı
Qrammatik şəkilçilər ahəng qanununa uyğun olaraq iki və dörd cür yazılır. Məsələn:
-lar, -lər (uşaq+lar, gənc+lər);
-dan, -dən (kitab+dan, qələm+dən);
-ın, -in, -un, -ün (kitab+ın, qələm+in, oyun+un, çöl+ün);
-dı, -di, -du, -dü (yaz+dı, gəl+di, vur+du, düz+dü) və s.
İki cür yazılan şəkilçilərin üstündə 2 rəqəmi yazılır (məsələn:
-lar2, -da2 və s.)
Dörd cüryazılan şəkilçilərin üstündə isə 4 rəqəmi yazılır (məsələn:
-ın4, -dı4 və s.). Bu cür yazılan şəkilçilərdə qapalı saitlərin dördü də iştirak edir.
Leksik şəkilçilər də ahəng qanununa uyğun olaraq iki və dörd cür yazılır. Məsələn:
-ça2 (kitab+ça, dəftər+çə), -çı4 (qapı+çı, əkin+çi, ov+çu, gül+çü) və s.
Dilimizdə
bir cür yazılan leksik şəkilçilərdə vardır. Məsələn:
-daş (vətən+daş, yol+daş, əmək+daş), -dar (hesab+dar, ev+dar, əmək+dar), -keş (zəhmət+keş, qayğı+keş, sərin+keş), -xana (kitab+xana, çay+xana), -şünas (şərq+şünas, hüquq+ şünas), -pərəst və ya
-pərvər (vətən+pərvər, millət+pərəst), -dan (şam+dan, gül+dan), -ban (bağ+ban), -gər (mis+gər) və s. Bu cür yazılan şəkilçilərin çoxu ərəb və fars dillərindən alınmadır.
Həmin şəkilçilərdən bəzisi alındığı dildə şəkilçi yox, müstəqil leksik mənalı sözdür. Məsələn:
«xana» fars dilində
«ev» deməkdir
(«xane» şəklində işlənir). Bu cür yazılan şəkilçilər bir çox hallarda ahəng qanununa tabe olmur. Məsələn:
sir+daş, qayğı+keş, zülm+kar, yemək+xana və s.
Dilimizdə az işlənən şəkilçilərə qeyri-məhsuldar şəkilçilər deyilir.
Qum+sal, sağ+lam, keç+id, tut+ğac, aç+ar, utan+caq və s. kimi sözlərdəki şəkilçilər qeyri-məhsuldar şəkilçilərdir.
Bitişdirici samitlər
Saitlə bitən söz kökləri ilə saitlə başlanan şəkilçilər arasında
y, n, s bitişdirici samitləri işlənir. Məsələn:
gəl+əcək ,işlə+y+əcək, odun+u, su+y+u, otağ+ın — qapı+n+ın, dəniz+in — gəmi+n+in, onun kitab+ı — onun çanta+sı və s. Bu nümunələrdəki birinci sözlər (gəl, odun, ot, dağ) samitlə, ikinci sözlər (işlə, su, qapı, çanta) isə saitlə bitir. Buna görə də ikinci sözlərin qəbul etdiyi -əcək, -y, -m, -ı şəkilçilərinin əvvəlində
y, n, s bitişdirici samitləri işlənmişdir.
Şəkilçilərin əvvəlində gələn
y, n, s samitləri bitişdirici samitlər adlanir.
Sözün başlanğıc forması
Sözün başlanğıc forması qrammatik şəkilçidən qabaqkı leksik məna bildirən hissəsidir. Məsələn:.
məktəb-lər, məktəbli-də,məktublaş,-ır və s.
Sözlər lüğətlərdə başlanğıc formalarında verilir. İsimlərin başlanğıc forması qrammatik şəkilçisiz və adlıq da olan hissəsidir.Məsələn:
yazıçılardan, bağça-larda və s. Fellərin başlanğıc forması da eynilə isimlərdə olduğu kimi, qrammatik şəkilçiyə qədərki hissəsidir. Məsələn:
yazdırıl-dı, başla-dilar və s. Lüğətlərdə fellərin başlanğıc forması məsdər şəklində verilir. Məsələn:
yazdırmaq, işləmək və s.
Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması onların başlanğıc formasına görə müəyyən edilir. Başlanğıc forması sözün aşağı hissəsində qoyulan _______ işarəsi ilə göstərilir.
Sözün quruluşca növləri
Dilimizdəki sözlər quruluşuna görə üç növə bölünür:
sadə, düzəltmə və
mürəkkəb.
- Yalnız bir kökdən (və ya kök və qrammatik şəkilçidən) ibarət olan sözlər sadə sözləradlanır. Məsələn: ev (evlər, evdə), uşaq (uşaqlarda, uşaqlarımız), şagird (şagirddə, şagirdin) və s.
- Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi (iş+çi), enli (en+li), başla (baş+la), baxış (bax+ ış) və s.
- mürəkkəb sözlər iki (bəzən də üç) kökdən(sözdən) ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), kəklikotu (kəklik, ot), tozsoran (toz, soran), əlüzyuyan (əl, üz, yuyan) və s.