Sacayaq – iki qadın bir kişi

Sacayaq – iki qadın bir kişi

Sacayaq ayağı olur üç; bir-birinə verir güc; biri qırılsa olar heç. (Türkmən atalar sözü)
İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin. Hər ikisi üçün sevimli və əziz olan sadəcə bir nəfərdir. Bu kişi, həmin qadınlardan birinə görə, böyüdüb boya-başa çatdırmaq üçün əlindən gələni əsirgəmədiyi, şəfqət və mərhəmətlə əzizlədiyi, haqqında xəyallar qurduğu oğul; digərinə görə isə, ömür yolunu birgə addımlayacağı, həyatını bölüşəcək yeganə könül həmdəmi − həyat yoldaşıdır. qaynana gəlin münasibətləri
Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri
Qaynana-gəlin münasibətləri bu gün cəmiyyətin aktual məsələlərindən biridir. İki şəxs arasındakı qarşılıqlı əlaqə kimi bəsit görünməsinə baxmayaraq təsir sahəsi genişdir. Qadının oğlu/əri və nəvə/uşaqları ilə başlayaraq, suya atılan daş misalı getdikcə halqaya daxil olanları öz təsir sahəsinə alır. İnsan sosial varlıqdır. Onu şəxsi-fərdi həyatını cəmiyyətdən qopuq düşünməmiz mümkün deyildir. Hər kəsin cəmiyyətə qarşı müəyyən rolu və öhdəlikləri vardır. Ona görə də yaranan problemlərə “ailədaxili məsələ” kimi baxmamalı, hər hansı müsbət-mənfi davranışlarımızın cəmiyyətə təsir göstərəcəyini unutmamalıyıq.
Qaynana-gəlin münasibətləri sadəcə iki nəfərə təsir edir?
Dəfələrlə “bu mənim həyatımdı, heç kim qarışa bilməz”, “həyatımı istədiyim kimi yaşayaram və buna görə də heç kimə hesab vermək məcburiyyətində deyiləm” kimi ifadələrlə qarşılaşırıq. Bu tərz fikirlər şəxsi məsələlər haqqında deyildiyi təqdirdə məqbul sayılsa da, cəmiyyətlə əlaqəli mövzularda deyildikdə məsuliyyətsizlik kimi qəbul olunur.
Qaynana-gəlin münasibətləri də iki əsas üzərində dayanır. Bunlardan biri şəxsi məsələlərə aiddir, digəri isə cəmiyyətlə əlaqəlidir. Belə ki, qaynana və gəlin arasındakı mübahisə böyüyüb münaqişəyə çevrildiyi təqdirdə, oğlan/ər nə edəcəyini bilmir, uşaqlar və yaxın qohumlar isə bundan təsirlənir. Belə münaqişələrin yaşandığı ailələrdə böyüyən uşaqlar qohumları ilə münasibətdə problemlərlə qarşılaşır, üstəlik gələcəkdə öz ailələrində gördüklərini tətbiq etməyə çalışırlar. Hələ dünyanı yenicə dərk edən uşaq üçün ən çox sevdiyi iki insandan biri anası, digəri də nənəsidir. Bu iki sevdiyi insanın bir-birilə yola getmədiyini görən uşaq böyüyəndə bir çox insanla yola gedə bilməyəcəyi düşüncəsinə qapıla bilər ki, bu da uşağın sosiallaşmasına maneədir. Qarşılıqlı münasibətlər şüur altına yerləşir və həmin uşaq böyüyüb ailə qurandan sonra gördüklərini öz ailəsinə və ya qayınanasına tətbiq etməyə çalışır. Belə davam edərsə bu nəsildən-nəslə keçməyə başlayar. Məsələyə bu prizmadan nəzər salanda iki qadın (qaynana-gəlin) arasındakı münasibətin və bunun düzəldilməməsinin cəmiyyət üçün necə böyük fəsadlara səbəb olduğunu görə bilərik.
Üstəlik ətarfındakı qaynana-gəlin arasındakı münasibətlərə şahid olub evlənmək fikrindən daşınanların sayı da az deyil. Bəzən də elə olur ki, həmin münaqişələrə şahid olub evlənənlər arasında eyni münaqişələr təkrarlanır.
Bütün bunlar onu göstərir ki, qaynana və gəlin arasındakı soyuq münasibət kişi də daxil olmaqla hər üç tərəfə öz mənfi təsirini göstərir və onların ictimai fəallığını azaldır. Çünki insanın yaşadığı neqativ duyğular və depressiya onun sağlamlığına və həyat eşqinə öz mənfi təsirini göstərir.
Nə üçün mübahisə baş verir?
Niyə iki şəxs arasında mübahisə düşür? Bunun bir neçə səbəbi var.
Münasibətlərin münaqişəyə çevrilməsi: Əslində tərəflər arasındakı mübarizə güc mübarizəsidir. Yəni hər iki qadın- qaynana və gəlin əhəmiyyət verdikləri kişiyə sahib olmaq, onun üçün əvəzolunmaz görünmək və bunu isbat etmək istəyir. Bu, bir mənada daxildə gizlənən “eqo”nun rahat olmasıdır. Belə düşüncələrin nəticəsi olan yersiz qısqanclıqlar ailə fərdlərinə öz mənfi təsirini göstərir və onlar arasındakı bağları qoparır.
Yanlış düşüncələr: İnsanların bir-birinə xor baxmağının səbəblərindən biri də yanlış düşüncələrdir. Elə buna görədir ki, çoxları bəzən mənfi düşüncələrin təsirilə sui-zənnə (bədgümana) qapılaraq, əslini araşdırmadan yanlış qərarlar verirlər.
Bəs yanlış düşüncələr hansılardır?
Qaynanalar adətən “Bu mənim oğlumdur. Gəlin isə yad qızıdır və oğlumu məndən ayıracaq”, “Gəlin oğlumla yaxşı rəftar etməyəcək”, “Gəlin hardan bilsin ki, oğlum hansı yemələri xoşlayır. Oğlumun xoşladığı yeməkləri ancaq mən bilirəm”, “Gəlindirsə mənim bütün işlərimi də görməlidir” və buna bənzər yanlış düşüncələrə qapılır və gəlinə qarşı öz qızı kimi rəftar etməli olduğu halda onunla münasibətləri korlayır.
Bəzən ana həyat yoldaşından görmədiyi qayğını, nəvazişi oğlundan umur. Bel bağladığı, güvəndiyi oğlu üçün “oğul mənimdirsə, mənim dediyimlə oturub-duracaq” düşüncəsinə qapılır.
Gəlinlər də adətən “Oğlunu mənə qısqandığına görə yeganə məqsədi bizi ayırmaqdır”, “İşi-gücü mənim səhvlərimi yoldaşımın yanında üzümə vuraraq aramızı vurmaqdır”, “Məni oğluna şikayət eləmək üçün bəhanələr axtarır”, “Mənə qulluqçusu gözüylə baxır və işlədir”, “Bizə cadu eləyib”, “Bizə ona görə yemək bişirir ki, oğluna məndən daha yaxşı yemək bişirdiyini sübut eləsin” və bənzəri yanlış düşüncələrə qapıldığından, qaynanaları ilə öz anaları kimi rəftar edə bilmirlər.
Kişilər isə əsasən “Öz başlarının çarəsinə baxsınlar”, “Əvvəl anama layiq gəlin ol, sonra səni həyat yoldaşım kimi qəbul edərəm”, “Anamı sevindirə bilmirsənsə məni əsla sevindirə bilməzsən” kimi qeyri-obyektiv düşüncələrin təsirində qalırlar. Bu isə mübahisənin daha da alovlanmasına gətirib çıxarır.
Kənar təsirlər: Cəmiyyətdə görülən ailə problemləri və yaxınların təsiri də tərəflər arasında əsassız şübhələrə və yanlış düşüncələrə gətirib çıxarır. Məsələn, evlənmədən əvvəl deyilən “Qaynanana imkan vermə ki, sənə ağalıq eləsin”, “Qaynananın qulluqçusu deyilsən” kimi ifadələr gəlin, “Gəlinə imkan vermə ki, başına çıxsın” kimi sözlər də qaynana üzərində öz mənfi təsirini göstərir. Bu da getdikcə münasibətlərdəki soyuqluğa səbəb olur.
Ünsiyyətdəki nöqsanlar: Qaynana və gəlin arasında evliliyin ilk vaxtlarında əmələ gələn kiçik narazılıqlar vaxtında və münasib şəkildə deyilmədiyi təqdirdə də tərəflər arasında problemlər yaşanır. Nəyisə qarşı tərəfə çatdırarkən ən uyğun ifadə tərzi, gülərüz və şirin dildən istifadə etməyi unutmamalıyıq. Tənqid və təhqirdən imkan daxilində uzaq durmağa çalışmalıyıq.
Uşaqlıqda yaşananların təsiri: Ailədaxili problemlərə səbəb olan amillərdən biri də uşaqlıda ailədə qarşılaşılan problemlər və bunun yaddaşlarda açdığı yaralardır. Gəlinin uşaqlıqda ailəsində qarşılaşdığı problemlər onun öz ailəsinə də müəyyən dərəcədə təsir edə bilər. Üstəlik nə vaxtsa qaynana ilə gəlin arasında baş verən inciklik hazırki vəziyyətə öz mənfi təsirini göstərə bilər.
Kimə zərər dəyir?
Bəs görəsən qaynana-gəlin arasında baş verən anlaşmazlıqdan kimlər zərər görür?
Nə edəcəyini bilməyən və ya çarəsiz qalan kişi: Kişi həm ananın/qaynananın, həm də gəlinin bölüşə bilmədiyi şəxsdir. Kişi onlar arasında müvazinəti (tarazlığı) qoruyub saxlamağa məcburdur. Bir tərəfdə bütün məsuliyyəti üzərində olan həyat yoldaşı, digər tərəfdə də heç nə ilə haqqını ödəyə bilməyəcəyi anası var. Kişi özü üçün ən əziz və əvəzolunmaz olan bu iki insanı (anası və həyat yoldaşını) əsla itirmək istəməz. Ancaq tərəflər arasında baş verən hər hansı narazılıq və onları razı sala bilməmək, onlara nəyisə izah eləməkdə çətinlik çəkmək ona psixoloji əziyyət verər. Hər iki tərəfin bir-birini başa düşməyini, aralarında heç bir incikliyin olmamasını istəyər.
Uşaqlar: Həyatı yeni dərk etməyə başlayan uşaqlar ailədə gördükləri mübahisələri anlamaqda çətinlik çəkirlər. Nənə və ananın nəyi bölüşə bilmədiyini dərk edə bilmirlər. Bəzən nənənin, bəzən də ananın tərəfində olmağa çalışır və qarşı tərəfə əsəbləşirlər. Nənə və ana haqqında ağlına gələn “görəsən onlardan hansı haqlıdır, hansını sevməliyəm?” kimi təzadlı fikirlər uşaqları narahat edir. Nəticədə uşaqlar onlardan birini yaxşı, o birini pis qəbul etməyə başlayır ki, bu da onların inkişafda olan xarakterinə öz mənfi təsirlərini göstərir.
Bu səbəbdən münasibətlərin uşaqlar üzərindəki təsiri düşünülməli və onların yaddaşında ən gözəl ailə modelinin formalaşmasına çalışılmalıdır. Uşağa ana və ya nənəsi haqqında əsla şikayət edilməməli, onlardan birinin yaxşı, digərinin pis olduğu deyilməməlidir. Yaddan çıxarmaq olmaz ki, bütün baş verənlər birbaşa uşağın xarakterinə təsir edir.
Ətraf mühit: İnsan ətrafındakı insanlar üçün gözəl nümunə olmağa çalışmalıdır. Bu səbəbdən ailədaxili məsələlərdə də istər qohum-əqrəbanın, istərsə də qonşuların dedi-qodusuna səbəb olacaq şeylərdən uzaq durulmalıdır.
Qaynana-gəlin: Qaynana-gəlin arasında baş verən münaqişədən ən çox zərərçəkənlər elə onların özləridir. Hər iki tərəf istər psixoloji, istərsə də ailədaxili münasibətlərin korlanmasına görə narahat olurlar. Bütün yazılanları nəzərə alaraq qaynana-gəlin münasibətlərinin sadəcə iki şəxsə yox ümumi mənada cəmiyyətə zərər verdiyini nəzərə almalı və buna uyğun hərəkət etməliyik.
Münaqişədən qaçmaq üçün nə etməli?
Qarşılıqlı anlayış, bir-birini başa düşmək, kaprizlərdən uzaq xarakter və empatiya qaynana-gəlin münasibətlərindəki əsas faktorlardandır. Ailədaxili problemlərin ortaya çıxmaması üçün hər iki tərəf bunlara riayət etməyə çalışmalıdır. Gündəlik həyatda qarşılaşılan kiçik problemlər, anlaşılmazlıqlar, umu-küsülər qarşı tərəfi incitməyəcək tərzdə dilə gətirilməli, deyilməli, danışılmalıdır. Əks təqdirdə həmin kiçik problemlər böyüyərək sonradan düzəldilməsi çətinləşən mübahisələrə, dedi-qodulara, dava-dalaşa və qarşılıqlı nifrətə səbəb olar. Ancaq elə etmək lazımdır ki, aradan pərdə qalxmasın. Aradakı pərdə qalxdıqdan sonra deyilən sözün təsiri olmur.
Bundan əlavə ailə həyatı qurmaq istəyən tərəflər kənar təsirlərə (xüsusilə qeybət və dedi-qoduya) əsla əhəmiyyət verməməli, bunlara qarşı bütün “qapı”ları bağlamalıdırlar. Üstəlik başqası haqqında sui-zənnə qapılmamalı, bədgüman olmamalıdırlar. Valideynlər yeni qurulan ailənin müstəqil yuva (qurum) olduğu da yaddan çıxarılmamalı, lazım gəldikdə onlara arxa-dayaq olmalıdır. Bütün bu sadalananlardan əlavə üç tərəfin də üzərinə düşən müəyyən öhdəliklər var.
Qaynanaların nəzərinə
– Əvvəla unutmayın ki, gəlininiz başqa ailədə böyüyən, hər insan kimi özünəxas xarakteri olan müstəqil fərddir. Evinizə gəlin gələndən sonra eynilə sizin kimi düşünmək və hərəkət etmək məcburiyyətində deyil. Çünki hər insanın xarakteri fərqlidir. Və bu fəqrliliyi anlayışla qarşılamaq lazımdır.
– Belə düşünməyiniz məsləhətdir “Oğul mənimdir, onu mən dünyaya gətirmişəm. Amma o mənim şəxsi və istədiyim kimi istifadə edəcəyim mülküm deyil. Onun həyat yoldaşı da mənim qulluqçum deyil. Oğlum mənə Allahın əmanəti, böyüdüb boya-başa çatdırmaq və xoşbəxtliyini görəndə sevinim deyə mənə bəxş elədiyi nemətidir”. Yəni heç bir ananın övladı bir əşya deyil ki, başqası onu ələ keçirmiş və ya mənimsəmiş olsun. Hər insan müstəqil bir fərddir.
– Unutmayın ki, oğlunuz evlənibsə artıq yetkin insandır. Özünü və ailəsini kənar təsirlərdən qorumaq iqtidarındadır. Oğlunuzun və gəlininizin ailəsinə müdaxilə etməyə heç bir haqqınız yoxdur.
– Gəlininizi öz qızınız olaraq qəbul etməli, ona öz qızınız kimi davranmalı, hər insan kimi onun da xəta və nöqsanlardan, səhv etməkdən xali olmadığını qəbul etməlisiniz.
– Oğlunuzun ailəsinin müstəqil olduğunu qəbul etməli və əsla sizə kömək və ya məsləhət üçün müraciət etmədikləri müddətcə ailələrinə müdaxilə etməməlisiniz. Yaddan çıxarmayın ki, qarşılaşdıqları problemləri özlərinin həll eləməsi evliliklərinin güclənməsinə və təcrübə qazanmalarına səbəb olacaq.
– Gəlininizə olan etibar və inamınız tam olmalı və bunu ona davranışlarınızla bildirməlisiniz. Ona həm qayğıkeş ana, həm bacarıqlı evdar xanım, həm də layiqli həyat yoldaşı olmağı öyrətməli və müəyyən müddət sonra ona bu məziyyətlərə sahib olduğunu xoş sözlərinizlə bildirməlisiniz.
– Gəlininizdə gördüyünüz xətaları münasib tərzdə, təklikdə qayğıkeç bir ananın öz qızına izah elədiyi kimi başa salmalı, bunu bir daha təkrarlamasın deyə ona yol göstərməlisiniz. Gəlinin hər hansı xətasını əsla oğlunuza şikayət etməməlisiniz.
– Yeri gələndə gəlininizi xoş sözlərinizlə öz övladınız kimi əzizləməlisiniz.
Gəlinlərin nəzərinə– Həyat yoldaşınızın anası sizin doğma ananız olmasa da ona lazımi hörmət və sayğını göstərməyiniz gərəkir. Çünki o ərinizin anası, onun ən əzizidir. Buna görə də hörmətə layiqdir.
– Öz ananızdan gözlədiklərinizin və ya umduqlarınızın eynisini qaynananızdan gözləməyin. Onu olduğu kimi qəbul etməyə çalışın. İstəklərinizi ailəyə uyğun olaraq formalaşdırsanız daha yaxşıdır.
– Belə düşünməyiniz tövsiyə olunur: “Ərim mənim həyat yoldaşım olduğu kimi, anasının da razı qalacağı övlad olmaq məcburiyyətindədir”.
– Qaynananızı əzizləməyi, xoş sözlərlə könlünü almağı bacarmalısınız.
– Həyat yoldaşınız və anası arasındakı səmimi münasibəti qəbul etməli, buna qısqanclıq göstərməməli və buna görə ərinizi əsla günahlandırmamalısınız.
– Özünüzü qaynananızla müqayisə etməyin. Hərənizin yeri başqadır. Hər ikiniz öz yerinizdə daha dəyərli və birincisiniz. Əriniz sizi anası ilə müqayisə edirsə, bu təqdirdə anasını qısqanmadığınızı ona bildirməlisiniz.
– Qaynananızla münasibətlərinizin necəliyi birbaşa sizin ailə xoşbəxtliyinizə təsir edəcək. Əgər münasibətlər yaxşıdırsa evlilik bağlarınız daha da möhkəmlənəcək, əksidirsə zəifləyəcək.
– Fikir müxtəliflikləri ilə qarşılaşdığınız təqdirdə anlayışlı olmağa çalışın. Yeri gələndə güzəştə getməyi, altdan almağı da bacarın. Düşünün ki, evlənmədən öncə öz ananız sizə səhvinizi dedikdə necə qarşılıq verirdiniz?
– “Sadəcə ərimin anası olduğuna görə yox, həm də bir insan olduğuna görə qaynanamla yaxşı rəftar etməliyəm” düşüncəsini mənimsəyin.
– Ailə sirlərinizi üçüncü şəxslərlərlə paylaşmayın. Hər kəsin evində söz-söhbət olur. Siz, əriniz və qayınananız xaricində hər kəs üçüncü şəxsdir.
“Nə edəcəyimi bilmirəm?” deyən kişilərin nəzərinə
– Həyat yoldaşınızla ananızı əsla bir-biri ilə müqayisə etməyin.
– Hər ikisinin də sizin üçün dəyərli olduğunu onlara bildirin.
– Sizə aralarında ortaya çıxan anlaşılmazlıq haqqında şikayət etdikdə hakimlik etməyin. “Sən haqlısan”, “sən haqsızsan” kimi sözlər işlətməyin. Sadəcə doğru düşünərək ədalətli, tərəfkeşlik eləmədən qərar verin.
– İstər ananız, istərsə də həyat yoldaşınız sizə şikayət edərsə onlara bir-birini başa düşməli, anlamalı olduqlarını xatırlatmalısınız. Ancaq onların da dərdini kiməsə demək ehtiyacları olduğunu unutmamalısınız. Dərdini sizə danışan tərəf haqsız olsa belə onu anladığınızı və tam başa düşdüyünüzü bildirməli, bundan sonra ədalətli şəkildə fikrinizi deməlisiniz.
– Bir-birinin arxasınca dedikləri xoş sözləri paylaşmalı, xoşagəlməz sözlər varsa bunu əsla deməməlisiniz. “Ana, mən gəlmək istəyirəm, amma gəlinin gəlmək istəmir”, kimi ifadələr münsibətlərinizi zədələyə bilər.
– Üzərinizə düşən vəzifə və öhdəliklərinizi qarışdırmamalısınız. Ananızın yanında övladı kimi rəftar etməli, ona sayğı və hörmət göstərməli, həyat yoldaşınızın yanında isə ər kimi davranmalı, ona layiq olduğu dəyəri verməlisiniz.
– Unutmayın yeni qurduğunuz ailənin rəisi sizsiniz. Buna görə də üzərinizə düşən məsuliyyətin fərqində olmalı və ailə sirrinin qorunmasına, xoşbəxtliyin mütəmadi olmasına diqqət yetirməlisiniz.

Mənbə:qadinla.com
Top