Valideyn olaraq övladınızın xoşbəxtliyi sizin üçün ən ümdə məqsəddir. Bu məqsədlə onun hər bir arzusunu yerinə yetirməyə, saysız hesabsız oyuncaqlar almağa, ən yeni geyim və texnoloji avadanlıqları tez bir zamanda ona yetişdirməyə hazır olduğunuz da təbiidir. Bəs bilirsiniz ki, sizin bütün bu növ səyləriniz onları yalnız qısa müddətdə xoşbəxt edə bilir? Xoşbəxtliyin övladınız üçün ömür boyu sürəcək həyat tərzinə çevrilməsi üçün heç də bu qədər maddiyata ehtiyac yoxdur. Gərək olan yalnız sizin sevginiz və dəstəyinizdir.
İlk növbədə övladlarınızı daha yaxından tanımağa çalışın. Onların özlərini ifadə etməkdə çətinlik çəkdikləri ilk aylarında qığıltılarından, ağlamaqlarından, daha böyük yaşlarında üz ifadələrindən hərəkətlərindən balalarınızı narahat edən məqamları vaxtında sezin.
Bu bacarığa yiyələnməyin ən asan yolu isə onlarla daha çox ünsiyyətdə olmaqdır. Övladlarınızı qucağınızda gəzdirməkdən, onları öpüb bağrınız basmaqdan çəkinməyin. “Qucağa öyrəşər” “Ərköyün olar” deyə məsləhətlərə əhəmiyyət verməyin. “SİZ” onlar üçün ən qiymətli varlıqsınız və sizinlə ünsiyyət və yaxınlıq onları xoşbəxt edəcək ilkin şərtdir.
Övladlarınız üçün digər yaxınları ilə ünsiyyət yaratmağa, yeni dostlar tapmağa şərait yaradın. Bu ünsiyyət zamanı onlar bölüşmək və qayğı göstərmək kimi mühüm keyfiyyətlərə yiyələnəcəklər. Belə keyfiyyətlər onlara özlərini lazımlı və vacib hiss etməyə kömək edəcək. Bu hətta yetkin insanlar üçün də xoşbəxtliyin açarı hesab olunur.
Övladlarınızı tərifləyərkən doğru məqamlara diqqəti yönəldin. Oğlunuzu futbolda qol vurduğu üçün deyil, qol vurmağa sərf etdiyi zəhmətinə görə qiymətləndirin; qızınızı gəzməyə başladığı üçün deyil, bunun üçün etdiyi cəhdlərə görə əzizləyin. Əks halda övladınızın özünə inamı sırf nailiyyətlərindən asılı olacaq. Bu səbəbdən hər dəfə nəyisə bacarmadıqda məyusluq qaçılmaz hala çevriləcək. Onlar sizin və digər yaxınlarının sevgisini də nailiyyətləri ilə əlaqələndirəcəklər ki, bu da uğursuzluğun bədəlini övladlarınızın gözündə süni şişirdəcək. Nəticədə əziz balalarınız hətta qazandıqları uğurlarından da zövq almaqda çətinlik çəkəcəklər.
Sonda bir qızıl qaydanı xatırlayın: xoşbəxt valideyn xoşbəxt övlad deməkdir. Ən əziz varlıqlarınız uğrunda bitməyən zəhmətiniz sizi özünüzü xoşbəxt edəcək fəaliyyətdən uzaq salmamalıdır. Siz övladlarınıza xoşbəxt insan nümunəsi olmalısınız. Onlar xoşbəxtliyi mücərrəd məhfum kimi deyil, sizin obrazınızda həyat tərzi kimi görməlidilər.