«İnsan həyatda nə üçün yaşayır?», «Onun dünyada mövqeyi nədən ibarətdir?», «İnsanın xoşbəxtliyi nədədir?» kimi suallar hər bir ağıllı insanı narahat etməyə bilməz.
Xoşbəxtlik – etikanın digər kateqoriyalarından fərqli olaraq daha konkret məzmuna malik olsa da onlarla sıx əlaqədardır, xüsusən borc, vicdan, şərəf və s. ilə. İnsan mənəviyyatının dərinlikləri iləəlaqədar olan xoşbəxtlik– əxlaqi şüurun əsas anlayışlarından olub, insanın daxilən razı qalmasına uyğun bir haldır. Arzu kimi xoşbəxtlik də insanın idealının hissi-emosional formasıdır, lakin fərq bundadır ki, o, yalnız məqsəddən, cəhddən ibarət olmayıb, bunların həm də həyata keçirilməsi ilə bağlıdır. Xoşbəxtlik yalnız insanın müəyyən konkret obyektiv mövqeyini və ya subyektiv vəziyyətini xarakterizə etmir, o, insanın həyatının necə olması vəəsil səadətin nədən ibarət olması barədə təsəvvürləri ifadə edir. Xoşbəxtlik ruhun daimi rahatlığıdır. O, fasiləsiz sevinc deyil, əksinə, ruhun xüsusi emosional yüksəliş məqamıdır. Buna görə də xoşbəxt həyata qəmli-qüssəli, dərdli məqamlar da aid ola bilər. Xoşbəxtliyə həm də həyatın bir çox sevinclərindən imtina etmə daxildir.
Xoşbəxtlik kifayət qədər güclü, gərgin və müsbət həyəcan olub, öz həyatından yüksək dərəcədə razı qalma halıdır. Bu halın yaranması üçün heç də insanın həyatının bütün sahələrində müvəffəqiyyət əldə edilməsi tələb olunmur. Bu müvəffəqiyyət yalnız qlobal problemlərə aiddir. İnsanlar çox müxtəlif situasiyalarda özlərini xoşbəxt hesab edə bilərlər. Məsələn, yenicə evlənənlər bir çox kəm-kəsirləri olsa belə, özlərini adətən xoşbəxt hesab edirlər. Onları nə dəbdəbəli ev, nə xarici markalı maşın, nə də başqa sərvətlər maraqlandırır. Kasıb sənətkar da, öz əsərləri ilə bağlı müəyyən nailiyyət əldə etdikdə özünü xoşbəxt hesab edə bilər. Rəssamın hər hansı mötəbər sərgidə iştirakı, şairin ilk kitabının çıxması, müğənninin mükafat və ya fəxri ad alması və s. bu qəbildəndir. Göründüyü kimi, xoşbəxtliyə səbəb olan hadisələr uzunmüddətli olmur. Çünki həyatda qaneolma halları daimi deyil. Xoşbəxtlik qısamüddətli olub, şimşəyin çaxma anını xatırladır. Təsadüfi deyil ki, «bal ayı» ifadəsi mövcuddur, «bal beşilliyi» isə gülüş doğura bilər. Sadəcə olaraq, insan öz müvəffəqiyyətlərinə alışır və yeni-yeni zirvələr fəth etmək istəyir ki, bu da yeni, daha dərin hisslər keçirməyi tələb edir, özünütəsdiq və mənəvi zənginləşmə üçün digər yollar axtarır. Mütləq xoşbəxtlik mümkün deyil. Tələbata uyğun olaraq o daim inkişafdadır. Xoşbəxtlik anlarında insan dünyanı da ayrı cür qavrayır. Görəsən cinayətkarlar özlərini tam xoşbəxt hiss edə bilirlərmi? Yəqin ki yox. Elə təkcə hər an ifşa olmaq təhlükəsi buna mane ola bilər. Cinayətkar öz əməlindən nə dərəcədə həzz alsa da, uzun müddət sevinc hissi keçirsə də, bu, əsil xoşbəxtlik deyil.
Xoşbəxtliyin yaranma prosesi bir sıra özünəməxsus əxlaqi xüsusiyyətləri də üzə çıxarır. Hadisənin və şəraitin xırda eqoizm mövqeyindən deyil, yüksək əxlaqi dəyərlər baxımından qiymətləndirilməsi xoşbəxtliyin başa düşülməsində mühüm rol oynayır. Müxtəllif əxlaqlı adamların xoşbəxtliyi və onu başa düşməsi arasında müəyyən fərqlər mövcud olur.
Xoşbəxtlik azad quşa bənzəyir. O olmayan yerdə insanı güclə özünü xoşbəxt hesab etməyə məcbur etmək olmaz. Bu baxımdan xoşbəxtliyə aid bir sıra atalar sözləri də mövcuddur. Məsələn, «xoşbəxtlik at deyil ki, boynuna cilov taxasan» və ya «xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan».
Xoşbəxtlik fərdi olur. Yəni hər bir insanın, ailənin, sosial qrupun, millətin xoşbəxtliyi ola bilər. Xoşbəxtlik insanın mənəvi ideala nə dərəcədə yaxın olubilə də üzə çıxır. «Yaxşı həyat nədir və insan ilk növbədə nəyə can atmalıdır» kimi suallar xoşbəxtliyə aid olan əsas məsələlərdəndir.
Xoşbəxtliklə bağlı insanların fikirləri çox müxtəlifdir. Bəziləri üçün xoşbəxtlik öz zahiri əlamətləri ilə seçilməlidir ki, bura ilk növbədə uğur, həzz, şərəf, var-dövlət və s. aiddir. İnsanın sevincə, rahatlığa, arzularının icrasına can atması təbiidir. Lakin bunların əxlaqi tələblərlə, məsələn, borcla toqquşması problem yarada bilər.
Bəxti gətirmə, tale kimi başa düşülən xoşbəxtlik insanın özündən asılı deyil. Buna başqaları da qarışa bilməz. Bu barədə düşünən Aristotel o fakta diqqət yetirib ki, insanın ədalətli olması, və yaxud hər hansı xeyirxahlığı uğur kimi qiymətləndirilmir, çünki bu keyfiyyətlər insanın cəhdindən, səyindən asılıdır. Lakin mirasa sahib olmaq, yaxşı yaşayışa, fitri istedada malik olmaq uğur, müvəffəqiyyət kimi başa düşülür. Pis bir hadisədən, qəzadan yaxa qurtarmaq özü də uğurdur. Lakin Allahın göndərdiyi səadət belə insandan müəyyən zəhmət tələb edir. «Səndən hərəkət, Allahdan bərəkət» misalı da təsadüfən yaranmayıb. Lakin hər hansı uğur, həyatın «insana gülümsəməsi» hələ insana özünü xoşbəxt hiss etməyə imkan vermir. Eyni zamanda xoşbəxtliyin yaşanması, duyulması, onun əsas məqamıdır. Xoşbəxtlik o vaxt həqiqi olur ki, o, insanda sevinc və razılıq duyğuları oyatsın.
Xoşbəxtlik haqqında yayılmış təsəvvürlərdən biri də budur ki, o yaşanan zaman keçirilən sevinc hissi dərin olur. Lakin bu cür həyəcan vəziyyəti də tez keçəndir. Xoşbəxtlik ona görə qısaömürlü, epizodik hal kimi xatırlanır ki, insan xoşbəxt olanda saat yadına düşmür, hər saat bir ana çevrilir.
Həzz və xoşbəxtliyin fərqini insanlar nəinki çoxdan başa düşüblər, hətta onu da dərk ediblər ki, hər bir həzz heç də xoşbəxtliyə aparmır. Qədim Yunanıstanda məşhur siyasi xadim, e.ə. VI əsrdə yaşamış Solon deyirdi ki, «sənə qüssə gətirəcək həzzdən qaç». Bəzən bədbəxt adamlar da nədənsə həzz ala bilər. Eyni zamanda, xoşbəxtlik də həzlə müşayiət edilir. Həzsiz xoşbəxtliyi dərk etmək çətindir. Lakin həzz xoşbəxtliyin nə şərti, nə də məzmunu deyil.
Xoşbəxtlik haqqında yayılan digər təsəvvür var-dövlətlə bağlıdır. Lakin var-dövlət həmişəmi xoşbəxtlik gətirir? Burada var-dövlətin hansı yolla qazanılması da rol oynayır. Bundan başqa, bir çox var-dövlət sahibləri heç də özlərini xoşbəxt hiss etmirlər. Əlbəttə, halal yolla qazanılmış var-dövlət insana əziyyət vermir, ondan qətiyyən qaçmaq lazım deyil, çünki kasıb ola-ola xoşbəxt olmaq doğrudan da çətindir. Lakin bir daha xatırladaq ki, xoşbəxtlik var-dövlətlə, onun miqdarı ilə ölçülmür. Doğrudur, uğurlu tale, sevinc, maddi və mənəvi baxımdan zəngin həyat xoşbəxtliyin əldə edilməsinə səbəb olan amillərdir. Lakin bunlar xoşbəxtlik üçün yalnız əlverişli şəraitdir, onun səbəbi və məzmunu deyil. Sokrat deyirdi ki, xoşbəxtlik insanın tərbiyəsindən, təhsilindən və nə dərəcədə xeyirxah olmasından asılıdır. Yalnız layiqli və namuslu adamlar xoşbəxt ola bilər, ədalətsiz və səfehlər xoşbəxt ola bilməz. Ədalətsizlər cəzalanmırsa, onda onlar xüsusilə bədbəxtdirlər.
Xoşbəxtlik məmnun qalma kimi başa düşülürsə, deməli bu qaneolunma ani deyil, uzunmüddətlidir, həyatın böyük bir zaman kəsiyini əhatə edir. Xoşbəxtlik üçün kəmiyyət göstəriciləri olmasa da, həyatın bütövlükdə və ya ayrı-ayrı tərəflərinin insanı qane etməsi kimi kəmiyyət göstəriciləri mövcuddur.
Xoşbəxtlik sevinc hissi ilə də çox yaxındır. Sevinc emosional olduğu halda, xoşbəxtlik sakit də yaşana bilər.
Birgəyaşayış şəraitində mövcud olan insan nə iləsə barışmalı, nəyin naminəsə özünü qurban verməli, müəyyən məhdudiyyətlərə dözməlidir. Bu cür dözümlü, xeyirxahlıqlarla dolu həyat xoşbəxtliyə səbəb ola bilər. Bir çoxları məhz bu fikirdədirlər ki, «xoşbəxt olmaq istəyirsənsə, xeyirxah ol». Bu, əlbəttə, çətin xoşbəxtlikdir. Qədim filosofların çoxu artıq xoşbəxtlik və xeyirxahlığın nisbəti barədə fikir söyləyirdi. Polyak filosofu B.Tatarkeviç (1886-1980) özünün «Xoşbəxtlik və insanın kamilliyi» əsərində xoşbəxtliyin bir neçə növündən söhbət açır: «1) həzz, ləzzət; 2) uğur, bəxti gətirmə; 3) tale (qədim yunan mifologiyasında tale və xoşbəxtlik ilahəsi Tixe, qədim Romada isə Fortuna idi); 4) sərvətə malik olma».
Xoşbəxtlik çox mürəkkəb anlayış olsa da, onun mövcudluğunun təzahürü olan bir sıra amillərdən danışmaq mümkündür. Nahaq yerə demirlər ki, xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan. Bu amillər xoşbəxtliyin yaranmasına zəmanət verməsə də, hər halda müəyyən mənada ona təkan ola bilər. Bu amilləri şərti olaraq obyektiv və subyektiv kimi 2 qrupa ayırmaq olar. Obyektiv amillər əsasən insanın şüurundan və iradəsindən asılı deyil, subyektiv amillərin yaranmasında isə adətən insan özü iştirak edir. Obyektiv amillərə təbii şərait (əlverişli iqlim, coğrafi mövqe, təbii fəlakətlərin baş verməməsi və s.) və cəmiyyətin vəziyyəti (müharibə və ya sülh şəraitində yaşaması, qanunların işləməsi, ədalətin bərqərar olması və s.) aiddir. Əgər ölkədə təbii fəlakət baş verirsə, qorxulu epidemiya yayılırsa, vətəndaş müharibəsi gedirsə və s. bu kimi hallar mövcuddursa tam mənada xoşbəxtlikdən danışmağın heç yeri deyil. Əgər ətrafdakı insanlar əzab çəkirsə, qan tökülürsə, hansı xoşbəxtlikdən danışmaq olar? Torpaqları işğal altında olan hansı xalq rahat yaşaya bilər? Xoşbəxtliyin yaranması dövrlə, xalqın adət-ənənələri, mədəni xüsusiyyətləri, siyasi rejimi və s. amillərlə də bağlıdır. Obyektiv amillərə həmçinin insanın sağlamlığı, temperament tipi (məsələn, kimsə tündməcazlığı, hər hansı mənfi xüsusiyyəti ucbatından cəmiyyət, kollektiv, qonşular, qohumlar tərəfindən sevilmir), hətta xarici görkəmi aiddir. İnsanın məşğuliyyəti də bu baxımdan mühüm rol oynaya bilər. Çünki çox vaxt yaradıcılıq uğurları insanda nəinki adicə məmnunluq hissi oyadır, hətta onu yetərincə xoşbəxt edir.
Subyektiv amillərə insanın məsləkləri, əqidə və etiqadı, maraqları, nəyəsə olan həvəsi, əhval-ruhiyyəsi və s. aiddir. Subyektiv amillər çox vaxt müxtəlif hadisələrə fərdin münasibətini formalaşdırır. Bu bir daha o deməkdir ki, biz hadisələri dəyişə bilməsək də, onlara münasibətimizi dəyişməyə qadirik ki, bu da bizi xoşbəxt edə bilər. Seneka deyirdi ki: «Özünü xoşbəxt hesab etməyən adam bədbəxtdir». Doğrudan da, insanın xoşbəxt olması yalnız obyektiv, xarici şəraitdən deyil, həm də subyektiv amillərdən, insanın özündən, onun fəallığından, məqsədyönlülüyündən asılıdır. Pessimist insan asanlıqla öz xoşbəxtliyindən yan keçə bilər. Əfsanəyə görə, Makedoniyalı İskəndər çəlləkdə yaşayan Diogendən soruşanda ki, dünyada ən xoşbəxt adam kimdir?», o cavab vermişdi ki: «mənəm, çünki Dünyanın yarısı sənin ola-ola gözün doymur, mənim isə heç nəyim olmasa da, heç nəyə ehtiyacım yoxdur». F.Nitsşe isə deyirdi ki, xoşbəxtliyə yalnız seçmə adamların hüququ var, çünki onlar digərləri üzərində müəyyən hakimiyyətə malikdirlər. A.Şopenhauerə görə isə xoşbəxtlik yalnız iztirabların olmamasıdır. İztirablar pozitiv və real olduğu halda xoşbəxtlik həmişə arzu kimi qalacaq. L.Bethovenə görə başqalarını xoşbəxt etmək özü xoşbəxtlikdir. J.Rasin hesab edirdi ki, xoşbəxtlik ona görə mövcuddur ki, onu kiminləsə bölüşməyi bacarasan.
«A.A.Bakıxanov «Təhzibi-əxlaq» və «Nəsihətnamə» əsərlərində təvazökarlığı xoşbəxtlik əldə etməyin mühüm vasitələrindən biri hesab etmişdir. Onun nəzərincə, təvazökar olmayan adam heç bir vaxt sakitlik, qəlb rahatlığı əldə edə bilməz. Təvazökarlıq insanın cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa, həm də ona daxilən mənəvi cəhətcə təkmilləşməkdə kömək edir. Təvazökar olmayan adam öz əxlaqını saflaşdıra bilməz. Çünki təkəbbürlü və lovğa adam çox vaxt öz nöqsanlarını və zəif cəhətlərini görə bilmir. Təvazökarlığın mənəvi mənfəəti ondadır ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olduğu üçün sadəliyi üstün tutur.
Bakıxanova görə, insan öz ağlına müəyyən hədd qoyub deyə bilməz ki, daha mən hər şeyi bilirəm, çünki insanın dünyada dərk etməli olduğu çox şeylər vardır. Kim ki öz bilik və təcrübəsini artırmağa ehtiyac hiss etmirsə,
o ciddi surətdə yanılır. Öz biliyinə həddindən artıq güvənmək cəhalət əlamətidir. Bakıxanov bu münasibətlə özü haqqında deyir ki, gənclik çağlarında öz əqlimə tamamilə inanırdım, nöqsanlı olduğumu heç vaxt ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir işi, öz istəyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirirdim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların günahı mənim düşündüyüm qədər deyildi. Getdikcə tədqiqatım və təcrübəm artdı. Öz əqlimin dərəcəsinəşübhə etməyə başladım, bilmədiyim nöqsanlar yavaş-yavaş meydana çıxdı. Nəhayət, zövqümün xoş bir çağında və yabançılardan uzaq olduğum bir zamanda insafı hakim edərək özümün xasiyyət və rəftarımı bir-bir nəzərdən keçirdim. Məlum oldu ki, mənim təsəvvürlərim puç imiş, nəfsimin və şəhvətimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim halıma uyğun deyilmiş. Zehnim və zirəkliyim xudbinliyimə qalib gəlmiş olsaydı, bu gün xatırladıqda, peşmançılığını çəkdiyim işləri görməzdim.
Bakıxanov məsləhət görmüşdü ki, elm və kamalımızın nöqsanları olduğunu bildikdən sonra, insan gərək öz elm və etiqadına arxayın olmasın. İşin dal-qabağını dərin düşünmədən ona əl atmasın; əqli tədqiqatını, dünyanın böyük adamlarının və xalqlarının görkəmli alimlərinin rəyləri ilə tətbiq etsin və ümuminin faydasına olan işi qəbul etməkdən utanmasın. Çünki bizim heç bir işimiz təqlidsiz olmamalıdır, heç olmazsa pisliyə və zərərə səbəb olan işə deyil, ümuminin faydasına olan iş təqlid edilsin.
Maraqlıdır ki, Abbasqulu ağa Bakıxanov təvazökarlıq və sadəlikdən danışarkən, sadəliyi prinsipsizlik, acizlik dərəcəsinə endirməməyi tələb etmişdir. O yazırdı ki, həlimliyin acizlik, təvazökarlığın isə alçaqlıq dərəcəsinə gəlib çıxmasından saqınmaq lazımdır. Ancaq acığı və vüqarı, yeri gəldiyi vaxtda, bədəni qorumaq üçün alət etmək lazımdır. Çünki, bir çoxları bir nəfəri aciz gördükdə onu incitməyə tələsirlər» (16, s.234-235).
Z.Göyüşov özü isə belə hesab edir ki, «…xoşbəxtlik – əxlaqi ideal və arzu ilə sıx surətdə bağlıdır. Əxlaqi ideal və arzu insanın xoşbəxtliyinin mühüm tərkib hissəsi olmaqla bərabər, həm də qiymətli əxlaqi sərvət xarakteri daşıyır. İdealsız, arzusuz, məqsədsiz, gələcəyə inamsız mənalı insan həyatı təsəvvür etmək çətin olduğu kimi, bunlarsız əsl xoşbəxtlik də mümkün deyil».
İnsanın həyatı yalnız sevincdən yox, kədərdən də ibarətdir. Xoşbəxtlik kimi bədbəxtlik də dərin həyəcanla müşayiət olunur. Lakin xoşbəxtlik fəlsəfi anlayış olduğu halda, bədbəxtlik fəlsəfi anlayış deyil. Psixoloqlardan fərqli olaraq filosoflar bədbəxtlik haqqında müzakirə açmırlar. Ona görə yox ki, onlar insan həyatına biganədirlər, sadəcə olaraq xoşbəxtlik anlayışı, onlara görə, ideala yaxındır. İnsanlar xoşbəxtliyi uğurdan ayıra bildikləri kimi, bədbəxtliyi dəşansın reallaşmamasından, bəxti gətirməməkdən fərqləndirməyi bacarırlar. Bəzən adi danışığımızda dərdi, bəlanı, dərin həyəcanları bədbəxtlik kimi tələffüz etsək də, bunun əsl bədbəxtlik olmadığını başa düşürük. Bədbəxtlik – fəciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv və ya subyektiv səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, iztirab çəkməyən adamlar xoşbəxtdirlər. Lakin bu, insanlıqdan uzaq haldır. İnsan qəlbi özgə iztirablarını başa düşməli, onlara şərik çıxmağı bacarmalı, imkan dairəsində kömək etməyə meylli olmalıdır. Yalnız iztirablarla qarşılaşdıqdan sonra insan həyatın rəngarəngliyini, onun yalnız sevincdən deyil, kədərdən də ibarət olduğunu dərk edir. Bədbəxtlik bəzən bəxti gətirməkdən daha çox, insanın pis xasiyyətli olmasının nəticəsidir. Heç kim səhv buraxmaqdan, günah işlətməkdən, xəstəliyə tutulmaqdan, pis adamların ona vuracağı zərbədən və yaxın adamlarını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox vaxt elə bunlar olur. Hər adamın həyatında sevincli və kədərli günlər mövcuddur. Xoşbəxtliklə bədbəxtlik bir-birini istisna etmir. Eyni cəmiyyətdə hamının eyni dərəcədə xoşbəxt olması mümkün deyil. Rəqiblərdən hansınınsa xoşbəxtliyi digərinin bədbəxtliyinə səbəb ola bilər. Çox vaxt insanlar xoşbəxtlikdən danışarkən yalnız şəxsi xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur.
Bəzən həyatda insanın elə halları olur ki, o, cəmiyyət tərəfindən qınanılan və özünə heç bir zaman layiq bilmədiyi hərəkətləri etmək istəyir. Hətta özü elə vəziyyət yaradır ki, qanun-qaydaya riayət etməli olmasın. Bunu bir anlıq gözünün önünə gətirən insan özünü müstəqil və sərbəst hiss edir. O, hətta öz adətlərinə, vərdişlərinə də riayət etmir. Bəzi xalqların mədəniyyətində belə hallar üçün xüsusi şərait mövcuddur. Bu cür kütləvi formalardan biri karnavallardır. Karnaval zamanı insan maska taxır və tanınmayacağına əmin olduğu üçün özünü sərbəst aparır, istədiyi hərəkətləri edir və öz məqsədlərinə çatmaq üçün yollar axtarır. Belə «sərbəstliyə çıxma» iri həcmli tədbir olan karnavallarla yanaşı, kamera xarakteri daşıyan kiçik formalar, məsələn, lətifələr vasitəsilə də həyata keçirilir. Lətifələrin köməyilə «sarı simə» toxunan, çox incə mövzuların gülüş vasitəsilə ifşa olunmasına geniş şərait yaranır.
İnsanın həzz alma mənbələrinin çoxsaylı olmasına baxmayaraq, həzzin özü həmişə ani, müvəqqəti, qısamüddətli olur. O heç vaxt kifayət etmir.
Həzz – tələbat və maraqların təmin edilməsi ilə müşayiət edilən hiss və həyəcandır. Bioloji baxımdan həzz və iztirabların təsiri (rolu) onların adaptiv (uyğunlaşdırıcı) funksiya daşıması ilə müəyyən olunur. Həzz – orqanizmin tələbatlarına cavab verən fəallığı stimullaşdırır, həzzin yoxluğu və iztirab isə orqanizmi onun üçün təhlükə törədəcək təsirlərdən təcrid edir. Psixofizioloji baxımdan həzz tələbatların təmin edilməsi olub, daxili gərginliyin fiziki və psixi cəhətdən azalması və sönməsi ilə müşayiət olunur, orqanizmin zəruri funksiyalarının bərpa edilməsinə səbəb olur. Həzzin insan üçün faydalı olması müəyyən normativ mövqeyə gətirib çıxarır: həzz alma, məmnun olma orqanizm üçün ideal olduğundan insan bu halı əldə etməyə çalışmalıdır. Etikada belə mövqe hedonizm adlanır (yunanca «hedone» həzz deməkdir). Baxışlar sistemi və həyat tərzi kimi mövcud olan hedonizm o təsəvvürlərəəsaslanır ki, insan fəaliyyətinin əsas mənası və xoşbəxtliyin real təməli iztirablara qarşı ikrah hissi keçirmək və həzzə can atmaqdır. (53, s.312)
İnsan həyatında həzzin rolunun öyrənilməsi sahəsində Z.Freydin xidmətləri böyükdür. Xüsusi tədqiqatlar ona «həzz prinsipinin» qəlbin fəaliyyəti və ya psixi proseslərin əsas təbii tənzimləyicisi olması barədə fikir yürütməyə imkan verdi. Freydə görə, insan psixikasında fərdin normativ məqsədlərindən asılı olmayaraq, həzz almaq və ya almamaq üstünlük təşkil edir. Daha intensiv və parlaq, həm də nisbətən asan yolla əldə edilən həzz cismani, məsələn, seksual həzzdir. Yeməyə, soyuqdan qızınmağa, istirahətə olan tələbatların təmin olunması da bu qəbildəndir. İnsan doğulandan «hedonik» olur. Körpənin tələbatlarının ödənilməsi heç də çətin olmur. Bunu ətrafdakılar edir. Bu tələbatlar çox sadə və asandır: yedizdirmək, beşiyi yelləmək, lay-lay, isti və zərif əllərin hərarəti və s. Bunlardan həzz alan körpə ağlamır və hətta müəyyən mənada «öz razılığını» bildirir. Freydə görə erkən yetkinlik çağında gəncin aldığı seksual həzz ona görəəhəmiyyətli və yaddaqalandır ki, bu həzzi o, böyüklərdən asılı olmayaraq edir (53, s.313).
Bütün bu deyilənlərdən belə çıxmasın ki, həzz əxlaqa, etikaya və humanist dünyagörüşə ziddir. Onu yəqin ki, müəyyən məqamlarda xoşbəxtliyin elementi kimi nəzərdən keçirmək olar.
Bütün etik sistemlərdə xoşbəxtlik bilavasitə həyatın mənası anlayışı iləəlaqələndirilir. Xoşbəxtlik kimi həyatın mənası da yalnız şəxsi xoşbəxtlik üzərində qurula bilməz. Bu hal gec-tez fərdi xarakter alaraq eqoizmə aparır.
Etik sistemlərin çoxunda xoşbəxtlik insan hüquqlarının ayrılmaz hissəsi, xoşbəxtliyə can atma isə insanın fitri xüsusiyyəti kimi nəzərdən keçirilir.
İnsan özünü dərk etməyə başlayandan onu həyat əhəmiyyətli suallar narahat etməyə başlayıb: «İnsan nə üçün yaşayır?», «Onun məqsədi nədir?», «İnsanın xoşbəxtliyi nədədir?», «Həyatın məzmunu və məqsədi nədir?». Beləliklə, həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur. Xoşbəxtlik və həyatın mənası problemi etika tarixində çoxlarını düşündürüb. Bu baxışları əsasən 3 qrupa bölmək olar: 1) həyatın mənasını fərdi nailiyyətlərlə bağlayanlar; 2) dini etiqadlara tabe olaraq o biri dünyanı qazanmaqla bağlayanlar; 3) insan həyatını və mövcudluğunu absurd, mənasız hesab edənlər.
Birinci cərəyanın nümayəndələri, fərdiçilik konsepsiyasını irəli sürənlər hedonizm (həzz) və evdemonizm (xoşbəxtlik) prinsiplərini ön plana çəkirlər. Xoşbəxtliyin maksimum qaneolunma kimi başa düşülməsi utilitarizm (yararlılıq) etikasında da mövcuddur. Bu eqoistik konsepsiyanın əxlaqa zidd olduğunu onun tərəfdarları da hiss etdiklərindən özlərini təmizə çıxarmaq üçün müxtəlif bəhanələr tapırdılar. Epikurdan tutmuş fransız maarifçilərinədək bu problemlə məşğul olanlar yeni nəzəriyyə – «ağıllı eqoizm» nəzəriyyəsini ortaya atdılar.
İkinci cərəyan daha çox dini etika tərəfindən irəli sürülür. Bu dünyadakı həyatın insanlar üçün Allah tərəfindən sınaq kimi göndərilməsi vəəsil həyatın o biri dünyada olması fikrindən müəyyən məqsədlər üçün istifadə edən bəzi din xadimləri bu minvalla insanları asketizmə (tərki-dünyalığa) ruhlandırır. Keçmişəsrlərdə əsasən hakim siniflərin mənafeyinə xidmət edən bu mövqe insanları ədavətə, zülmə, haqsızlığa qarşı mübarizədən çəkindirir, dinin özünə qarşı isə düzgün olmayan münasibət formalaşdırırdı. Əslində din insanı xoş həyat uğrunda fəaliyyətdən, zəhmətdən, mübarizədən nəinki çəkindirmir, əksinə, insanı öz həyatını yaxşılaşdırmaq, asanlaşdırmaq üçün elmlərə yiyələnməyə, əməksevərliyə təhrik edir, öz xoşbəxtliyini düşünməyi, həmçinin digərlərinin, xüsusən imkansızların qayğısına qalmağı məsləhət görür. Uzun müddət ateistlər, xüsusən, islam dininin düşmənləri bu kimi məsələləri təhrif olunmuş şəkildə izah edərək insanları çaşdırmışlar. «Qurani-Kərimi» özü şəxsən oxumayan insanlar, özünü «molla» adlandıran, savadsız fırıldaqçıların danışdığı cəfəngiyyatla kifayətlənməli olurdular. Bu gün insanların dini şüurunun və savadının artması nəticəsindəİslamın ən humanist din olması qəbul edilir. Fanatizmdən, cəhalətdən, avamlıqdan, savadsızlıqdan uzaqlaşaraq sırf dini mövqe tutanlar həyatın əsil mənasını dərk edir, bütün gücünü, qüvvəsini, vaxtını, ağıl və düşüncəsini insanların xoşbəxtliyi, xoş həyatı uğrunda mübarizəyə sərf edirlər.
Üçüncü cərəyanı pessimist cərəyan adlandırmaq olar. Bu cərəyanın nüiayəndələri insanın mövcudluğunun mənasını inkar edir, onun absurd, mənasız olduğunu sübut etməyə çalışırlar. Kinik (e.ə. IV əsr, əxlaq normalarını inkar edən fəlsəfi məktəb) məktəbinin etikasında, ekzistensialistlərdə (mövcudluq fəlsəfəsi) və s.-də bunun izlərinə rast gəlmək olar.
Etika tarixində həyatın mənası, onun sevincləri haqqında ilk təlimin yaradıcısı Epikur sayılır. O, həyatın mənasını müdriklikdə görür. Onun fikrincə, insan ağlı ilə bütün mənasız arzulardan əl çəkməli, qəlbin rahatlığına nail olmalıdır. Qədim Yunan filosoflarından Gegesi hesab edirdi ki, o vaxt yaşamağa dəyər ki, həyatın gətirdiyi həzzin miqdarı iztirablardan çox olsun. Əgər əksinədirsə, onda insan ölsə yaxşıdır. Siseronun dediyinə görə, bu filosof sonralar Peysitanatos ləqəbi qazanır ki, bu da «intihar carçısı» mənasını verir. Onun mühazirələri İskəndəriyyədə bu səbəbdən qadağan edilmişdi (102, s.203)
XVIII əsr fransız materialistləri həyatın mənasını insanın dünyəvi maraqlarından ayırmağa qarşı qətiyyətli çıxış etdilər. Bu, onların əvəzsiz xidmətidir. Onlar həyatın mənasını xoşbəxtliyə, dünyəvi ideala qovuşmaqda görür, elmi nailiyyətləri, bəşəriyyətin tərəqqisinə sonsuz inamı bunun əsası hesab edirdilər. Psixoloq E.Fromm yazır ki: «İnsan yeganə heyvandır ki, onun varlığı özü üçün problemə çevrilir, o, bu problemi həll etməlidir və ondan heç yerə qaça bilməz» (86, s.81).
Keçmişini və gələcəyini, özünü vəətrafdakıları, etdiyi hərəkətləri və gətirə biləcəyi yenilikləri düşünməyən adamın həyatını mənalı hesab etmək olmaz. İnsan təbiətən praktik məxluqdur. O qarşısına məqsəd qoyur və onlara çatmağa çalışır. Məqsəd və vəzifələrsiz insan heyvana çevrilir. İnsan öz inkişaf və fəaliyyət perspektivlərini, həyatının məqsədini, nəyəəsaslanmalı olduğunu başa düşməli, bilməli və görməlidir.
Həyatın mənası və həyatın məqsədi anlayışları bir-biri ilə sıx bağlı olsa da eyniyyət təşkil etmir. Həyatın mənası – insanın istəyindən asılı olmayaraq obyektiv şəkildə mövcuddur. Həyatın məqsədi – daxili, şəxsi və konkret olub, insanın özü tərəfindən qoyulur. Bu, hər hansı peşəyə yiyələnmə, konkret bir işdə hansısa nəticəni əldə etmə və s. ola bilər. İnsanın bütün həyatının məqsədi ayrı-ayrı konkret hissələrdən ibarət ola bilər ki, bunun da məcmusu bütöv bir proqram təşkil edir. Şüurlu surətdə qarşıya qoyulmuş məqsədin əxlaqi tərəfi onun həyatın mənasına olan münasibəti ilə ölçülür.
Bütün tələbatları birdən yerinə yetirmək mümkün deyil. Böyük və kiçik məqsədlər mövcuddur. Kiçik məqsədlər yaxın, bilavasitə, birgünlük olduğu halda, böyük məqsədlərə çatmaq üçün insan bəzən bütün ömrünü həsr etməli olur. Məsələn, dissertasiya müdafiə etmək, milyon dollar toplamaq, Amerikaya getmək, özü üçün ayrıca ev almaq və s. Bunlar məqsəd-ideallardır. Həyatın mənası ayrı-ayrı məqsədlərin əhəmiyyətliliyi ilə yox, insanın bütün həyat boyu davranışı, götürdüyü istiqamətlə müəyyənləşir.
Bəzən insanın məqsədi şəxsi mənfəət çərçivəsindən, karyeradan «o yana» getmir. Hətta əxlaqa zidd məqsədlər də olur ki, bunlara bəraət qazandırmaq mümkün deyil. Lakin belə də düşünmək düzgün olmazdı ki, həyatın mənası guya yalnız ictimai rifahla bağlı olmalıdır. Cəmiyyət ayrı-ayrı fərdlərdən ibarət olduğu üçün hər bir insanın səadəti mühüm əhəmiyyət kəsb edir. Hər bir insan ilk növbədə özü, öz şəxsi xoşbəxtliyi barədə düşünməlidir. Cəmiyyətin xoşbəxtliyi ali məqsəd olduğu halda, fərdin xoşbəxtliyi son məqsəddir.
Həyatın mənası anlayışı sosial amillərlə yanaşı şəxsi həyatda baş verən bəzi hadisələrlə də bağlıdır. Bura yaxın adamların itirilməsi, şəxsi həyatdakı qəfil dəyişikliklər, müəyyən yaş dövrü və s. aiddir. Bu zaman yüksək əxlaqi dəyərlərə söykənmək zəruridir. Çünki belə olduqda insan istər-istəməz xeyir, şər, ədalət, borc haqqında düşünür və bunları öz həyatı, taleyi, plan və ümidləri iləəlaqələndirir. Həyatın mənasız olduğunu dərk edən insan mənəvi cəhətdən sarsılır, əsəbləri pozulur. Əlbəttə, həyatın mənası haqqında düşünmək və narahat olmaq qabiliyyəti bütün insanlarda eyni deyil. Bu, insanın peşəsindən, iş qabiliyyətindən və başqa keyfiyyətlərindən asılı deyil.
İnsanın mənəvi həyatında belə bir fikir əsas rol oynayır ki, həyatın mənası var və son məqamda xeyir şərə qalib gəlməlidir. Bu inam olmasa (hətta zəif formada) insan həyatı ağır, məşəqqətli, yorucu vəəzablı keçər.
İnsanın həyatı onun yaşadığı illərin sayı ilə yox, məzmunu ilə, ətrafdakılara münasibəti, cəmiyyətə verdiyi xeyirlə, əxlaqi keyfiyyətləri, həmçinin şərəfi, namusu, vicdanı, ləyaqəti ilə qiymətləndirilir.
Mənbə: Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009.- 160 s.
Müəllif: ŞAHHÜSEYNOVA SEVİNC ASİF qızı