Sosial şəbəkələrdə yayılan bu video insanlar tərəfindən böyük maraqla qarşılanıb. Kadrlarda ata və oğuldan ibarət bir ailə təsvir olunur. Filmin birinci hissəsində oğulun ataya qarşı olan hissləri əks olunub: O, atasını sevmir, kasıb olduqları üçün ondan utanır. Bir dəfə atasından soruşur ki, niyə biz də zəngin deyilik. Atası deyir ki, insan aldıqları ilə deyil, verdikləri ilə xoşbəxt olar. Bunu unutma.
Gənc bu sözlərin mənasını illər sonra anlayır. Artıq atası yoxdur. Evə gəldikdə öz adına gələn çoxlu təşəkkür məktubları görür. Orada əlil uşaqlara pul köçürdüyü üçün minnətdarlıq sözləri əks olunmuşdu. Gənc burada yanlışlıq olduğunu düşünür və həmin ünvana yollanır. O zaman əlil insanlarla qarşılaşır. Öyrənir ki, illər uzunu kasıb olduğunu düşündüyü atası, istəsəydi zəngin həyat sürə bilərmiş. Lakin o, bunun yerinə insanlara xeyir verməyi seçib. Sən demə, o, uzun illər «yoruldum» demədən işləyərək, aldığı məvaciblə kasıblara, möhtaclara maddi dəstək göstərməklə kifayətlənməmiş, hətta əlil və dünyadan küsmüş uşaqlar üçün tamaşalar göstərərək, onları həyata qaytarırmış.
Əslində bu videoda ata-oğul məhəbbəti yox, günümüzdə unudulan dəyərlər əks olunub. Təəssüf ki, artıq bir çoxlarımız bütün günü işlədiyimizi bəhanə gətirərək, valideynlərimizə nəinki zəng eləmir, hətta ildə bir dəfə olsa belə onları yoluxmağa getmirik. Artıq müasir insanlıq xoşbəxtlik deyiləndə, ilk öncə gözünün qarşısına pulu gətirir. Halbuki, əsl xoşbəxtliyi insanlara xeyir verməklə əldə etmək olar. Filmdə də deyildiyi kimi: Zənginlik nə qədər vara malik olduğun deyil, nə qədər varı paylaya bildiyindir…