Səadət nədir?

Səadət nədir?

Xoşbəxtlik bir sevgilidir hər kəs həsrətini çəkər onun, (xoşbəxtlik) bir uca qayədir hər fədakarlığa qatlanarlar onun yolunda. İnsanlar arasında elə bir fərd yoxdur ki, məsud olmaq istəməsin. Bəs, səadət nədir? Budur çətindən də çətin məsələ!..

Yunanlıya görə, o, eşq və sevda, Sezara görə şan və şöhrət, Firona görə iqtidar və məqam, Qaruna görə də yığın-yığın sərvət və xəzinələrə sahib olmaqdır. Halbuki, bunlardan heç biri, nə gerçək səadət, nə də onun bir vəsiləsidir. Həqiqi xoşbəxtliyi bu yollarla axtaranlar həmişə aldanmış və xüsrana məruz qalmışdırlar.

Gerçək səadət insan zehninin dağınıqlıq və pərişanlıqdan qurtarılması, insan qəlbinin itminan və rahatlığa qovuşmasından ibarətdir. Onu dəniz sahillərində, dağların zirvəsində, tənha yerlərdə axtaranlar daim yanılmışlar. Hərçənd, ruhuna bundan qeyri yollarla istirahət etdirməyi bilməyən avam üçün bu da bir vəsilə sayıla bilər. Ancaq gerçək hüzur və səadəti əldə etmək üçün nə zamana, nə də zəminə ehtiyac var. O hər yerdə insanla birlikdədir; onun iç aydınlığına, onun hür iradəsinə əmanət edilmiş müqəddəs bir sevgilidir. Hər bir insan istədiyi vaxt qanadlanan ruhu ilə qəlbinin sonsuz diyarlarına pərvaz edib tamaşasından doya bilməyəcəyi aləmlərə baş çəkib həsrətini çəkdiyi xoşbəxtliyi əldə edə bilər. Üstəlik qəlb xəzinəsi də tərtəmiz fikirlərlə süslənmiş və ləbriz (ağzına qədər dolu, dopdolu) edilmişsə… Boysun (Boycenin) dediyi kimi: “Nə bəxtiyardır o insan ki, ruhunun dərinliyində belə bir mehrabı var!..”

Bəli, məsud ola bilmək üçün əvvəlcə ruh yaxşıca təchiz edilməli, könül pak və təmiz fikirlərlə süslənməli, sonra da keçmişin qanad verən xatirələri gələcəyin isabətli və məqul ümidləri ilə birgə mütaliə edilməlidir ki, bunun sayəsində pisliklərdən qorunmaq mümkün olsun… şəhvani hisslərin qarşısına sədd çəkib insanı ucaldan hissləri də qüvvətləndirərək həyatın hər anını fəzilətlə boyamaq mümkün ola bilsin. Elə əxlaqlı həyatın yeganə düsturu da fəzilətdir. Axtardığımız səadət də fəzilətdən ayrı olmayıb, bir baxımdan onun nəticəsi və mükafatıdır.

Ruhu qanadlandırıb pərvaz etdirən və qəlbi daim canlı saxlayan yeganə şey “Yaradanın xoşnudluğu” düşüncəsidir. Fəzilət düşüncəsi olmadan xoşbəxtlikdən danışmaq əbəsdir, mənasızdır.

Bəzmimizə (yığıncaq, söhbət məclisi) səadət möhürünü vuran müstəsna varlıq bu xüsusiyyətləri ilə həm fəzilətli, həm də xoşbəxt idi: O, o qədər əzmkar və qərarlı idi ki, ömrü boyu Uca Yaradanın təsdiqindən keçməyən heç bir şeyi bircə dəfə də xoş qarşılamamışdı. O qədər dürüst idi ki, ən əhəmiyyətsiz şeylərdə belə heç kimə haqsızlıq etməmişdi. Uca aləmlərə o qədər aşiqdi və ülvi təcəllilərlə o qədər dolu idi ki, heç vaxt ləzzəti fəzilətdən üstün tutmamışdı. Elə üstün idrak və qavrayış sahibi idi ki, yaxşını pisdən ayırmaqda bircə kərə də tərəddüd keçirməmişdi. İnsanların fikirlərinə həmişə hörmət göstərmişdi, amma onların nəsihətlərinə heç vaxt ehtiyac hiss etməmişdi.

Ən anlaşılmaz, mürəkkəb məsələləri çox rahatlıqla həll edər, qəflət və dəlalət içində olanları bir cəhdlə fəzilət və şərəfə yüksəldərdi. Sözlərində ağıl və hikmət qoşa gedirdi; məntiqli və doğru bildiyi xüsuslarda olduqca sabitqədəmdi. O qədər müttəqi idi ki, hərəkət və davranışlarındakı şəffaflıq, rəftarındakı yumşaqlıq və duruluq mələkləri qibtəyə sövq edəcək qədər zərif idi. Lovğalıq və öyünmə kimi xislətlər onun təsirli və əridici abı-havasında bircə dəfə də görünməyə imkan tapa bilməmişdi. Şəxsi ilə bağlı bütün həqarətlərə susmaqla səbir edər və insanları ittiham etməkdən olduqca uzaq olardı. Qorxaqlıq Onun səmtinə ayaq aça bilməmiş, vəsvəsə və tərəddüdlərlə heç üzləşməmişdi. Qövm və qəbiləsindən bezib usanmadığı, çəkinmədiyi kimi, dünya ilə hesablaşdığı zamanlar da polad kimi olmağı bacarmışdı. Otağı, yatağı, paltarı və yeməyi çox sadə və fəqiranə idi. Və yaşadığı cəmiyyətin sıravi bir fərdi kimi idi. Dostluqda tayı-bərabəri olmayacaq qədər səbatlı və möhkəm, vəfada hər kəsi minnət altında buraxacaq qədər mərd idi...


O, bunlarla sərəfraz və fəzilətli idi. Nə qədər fəzilətli idisə, o qədər də qəlbi hüzurla dolu və xoşbəxt idi.

Onun vicdanı qədər saf və duru bir vicdana sahib olmaq üçün fəzilətin rüknləri sayılan bu xüsuslarda Onu nümunə götürmək və ruhumuzun rəngini əks etdirən bu düşüncələrin kirlənib pozulmasına imkan verməmək lazımdır.

Bəli, bu cür uca xüsusiyyətlərə sahib çıxmaq bizə fəzilət gətirəcək, dolayısilə də gerçək xoşbəxtliyin qapılarını üzümüzə açacaq. Əksinə, bu istiqamətdə yol verdiyimiz hər hansı bir qüsur isə fəzilət dünyamızda bir dəlik, dolayısilə səadətimizi bulandıran bir keyfiyyət olacaq. Necə ki, suyu saf və təmiz saxlamaq üçün yeganə yol onun içinə bir şey atmamaq və bulandırıcı şeylərdən uzaq saxlamaqdır. Bunun kimi ruhun hüzuru və xoşbəxtliyi də onu bir anlıq da olsa, fəzilətdən məhrum etməməkdən asılıdır.

Top