Gülərüzlü olmaq gülümsəyən bir üzlə yaşamaq deməkdir. Bu insanın özünü, səsini gözəlləşdirər, cəmiyyəti rahatlaşdırar. Gülərüzlü insan hər kəsə simpatik gələr. Çevrəsində özünə qarşı maraq oyadar. Ümumiyyətlə, gülərüz insan getdiyi hər yerdə maraq qazanır və hər kəs onunla ünsiyyətdə olmaq istəyir.
“Gülərsən, hər kəs səninlə gülər, ağlarsan yalnız qalarsan” deyimi buna misaldır. Bu həqiqətən belədir.
Şərqdə gülərüz olmaq sanki bir məcburiyyətdir. Qarşınıza çıxan hər kəsi gülərüz görərsiniz. Taylandın adı “azadlıq ölkəsi” mənasını verir. Əvvəlki adı Siyam isə “gülərüzlü insanlar ölkəsi” deməkdir. Siyamlılar əsəbləşdiklərində, qorxduqlarında, sevdiklərində, utandıqlarında və hər cür ruhi hallarında həmişə gülərüzlə baxarlar. Bu halda onların necə bir ruh halında olduqlarını bilməyimiz imkansızdır. Yaxşı düşünsək bu halın hamımız üçün keçərli olduğunu görərik. Gülərüzlə ciddiyyət daha asan meydana gəlir. Ciddi üzlə dolaşan insanlara qarşı heç kim doğmalıq duymaz və kimsə ona yaxın ola bilməz.
İnsanlarla edilən üz-üzə, göz-gözə ünsiyyətdə gülərüz olmaq bizə böyük avantaj təmin edər. Üzümüzə qapılar açılar, ələ aldığımız işlər asanlaşar. Lakin gülərkən ön dişləri gözəl olmayan insanlar üçün gülmək bir əzab və işgəncədir. Əlləriylə ağızlarını tutduqlarını görərsiniz. Günümüzdə diş həkimləri bunu çox asan düzəldir və dişlər düzəldikdən sonra gülmək o insan üçün zövq halına gəlir. Bu iş bütün imkanları sinamaqla görünməlidir.
Gülər üz necə qazanılır?
Aynaya baxaraq özünüzə yaraşan bir gülər üz seçin. Bu üzü sevin və mənimsəyin. Davamlı olaraq tanışlıq maskası kimi üzünüzə yerləşdirin. Bir mövqe olaraq bunu yuxuda belə daşıyacaq hala gətirin. (nəzərə alın ki, bu sünilik deyil- S.Ə.)
Gülərüzlü olmaq öz Məni və insanlarla barışıqda olmağı tələb edir. Ümumi olaraq baxış bucağınız neqativə doğrudursa ilk öncə onu dəyişdirin. “Bütün insanlar pis deyildir və hər şeydə olduğu kimi, insanların da bəziləri pis ola bilər”-deyə bir baxış bucağı seçin özünüzə. İnsanlara baxarkən, göz-gözə və ya üz-üzə ünsiyyətdə olarkən, iç dialoqu ilə özünüzlə danışın. Ürəyinizdə “sizi sevirəm, bütün insanları sevirəm, həyatı sevirəm, həyat gülməyi bilməkdir və mən həyatı sevirəm” deyin. Daxili təlqinlə özünüzü pozitivliyə hazırlayın və gücləndirin. O anda dərhal üz xəttləriniz, mimikalarınız dəyişər, gözlər parlayar, sevəcən bir gülümsəmə üzünüzdə var olmağa başlayar.
Gülər üz qazanmaq mənasında bəzi tədbirlər alaraq, bəzi davranışlar sərgiləyə bilərsiniz. Bunlar isə aşağıdakılardır:
1. Gülərüzlü yaşamağı ağlınızdan heç zaman çıxartmayın. Səhər oyandığınızda aynada özünüzə sevərək baxın. Gülərüz olmağı sınayın. Özünüzlə səsli olaraq danışın. “Sən ağıllı və gözəl bir insansan, bu gün çox gözəl bir gün olaraq başlayır. Əminəm yenə möcüzələr yaradacaqsan, çox şeyi bacaracaqsan” deyə gözəl və pozitiv sözlər deyin. Gün ərzində də özünüzü bu dediklərinizə tərəf yönəldin. Əgər bu dediklərinizin tam əksi olsa, yəni işləriniz qaydasında getməsə belə üzülməyin. Unutmayın, həyatda baş verən hər şey yaxşılığa doğrudur. Bunun da öhdəsindən özünüzə gözəl sözlər deyərək gəlin. Bunları alışqanlıq halına gətirin. Günü yaxşı bitirmək üşün onu yaxşı başlamaq gərəkir.
2. Sevincli insanlarla dostluq edin və sevincli mühitdə olmağı üstün tutun. Sevincli, canlı musiqilər dinləyin. Kədərli musiqi və filmlərdən, eləcədə də və mühitdən uzaq durun.
3. Yumorların üstünlük təşkil etdiyi jurnallar alın. Oxuduqlarınızı öyrənin və lazım olduğunda danışın. Bu sizə gülməklə yanaşı, güldürə bilməyi də öyrədəcək.
4. Keçmişdəki gülməli hadisələri xatırlamaq və onu zehninizdə canlandırmaq sizi güldürər. Yaşam sevinci verər. Ümumiyyətlə sıxıntılı anlarınızda keçmişdəki bu tip xatirələri xatırlamaq sizi güldürməsə də gülümsədər və rahatladar.
Bir şeyi unutmayaq bir təbəssüm belə həyatınızı dəyişdirmək iqtidarındadır.
Səbinə Ələkbərova