Həyatda rəngli bir ömür yaşamaq, insanlara mənəvi gözəllik bəxş etmək hər kəsə nəsib olan bəxtiyarlıq deyil. Uca Yaradan belə bir ömrü ən çox incə, zərif, romantik təbiətli insanlara, qəlbi saf duyğularla süslü olan sənət xiridarlarına bəxş edir. Bu xüsusiyyətlər sənət adamlarının həyat tərzində, davranışında, daxili aləminin gözəlliyində özünü büruzə verir. Bu füsunkarlıq o qədər bənzərsiz, rayihəli ki, yazda çiçəkləyən ağaclar, minbir rəngə çalan gülzarlıq təki adamın ruhunu oxşayır. Bütün bunları sadəcə təsəvvür etmək, uzaqdan-uzağa duymaq belə, insanı ehtizaza gətirir. Bəs görəsən, xarakterik cizgilər, fərdilik və özəlliklər həqiqi sənətkarda necə yaranır?
Mənə görə, hər hansı bir sənətə maraq, sevgi insanın ruhunda doğulur, qəlbində boy atdıqca alova dönür, ta ki, bağlandığı sənətin əsl ustadı oluncaya qədər için-için yandırır onu… Bu sətirləri sıraladıqca sağlığında yaxından tanıdığım, sıx-sıx ünsiyyətdə olduğum bir sənətkarı düşünürəm. Xatirələrimin aynasında çöhrəsindən nur süzülən xanım-xatın qadın, Azərbaycanda ilk monumentalçı heykəltəraş Münəvvər Rzayeva canlanır. Deyirəm, nə yaxşı ki, sağlığında belə bir sənətkarla həmsöhbət olmuş, müxtəlif vaxtlarda onunla görüşmüşəm. Elə ilk görüşdən də bilmişəm ki, Münəvvər xanımda heykəltəraşlığa maraq rəssamlıqdan başlayıb. O vaxtlardan da düşüncəsində, həyata baxışlarında göy qurşağının parlaq rənglərini özündə təcəssüm etdirən romantika olub. Bəlkə də romantik hiss və duyğular uşaqlıq yaddaşına atası, xalça ustası Məcid kişinin könlündən-gözündən süzülüb qızının əhvalına, ruhuna. Bilmirəm...
Fransız yazıçısı Andre Morya «Bənövşələr” hekayəsində yazırdı ki, romantika, dünyada ona layiq olanlar üçün həmişə mövcud olacaq. Münəvvər Rzayevanın da hələ yeniyetmə çağlarından qəlbində çiçəkləyən romantika həyatının ən mürəkkəb, təlatümlü vaxtlarında belə, solmadı, sozalmadı, əksinə, yaratdıqca, obrazlarına əbədilik qazandırdıqca sənət dünyasını rövnəqləndirdi.
Bəs necə, Qarabağımızın tacı – füsunkar Şuşada doğulan Münəvvər xanım romantik olmaya bilərdimi!
Bu sənətkar xanımın tərcümeyi-halı ilk sətrindən başlamış, son sətrinədək onun incəsənət aləminə məxsus olduğunu göstərir. Münəvvər Rzayeva 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir (N.V.Tomskinin sinfi). Sənətkar həyatı boyu 100-ə qədər müxtəlif sənət əsəri yaratmışdır. Onun əsərləri paytaxt Bakıdan başlayaraq, Azərbaycanın bir sıra bölgələrində yerləşdirilmişdir. Heykəltəraş xanım 1943-cü ildən müxtəlif sərgilərdə iştirak edib. 1953-cü ildən Rəssamlar İttifaqının, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olub. O, AMEA Nizami adına Ədəbiyyat muzeyində bərpaçı rəssam kimi də fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Əməkdar rəssamı Münəvvər Rzayevanın ömrü sözün bütöv anlamında təzadlar içrə keçmişdir. Mənəvi gözəlliyinin meyarı isə sənətkarın yaratdığı çeşid-çeşid əsərlərində ehtiva olunur.
Münəvvər xanım həyatın ona sürpriz etdiyi çətinliklər, problem və qayğılarla dolu bir həyat yaşamışdır. Buna baxmayaraq, qəlbi əlvan duyğularla çağlayan sənətkarın gözləri hər yerdə və hər şeydə gözəllik axtarırdı. O, bayırda lopa-lopa yağan qarın paklığından, baharın xoş nəsimindən, al-əlvan çəmən ətrindən zövq alan və bunların yaratdığı ruhsallıqdan təsirlənərək, şövqlə işləyən bir sənətkar idi. Onun orijinal dəst-xətti yaratdığı sənət incilərində özünəməxsusluqla ifadə olunurdu. Bütün sənət dostları da heykəltəraşın xarakterinə xas olan bu mühüm cəhəti görür və təqdir edirdilər. Belə ki, o, ən çox görkəmli şəxsiyyətlərin, şair, yazıçı və filosofların, dövlət xadimlərinin abidə-obrazını yaradarkən heykəllərdə obrazın daxili aləmini, hiss və duyğularını tam dolğunluğu ilə əks etdirməkdən ötrü gözləri xüsusi bir səylə, məhəbbətlə və həssaslıqla işləyirdi. Bu işlərin sırasında Nazim Hikmət, Hüseyn Cavid, Mikayıl Müşfiq, Sergey Yesenin, Nəriman Nərimanovun abidə-büstlərini xüsusi qeyd etmək istərdik. Adlarını çəkdiyimiz bu görkəmli şəxsiyyətlərə, onların yaradıcılığına, ictimai fəaliyyətlərinə və mənəvi aləmlərinə xüsusi marağı və sevgisi Münəvvər xanımı hər zaman böyük həvəslə işləməyə sövq etmişdir.
Münəvvər Rzayeva 100-ə yaxın monumental əsərin müəllifidir. Bu əsərlərin sırasında Bəhmənyar, Məhsəti Gəncəvi, M.Ə.Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Əlibala Şirinov, Şahnabat Nəsirova və digərlərinin abidə-büstləri heykəltəraşın sənət inciləri arasındadır.
Münəvvər Rzayevanın son əsəri isə ulu öndər Heydər Əliyevin tuncdan olan barelyefidir (uzunluğu 82 sm, eni 59 sm, çəkisi 42 kq). Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusar rayonunda yerləşən dağın 3763 m hündürlüyündə olan ən uca dağ zirvəsinə bərkidilmişdir.
Deyim ki, M.Rzayevanın əsərləri məni hələ gənclik illərimdən maraqlandırmış və bu maraq sənətkarla görüşümə körpü salmışdı. Beləliklə, ötən əsrin 80-ci illərindən onu tanıdım, bir sıra əsərlərinə maraq göstərdim. Heykəltəraşın sənət dünyası məndə böyük təəssürat oyatdı. Bundan sonra haqqında qələmə aldığım bir neçə portret yazılarla mətbuatda çıxış etdim. O zamanlar münasibətlərimiz hər ikimizdən ötrü incə bir maraq kəsb etdiyindən dəfələrlə sənətkarın emalatxanasında görüşmüş, onun iş prosesini də böyük həvəslə izləməyə imkanım yaranmışdı. Elə o vaxtlardan Münəvvər Rzayevanı daha yaxından tanımağa, mənəvi aləmini duymağa çalışırdım. O, marağımı hiss etdiyindən mənə əsərləri üzərində işlədiyi zamanların ovqatından danışırdı. Deyirdi, Məhsəti Gəncəvinin abidəsi üzərində nə az-nə çox, düz 20 il işləmişəm, ürəyimcə olan nəticəni görənəcən onun nə qədər eskizlərini hazırlayırdım. Başqa əsərləri də bu prinsiplə işləyirdim...
Heykəltəraşın gənc həmkarlarına nümunə olacaq sənət vərdişləri vardı. O, hər hansı bir şairin, yazıçının, filosofun obrazını yaratmazdan əvvəl onların həyatını, yaşadığı mühitini öyrənir, əsərlərini oxuyur, özünü o dövrün, zamanın içində görməyə çalışır, bundan sonra həmin obrazları sevərək, duyaraq yaradırdı. Heykəltəraş bütün işlərində özünü azad hiss edir, yaradıcılığında özəlliklərin olmasını sevirdi. Amma çox zaman bu cəhəti bəzi həmkarlarına xoş gəlmir, onu özbaşınalıqda qınayırdılar. Bir dəfə mənə danışmışdı ki, Sevil Qazıyevanın abidəsini yaratmışdım, işim Bədii şurada müzakirə olunurdu. Bu zaman üstümə hücumlar başladı, nə başladı! Dedilər, bu heykəltəraş xanım ipə-sapa yatan deyil, necə istəyir, elə də işləyir. O zaman Bədii şuranın iclasında iştirak edən nazir Rauf Hacıyev hamını dinlədikdən sonra bütün bu söhbətlərə maraqlı bir yekun vurur: Siz deyirsiniz, bu qız özbaşınadır, necə istəyir, elə də edir. Nə olsun? Siz onun işlərindəki mükəmməlliyə baxın! Unutmayın ki, Münəvvər Rzayeva abidə qoyan yeganə qadın sənətkardır, vaxt gələcək siz özünüz onun abidəsini qoyacaqsınız...
Yəqin, bugünkü nəsil Münəvvər Rzayevanın sənət taleyində böyük əhəmiyyət kəsb edən bəzi məqamlardan xəbərsizdir. Elə bu mənada onun Nazim Hikmətlə bağlı həyatından bəzi epizodları yada salmaq istəyirəm. Münəvvər xanım V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alarkən bir xoş təsadüf nəticəsində onunla rastlaşır. Həyat yoldaşı Münəvvərdən ayrı düşən şairin bu qıza bir övlad məhəbbəti yaranır. Onu qızlığa götürmək istəyir və bu məqsədlə Bakıda yaşayan ailəsinə — anasına məktubla müraciət edir. Ana bir şərtlə razılıq verir ki, Münəvvər Akademiyanı bitirdikdən sonra doğma yurdu Azərbaycana qayıtsın. Şair razılaşır… O illərdə Münəvvər xanımın taleyinə sanki günəş doğur, bu qayğı, doğmalıq onu tələbəliyin ehtiyacından və həmin vaxtlar düçar olduğu xəstəliyin cəngindən xilas edir...
Nazim Hikmət onun qayğısını doğma balası təki çəkir, əsl sənətkar kimi yetişməsinə kömək edir. Münəvvər xanım onun portretini də böyük məhəbbətlə yaradır. İş başlayanda şair ona deyirmiş ki, gözlərimi çək, Münəvvər, onlar ruhumun aynasıdır. Münəvvər xanım şairin gözlərini gördüyü, duyduğu kimi çəkməyə nail olur.
Bir dəfə Münəvvər xanımın evində Nazim Hikmətin portretini gördüm, arxasında şairin iki misralıq belə bir qeydi vardı:
Adaşın mənim üzümdən qara bəxt oldu,
Sənə faydam toxunur inşallah, qızım...
Bir haşiyə: Heykəltəraş Münəvvər Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də onu çox bəyənmişdi. Şair 20 günə bu işi böyütməyi məndən xahiş etdi, daha doğrusu, mənə ictimai tapşırıq verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi. İşi deyilən vaxta qədər tamamladım. Lakin Bədii şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir gün Rəsul müəllim mənə zəng etdi, xəbər aldı ki, niyə səsin çıxmır? Mən vəziyyəti olduğu kimi şairə dedim. Rəsul müəllim əsəbiləşdi, mənə tapşırdı ki, Şuranın növbəti yığıncağında mənə xəbər elə. O, Bədii şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir çıxış edib, deyirdilər ki, burda obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı. Üzünü çıxış edənlərə tutub hamısına müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda açıldı, özü də necə! Əsəbi halda dedi: „Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki, burda obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin xatirəsinə dəyərli bir töhfədir”. Rəsul Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab verdi. Bu işdə axıra qədər məni müdafiə etdi...
Bəli, elə xatirələr var ki, məqamı yetdikcə onları yada salmağa bir zərurət, mənəvi ehtiyac yaranır. Onları mənə heykəltəraş özü danışıb, indi mənim üçün tutiya olan o görüşlərdə birgə dərdləşib-bölüşmüşük. Nə vaxt ki Münəvvər xanımın sənət dünyasından söz düşür, o zaman yaddaşımda yer almış xatirələrimiz alışıb yanır...
Münəvvər Rzayevanın taleyində qəribə təsadüflər qədərincədir. Bunlardan sonuncusu isə onun olum-ölüm tarixi ilə bağlıdır. Heykəltəraşlıq sənətimizin münəvvər siması – Münəvvər Rzayeva doğum günündə — 6 iyun 2004-cü ildə dünyasını dəyişib. Ömrünün son çağlarında yaşadığı durumu yadıma düşəndə indi də ürəyim ağrıyır… Münəvvər Rzayeva həyatının axır illərində gözünün nurunu itirmişdi. Baxışlarından heç nə yayınmayan, gördüyü gözəlliklərdən doyunca zövq alan, ruhlanan, həyatın vəsvəgəlməz füsunkarlığından ilhamlanan heykəltəraş xanım bu mənzərələri bir daha görmək səadətindən məhrum oldu… Amma həyatda təkzib olunmayan bir həqiqət var. Sənətkarın gözü də, ruhu da onun yaratdığı əsərlər deyilmi? Təskinliyimiz də odur ki, Qarabağın sonası, Şuşanın sənətkar övladı Münəvvər Rzayeva bu gün cahana məhz yaratdığı monumental əsərlərinin gözü ilə baxır...
Müəllif: Şəfəq Nasir yazıçı, publisist
Mənbə: kaspi.az