Üç misralıq yapon şeiri ilkin olaraq hokku, sonra haykay və XIX əsrin sonlarından hayku adlanmışdır. Bu janr yaradıcı xarakter daşıyır və bütün mövcud qaydalardan istisnadır. On yeddi hecalı üç misralıq haykular klassik yapon beşmisralıq şeirlərdən – tanka və ya vakadan, yaxud da daha bir janr – renqadan törəmişdir.
Vaka (hərfi mənası – «yapon nəğməsi») – özündə başlıca olaraq beşmisralıq şeir – tankanı (hərfi mənası — «qısa nəğmə») və bir neçə başqa formaları (altı misralıq sedoka və «uzun nəğmə» naqauta) birləşdirən bir anlayışdır. Lakin bir çox hallarda tankanın sinonimi kimi çox dar bir anlamda da istifadə olunur. Vaka poeziyası çox qədim zamanlarda yaranmış və birinci yapon poetik antologiyası — «Saysız yarpaqlar toplusu»nda (Manyosyu, VII əsr) geniş şəkildə öz əksini tapmışdır.
Hokku (hərfi mənası "əvvəlki misralar") – iki geniş yayılmış yapon poeziyası janrının, yəni hokka və hayku poeziyasını birləşdirən bir körpüdür. Digər poetik janrlar mövcud olsalar da, stanka və hayku səviyyəsində geniş yayılmamış və yaponların həyatına təsir edə bilməmişdir. İlkin vaxtlarda haykay adlanan haykular həmişə yumoristik məna daşıyaraq, sanki günün qəzəbini soyutmaq üçün deyilən məzəli yarıfolklor bəndlər idi. Sonralarsa onların mahiyyəti tamamilə dəyişdi.
İlk dəfə olaraq haykay janrına (məzəli şeirlər) klassik poeziya antologiyası «Yaponiyanın köhnə və təzə nəğmələrinin toplusu»nda (Kokinvakasyu, 905-ci il) Haykayuta («Zaraftyana nəğmələr») fəslində rast gəlinir. Lakin buna heç də tam mənasında hayku janrı demək olmazdı. Bu, sadəcə ona ilkin yaxınlaşmalar idi. Digər bir məşhur antologiya – «Tsukuba dağları toplusu»nda (Tsukubasyu, 1356-cı il) haykay-norenqa, yəni verilmiş mövzuda bir və ya bir neçə müəllif tərəfindən yazılan uzun zəncirvari şeirlər var. Onlarda əsasən ilk üç misraya – hokkuya dəyər verilirdi. İlk haykay-norenqa antalogiyası – «Tikubanın dəlisov nəğmələri» 1499-cu ildə yaradılmışdır. O zamanlarda yeni janrın ən tanınmış, istedadlı şairləri Arakida Moritake (1473-1549) və Yamadzaki Sokan (1464-1552) hesab edilirdi. Hayku janrının yaranması XV-XVI əsrlərə təsadüf edir.
Hokku adını daşıyan üç və beş misralıq şeirlər artıq ayrıca bir anlam kəsb edərək, müstəqil bir janr kimi inkişaf etməyə başlamışdı.
Hokku – uzun zəncirvari şeirlər – renqin ilk üç misrasıdır. Bu, adətən, iki və ya daha çox şairin verilmiş mövzuya uyğun bir-biriylə sanki səs-səsə verərərək iki-üç misradan ibarət deyişməsidir. Renqa – mahiyyət etibari ilə 31 hecalıq, beşmisralıq, iki yerə bölünmüş tankadır. Şeirin mahiyyəti əsas mətnin özündən çox, çətinliklə başa düşülən, lakin şeirlər arasındakı əlaqəsindədir. Bu yaponca kokoro (hərfi mənası «könül, qəlb, mahiyyət”) adlanır. Şeirin birinci və ikinci hissəsiylə, yəni üç misralıqla iki misralıq arası nion (»iy, ətir”) adlanırdı.
Renqa – üç misralıq və iki misralıqların (17 və 14 hecalı) zənciridir. Bəzən müəyyən ölçüyə uyğun olaraq sonsuz sayda – yüzlərlə misraların toplusudur. Renqada beytlər misrada beş və yeddi hecadan (5-7-5 və 7-7) ibarətdir. Beşmisralıq iki hissəyə bölünürdü: «yuxarı” kami-noku (hər misrada 5-7-5 heca olmaqla) və „aşağı” simo-noku (misrada 7-7 heca olmaqla). Bununla yanaşı, həm də əvvəlcə iki misralıq, sonra üç misralıq gələn inversion quruluşlu renqalar da var idi.
Adətən, renqalar şairlərin görüşü zamanı ekspromt olaraq deyilirdi. Bu görüşlər, hətta günlərlə çəkə bilərdi. Deyilən şeirlər özü özlüyündə sevgi, ayrılıq, tənhalıq və s. mövzularda olmaqla, müstəqil məna daşıyırdı. Bununla yanaşı, hər bir şeir özündən əvvəlki və özündən sonrakı şeirlə mütləq əlaqəli idi. Bu, hər özündən sonra gələn üç misralıq və ya iki misralıqda mövzunun necə dəyişməsi, sözün qeyri-adi traktovkası ilə qiymətli olan zəif ifadə olunmuş sual-cavabların zənciridir. Renqa janrı XII əsrdə əyləncə, ədəbi oyun kimi yaranmış və ciddi incəsənət nümunəsi kimi inkişaf etmişdir.
XIII əsrin sonlarında bu janrın meydana gəlməsi əks olunmuş “İndiki Zertsalo” (İma və kaqami) tarixi abidəsində kusarirenqa (şeir zəncirləri) termini yaranmışdır. Uzunluğundan asılı olaraq bu cür „zəncirlər” tanrenqa (“qısa renqalar”), kasen (»otuz altı yapon dahisi" adlı «otuz altı misra» – sandzyurokkasen), xyakuin («yüz misralıq») və s. adlanırdı. «Zəncirlər» bir neçə nəfərlə başlayıb, özünəməxsus formada dialoq şəklində davam edərək, ədəbi vahidə çevrilməli və deyilən bənd özündən əvvəlki bəndə uyğun olmalı idi. «Zəncirin» yaranmasında neçə nəfərin iştirak etməsindən asılı olaraq, onlar dokugin (hərfi mənası «bir nəfər»), rögin (hərfi mənası «iki nəfər») və sanginə (hərfi mənası "üç nəfər") bölünürdülər. Şeirlərçün mövzu kanonu da var idi: ay, güllər, külək. Ayrı-ayrı şeirlər arasında birbaşa olmasa da, rabitə olmalı idi. Daha çox Mikoxidarı məktəbinin renqaları dəyərli hesab olunurdu. Həmin məktəbə ən yaxşı şairlərdən biri Fudzivara Teyka (1162-1241) daxil idi. Renqalar həm də «ruhu olan» (usin renga), yəni ciddi və məzəli rengalara «ruhsuzlara» (musinrenga) bölünürdü.
İlk böyük renqa almanaxı Nidzö Yosimoto və Küsey tərəfindən 1357-ci ildə hazırlanmış Tsukubasyu antologiyasıdır. XV əsrdə «Renqanın yeddi müdriki» haqqında danışılmağa başlandı. Onu bu cür məşhur şair Sogi Sinkey (1406-1475) belə adlandırmışdı. Müdriklərdən birinə Sasameqoto («Pıçıltı», 1488-ci il) renqası haqqında traktat məxsusdur. Həmin traktatda o, əsas estetik kateqoriyalara izahlar vermişdir. Yapon tənqidçiləri janrın tarixində ən yaxşısı kimi «Sinsen Tsukubasyu»nu hesab edirlər.
Renqanın zəncilərində vaka poeziyasında nisbətən daha çox ifadə vasitələrindən istifadə etmək mümkün idi. Renqanın böyük həcmi misralarda geniş bir materialı çevirməyə imkan yaradırdı. 1488-ci ilin yazında üç şair – Soqi (hokku), Syoxaku (vaki) və sotb (daysan, aqeki) tərəfindən yazılmış «Minasedə üç şairin yüz misrası” renqa janrında olan ədəbi nümunələrdən ən çox dəyərlisi hesab olunur. Yüz misralıq „Zəncir” imperator və şair Qotovun yazda məbədə gəlməsi münasibəti ilə Minasedə yazılmışdır. Yapon tənqidçiləri tərəfindən Sotestili klassik vekastilinə yaxın bir stil kimi qiymətləndirir və onu da sentimentallaşdırırdılar. Syoxaku və Sogi misralarını bu janr üçün nümunəvi hesab olunur. 1-8 və 51-78-ci misralarını xüsusilə qeyd edirlər.
Bu cür poetik dialoq Manyosyu (mondo) antologiyasındakı nəğmə-deyişmələrdən doğur. Tədricən tebqaya aid olan üç misralıq şeirlər müstəqil məna kəsb edərək, yeni bir ədəbi janr – hayku kimi inkişaf etməyə başladı. Renqa janrı isə yavaş-yavaş öz müstəqil mənasını itirərək, artıq XVI əsrdə faktiki olaraq daha mövcud deyildi. Dahi hayku şairi və ən yaxşı xarici ədəbiyyat nəzəriyyəçi və tarixçisi Masaoka Sikki (1867-1902) hesab edirdi ki, renqa janrı formalaşdırıcı rolunu oynayaraq, Sokanın “İnutsukubasyu” (1523) almanaxı – məzəli hayku-haykay antologiyasının işıq üzü görməsi ilə öz mövudluğunu itirmişdi. Yumor, zarafat sönməkdə olan janrın əsas konstruktiv elementləri olduğundan, ilk dövrlərdə yazılan üç misralıq haykaylar məzəli və yumoristikdir.
İlk məzəli üç misralıqlar artıq XII əsrdə yaranmışdı. Həmin üç misralıqlar Fudzivara Syundzeyin (1114-1204) tərtib etdiyi „Minillik yapon nəğmələri toplusu“, (1188) antologiyasında bir bölmədə yer almışdır. Buna qədər isə Manyosyu və Kokinvakasyunun antologiyalarında iki müəllif tərəfindən yazılan tankalara rast gəlinir. Bunlarda ilk üç misranı (kami-no ku — 5-7-5) bir müəllif, ikinci iki misranı isə (simo-no- ku — 7-7) digər müəllif yazırdı.
Yeni janrın yaranması
Məşhur şairlər arasında çox geniş yayılmış belə bir adət var idi ki, onlar ədəbi görüşün sonunda sağollaşarkən 17 hecalı məzəli şeir – haykay deyirdilər. Yeni janr öz parlaq ifadəsini Yamadzaki Sokanın tərtib etdiyi „Sinsen inu Tsukubasyu“ adlı toplusunda tapmışdır. Topluya 562 bənd (463 tsureku – iki misralıq və 102 hokku – üç misralıq) daxil idi. Daha sonralar hokku (əvvəlinci üç misrası 17 hecalı renqa) renqa „zəncirindən“ ayrılaraq, müstəqil məna kəsb etməklə ciddi xarakter aldı. Məzəli hokkular ədəbi səhnədə janrın ən yaxşı şairi Matsuo Basenin (1644-1694) görünməsi ilə keçmişdə qaldı. Hokku müstəqil ciddi janra çevrilərək, yapon poeziyasında vaka ilə bir cərgədə durdu. Yosa Buson (1716-1783), Kobayasi İssa (1763-1827) kimi şairlərin yaradıcılığında başlıca yerlərdən birini aldı.
Hayku terminini XIX əsrin sonu – XX əsrin əvvəllərində dördüncü dahi şair və hayku nəzəriyyəçisi Masaoka Siki ənənəvi janrı reformasiya etməyə cəhd göstərərək gətirmişdir. XVII-XVIII əsrlərdə hayku poeziyasına zenbuddizmin „sonacan deməmək estetikası“ öz təsirini göstərərək, oxucu və dinləyicini şeirin yaranma aktına qoşulmağa məcbur etmişdir. Sonacan deməmək effekti qrammatik olurdu: haykunun sintaktiki – intonasiya üsullarından birində sonuncu misra nitqin sərbəst hissəsi ilə bitir, predikativ deyilən hissə isə aşağı enirdi.
Hayku poeziyasında Basyonun şagirdləri ilə söhbət şəklində formalaşdırdığı və qeydə aldığı sabi (»kədər") və vabi («sadəlik»), karumi («xəfiflik»), toriavase ("əşyaların uyğunluğu"), fuekiryukonun prinsipləri ("əbədi, dəyişilməz və indiki, cari") böyük rol oynamışdır.
Renqanin gözdən itməsi və haykunun çiçəklənməsi
Renqanın hokku adlanan və adətən ikinci, inversion, iki misralıq yerində gələn tarixi ilk üç misrası – üç misralığın sələfidir.
Renqanın ədəbi səhnədən uzaqlaşması ilə üç misralıq hayku janrı ön plana keçərək, yapon ədəbiyyatında tanka ilə bir cərgədə durur, daha çox oxunan və kütləvi bir janra çevrilirdi. 17 hecadan ibarət olan bu ekstremal qısa poetik forma deformasiya və təsir altına düşməyə həssas görünürdü. Lakin formantlar onu daha həyat qabiliyyətli olduğunu sezirdilər. Renqa janrı burada təşəbbüsçü, səbəbkar rolunu oynamış, onun köməyi ilə əvvəllər vahid forma kimi mövcud olan tanka, ikisəsliliyin daxil edilməsi ilə iki hissəyə bölünmək imkanı qazandı. Əsas rolu tankanın hər iki hissəni şeirin təcrid olunmuş müstəqil hissələri kimi istifadə olunması oynadı və birinci üç misralıq hissə müstəqil şəkildə mövcud olmağa başladı. Sonra formalaşdırma rolunu oynayan renqa janrı səhnədən itdi. (Qeyd edim ki, renqa janrında yazılan şeirlərin başqa dillərə tərcümə olunması çox müşkül olduğundan, demək olar ki, ümumiyyətlə, tərcümə olunmurdu.)
Renqanın ən məşhur «zəncirlərindən» biri Yosab Busonun şagirdi və davamçısı Takay Kito ilə birgə yazdığı «Momosumomo»dur. (heroqliflərlə və heca əlifbası Kanayda yazılmış, bahar fəsliylə əlaqədar olan ərik və gavalı ağaclarından bəhs edir).
Veka parçalanma tendensiyasında
Hayku beş misralıq veka şeirindən yaranıb. Hayku və vekada bir çox ümumi formal cəhətlər var; bir neçə yüzillik boyunca baş verən dəyişikliklər – beş misralıqdan üç misralığın ayrılması, linqvistik tərkibdə, daxili təsvirdə və konfiqurasiyalarda baş verən dəyişikliklər müəyyən bir anda qəfil çevrilmə ilə partladı. Vaka sənəti yüzilliklər boyu formalaşmış, kokoro (hərfi mənası "ürək, qəlb, mahiyyət") və kotoba («sözlərlə») arasında əlaqəni quran məşhur şair və nəzəriyyəçi Fudzivara Teyka tərəfindən əsası qoyulmuş ciddi poetikası olan janrdır.
Vaka — 5-7-5-7-7 hecalara bölünən 31 hecadan ibarət, birinci misrası «baş», ikinci, üçüncü misrası «gövdə», dördüncü, beşinci misraları «quyruq» adlanan şeir növüdür. Bundan əlavə ilk misraları hokku adlanırdı. L.M.Yermakova yazır ki, bir çox yapon müəllifləri üçün tankanın poetik formasının təkamülü bu cürdür: əvvəlcə şeirin birinci (5-7 heca) və ikinci hissəsi (5-7-7) bir-birindən asılı deyildi. Birincidə adətən təbiət təsvirləri, ikincidə isə insan hissləri – təbrik, sevgi, zarafat və s. əks olunurdu. Zamanla hər iki hissə bir müəllif tərəfindən yazılmağa başladı, ənənəvi nəğmə oxuma adətləri zəiflədi və beşmisralığın ədəbi poeziyada bir janr kimi formalaşması başladı. Bütün bunlardan belə məlum olur ki, tanka iki – məna və intonasiya hissələrinin birləşməsidir. Ona görə də tanka əsasında renqanın yaranması təbii bir hal hesab edilə bilər. Bu formanın təbiətində iki nəfərin şifahi deyişməsinə meyl var. Sonralar, yuxarıda göstərildiyi kimi, parçalanma başqa hissədə – ikinci misradan sonra yox, üçüncü misradan sonra oldu.
Şeirdə 31 hecadan 17 hecaya qədər azalma mexaniki şəkildə yox, poetik prinsiplərə görə, dünyagörüşü dəyişikliklərindən baş verdi. Hayku poeziyası nəzəriyyəçisi Ueda Makoto yazırdı ki, onun poetik formasında belə kəskin struktur dəyişikliklərinin baş verməsi səbəbi, 31 hecadan 17 hecaya qədər daralmağının çətinliyidir. Lakin məlum məsələdir ki, hecaların təxminən iki dəfə azalması şeirin təbiətində də əsaslı dəyişiklər etdi.
«Mövsümi söz» – hayku mərkəzi
Hayku şeiri bir misrada daxili heca bölgüsü 5-7-5 olan, 17 hecaya yerləşdirilmiş bir və bir neçə kəlmədən ibarətdir. Yapon adəti üzrə o, bir misrada yazılırdı. Avropa dillərinə isə dördmisralıq, üç misralıq və iki misralıq şeir kimi tərcümə olunurdu. Rus və Azərbaycan dillərində tərcümədə isə əsasən üç misralıq kimi yazılırdı.
Haykunun şeir kimi əsas xüsusiyyəti onun beşmisralıq tankadan dramatik kiçik olmasındadır. Və bu sıx dünya müvəqqəti olaraq xüsusi poetik-dilçilik məkanı yaradır. Haykunun əsas mövzusu təbiət, fəsillərin dövrə vurmasıdır. Bundan başqa mövzularda haykunun mövcudluğu mümkün deyil.
Bu mövzunun kvintessensiyası (əsas mahiyyəti) kiqo – «mövsümi söz» adlanır. Onun emblematik mənası ilin fəsilləridir. 17 hecalıq şeirdə onun var olması, mütləq adət-ənənə daşıyıcısı kimi hiss olunur. «Mövsümi söz» yoxdursa, hayku da yoxdur.
«Mövsümi söz» müəyyən obrazları canlandıran sinir nöqtəsidir. Haykuya janrın ilk şairi Matsuo Basyodan klassik nümunə gətirək:
Qurumuş budaqda
Qarğa görünür.
Payız axşamı.
Janrın klassiklərindən biri yazırdı ki, hayku poeziyasının mövzusu – "şair və onun təxəyyülü", məqsədi isə "çoxsaylı insan obrazlarını və ilin fəsillərini – bahar, yay, payız, qışın bir-birini əvəz etməsini yarada (göstərə) bilməkdir". Hayku şairləri «gülləri və quşları, rüzgarı və ayı» (kate fuqetsu – əsas hayku mövzularının formulası) təsvir edirdilər. Lakin həm də etiraf edirdilər ki: «Güllərdən və quşlardan bəhs edirik, gözlərimizə mənzərə həkk olunur; şeir yazırıq və qəlbimizdə nida səslənir»; «bircə otu əks etsək də, onun kölgəsində yaradıcının titrək hisslərini gizlədə bilmirik». XX əsrin dahi şairi Takaxama Kyosi hayku poeziyası haqqında belə yazırdı: "Üst qatda (hayku) hisslər yox, güllərdir… Hisslər dərində gizlənib. Onlar sanki səslərlə, melodiyayla şeirlərin üst qatına qədəm qoyurlar". Basyodan daha bir sitat: "Şam ağacının nə olduğunu şam ağacından öyrən, bambukun nə olduğunu bambukdan öyrən".
Haykuda dünya tarixsiz təsvir olunur. Necə deyərlər onun «coğrafi» obrazı təsvir olunur. Haykuda tarix fəsillərin tarixi, təbiətin dövran tarixi kimi əks olunur. Yaponlar təbiətdə baş verən ən cüzi mövsümi dəyişiklikləri belə izləyərək, qeyri-adi həssaslıqla hiss edirlər. Hayku dünyasına aid olan konkret şeylər sonsuz dəyişiklər ardıcıllığına, təbiət hadisələrinin təkrarlanmasına və həmçinin bir dəfə baş verən konkret hadisələr ardıcıllığına daxildir. İlin hər dörd fəslindən biri – bahar, yay, payız, qış – əlavə olaraq daha iki mövsümə bölünür; yaponlar təbii ki, birinin digərindən fərqini yaxşı görə bilirlər.
Şeirdə hər zaman iki plan mövcud olur – ümumi, kosmik və yaxın, konkret prinsipiylə əlaqədə olanlar.
Ümumi, kosmik plan haykunu dünya təbiəti ilə ən geniş mənada əlaqləndirir. Bu cür əlaqədə başlıca rolu hər bir şeir üçün mütləq olan «mövsümi söz» – kiqo oynayır. Bu, əslində, haykunun təbiətin dövrə vurmasına işarədir. Şeirin məna mərkəzi – kiqo haqqında yaponlar deyirlər ki, o, «unudulanları dirildir və assosiasiyalar əmələ gətirir». «Mövsümi sözlər» özünəməxsus şəkildə «ilin fəsilləri formulasını» və ya təbiətin müəyyən təsvirlərini verən «mövzuları» və onların doğurduğu hisləri, sanki avtomatik olaraq əmələ gətirir. Filoloq Matsuseki Seysey nümunə kimi haykuda istifadə olunan geniş mövzu kataloqunu göstərərək, onların yaranma mənbəyini Manyosyu və Kokinsyuda görür. Hətta dahi şair Yosa Busonanın həyat yoldaşının ölümünə həsr etdiyi çox nadir olan «insani» janrdakı (ningentekina) haykusunda belə «mövsümi söz» var. Masaoka Siki bu şeirin inqilabi şeir olduğunu, böyük və parlaq gələcək istiqamətində irəlilədiyini hesab edirdi.
Soyuq ürəyimə qədər işləyib:
Mərhum arvadımın ayağını
Yataq otağında tapdaladım.
«Soyuq ürəyimə qədər işləyib» misrası son bahara işarədir. Maraqlıdır ki, şeir 1780-cı ildə, arvadının ölümündən çox illər öncə yazılıb. Toma 1814-cü ildə dünyasını dəyişib.
Haykunun digər planı – konkret, əşyavi dünyanı dəqiq dərk edən; Janrın klassikləri hesab edirdilər ki, üçmisralıq şeirin dar sahəsində əşyaların sadə adlandırılması güclü təəssürat yarada bilər. Masaoka Siki deyirdi ki, «Haykuda əşyalar və hadisələr haqqında artıq sözləri, onlar insan qəlbini cəlb edən sadə səslərlə əvəz edirdilər». Basyo isə – «Adi sözlərlə sanki qədim sözlər danışırmış kimi danışmaq lazımdır» – deyirdi.
Hayku janrının formulalığı
Hayku poeziyasının formulalığı şeirin kiçik sahəsini böyük effektlə istifadə etməyə imkan verir; formullar özlüyündə bir neçə məna, oxucunun şüurunda ani və avtomatik yaranan assosiasiyalar zənciri gizlədir. Şeir yaranmamışdan əvvəl şair kataloqdan mövzular «seçir», məsələn, «nəğmə deyən cırcırama» obrazını seçir; ənənə davamçısı üçün o dəqiqə assosiasiyalar zənciri açılır: payız – kədər – ağ rəng, çünki cırcıramalar adətən payızda oxuyurlar, bu nəğmələr kədərin xüsusi izahını verir (yayın sonu, həyatın sonu, soyuqların düşməsi), ağ rəngin qışqabağı otların solmasıyla bağlıdır, bundan başqa ağ duman, «ağ» soyuq külək (yaponlar küləyi rənginə görə ayırırlar) və s.
Üçmisralıq şeirin konstruksiyasını təşkil edən ayrı-ayrı formulların mənasının üzə çıxması adət-ənənələrin dərindən dərk edilməsi və başa düşülməsi ilə əlaqədardır. Formulları anlamaq – adətləri anlamaq deməkdir.
Haykunun retrospektiv poetikası
Hayku nəzəriyyəsi heç vaxt traktatlarda formullaşmamışdır. Müəllimin — bu janrın dahi şairi olan Matsuo Basyonun sözləri şifahi şəkildə dildən-dilə, nəsillərdən-nəsillərə şagirdləri vasitəsilə ötürülmüşdür. Deyilənlərə görə, Basyonun iki mindən çox şagirdi olub. Janrın retrospektiv poetikasını xaricdə XIX-XX əsrlərdə dörd dahi haykay şairlərindən sonuncusu — Masaoka Siki yaratmışdır. Ona qədər isə hayku şairləri nəslinin növbələşməsi aramla, mahiyyət etibarıyla, formulların və poetik fəndlərin tənqidi qiymətləndirilməsi olmadan baş verirdi. Buna hayku müəllimlərinin institutu köməklik edirdi. Hayku janrının daha bir xüsusiyyəti də anonimliklə bağlıdır. Anonimlik – gizli müəllif, yəni ki janrın bütün əsərləri və oxucuları üçün yeganə müəllifin olması.
Vakadan haykuya irsən keçmiş «vahid təbiət sahəsi»
Vaka ilə hayku poeziyası arasındakı əlaqəni izah etmək üçün, bütün predmetləri və hadisələri – bitkiləri, heyvanları, insanları, şeirləri birləşdirən və terminologiyamızda «vahid təbiət sahəsi»nin mövcudluğunu təsdiqləyən misallar gətirək.
Bir neçə üçmisralıq – hayku və beşmisralıq – tankanı nəzərdən keçirək.
«Xoruz pipiyinin darağı»
Vəşhi ördəklərin gəlişiylə
Daha çox qızarır.
Verilmiş misalda «nao” sözü „daha çox“ kimi tərcümə olunur; lakin naonun »...kimi" mənası da var, yəni ki haykunun hərfi mənası bu cürdür: «Xoruz pipiyinin darağı vəhşi ördəklərin gəlişi kimi (və ya gəldiyi qədər) qızarır».
Basyo keyto bitkisini («xoruz pipiyinin darağı») payızda, vəhşi ördəklərin Sibirdən Yaponiyaya gəlməsi ilə qızaran qeyri-adi yarpaqlarla əlaqələndirir. Tədqiqatçı Yamamoto Kenkiti yazır ki, bu məşhur şeir tənqidçilər tərəfindən heç də yüksək qiymətləndirilməmişdir. Məsələ burasındadır ki, şair sadəcə adı Çin dilində «yan lay xun” (hərfi mənası „vəhşi ördəklərin gəlişiylə qızaran“) olan bitkinin şifrəsini açır. Burada poetik formada sadəcə olaraq çincə olan ad dəyişilmişdir. Başqa tənqidçilərsə bu şeiri tamamilə fərqli şəkildə qiymətləndirirlər: Basyo əlbəttə ki, bu sözün etimologiyası haqqında məlumatlı idi. Lakin bitkinin payızda, quşların gəlişi ilə necə qızarmasını görcək, sözün etimologiyası ilə bağlı olan əfsanənin bir daha təsdiqlənməsi faktı qarşısında öz heyranlığını gizlədə bilməmişdir. Basyo nəinki iki fenomen – quşların gəlişi və yarpaqların qızarması ilə olan əlaqəni aşkarlayır, həm də dəyişilməkdə olan fəsillərin fonunda hörümçək toru kimi bir-birilə sıx əlaqədə olan bütün obyektlərin də dərin ümumi qarşılıqlı əlaqədə olmasını aşkara çıxarmaq istəyir.
İlk poetik antologiya olan Manyosyuda belə bir şeir var:
Geri dönən ördəklərin
Çığırtılarını eşitcək
Evimin yanında
Payızı xagi çiçəklədi.
Onu seyr etmək üçün gəl, mənim dostum.
(Xagi – payızda ağ-çəhrayı kiçik güllər açan kol)
Yapon sözü „yu” ördək çığırtısının bitkinin rənginə, Mikasanın kədərinə təsir etdiyi zaman ölçüsünü ifadə edir. Burada əlbəttə ki, işarə ördək çığırtıları eşidiləndən sonra yarpaqların qızarmasınadır. Tərcümədə “yu” çox dəqiq səslənmir: „həmin gündən”, lakin məna aydındır.
Antologiyada daha bir məna “yu” və „nao” ifadələri olan şeirlər var. Onlar da yarpaqların və payız otlarının rənginin dəyişməsi anını ifadə edir.
Görkəmli yapon ədəbiyyatşünası Nikanisi Susumi təxmin edir ki, xidməti “yu” və „nao” sözləri bu yerdə, Manyosyu dövrü adamlarının ördək çığırtısı və yarpaq qızarmasını adi bir təbiət hadisəsi kimi yox, bir-birindən süzülən hadisələr kimi qiymətləndirməsinə işarə edir.
Basyonun şeiri tənqid atəşinə tutulsa da, müəllifin bu mövzuda başqa variasiyaları olacaq qədər geniş rəng palitrasına malik olması aydın görünür. Lakin buna baxmayaraq, o yenə də öz versiyasının üzərində dayanır. Basyo “Xoruz pipiyinin darağı”nın izahında, Manyosyuda verilmiş təbiətin ənənəvi qeyri-metoforik təsvirinə çox yaxınlaşmışdır.
Basyonun şeirində „xoruz pipiyi darağı” və ördəklər müstəqil dəyərlər deyillər. Tam görünməyən, üst qata çıxan, bu tamlığı dəstəkləyən və təsdiqləyən hayku oxucusunun müəyyən hissələridir. Bu minvalla Manyosyudan misal çəkilən tankalar və Basyonun haykuları işarələrlə, hadisələr və əşyalar arasındakı bağlılığı nəzərə çatdırır. “Bu əlamətlər bir-birlərinə insan bədənində qan damarları və sinirlərin bağlılığı kimi bağlıdırlar” (Nakanisi Susumu). Bu cür sistemdə yarpaqların ördək çığırtısına rəng dəyişməkləri ilə cavab vermələri heç də təəсcüblü hal deyil. Təbiət özü əlbəttə ki, ördəklər və yarpaqlardan çox böyük bir məkanı əhatə edir.
Hayku poeziyasında vaka mövzularının təkrar olunması bizim fikrilərimizi azdırmamalıdır. Formal xüsusiyyətlərdən başqa şeirdə „mövsümi sözün” (kiqo) olması, haykunun xüsusi təkrarsız ruhla dolmasına imkan yaradır.
Basyonun şagirdi Xattori Ransetsu (1654-1707) müəlliminin vaka və hayku arasındakı fərqlər barəsində olan düşüncələrini qələmə almışdır. O, misallar çəkirdi: “Xəfif yaz yağışı altında söyüd ağacı” mövzusu ya vaka, ya da renqa aləminə aiddir. „Qarğa özünü bataqlıq sahəyə vurur” mövzusu isə şübhəsiz ki, hayku mövzusudur.
Ümumilikdə belə demək olar ki, onların əsas fərqi mövzu və səslənməsindədir: haykuda təsvir olunan təbiət gündəlik həyata daha yaxındır. Lakin bununla yanaşı o, həm də qroteksal (qeyri-adi tərzdə təsvir olunmuş) və paradoksaldır. Təbiət haykuda anlaşılan, bilinən və təsvir olunan deyil, sanki müəyyən bir anda mənası tutulan olmalıdır.
Tərcümə edən: Xanım AYDIN
Mənbə: artkaspi.az