Heykəltəraş Cəlal Qaryağdının ləzzətli söhbətləri olardı. Səməd Vurğunla, Rəşid Behbudovla ova çıxmağından, “palçıq adamlar” düzəltməyindən, sonra onlara görə aldığı ətək-ətək pulları xərcləməyindən elə şirin-şirin danışardı ki, bir də görürdün, qaş qaralıb, axşam düşüb. Onunla “Nəriman Nərimanov” metrostansiyası yaxınlığındakı köhnə emalatxanasında elədiyimiz söhbətlər, bu səmimi, sadə, dəli-dolu adamın danışdığı məzəli əhvalatlar qışın soyuğunda içimizi isidərdi…
Axırıncı dəfə emalatxanasına gedəndə “bir az naxoşlamışam, deyəsən, ürəyim sözümə baxmır”, -dedi. Sonra eşitdim ki, dünyasını dəyişib...
Məşhur Qaryağdılar nəslindəndi, 1914-cü ildə Şuşada doğulub.
Şuşa sənətkarlarının çoxunu evlərində, ocaqlarının başında görüb. Gələnlər əmisi Cabbar Qaryağdıoğlunun səsinin sehrinə yığışıblar...
Onun qismətinəsə körpəliyindən əzab-əziyyət düşüb. Beş yaşında anasını itirib, xalasının himayəsində böyüyüb, arada onu uşaq evinə də qoyurmuşlar. Bir yandan da kasıblıq. Qısası, Cəlal Qaryağdı adını havayı qazanmayıb. Həmişə deyərdi ki, bu lələşiniz o adı daşıyana kimi bilirsiz nə əziyyətlər çəkib?!
Gəncliyində Bakıya gəlib rəssamlıq məktəbinə daxil olur. Bir ara pul dərdindən az qalır ki, məktəbi atsın. Axırıncı sinifdə oxuyanda arayıb-axtarıb qəzetdə özünə iş tapır.
“Gənc işçi”yə, “Yeni yol”a plakatlar, karikaturalar çəkib pul alır. Yataqxanada qalır, özü də Heydər Əliyevin qardaşı Hüseyn Əliyevlə bir otaqda. Danışardı ki, otaqda çarpayımızı baş-başa qoymuşduq. “O qədər darısqallıq idi ki, tərpənməyə imkan tapmırdıq. Hüseyn də çox imkansızıydı, yaxşı ki, o da “Kommunist” qəzetində işə düzəlmişdi”.
18 yaşındasa rəssamlıq məktəbində müəllim işləyir. Sonra sənət dalınca Tbilisiyə gedir, Rəssamlıq Akademiyasında oxuyur, həm də işləyir. Daş, sement daşıyır ki, ehtiyac üzündən təhsilini yarımçıq qoymasın. Amma 3-cü kursdan sonra məktəbi atıb Bakıya qayıtmağa məcbur olur.
Belə ümidsiz günlərin birində axır ki, tale üzünə gülür-çəkdiyi plakatla bir müsabiqənin qalibi seçilir. Əsərin öz qiymətindən başqa, 20 min rubl mükafat alır. Sonra Leninin heykəlinə görə xeyli pul qazanır, yavaş-yavaş kasıblığın daşını atır.
Bir də baxır ki, Xalq Rəssamı adını da qazanıb...
Heykəltəraşın evlənmək fikri yoxmuş, deyərmiş ki, sənətkar azad olsa yaxşıdı. 44 yaşına kimi bu fikrinin üstündə durur. Bir gün axır ki “tələyə” düşür. Amma həyat yoldaşı ilə heç bir il də yaşamır, ayrılırlar. İkinci evliliksə uğurlu alınır, Firəngiz xanım onu təzədən, özü də həmişəlik “sehrləyir”:
Mən Cəlalın tələbəsi olmuşam. Ona rast gələndə 15-16 yaşım vardı. Gözümdə dünyanın ən əlçatmaz adamıydı. O vaxt Cəlal Sabirin heykəlini işləyirdi. Bacım da heykəltəraşıydı. Məni emalatxanaya aparırdı ki, işləyəndən sonra palçıq heykəli sulayım, qurumasın. Cəlalın işlərinə baxıb fikirləşirdim ki, bu adam bunları necə yaradır? Vurğunluğum birinci onun sənətindən başladı. O isə mənə uşaq kimi baxırdı. Hələ bir dəfə qayıtdı ki, qızım, Sabirin heykəlini də sula. Hərdən bekarçılıqdan mən də palçıqdan nəsə düzəldirdim. Demə, Cəlal mənə fikir verirmiş. Dedi, gəl, səni də rəssam eləyək. Başıma batdı, dərsə getməyə başladım. Məni öz sinfinə saldı. Get-gedə ailəmizlə də yaxınlaşdı. Kasıb idik deyə, bizə əl tuturdu. Bacıma çox kömək eləmişdi. İkinci kursda münasibətlərimiz dərinləşdi. Dərsdən çıxanda evə ötürürdü. Neçə dəfə mənə görə oğlanlarla dalaşmışdı ki, niyə ona baxırsız? Get-gedə sevgim yarandı. Əvvəl evli olduğunu da bilirdim. 1960-cı ildə evləndik. Onda Cəlalın 46, mənimsə 20 yaşım vardı. Bir qızımız, bir oğlumuz oldu. Oğlumuz olanda çox sevinmişdi. Rəhmətlik uşaqları çox istəyərdi...
Hələ evimiz yoxuydu. Montində emalatxana vermişdilər, elə orda da yaşayırdıq. Heç cür şərait, səliqə-sahman yarada bilmirdim. Hər yerdən toz-torpaq yağırdı. Cəlalda bir xasiyyət vardı, özünə görə heç kimə ağız açmazdı. Emalatxanaya bir adam gələn kimi paltar ipinə qədər yığışdırırdı ki, burda yaşadığımızı bilməsinlər. Bir dəfə emalatxanaya Heydər Əliyev gəlmişdi...
Nəriman Nərimanovun heykəli 10 iliydi ki, emalatxanada yatırdı. Deyirdilər, Kirovun heykəlindən böyük çıxıb. Heydər Əliyev gəldi, heykələ baxdı, bəyəndi. Dedi, ucaldılsın. Ev almağımızda da onun köməyi oldu. Amma emalatxanaya öyrəşdiyimizdən heç cür o evdə qala bilmirdik. Özü də səkkizinci mərtəbə. Mən birtəhər öyrəşdim. Cəlalsa o evdə heç qalmadı. Bazarlıq eləyirdi, birinci mərtəbəyə qoyurdu, düşüb götürürdüm. Həmişə deyirdi ki, uşaqlar bir gün ordan yıxılacaq. Evi ikinci mərtəbəyə dəyişəndən sonra da emalatxanada qaldı. Deyirdi, ev məni sıxır. Həm də gecələr işləyirdi axı...
Sənətimə görə minnətdaram ona. Tələbəydim, qızım olmuşdu. Məktəbi atmağa qoymadı. Deyirdi, qabiliyyətin var, heyif ki, tənbəlsən. Rəssamlar İttifaqının üzvüyəm. Bir müddət keçmiş “Pionerlər evi”ndə dərs demişəm. Sərgilərdə iştirak eləmişəm. Əsərlərimi xarici ölkələrə alıb aparıblar. Nizaminin “Xəmsə”sini işləmişdim. İndi Amerikadadı. “Üzümçü qadın” əsərimsə Moskvada.
Əsl həyat yaşayıb
Cəlal çox ağıllı kişiydi. Fikirləşirəm, görürəm ki, onun dediklərini indi heç kəs demir. Canında o qədər həyat eşqi vardı ki! Əsl həyatı o yaşayıb. Həmişə istirahətə vaxt ayırırdı. Hər həftə ova gedirdi. Beşinci gündən hazırlaşmağa başlayırdı, tüfəngini sazlayırdı. Məni də ova çox aparıb. Bəzən uşaqları da götürürdük. Ov itini çox istəyirdi, hara gedirdi, özüylə gəzdirirdi. Bir dəfə Moskvaya da aparmışdı.
Yaxşı geyinməyi də çox xoşlayırdı. Hər paltara uyğun bir şlyapa seçirdi. Bir də görürdün ki, üç-dörd dəst köynək alıb gətirdi. Ona tez-tez mükafat verirdilər. O pulla bizə də hədiyyə alırdı. Bir dəfə mənə qəşəng yarımkürk alıb gətirmişdi. “Üçlük” adlı işi Dövlət Mükafatına layiq görülmüşdü. Həmin əsərdə məni, Habil Əliyevi, bir də Hacı Məmmədovu əks etdirmişdi.
Bir pis xasiyyəti vardı: özündən tez çıxırdı. Amma üstündən bir dəqiqə keçən kimi sakitləşirdi. Başlayırdı könlümüzü almağa.
Əlinə pul düşən kimi yeyib-içirdi. İşini bəyəndimi, dostlarını başına yığıb qonaqlıq verirdi. Axşamsa bizi restorana aparırdı.
Yadımdadı, Kirxada işləyirdi, kimsə Rəhim adlı rəssama qoyun hədiyyə eləmişdi. O da qoyunu öz emalatxanasına salıb getmişdi. Qoyun bütün gecəni mələyir. Axırda Cəlal deyir ki, deyəsən, bu qoyunun kabab olmağı gəlib. Taxta hasardan aşıb qoyunu çıxardır. Kəsib kabab eləyir. Rəhimi də çağırır. İki kəlmədən bir soruşur ki, Rəhim, kabab xoşuna gəlir? Rəhim də deyir ki, əladı. Yeyib qurtarandan sonra sirri açır. Deyir, incimə, pulunu verəcəm. Rəhim də zarafata salıb qoyunun pulunu ondan üç dəfə almışdı...
Moskvada rəssamların qurultayı keçirilirdi. Azərbaycandan bəzi rəssamlar təyyarəylə Moskvaya gedirlər. Cəlal Qaryağdı təyyarədən qorxduğuna görə onlara qoşulmur. Hamı gedəndən sonra öz maşını ilə yola düşür. Neçə gün dayanmadan yol gedir, özünü qurultaya çatdırır. Rəyasət heyəti səhnəyə çıxanda Tokay Məmmədov görür ki, Cəlal da burdadı, məəttəl qalır. Heç kəs inanmır ki, o, bu qədər yolu belə tezliklə gələ bilib. ...Amma düz iki ay əzələlərinin ağrısı onu incidir.
Təzə əsrə həsrət
Təzə evlənmişdik. Ürəyindən mikroinfarkt keçirdi. Amma heç vaxt “xəstəyəm” demirdi. Rəhmətə getməzdən qabaq bizi, qohumları başına yığmışdı. Qaşqaldaq bişirtdirmişdi. Görürdük ki, sınıxıb. Amma özünü o yerə qoymurdu. Bir həftədən sonra xəstələndi. 12 gün xəstəxanada qaldı. Ayılmadı. 2001-ci ilin ilk günündə — 86 yaşında dünyasını dəyişdi.
Yarımçıq əsəri qalmayıb Cəlal Qaryağdının. Axırıncı işini -“Ana” baralyefini də tamamlamağa macal tapıb. Amma bəzi əsərlərinin aqibəti ona çox pis təsir edib. Bünyad Sərdarovun heykəlinə təsadüfən Bayılda- maşınların təmir olunduğu yerdə rast gəlib. Görüb ki, heykəli böyrü üstə bir küncə tullayıblar. Bu mənzərəni uzun zaman unuda bilməyib. Leninin heykəlini götürəndə də “ ona baxa bilmərəm”-deyib. İki-üç gün havalı kimi gəzib. Heykəl bir müddət rəssamların kombinatının qarsışında atılıb qalıb. Sonra xırda-xırda doğrayıblar, ev tikənlər də bir ucdan daşıyıb. Bu, keçmiş SSRİ məkanında Leninin ikinci yerə layiq görülüən heykəliydi. O vaxt həmin heykəli Leninqraddan satın almaq istəyiblər, Azərbaycan hökuməti verməyib. “Natəvan” əsərisə keçmiş Şaumyan adına klubdan yoxa çıxıb.
Polad Bülbüloğlunun, Fərhad Xəlilovun köməyilə ölümündən sonra emalatxanası ailəsinə verilib. İndi orda oğlu Cəlil işləyir. Atasının sənətini davam etdirir.
Bir də...
Heç vaxt yubiley arzusunda olmayıb bizim sənətkar. 85 illiyini keçirmək istəyiblər, razılaşmayıb. Hər dəfə bu söhbət düşəndə araya başqa söz qatarmış. Deyərmiş ki, yubileyini keçirirsənsə, deməli, qocalmısan...
Bir sözlə, o, həyatını çərçivələrdən uzaq, qadağasız-filansız -canı istəyən kimi yaşayıb. Təkcə ürəyinin səsini dinləyib...
Yenə o köhnə emalatxana, ordakı söhbətlərimiz yadıma düşür...
Bir dəfə Səməd Vurğunla ov macəralarından danışdı: “Səmədlə ovda çox olmuşuq. Beş-altı nəfər yığışıb gedərdik. Hərəmiz bir tərəfə dağılışardıq ki, bir-birimizə mərdimazarlıq eləməyək. Lap axırda ovladıqlarımızı bir yerə yığıb dədə malı kimi bölüşərdik. Amma ovçu tayfasında bir xasiyyət var: ovuyla öyünən olurlar. Qürurlanırlar ki, mən filankəsdən çox ovlamışam. Həmişə Səmədə yaxın düşürdüm: ovun sağından Səməd gedirdi, solundan mən. Onun Reks adlı bir iti vardı. Güllə atılmağa bəndiydi, o saat cumub ovu ağzında gətirirdi. Mənim ovumu da Səmədinkilərə qarışdırırdı. Bir gün dedim, qardaş, mən buna dözə bilmərəm, belə çıxır ki, ovçu sənsən, mən də sənin köməkçin? Gəl, belə eləyək: əgər güllə quşun sağ böyründən dəyibsə, demək, səninkidi, yox, sol böyründən olsa, mənimki. Bir fərqimiz də vardı. Onun qırmaları həmişə üçlük olardı. Mənimkilərsə ya altılığıydı, ya da yeddilik. Nəysə, mən şərtimi deyəndə Səməd uğunub getdi, dedi, ay Cəlal, sən nə bic adamsan! Belə açıq danışmağım xoşuna gəlmişdi. Rəhmətlik düzgünlüyü sevəniydi.
Elə xoşuma gəlirdi onun “Ceyran” şeirini deməyindən. Bir az dəmlənən kimi başlayırdı...Bir dəfə soruşdum ki, ay Səməd bu şeiri nətəər yazmısan? Dedi, Muğan çölündəydim, maşınla gedirdim. Hər tərəf qaranlığıydı. Gördüm, qaranlıqda iki göz parıldadı. Sonra hiss elədim ki, maşının altında nəsə qaldı. Düşüb görəm, ceyran balası. Gözlərindən su sel kimi axırdı.
Rəhmətlik elə o vaxtdan bir də ceyran ovuna çıxmayıb.
İşin qızğın vaxtında könlümüzə yeyib-içmək düşürdü. Getdik ee...Çingiz Hacıbəyov, Qara Qarayev, Kamil Əliyev...yığışırdıq bir yerə. Qara kef verirdi. 100 qram vurandan sonra lap “Ləzginka” gedirdi. Amma Səmədi öldür, oynamazdı.
Səmədin baməzəliyi də varıydı. Yazıçı Əli Vəliyevin başına bir oyun açırdı ki! Bir dəfə kefinin kök vaxtında qayıtdı ki, Əli Vəliyev adında salat çıxıb. Əli də dedi, yekə kişisən, məni dolama, adam adında da salat olar? O dedi, bu dedi, axırda mərc gəldilər. Səməd iki ayağını bir başmağa dirəyib durdu ki, gəl gedək, sənə həmin salatı göstərim. Hələ kefin istəsə, yeyərsən də. Razılaşdılar. Getdik bir restorana. Səməd sifariş verdi, sonra ofisiantı cağırıb dedi, bir salat var ee...Əli Vəliyevdi, nədi, ondan da gətir. Ofisiant bir göz qırpımında salatı gətirib stolun üstünə qoydu. Səmədin barmağın kəs, xəbəri olmaz, bir qəh-qəh çəkdi ki...Yazıq Əli mat-məəttəl qalmışdı. Sən demə, bu salatın adı “Əliviyə”ymiş. Ofisiant rusdilli olduğundan, sözə o qədər də fikir verməyib...”.
Rəşid Behbudovla da ovda olub. Həm də onunla təkcə ov yoldaşı deyildi, sirr verib, sirr almışdı. Bir dəfə Rəşid haqqında danışanda “Dərdi vardı yazığın...” –dedi. Amma nə qədər dil töksəm də, bunu yazmayacağıma söz versəm də, sirri açmadı ki açmadı: “Bu, Rəşidin sirriydi, ürəyini mənə boşaltmışdı, sənə danışsam, kişilikdən olmaz”. Beləcə, söhbəti bağladı. Amma sirr sanmadıqlarından ürək dolusu danışardı. “Rəşidin yeri başqaydı. İçən deyildi, bir az da simicliyi vardı. Deyirdik, ay Rəşid, neynirsən, bu pulları? Dünya gəldi-gedərdi, ye, iç, kef elə! Bir dəfə qayıtdı ki, “siz elə bilirsiz, Rəşid pul üstündə yatır? Vallah, konsertlərimdən yığılan pulun 80-90 faizini hökumət tutub alır. Mənə qalan qəpik-quruşdu. Qənaətlə xərcləməyə məcburam ki, xarici ölkələrə qastrola gedəndə pulsuz qalmayım. Bunun yemək-içməyi var, mehmanxanası var. Adama kənardan göz qoyurlar, Azərbaycanın estrada ulduzunun adi bir nömrədə qalması ayıbdı axı.
Bir dəfə onun da başını bişirib ova apardım. Hələ ov nədi, bilmirdi. Əvvəlcə gedib xarici bir tüfəng aldıq. Fikirləşdim, su quşu ovuna getsək yaxşıdı, dadı damağından çıxmaz. Elə də oldu. Ovdan qayıtdığımız heç bir həftə deyildi, başladı ki, Cəlal, yenə nə vaxt gedək?.
İkinci dəfə gedəndə bir də gördüm, yekə bir qutunu güc-bəlayla maşına qoyur. Soruşdum, ay Rəşid, bu nədi, xeyir ola? Dedi, dinmə, qoy çataq, orda bilərsən. Gölün qırağında qutunun ağzını açdı. Nə olsa, yaxşıdı? Boşqab dəsti. Bir şey başa düşmədim. Bu çöllükdə qab-qacaq nəyimizə lazımdı? Dedi, uşaqlara verəcəm. Gölün qırağında kənd vardı. Kəndin uşaqları bizi görən kimi başımızın üstünü alırdı. Şəhər adamı onlara maraqlı gəlirdi. Biri yalvarırdı ki, əmi, noolar, qoyun saçınızı sığallayım, o biri deyirdi, qoyun, paltarınıza baxım. Rəşid heç birinin xətrinə dəymirdi. Uşaqlara qanı qaynayırdı. Nəysə, boşqabları o uşaqlara payladı. Gördü, mənim ağzım açıq qalıb, o saat qoltuğu qarpızlandı. Dedi, bəs deyirsiz, Rəşid simicdi? Görürsüz, lazım gələndə səxavətli də ola bilirəm!”.
Bir dəfə də ondan Bülbülü soruşdum. Maraqlı xatirələr danışdı: “O da ayrı xasiyyətdəydi. Gərək, sözü ağzında bişirib, sonra deyəydin. Sözünə fikir vermədin, o saat inciyirdi. Amma özü istəmədiyi sözə, öldür, qulaq asmazdı. Bir dəfə bəstəkar Midhət Əhmədov qayıtdı ki, “Fikrət deyir...” — sözü ağzında qaldı. Bülbül “əşşi” deyib əlini yellədi. Bir az keçəndən sonra Midhət təzədən başladı. Bülbül Fikrətin adını eşidən kimi yenə onun sözünü kəsdi. Uzun sözün qısası, Bülbül bu kişiyə imkan vermədi ki, ürəyini boşaltsın. Midhət də baməzənin biriydi, dedi, vallah, bu kişi məni yığıb boğaza. Ölsəm də, sözümü deyəcəm. Bir gün hamımız oturmuşduq, Midhət qəfildən bir nəfəsə qayıtdı ki, Fikrət (Əmirov) deyir, Bülbül çox gözəl oxuyur. Bülbül gördü, söz xeyrinəymiş, dedi, ay Midhət, bunu çoxdan de də… Hamımız gülüşdük.
Bülbülün heykəlini düzəldirdim, mənə atamdan danışdı. Dedi, Məhərrəm kişinin yaman yaxşı səsi vardı. Amma baban İsmayılın oxuyanlarla arası yoxuydu. Oturub-durub deyirdi, “a bala, get özünə sənət tap. Oxumaq kişi sənəti deyil. Həkimdən-zaddan olsan, əlində-ovcunda pulun qalar”. Deyirdi, rəhmətlik Məhərrəm də babandan xəlvət həftədə bir dəfə cıdıra çıxırdı. Şuşa camaatı bilirdi ki, bu gün Məhərrəmin dəmi gəlib, oxuyacaq.
Onda Bülbül bir tikə uşağımış. Gizlicə atamın avazına qulaq asarmış. Öz qulaqlarımla eşitmişəm, Bülbül deyirdi ki, təxəllüsümü sənin atandan götürmüşəm. O vaxt Şuşa camaatı atama “Bülbül” deyirmiş”.
Həmişə fikirləşirdim ki, görəsən, niyə onların nəslinə Qaryağdı deyirlər? Bunun bir mənası varmı? Bir dəfə özündən soruşdum...
“Nəslimiz qardan, yağışdan qorxan olub, ona görə də Şuşada hamı bizə “Qaryağdılar” deyib”. Ondan bu cavabı eşidəndə çox təəccübləndim:
— Heç inanmağım gəlmir, qarabağlı olasan, yağışdan, qardan qorxasan...
Uğunub getdi.
— Nə bilim, qorxurmuşlar da… O xasiyyət bir az oğlumda da var. O vaxt babam İsmayıl yağış, qar yağanda qaçıb gizlənirmiş. Ona görə də, sataşmaqçün deyirmişlər, İsmayıl, qar yağdı, qaç! İsmayılın oğlanlarına, yəni atama, əmim Cabbara “Qaryağdıoğlu” deyiblər. Onlardan sonra gələnlərəsə “Qaryağdı”...
Belə… İndi bu xatirələri yaza-yaza fikirləşirəm ki, şanslı jurnalistəm, çox şanslı… Niyəsini deməyə ehtiyac varmı?
Müəllif: Səfurə Çərkəzqızı