Aksel Erlandson (Axel Erlandson 1884 — 1964) — öz dizaynına görə ağac yetişdirən qeyri-adi bir fermer olub. Hobbi olaraq canlı ağaclara müxtəlif formalar verən fermer 1947-ci ildə “Ağac sirki" adlanan “dünyadakı ən qəribə ağacların məkanı” olan bağ yaradıb.
Aksel, ağacların ürək, spiral pilləkən, ziqzaq, üzük, quş qəfəsi, qüllə, oturacaq, foto çərçivə və s formalarda yetişməsinə nail olub. Uşaqlıqdan bitkilərin böyüməsini seyr edərək, vəhşi təbiət sirlərini açmağa çalışan balaca oğlan böyüdükdə öz təsərrüfatını qurub, böyük bir bağın sahibi olur.
Aksel sanki bitkilərlə danışırdı və onun bərəkətli torpağı əla məhsul verirdi. Erlandson, texnologiyasının sirrini, ağaclara verdiyi peyvəndlərin reseptini cəsuslardan qoruyaraq heç kimə açıqlamadı. Aksel özünəməxsus texnologiyası ilə birlikdə, sirrini bölüşmədən 1964-cü ildə vəfat etdi.
Bunun sirri nədir? Niyə başqaları bunu təkrarlaya bilmir? Necə olur ki, ağac onun əlində bir obraza çevrilir? suallarını verdikdə isə o, cavab verirdi: «Mən sadəcə onlardan xahiş edirəm.»
1985-ci ildə “Ağac sirki” artıq fəaliyyətini dayandırdıqdan sonra, milyonçu Maykl Bonfante adlı şəxs həmin bağdakı ağacları alır və Kaliforniya ştatının Gilroy şəhərində öz ailəvi parkında yetişdirir. Hər il yüzlərlə turist qəribə formalarda bitən ağaclara tamaşa etmək üçün bu parka axın edir.
Mənbə: portal.azertag.az