Vyana qapıları

Vyana qapıları

Dünyanın mədəni təfəkkür cəhətdən bölünməsi əslində parçalayıcı deyil, birləşdirici amildir. Buradakı birləşdirmək isə, konfliktin aradan qalxmasından başqa bir şey deyil. Əlbəttə, mədəni təfəkkür sferasına elm də daxildir. Elmlə incəsənət hələlik bəşəriyyətə məlum olan yeganə həqiqətdir ki, müəyyən bir qütbün iddiasına xidmət etmir və subyektin mənimsəyə biləcəyi bir şey deyil. Mədəni fəlsəfə eyni zamanda elmə söykəndiyi üçün digər fəlsəfə növlərindən, o cümlədən, dini fəlsəfədən, milli fəlsəfədən, həmçinin siyasi fəlsəfədən köklü şəkildə fərqlənir. mədəniyyətşünaslıq
Elmi bazaya malik olan mədəni fəlsəfə istisna olmaqla, bütün fəlsəfi hekayələr qanla bitir və ya ən yaxşı halda konfliktologiyanın bir parçasına çevrilir. Çünki, hamısı uydurmadır və müəyyən zümrələrin qaranlıq mətbəxində hazırlanır. Halbuki, din də var, milliyyət var, ölkələr də var, dövlətlər də var. Ancaq söhbət onların varlığından yox, ziddiyyətindən gedir. Ən əsası isə, məsələ onların mövcudiyyəti deyil, bu mövcudluğun istinad nöqtəsi olan fəlsəfədir. Bəli, dini fəlsəfə, milli fəlsəfə, siyasi fəlsəfə,… bunların hamısı gerçəkdn uydurmadır və qeyri-təbiidir. Onların işləmə mexanizmi yoxdur və onlar zor aparatı ilə işə salınır.
Fərqlilik zənginlikdir, ziddiyyət deyil. Cəmiyyət mexanikası üçün lazım olan əsas amil fəlsəfə olduğu üçün, dinçilər də, milliyyətçilər də, siyasətçilər də məcburiyyət qarşısında filosof olurlar. Bir ölkəni işğal etmək üçün, ən gözəl silah oraya "ədalət" gətirməkdir. Bir dini yaymaq üçün, ən işlək vasitə o dindən olmayanları «kafir» elan etməkdir. Silahdan da, paradan da öncə fəlsəfə gəlir. Buna görə, tarixin əksər fatehlərinin ən yaxınında, bir və ya bir neçə müdrik filosof bulunmuşdur. Məhz fəlsəfənin yönləndirməsiylə fatehlər əvvəl özlərini, sonra əsgərlərini, sonra isə, fəth etdikləri ölkə və xalqları, ədalət, azadlıq və xoşbəxtlik gətirdiklərinə inandırmağa çalışmışlar. Fəlsəfi metodologiyanın öz təyinatını dəyişən mexanikası bununla əslində bəşər mədəniyyətinə xidmət etmiş olmadı (böyük fatehlərin və onlara inananların dedikləri kimi) xəyanət etmiş oldu. Sürünün başında bir canavar olar. Digərləri isə, canavarlaşmaq zorundadırlar. Güclü nəfslərin elə bir həddi vardır ki, o həddi keçdikdən sonra insan nəfsi «ilahi iradə»yə çevrilir. Uydurma hədislər peyda olur və məqtullar öz qatillərini sevməyə başlayır. İskəndər özünü yeddi alimdən biri zənn edirdi. Hətta Nizami də buna inanmışdı. Halbuki, Sokrat da, Platon da onun yürüşlərinə mənəvi-fəlsəfi don geydirən saray filosofları qismində çıxış edirdilər. Nizaminnki isə, aldanışdan çox istək və arzu idi. Bunu çox deyiblər və mənim dedkilərim təkrarçılıqdır. Bu təkrarı düzəltmk üçün isə, deyə bilərəm ki, insanlığın mədəni tarixində ən sir qalmış mütəfəkkirlərdən biri olan Şeyx Nizami İskəndərin də simasında əslində Makedoniya fatehini deyil, çox-çox gizli ürfani mətləbləri özündə saxlayan qədim Xorasan — usatad-şagird, pir-mürid ənənəsinin kiçik bir modelini təqdim etmişdir. Ancaq indi söhbətimizin mövzusu bu deyil. Fəqət hər şeyə rəğmən çox acı mənzərədir. Anlamaq çox çətindir bu cür olayları. Elmi-mədəni fəlsəfənin qaynağı isə insan nəfsi deyil. O, bir öncəkilər kimi zorla yox, «dırnaq içində yox», həqiqətən, təbii bir şəkildə İlahi iradənin məhsuludur. Çünki, belə bir iradə mövcuddursa, o, heç zaman fatehlərin nəfsinə və məkrinə xidmət edə bilməz. Fatehlik birləşdirmək deyil, ayırmaqdır, ədalət dağıtmaq deyil, mövcud kosmosu xaosa çevirməkdir. Allahın bunu istəyəcəyini heç zənn etmirəm! Mədəni fəlsəfə sərhədləri dağıdır, milli, dini, siyasi fəlsəfə onları yenidən bərpa edir.
 Elm, incəsənət, mədəniyyət məhəbbəti təbliğ edir, din, milliyyətçilik və siyasət isə nifrəti! Çünki, iddianın nifrətdən başqa mühərriki yoxdur. Xristianların Şərqə yürüşü ilə, müsəlmanların Qərbə yürüşü arasında hansı potensial fərqlər mövcuddur? Bu barədə biriləri çıxıb, ağıllı bir arqument qoysun ortaya, Allah eşqinə! Dünən asiyalılar münbit torpaq axtarırdı, bu gün avropalılar neft axtarır. Ancaq ikisinin də fəlsəfəsi birdir: biri günbatanlıları küfrdən qurtarmaq istəyir, digəri isə, İsanın məzarını gündoğanlıların əlindən xilas etmək istəyir. Bu mənada fatehlərin əsas sərmayə qoyduqları şey silah deyil, fəlsəfədir! Uşaqkən musiqi məktəbində oxuyurdum. Necə deyərlər gözümü açıb, işıqlı divarlarda, kilsə şamdanlarına bənzər elektrik lampaların altında Baxın, Motsartın, Bethovenin şəkillərini görmüşəm. İndi ömrümün toxtamış çağındayam və o divar, o işıq, o şəkillər mənim yaxamı buraxmır ki, buraxmır. İndi uşaq musiqi məktəblərində buna bənzər sinif otaqlarını görəndə ürəyim döyünür, nəşə dolu fərəhdən az qalır gözlərim yaşarsın. Halbuki, kommunist ideologiyasının tüğyan etdiyi məşum sovetlər dönəmi idi. Hitler ordusunun ilham pərisinə çevirdiyi Rixard Vaqnerin nə işi vardı Naxçıvan 1 saylı musiqi məktəbinin koridorunda?! Və ya, bu gün Vyana qapılarını ən az
vyanalılar qədər qorumağa çalışan, oratoriya və messalarında türklərə və müsəlmanlara üstüörtülü nifrət yağdıran, Səlib yürüşlərini təbliğ edən Vyana klassiklərinin əsərləri niyə hələ İstanbul Konservatoriyasının tədris proqramındadır?! Yaxud da, Mövlana Rumini, Nizamini, Hafizi, Tusini, Piri Rəisi, Əbdülqadir Mərağayini təbliğ və tədris edən Amerika və Qərb universitetləri onların müsəlman olmasından niyə qorxmur? Bu əsl fatehlik deyil, bəs nədir? Hanı muzeylərdəki dəbilqəsindən, quru heykəlindən başqa bir şeyi qalmayan və postsovet məkanlarında adına «babamız» deyib, ideoloji kurslara təzə-təzə ayaq açan fatehlərin fəth etdikləri?! Bəli, mədəni fəlsəfənin digərlərindən üstünlüyü açıq-aşkar onun təbiiliyi, yaşarlılığı və gözəlliyidir. Yəni, açıqcası, mən dini, milli, siyasi uydurmaçılığın adına «fəlsəfə» deyə bilməyəcəyəm. Çünki, göründüyü kimi, yoxdur belə bir şey! Olsaydı, yaşayardı, yaşadardı. Əgər onlar gerçəkdən İlahi iradənin məhsulu olsaydı — eyni Allah həm «müsəlmanlar Qərbi fəth etsin», həm də «xristianlar Şərqi fəth etsin» demiş olsaydı — ki, bu çox məntiqsiz görünür — bunun ömrü çox uzun olardı. Həm də bu mexanizm zorla, qanla müşayiət olunmazdı. Sərhədləri Allah yaratmayıb, insan yaradıb. Allahın əkdiyi toxumun adı «nifrət» deyil, «məhəbbət»dir! Böyük Mövlana Cəlaləddin Rumi məşhur «Məsnəvi»sində belə bir beyt səsləndirir: Ma bərayi vəsl kərdən amədim, Ne bərayi fəsl kərdən amədim — yəni, «biz birləşdirməyə gəlmişik, ayırmağa deyil». Nə qədər gözəldir və gözəl olduğu qədər də aydındır, sadədir, anlaşılandır — Tanrının özü kimi, sözü kimi! Maraqlıdır, mütləq əksəriyyəti buddist olan Çində statistik məlumatlara görə, 50 milyona yaxın (bəlkə də artıq) peşəkar pianoçu vardır. İndi deyəcəksiniz ki, Buddizmlə pianonun nə əlaqəsi və nə konflikti? Haqlı sualdır. Heç avropalılar da soruşmurlar ki, başından bəri, elə indinin özündə kilsə musiqisinin baş aktyoru olan bu musiqi aləti niyə belə bütün dünyanı başına götürüb?! Heç onlar bununla fəxr etmirlər də. Belə bir iftixar onların ağlına da gəlmir. Bilirsiniz niyə? Çünki Çini fəth edən Avropa və avropalılar deyil, Şopendir, Listdir, Raxmaninovdur! Di gəl ki, bu fatehlər, bu fəthlər qan tökmür, torpaq işğal edib, sonra həmin torpaqlardan axışıb onun öz torpağına sığınan miqrantlarla mübarizə aparmır. Çünki, mədəni fəlsəfənin gücü bundadır! Dünyaya hakim olmaq. Dünya insanların evinə, yurduna, sərvətinə, bədəninə deyil, ruhuna, ağlına, intellektinə hakim olmaq! Qan tökmək deyil, qan vurmaq, öldürmək deyil, diriltmək, yaşatmaq! Çox qəribə bir məntiqlə qarşı-qarşıyayıq; belə çıxır ki, fərdlər milyonları fəth edir, ancaq milyonlar fərdləri fəth edə bilmir! Çünki, Rus çarları bütöv Polşanı fəth etdilər, ancaq bir Frederik Şopenlə bacara bilmədilər.
 
Ancaq bu gün Şopen bütün Rusiyanı fəth eləyib! Və Rusiya da bundan çox məmnundur. Bir dənə də olsun millətçi, şovinist rus ideoluqu qalxıb demir ki, axı bu adam ömrü boyu Rus imperializminə nifrətlə yaşayıb və bütün əsərlərini də bu ruhda yazıb. Onun Vətən həsrətinin də, sevgisinin də, hicranının da baisi həmin bu imperiya olub! Ancaq qətiyyən! Çünki Şopenin fəthi Tanrının fəthiydi! Tanrı ilə razılaşmayan heç kimsə yoxdur bu aləmdə! Elmin və incəsənətin yaratdığı fəlsəfə sistemli və mərhələlidir. Ümumiyyətlə isə, hər hansı bir fəlsəfənin davamiyyəti onun alternativ fəlsəfələrlə konflikt içində olmamasından qaynaqlanır. Fəlsəfələr insanlar kimi, bir-birlırini yeyib bitirir. Ancaq elmin və incəsənətin ümumiləşdirdiyi fəlsəfə öz alternativləri ilə kəskin ziddiyyətdə deyil. Ziddiyyət əsasən nədən yaranır? Əlbəttə ki, varlığın və məkanın bölgüsündən. Mədəni fəlsəfə isə, elmin diqtəsi altında olduğu üçün bölgü prinsipinə əsaslanmır.
Çünki, elmin fitrətində bir məkana, bir varlığa aid olmaq keyfiyyəti yoxdur. O realdır və ətrafdakı real aləm də onunla hesablaşır. Mədəni fəlsəfə uydurma olmadığı üçün uydurma olmayan ətraf aləmlə konfliktə girmir. Elmin və mədəniyyətin qarşısında duran, ona yol vermək istəməyən nəsnələr əsas etibarilə din və miliyyətçilikdir. Hələ bu ikisi bir araya gəldiyi zaman elə əcaib Dünya modelləri ortaya çıxır ki, insan dəhşətə gəlir. Lakin, maddi gücün, bütün material üstünlüyün siyasətin tərəfində olmasına baxmayaraq, elm və mədəniyyətin suya bənzər rəvan axışının önünü kəsmək mümkün olmur. Çünki, ümumbəşəri ağıl və hiss hər zaman quru torpaq misalı suya həsrətdir. Çünki, hansı millətə, hansı dinə, hansı ölkəyə mənsub olursa olsun, insan təbiəti, insan xilqəti birdir. İnsanlığı parçalamaq olar, insanı yox! Elə buna görə də Türk ordusu Vyana qapılarından girə bilməsə də, həmin qapılardan çıxan musiqi bu gün bütün insanlıq üçün minlərlə ordudan daha artıq iş görür. 1770-ci ildə, elə həmin o Vyana qapılarının arxasında dahi bir bəstəkar Dünyaya gəldi — Lüdviq Van Bethoven! (və saysız nida işarələri....)
Bu yaxınlarda Dünya şöhrətli məşhur Türk pianoçusu Fazıl Sayın hazırladığı bir televiziya verilişinə baxırdım. Böyük musiqiçinin dilindən çox yayılmış bir ifadəni təkrar olaraq eşitdim: Dünya mədəniyyəti tarixində üç böyük musiqi tanrısının adı çəkilir: Bax, Motsart, Bethoven! Əlbəttə bu aforizmi Fazıl Sayın ağzından duymaq mənə ayrı ləzzət verdi! Bəli, bu il YUNESKO tərəfindən bütün Dünyada Bethoven ili elan olunub, çünki, o sevgili dahinin 250 illiyidir bu il. 2020-ci ili şəxsən mən bu cür qarşıladım. Bu il mənim üçün nə bürclərlə, nə siyasi xəritələrin dəyişməsiylə, nə öz şəxsi taleyimdə nələr baş verəcəyinə dair heç nəylə əlamətdar və maraqlı deyil. Mənim üçün bu il Bethoven ilidir! Və mən buna çox sevinirəm. Lap uşaq kimi! Həqiqətən uşaq kimi sevinirəm, çünki dahi bəstəkar mənim uşaqlığımın ilk müstəqil düşüncə axışımı yönləndirib. Lap uşaqkən gecə-gündüz dinlədiyim musiqi Bethovenin musiqisi, həvəslə və sürətlə əzbərlədiyim şeirlər isə böyük Hüseyn Cavidin demək olar ki, bütün mənzum dramları idi! Bəli, bunlar bir insanı xoşbəxt etməyə yetir! Yetir və hətta artır! Çünki bütöv bir insan həyatı məhz həmin o bir neçə illik kövrək uşaqlıq xatirələrinə bağlıdır. Travma da o illərdə formalaşır, fəlsəfə də… Beləliklə, bir az araşdırdıq və bu nəticəyə gəldik ki, təməlində elm və ondan doğan sistematik mərhələlik prinsipi dayanan mədəni fəlsəfə öz gücü və əhatə dairəsi baxımından bu Dünyada ən üstün, ən qüvvətli bir nəsnədir. Mədəniyyətə yalnız mədəniyyətlə qalib gəlmək olar ki, buna da nə gərək var, nə də imkan. Əsl mədəni- fəlsəfi cərəyanlar nə zaman, nə də paralel məkan baxımından bir-birləriylə mübarizə aparmırlar. Sadəcə olaraq, biri digərinin doğuluşu üçün zəmin hazırlayır. Çünki, hamısı bir nöqtədən, bir mənbədən və bir işıqdan gəlir: Tanrının insan təcəllası! Elmin və mədəniyyətin ən optimal tərifi məncə, budur!
 
Müəllif: Fəxrəddin Salim
Top