Həyat və yaradıcılığı Barselona ilə ayrılmaz bağlı olan, sürrealizm janrında fəaliyyət göstərən XX əsrin ən parlaq ispan avanqardçılarından biri də Xuan Mirodur.
Miro öz yaradıcılığında bir kimyagər kimi dünyanı universal simvollara ayırır. O, ilkin rəsm və rənglərin vasitəsilə öz qeyri-adi estetikasını yaradır. Xuan Miro bütün ömrü boyu bu istiqamətin əsas prinsipinə — yaradıcılığın məntiq və idrakın təsirindən xilas edilməsi prinsipinə sadiq qalır. Bununla belə, Miro əsərlərinin müxtəlifliyi və həyatsevərliyi ilə digər sürrealistlərdən seçilirdi.
Miro Avropa avanqardının klassiki, modernizmin əsl
təmsilçisi idi, lakin Pablo Pikasso kimi o da müəyyən bədii istiqamətlərin çərçivəsini aşmışdı. Məlumdur ki, modernizmin əksər nümayəndələrinin yaradıcılığı tək bir cərəyanla bitmir. Demək olar ki, bütün rəssamlar müxtəlif hərəkatlarda iştirak edirdi. Öz üslub axtarışlarında idilər. Buna görə də bu və ya digər sənətkarın öz yaradıcılıq potensialını hansı istiqamətdə daha dolğun göstərdiyini müəyyən etmək çox zaman çətin olur.
Miro perspektivin qaydaları ilə kifayət qədər sərbəst davranır, yaxın və uzaq planlar arasında fərqi vurğulamır, lokal dolğun rənglərdən, kobud yaxmalardan istifadə edir. Rəngkarlıq və qrafika əsərləri ciddi sadəliyi, lakonikliyi və hətta sxematikliyi ilə fərqlənir. Əsərlər daha zərif, poetik, müəmmalı olmağa başlayır. Bu əsərlərdəki sadələşdirilmiş həndəsi fiqurların məskunlaşdığı qəliz aləm sürrealizm üslubunun inkişafında növbəti mərhələ sayılır.
Mironun əsərlərində qrafika daha çoxdur - nöqtələr, cizgilər, qırıq xətlər mücərrədlik kimi qavranılır. Lakin rəssam özü belə bir izahı inadla rədd edirdi. Yaradıcılığın əsas xüsusiyyətləri arasında sevinc, gün işığı, sağlamlıq, rəng və ritm var idi.
Kubizmin təsiri altında olan Miro Parisdə Pikasso ilə görüşür. Mironun əsərlərində Pol Kli yaradıcılığının təsiri hiss edilir. Rəssam karyerası boyunca müxtəlif rənglərə, forma və materiallara maraq göstərir. O, rəngkarlığa və sürrealizmə yenilik və qeyri-adilik gətirmək istəyir. Odur ki qum, daş, sumbata kağızı, viş və əl altında olan digər materiallar ilə təcrübələrə başlayır. Sonralar Miro keramikaya maraq göstərir.
Miro həm də heykəltəraşlıqla maraqlanır və bir daha özünüifadənin yeni üfüqlərini kəşf edir. Həcm və materiallar vasitəsilə o, növbəti əsərlərində yenilik etmək istədiyi çoxlu sayda bənzərsiz plastik kompozisiyalar kəşf edir.
Mironun “Qadın və quş” (1983) adlı heykəltəraşlıq
əsəri Barselonada Xuan Miro parkında ucaldılmışdır. Ustadın 22 metr hündürlüyündə olan əsəri həm şlyapalı qadın, həm də quş obrazı formasındadır. Heykəlin səthi qırmızı, sarı, yaşıl və göy (Mironun ən sevimli rəngləri) keramika ilə örtülüb.
Miro Harvard Universitetinin yeməkxanasını (1960-1961), Sankt- Qallendə Ali iqtisadi Elmlər Məktəbinin binasını (1964), Sen-Pol-de-Vansda Meq Fondunun divarını (1968), Barselonada hava limanını (1970) bəzəyən bir sıra monumental keramik pannoların müəllifidir.
Miro poeziya toplularına illüstrasiyalar çəkərkən də maraqlı əsərlər yaradıb. 1971-ci ildə isə özünün “Qızıl lələkli kərtənkələ” adlı kitabını nəşr etdirib.
Miro sürrealizmin ən parlaq nümayəndələrindən biri olmuşdur. Yalnız Mironun yaradıcılığında özünəməxsus, xarakterik olan sirr və rəmzlərlə dolu fərdi üslub tərzini görmək mümkündür və bu fərdi üslubun formalaşmasında məhz sürrealizm həlledici rol oynamışdır.
Sürrealizm tarixdə və incəsənətdə parlaq səhifəyə çevrildi. Bu istiqamətin əsərləri öz qeyri-gerçək aləmi ilə tilsimləyir və özünə çəkir. Onları anlamaq çətindir, elə bu səbəbdən də insanları cəlb edir. Xuan Miro özünün poetik sürrealizm variantını yaratmağa qadir oldu.
1976-cı ildə Barselonada rəssamın muzeyi - Xuan Miro Fondu — Müasir incəsənətin Təbliği və Tədrisi Mərkəzi açıldı. Xuan Miro hələ 1968-ci ildə, nəhəng fərdi sərgisindən sonra muzey təsis etmək fikrinə düşmüşdü. O özünün və müasir incəsənətin digər təmsilçilərinin əsərlərinin sərgilənəcəyi yeni bina yaratmaq istəyirdi. Fondun eksponatları çox müxtəlifdir və bura həm rəssamın erkən işləri, həm də onun daxili aləminin müxtəlif tərəflərini əks etdirən çox məşhur əsərləri daxildir.
Əsərlərin çoxunu fonda Miro özü bağışlayıb. Kolleksiya 300 rəngkarlıq əsəri, 10 min rəsm və 150 heykəldən ibarətdir, burada çox sayda toxuculuq və keramika nümunələri sərgilənir.
Bu gün Xuan Mironun adı bəşəriyyətin düşüncəsində kətan və gil üzərində bütün aləmin əks olunduğu qeyri-adi rəngarəng fikirləri təcəssüm edir.
Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik