Əl ilə yaradılan möcüzələr ve naxışlar

Əl ilə yaradılan möcüzələr ve naxışlar

Dekorativ-tətbiqi sənət növləri çox qədim zamanlardan mövcuddur. Onların arasında müxtəlif xalqlarda hörmə və toxuculuq xüsusilə geniş yayılmışdır.
İnsanlar hörməni dulusçuluqdan daha əvvəl öyrənmişlər. Qədim dövrdə insanlar uzun və yumşaq ağac budaqlarından yaşayış evləri, dam örtüyü, çəpər, qayıq, səbət, zənbil, müxtəlif ehtiyaclar üçün əşyalar hörmüşlər. Hörmə üsulu ilə ən müxtəlif materiallardan: qamışdan, iplərdən (kəndirdən), dəridən, məftildən, otlardan və çiçəklərdən müxtəlif əşyalar hazırlamaq olar. Əl ilə yaradılan möcüzələr
Hörmənin inkişafı sonrakı dövrlərdə toxuculuq sənayesinin inkişafına təkan vermişdir. Müxtəlif millər vasitəsilə toxuma da hörmənin bir növüdür.
İki rəngli vərəq götür, onlardan birini zolaq şəklində kəs. İkinci vərəq — altlıqdır, onu yarıya qədər qatla, qatın sonuna iki santimetr qalanadək kəs. Kəsilmiş hissələrə zolaqları keçirməklə hör. Həmçinin müxtəlif fakturalı, forma və rənglərdə olan kağızlardan da istifadə etmək olar.
Bizi məişətdə toxuma üsulu ilə hazırlanmış çoxlu əşya əhatə edir. Onlardan biri də əllə toxunmuş xalçalardır. Hələ orta əsrlərdə xalça üzərində insanı, onun məişətini təsvir etmək ənənəsi mövcud olmuşdur. Belə xalçalara süjetli xalçalar deyilir. Onların üzərində verilmiş insan təsvirində miniatürlərə xas kompozisiya həlli müşahidə olunur.
Kamil Əliyevin yaratdığı xalçalarda insan obrazı
Xalq rəssamı Kamil Əliyevin yaradıcılığında insan təsvirləri müasir xalçaçılıq sənətində geniş tətbiqini tapmışdır. Onun yaratdığı xalça-portretlər təkrarsızdır, ən əsası isə, bu təsvirlər obrazın mahiyyətini, onun daxili aləmini və əzəmətini böyük məharətlə açıqlaya bilir.
Rəngkarlıqdakı portret təsvirlər xalça-portretdən nə ilə fərqlənir
Rəssam Kamil Əliyevin başlıca xidməti realist portret janrını klassik xalçaçılıq sənətinə tətbiq etməsidir. O, portret təsviri klassik ornamental üslublar vasitəsilə xalça kompozisiyalarının dekorativ tərtibatına çox böyük məharətlə daxil edərək, onların arasında kompozisiya ahəngdarlığı yaratmışdır.
Kamil Əliyev dahi insanlara həsr olunmuş silsilə portretlərin müəllifidir. Bu əsərlərində əsas xüsusiyyətlərdən biri rəssamın portret təsvirləri xalçanın ümumi ornament quruluşu ilə əlaqələndirmək bacarığıdır. O, portretin ətrafında elə bir zəngin ornamental tərtibat yaradır ki, sanki onun vasitəsilə tamaşaçını qəhrəmanının öz dünyasına aparır, onun daxili aləmi, maraqları və məşğuliyyəti ilə tanış edir.
Kamil Əliyev xalçalarda portretin çərçivəsinin kompozisiya həllinə çox böyük məsuliyyətlə yanaşırdı. Rəssam ümumi dekorativ naxış kompozisiyasına müxtəlif formalı (düzbucaqlı, dairəvi, oval və naxışlı) çərçivələri daxil edərkən onlara uyğun formalı naxış elementlərindən istifadə etməklə tərtibat verirdi.
Görkəmli sənətkarın ən mühüm sənət uğurlarını əks etdirən bütün əsərləri Bakıda, İçərişəhərdə yerləşən şəxsi yaradıcılıq muzeyində nümayiş etdirilir.
Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalça sənətini qoruyub saxlamış, onun incəliklərini daha da zənginləşdirərək, rəngarəng milli ornamentlər, rəng çalarları, dərin məzmunlu müxtəlif kompozisiya və süjetlər yaratmışdır.


Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmədova
Mənbə: Təsviri İncəsənət — 7 Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik
Top