Müasir Azərbaycan heykəltəraşlığının ən parlaq nümayəndələrindən biri olan Fazil Nəcəfov görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun yetirməsidir. Mövzu və janr müxtəlifliyi, plastik formaların incə duyumu, mövzunun mahiyyətinə uyğun müasir formalar, təsir və özünüifadə vasitələrinin axtarılması Fazil Nəcəfovun yaradıcılığının ilk illərindən etibarən hiss olunmağa başlayır.
1950-ci illərin sonu — 1960-cı illərin əvvəllərində Bakıda özlərini tamamilə bədii eksperimentlərə, fərdi sənət dilinin inkişafına həsr etmiş həmfikir rəssamlardan ibarət müəyyən mühit formalaşmışdı. Onların yaradıcılığında məzmunla yanaşı, əsərlərinin əsasını müxtəlif formalar təşkil etməyə başlamışdı.
Monumentallıq, yığcamlıq, dəqiq və inamlı kompozisiya həlli F.Nəcəfovun əsərlərinin səciyyəvi cəhətlərindəndir.
Rəssam hər zaman bədii yaradıcılıqda sərbəstliyə, cəsarətli formalara, orijinal ideyalara, yeni obrazların yaranmasına can atırdı.
Ustad yaratdığı büstlərdə modelin xırda təfərrüatlarına varmayaraq insan hislərini qabartmağa üstünlük verir. Onun heykəllərində insan taleyi və həyəcanı öz plastik həllini tapmışdır. O, uzun və asan olmayan tale yaşamış zəhmət adamlarının obrazlarına müraciət edir və bu obrazları yaratmaqla insansevərliyini vurğulayır.
“Neftçi” əsərində möhkəm vücudlu və qüvvətli Bakı neftçisinin sərbəst duruşunda daxili bir gərginlik duyulur. Fəhlənin həyat eşqi ilə dolu olan siması tamaşaçını cəlb edir.
F.Nəcəfovun 1970-1980-ci illərdə ərsəyə gətirdiyi istənilən əsərdə gizli məna, emosional coşqunluq özünü büruzə verirdi. F.Nəcəfovun sonrakı fəaliyyəti üçün olduqca əhəmiyyətli olan mərhələ — bir-birinə sıxılmış insan motividir. Bütün bunları “Köhnə Bakı motivləri” adlı böyük silsilədə, habelə öz lakonizmi ilə heyran edən “Əks-səda dövrü” kompozisiyasında görmək mümkündür. Oxşar, bir-birinə bənzəyən insan fiqurları sanki kub formalı həcmin içinə yerləşdirilib. Sərt baxışlı, diz çökmüş halda olan bu fiqurlar elə bil susacaqlarına dair söz vermişlər.
Fazil Nəcəfovun əsərlərində monumentallıq, bütövlük, həcm yığcamlığı, plastiklik, sərbəst fikrin ifadəsi öz əksini tapır. O həmçinin əla rəsm çəkməyi bacarır. Bu baxımdan ustadın yaradıcılığının başqa bir önəmli cəhəti onun son dərəcə ifadəli rəsmlərində, plastik xətlərində üzə çıxır.
Rəsm təsviri sənətin əsasını təşkil edir. Bu mənada Fazil Nəcəfovun qrafik rəsmləri, demək olar ki, onun yaradıcılıq axtarışlarının bəhrəsidir.
İnsan portretləri çəkərkən bəzən səbirsizcəsinə əsas diqqəti təsvir olunan insanın zahiri bənzərliyinə, xarakterinin açılmasına yönəldir.
Müxtəlif materiallarla — daş, mərmər, bürünc və qranitlə işləyən heykəltəraş daim onların təsir imkanlarının əhatəli ifadəsinə can atır. Materialın ölçüsü, fakturası və rəngindən asılı olaraq obrazlar öz xarakterini dəyişir.
Heyvanlar aləmini dərindən müşahidəsi əsasında heykəltəraş həm də bacarıqlı animalist kimi çıxış edir.
Kamil və fərdi usluba, bənzərsiz heykəllərə, özünəməxsus rəsmlərə malik olan Fazil Nəcəfovun yaradıcılığı dövlətimizin diqqət mərkəzindən kənarda qalmamış, yüksək səviyyədə qiymət verilmişdir.
Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik