Qədim insan dünya haqqında təsəvvürlərini müəyyən işarələrlə ifadə edirdi: dairə — Günəşi, üçbucaq — dağları, spiral — inkişafı və hərəkəti, kvadrat və romb isə torpaq mənasını bildirirdi.
Tarix boyu dünya xalqlarının mədəniyyətində müxtəlif ornamentlərdən istifadə olunub. Hər bir xalqın özünəməxsus ornamentləri və onların rəmzi mənaları mövcuddur.
Bir və ya bir neçə elementin ritmik təkrarına ornament deyilir. Ornament motivləri həndəsi, nəbati və heyvanlar aləmindən də ola bilər. Motiv — ornamentin bir hissəsi, əsas elementidir. O, bütöv tamlıq təşkil edən bir və ya bir neçə elementdən ibarət ola bilər. Motivindən asılı olaraq ornament növlərə ayrılır:
Nəbati ornamentdə — gül-çiçək, yarpaq, meyvə və giləmeyvələrə bənzər elementlər istifadə olunur.
Ornament həm də bəzəkdir. “Ornament” və “dekor” anlayışının fərqi ondadır ki, dekorda ornament əsas hissə sayılmır. Ornamentdə elementlərin ritmik təkrarı — bəzədilən obyektin forması və müstəvisi ilə əlaqədardır.
Dekor üçün sərbəstlik, ideya başlanğıcı və təsvirilik daha səciyyəvidir. Bu prinsiplər qədim yunan qablarının dekoruna xas olan cəhətlərdir.
Həndəsi ornament — sadə həndəsi fiqurların (dairə, kvadrat, üçbucaq, düzbucaqlı və s.), nöqtə, ziqzaq, spiralvarı xətlərin ritmik təkrarlanmasından yaranır.
Zoomorf ornamentlərdə - quş və heyvanların real və ya əfsanəvi təsvirlərindən istifadə olunur.
Bəşəriyyətin ilkin inkişaf dövründə yaranan ornamentləri birləşdirən əsas cəhət onların rəngarəngliyi, estetik və emosional xüsusiyyətlərə malik olmasıdır.
Bakı şəhərindəki N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini bəzəyən dekor — ornamental sənətin ən gözəl nümunələrindən biridir.
Muzeyin interyerini xalça kimi örtən, milli naxış elementlərindən ibarət gips bəzəklər ornament ustası Lətif Kərimov tərəfindən hazırlanmışdır. Rəssam muzeydəki dərin divar rəflərini tağlara oxşadaraq ornamental oymalarla “bəzəmişdir”. Muzeyin dekorundaki üslub bütövlük, eyni ornamentin digər yerdə tekrarlanmaması interyerə heyrətamiz gözəllik gətirir.
Müəllif: Kəmalə Cəfərzadə, Yeganə Cəlilova, Məhsəti Məmmədova, Taleh Məlikov
Mənbə: Təsviri İncəsənət — 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK