İdeya, funksiya, rahatlıq | insanın əşyalar aləmi

İdeya, funksiya, rahatlıq | insanın əşyalar aləmi

Dizayn — bədii konstruksiyaetmə incəsənətidir. İnsan bir çox yeni əşyalar yaradır və onların eyni zamanda həm faydalı, həm də gözəl olmağını düşünür. Əşyanın yaradılmasında alimlər, mühəndislər və dizaynerlər çalışır. Bunun üçün memarlığı, təsviri sənəti, keramika və dekorativ-tətbiqi sənəti bilmək, yaradıcı təfəkkürə sahib olmaq vacibdir. dizayn sənəti
Əşyaların obrazı, funksiyası, forma və estetik dəyərləri, rəngi, gözəlliyi və ən sonda onun bəzəyi dəqiq düşünülməlidir. Demək olmaz ki, əşya üzərində ornamentlər, bəzəklər olmadan o, gözəl görünməyəcək, lakin burada hər şey, hətta əşyanın ölçü və nisbətləri də rahatlıq yarada bilər. Müasir əşyalar özündə xalq sənətinin incəliklərini qoruyub saxlayır. Əvvəllər olduğu kimi, rəssamlar üçün ən vacib ilham mənbəyi təbiət sayılır.
Dizaynın müxtəlif növləri mövcuddur: sənaye (dəzgahların, nəqliyyat vasitələrinin, məişət cihazlarının, qab-qacaqların, mebellərin düzəldilməsi), geyim dizaynı və s. Adətən, sənaye dizaynı haqqında ilk söhbət avtomobildən başlayır. Avtomobil dizaynının yaranmasını, onun eskizindən hazır məhsula kimi hansı mərhələlərdən keçdiyini, yəqin ki, çoxları bilmir. Hər şey qaralama eskizdən başlayır: rəssamın təxəyyülündə müəyyən obraz yaranır, lakin bunu izah etmək çətin olduğu üçün, hər bir fikir vərəqə köçürülür. Adətən, yeni model avtomobilinin layihəsi üzərində bir neçə dizayner çalışır. Diqqətlə forma, material və rəng çalarları seçilir. Dizaynerin əsas məqsədi — avtomobilin layihəsini bütün cəhətlərdə mükəmməl icra etməkdir.
Nəqliyyat barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür. İlk buxar avtomobili 1769-cu ildə Nikolas Cozef, ilk benzinlə işləyən avtomobil isə1886-cı ildə alman mühəndislər Qotlib Daymler və Karl Benz tərəfindən icad edilmişdir.
Avtomobillərə tələbat geniş olduğu üçün onlar hər zaman dəyişir, daha da mükəmməlləşir və çox sürətlə inkişaf edərək müasirləşir.
Geyim dizayneri də hər zaman axtarışdadır. O, geyim modellərinin eskizlərini, detallarını, aksesuarlarını düşünür və onları gündəlik həyatımıza uyğunlaşdırır.
 
Qədim xalq sənəti — misgərlik və şəbəkə
“Təsviri incəsənət” dərsliklərindən sənətkarlığın qədim sahəsi olan misgərlik və şəbəkə, onların milli mədəniyyətimiz üçün əhəmiyyəti barədə artıq məlumatınız var. Dekorativ-tətbiqi sənətin bu növlərinin sonrakı inkişafını da sənaye dizaynına aid etmək olar.
Azərbaycanda metalişləmə sənəti qədim tarixə malik olsa da, misgərlik yalnız XVIII əsrin ortalarında formalaşmış və milli elementlərlə zənginləşmişdir.
Əvvəlki dövrlərə nisbətən, son illərdə Azərbaycanda misgərlik sənətində mis məmulatlarının həm xarici forması, həm də bəzək motivləri xeyli dəyişib. Lakin bütün bunlara baxmayaraq, misgərlik, bu qədim el sənətinin ənənələri yaşadılaraq daim inkişaf etdirilir.
Qədim zamanlardan mis məmulatlar yaradan sənətkarlar onların üzərinə öz imza və ya möhürlərini həkk edirdilər. Bu, dünya muzeylərində saxlanılan belə nadir və təkrarolunmaz incilərin məhz Azərbaycan mədəniyyətinə məxsus olduğunun göstəricisidir.
şəbəkə sənəti
Şəkidə XVIII əsrdə — xanlıq dövründə bu sənət geniş vüsət alaraq, bir çox insanların, o cümlədən əyanların evlərində geniş istifadə olunurdu. “Şəbəkə” sözü “tor” və ya “barmaqlıq” mənasını verir. Şəbəkə sənətinin inkişafı memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə, eyni zamanda, dekorativ-tətbiqi sənətin xüsusi vərdiş, incə zövq, təcrübə və texnoloji hazırlıq tələb edən çətin sahələrindən biridir. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, burada yapışqan və mismardan istifadə olunmur, mükəmməl ornamentlər taxtadan və rəngli şüşələrdən hazırlanır.
Adətən, şəbəkə ustaları həndəsi və ənənəvi nəbati ornamentlərə daha çox üstünlük verirlər, çünki bunları müxtəlif bucaqlar altında həyata keçirmək daha məqsədəuyğundur. “Cəfəri”, “səkkiz”, “onaltı”, “gülabi”, “şəmsi”, “göllü” və “bəndi-rumi” — şəbəkənin geniş tətbiq olunan ənənəvi kompozisiyalarıdır.
Şəbəkənin təsvir dili xalçanın həndəsi ornamentlərinə daha yaxındır. Əslində, şəbəkə bir çox elmi özündə birləşdirən qədim və mürəkkəb sənət növüdür.
Əsrlər boyu şəbəkə düz lövhə şəklində hazırlanmışdır. Müasir dövrümüzdə mahir sənətkarlar kürəşəkilli şəbəkə formaları yaratmaqla bu sənətə yenilik gətiriblər.


Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmmədova
Mənbə: Təsviri İncəsənət 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik
Top