Xalq geyimləri

Xalq geyimləri

Təbiətin obrazı, insanın məişət və həyat tərzi xalq geyimlərində öz əksini tapmışdır. Geyim ənənələri müxtəlif olsa da, əsas xüsusiyyətləri eynidir — istifadədə rahatlıq, gözəllik və rəngarənglik.
Mürəkkəbliyi və gözəlliyi ilə fərqlənən qadın geyimləri rəngarəngliyi ilə əlvan dağ çiçəklərini, yamacların yaşıllığını, qürub çağının al-qırmızı rənglərini xatırladardı. Xalq geyimlərinin müxtəlifliyi
Qadın üst geyiminin əsas cəhəti onun çoxqatlı (üst-üstə) və qırçınlı olması idi, üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, kürdü, küləcə və eşməkdən ibarət olardı. Məxmər, tirmə, ipək, atlaz və zərxara parçalardan tikilərdi. Ağ, qırmızı, göy, sarı, yaşıl və tünd rənglər daha çox istifadə olunardı.
Qadın geyimində bəzək və zinət əşyaları da mühüm rol oynayardı. Nəsillərdən nəsillərə ötürülən bu məmulatlar ailəyə məxsus idi və təbiət obrazlarını simvolizə edən naxışlarla işlənilərdi.
Sinədən asılan həmayil xüsusi əhəmiyyət kəsb edərdi: bəzəyə oxşasa da, onun əsas funksiyası bədnəzərdən qorumaq idi. Həmayili, ən qiymətli miras kimi nəsildən-nəslə töhfə verərdilər.
Xalq geyimləri — forma və elementlər.
Geyimi bəzəyən naxış-simvollar qadını şər qüvvələrdən qoruyardı. Yaxa və qolçaqdakı simvollar — boynu və əlləri, balaq naxışları isə ayağı qoruyardı. Qadın ümid edərdi ki, balağı yerlə sürünən geyimin naxışı torpağa məhsuldarlıq bəxş edir, həm də ondan həyat gücü alır.
Məişət və mədəniyyəti əks etdirən incəsənət əsərləri tarixin canlı şahididir. Bu əsərlər müxtəlif üslubda olsa da, onların bizə çatdırdığı hadisələr, obraz və geyim təsvirləri tarixi keçmişimizin zəngin irsidir.


Müəllif: Yeganə Cəlilova, Kəmalə Cəfərzadə, Tale Məlik
Mənbə: Təsviri İncəsənət 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün Təsviri Sənət fənni üzrə Dərslik
Top