Kino hər zaman bizim üçün maraqlı və əyləndirici həmsöhbət olmağa çalışıb. Uşaqdan böyüyədək bütün tamaşaçıların ən sevimli həmsöhbəti — animasiyadır.
Rəsmlərdə hərəkətin təsvirinə dair ilk cəhdlər Paleolit dövrünün mağara rəsmlərinə aid edilir. Mağara divar rəsmlərində heyvanları bir-birinə dolaşan çoxlu ayaqla təsvir edərdilər.
Fransız Emil Reyno ilk və əsl animator hesab edilir. O, hərəkətli rəsmlərin nümayişi üçün fırlanan barabandan, güzgü sistemi və fənərdən ibarət olan optik cihaz — praksinoskop aparatı icad etdi. 1892-ci ildə Reyno özünəməxsus attraksion — optik teatr yaradır. Burada o, tamaşaçılara 15-20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir.
İlk animasiyalar əl ilə çəkilib rənglənmiş, on beş dəqiqəyədək davam edən pantomimlər2 idi. Reyno rəsmlərlə yanaşı, fotoşəkillərin də istifadə olunduğu filmlər yaradırdı. Sonralar müxtəlif janr və texnikalarda işləyən digər sənətkarlar da belə kino filmlərinin inkişafına öz töhfələrini verdilər. Zaman keçdikcə animasiya kinematoqrafın bir hissəsinə çevrilərək kino janrlarından biri kimi öz yerini tutdu. Animasiyaların hazırlanması üçün kinoçəkən aparatlardan istifadə edilirdi.
XX əsrin əvvəlində animasiya sürətlə inkişaf etdi.
Təxminən eyni vaxtda bir neçə adam bir-birindən asılı olmadan animasiya filmlərinin yaradılması üzərində işləməyə başladı.
Feliks pişik — səssiz kino dövründə meydana çıxmış cizgi filmi qəhrəmanıdır. Qara bədəni, iri ağ gözləri, geniş təbəssümü və süjetə görə düşdüyü vəziyyətlər Feliksi animasiya tarixində ən tanınan personajlardan birinə çevirdi. Feliks pişik uşaqdan böyüyədək bütün tamaşaçıları cəlb etməyə qabil olan və məşhurluq qazanmış ilk animasiya personajıdır.
Animasiyanın inkişaf yolunda xeyli şərəfli ad tarixə məlumdur. İlk animasiya filmini amerikalı karikaturaçı və animator Uinzor Makkey 1906-cı ildə yaradıb. Amerikalı rejissor, rəssam və prodüser Uolt Disney animasiya aləmində əsl çevriliş yaratdı. O, ilk dəfə animasiyada səs və rəngdən istifadə etdi. Onun filmləri və qəhrəmanları, xüsusilə Mikki Maus nəinki ən müxtəlif yaşlı tamaşaçının qəlbini fəth etdi, həm də onun filmlərinin təsvir üslubu təqlid edilməyə başlandı. “Disney” studiyası öz fəaliyyətinə görə 12 “Oskar” mükafatına layiq görülüb.
Animasiya — xüsusi texnologiyalar vasitəsilə hər bir kadrın ayrı-ayrılıqda çəkilməsi ilə yaradılan kino sənətidir. Animasiyanın müxtəlif növləri mövcuddur.
- Qrafik animasiya — Animasiyanın klassik növüdür, obyektlər əl ilə çəkilir, adətən, kompüterə köçürülür.
- Həcmli animasiya — Müxtəlif materialların istifadəsi ilə yaradılan həcmli obyektlər (gəlinciklər, plastilin, barelyeflər, maketlər və s.)
- Kompüter animasiyası — Obyektlər kompüter vasitəsilə yaradılır. 3D və 2D animasiyalar var (fləş-animasiyalar da daxil olmaqla).
Azərbaycanda animasiyanın yaranması XX əsrin 30-cu illərinə təsadüf edir.
“Tıq-tıq xanım”, “Cırtdan”, “Tülkü həccə gedir”, “ Təpəğöz” və digərləri bir çox tamaşaçının həyatına daxil olmuş, uşaqlıq təbəssümünü qorumuş və ürəkləri fəth etmişdir.
Animasiya filmlərinin çəkilməsi çox mürəkkəbdir. Şəkillər çəkilir, nömrələnir və bunlar bir-bir kameraya alınır. 10 dəqiqəlik film üçün təxminən 30-40 min şəkil lazım olur. Şəkillərin dəyişdirilməsi yolu ilə animasiya filmləri əmələ gəlir.
Fotoqrafiya sənətində olduğu kimi, kompüterin kino prosesinə tətbiqi də çoxcəhətlidir. Bu gün animasiya ustalarımız öz fəaliyyətlərində həm ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər.
Kompüter peşəkar kino istehsalında təsvirin çəkilmə və çoxaltma prosesini sadələşdirdi. Animasiya sənətkarları bu gün öz işlərində həm ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər.
Son zamanlar (xüsusilə də internet şəbəkəsində) fləş-animasiya böyük məşhurluq qazanıb və sürətlə yayılmaqdadır.
Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK