Görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
Rəssamın mənəvi dəyərlərimizə göstərdiyi münasibətinin parlaq ifadəsi olan əsərlərində bunu daha aydın görmək mümkündür. Bir çox rəsmlərində ustadın qədim miniatür üslubu ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və müasirliyə həvəs də qabarıq hiss olunur.
Qrafika sənətinin bədii və texniki imkanlarına kifayət
qədər bələd olan rəssam sonda cəlbediciliyi ilə yanaşı, həm də dərin fəlsəfi məzmunlu əsərlər yaratmağa nail olmuşdur. O, ağ-qara cizgilərdə olan işlərə azacıq rəng ovqatı qatmaqla əsərlərin bədii-psixoloji təsir gücünü artırır və daha təsirli ifadə vasitələri axtarırdı. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. Onun Nəsimi, Gəncəvi, Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Rəsul Rza və digər klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının ən gözəl nümunəsi sayılır.
Arif Hüseynov xalqımızın həyatı və adət-ənənələrini Azərbaycan nağılları və folkloru baxımından aydın və maraqlı, yumor və fantaziya ilə əks etdirən rəngkarlıq və qrafika əsərləri yaratmışıdr. Bənzərsiz nağıl xəzinəsini hər kəs uşaqlıqdan sevir və bilir. O zamanlar xəyalda canlanan əşyalar, danışan heyvanlar və quşlar, qəhrəmanların igidlikləri oxucunu zəngin sehrə salırdı. Rəssamın öz təxəyyülü cadugərlərin, divlərin, hiyləgər vəzirlərin və qəddar hökmdarların, olduqca gözəl qəhrəmanların görünüşünü tamamlayır. Nağıllar rəssamlar üçün yalnız illüstrasiyalarda deyil, hətta nəqqaşlıqda, qrafikada, kinematoqrafiyada və digər incəsənət növlərində də həyata keçirilən obraz və ideyaların tükənməz mənbəyi olaraq qalmaqdadır.
Əsərlərdə əks olunan nağılların koloriti detallarla zəngindir. Arif Hüseynov nağılların təsvirinə fərqli yanaşır.
Rəssamın təsvir etdiyi əsərlər çox incəliklə çəkilmiş ornamentlə — nöqtə mirvarilərlə, buruqlarla və ya digər qrafik elementlərlə xırdalanır və bütövləşir.
XX əsrin 70-ci illərindən başlayaraq Arif Hüseynovun əsərləri dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox möhtəşəm sərgi salonlarında tamaşaçıların diqqətinə çatdırılıb. Moskva, Praqa, Tokio, Ankara və İzmirdə sərgilənən əsərlərinə görə A.Hüseynov müxtəlif mükafatlara, diplomlara layiq görülüb.
Bu gün A.Hüseynovun əsərləri Azərbaycan Milli incəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Moskva Dövlət Şərq Xalqları incəsənət Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK