Azərbaycan daxmasının daxili dünyası

Azərbaycan daxmasının daxili dünyası

Dağ döşünə və yamaclara səpələnən alaçıq, çovustan, koma, daxma el içində daha bir adla çağırılardı: doğma ocaq. İnsan üçün doğma ocaq — doğma torpaq, xeyirxahlıq, güzəran anlayışları kimi yaxın idi. Evin daxilində — interyerində qayda-qanun yaratmağa çalışan insan, onu mənalı edən obrazlarla bəzəyərdi.
Daxmanın interyerindəki elementlər Azərbaycan daxması

Divarlarda xüsusi oyuqlar — düzbucaq, piramida və ya oval formalı taxça və rəflər daxma interyerində mebeli əvəz edərdi.
Taxçalardan tikmə ilə bəzədilmiş pərdələr asılardı. Mütəkkə və döşəkçələr, palaz və kilim, çıraq və bərəkət sayılan çörək boğçası, sandıq, cəhrə, hana, beşik və qab-qacaqların daxmada öz yeri olardı.
Daxmada ən çox yer tutan — hana adlanan toxuculuq dəzgahı idi. Onda qadınlar xalça toxuyardılar. Ən gözəl xalçalar bu sadə dəzgahda yaranardı.
Azərbaycan daxmasının daxili dünyası
Daxmanın interyeriArtırmanı keçib daxmaya daxil olarkən, təbiətin ruhu duyulan mühit gözə dəyərdi. Tavan altındakı dərinlikdə, divarboyu uzanan ləmədə məcməyi, sini, sərpuş, kəfkir, gil və mis küpələr düzülərdi. Ləmədən asılan üçbucaq formalı pərdəbaşı otağa xüsusi yaraşıq verərdi.
Yuxarı başda, xalça üzərində ev sahibinin silahları asılardı. Mütəkkə və döşəkçələr də bu hissəyə döşənərdi. Ən vacib hadisələr burada baş verər, ən əziz qonağa bu yerdə süfrə açılardı. Daxmanın bərəkəti sayılan çörək boğçası isə tavandan asılardı.Döşəməyə sərilən əlvan rəngli zolaq və naxışlarla bəzənmiş xalça növləri — palaz və kilim də bu dəzgahın məhsulu idi.


Müəllif: Yeganə Cəlilova, Kəmalə Cəfərzadə, Tale Məlik
Mənbə: Təsviri İncəsənət — 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün " Təsviri incəsənət " fənni üzrə dərslik
Top