Dekorativ-tətbiqi sənət və zaman

Dekorativ-tətbiqi sənət və zaman

Əhatəsində yaşadığımız əşyalar müxtəlifdir. Onların bəziləri sadə, digərləri isə zövqlə bəzənmiş, özünəməxsus yaraşığa malikdir. Bu əşyalar dekorativ-tətbiqi sənətə aiddir.
Dekorativ-tətbiqi sənət sözünü əvvəllər də eşitmisən, ancaq çox güman ki, mahiyyətinə varmamısan.
Dekor — latın dilindən tərcümədə “bəzəmək” deməkdir. “Dekor olunmuş”, yəni “bəzədilmiş”, “bəzəkli” mənasını daşıyır.
dekorativ tətbiqi sənət və zaman                  Qədim insan ilk əşyanı daşdan, gildən və ağacdan düzəldərkən onların üzərində çəkdiyi naxış-təsvirlər dekorativ-tətbiqi sənətin başlanğıcı olmuşdur. Buna görə də, dekorativ-tətbiqi sənət — incəsənətin ən qədim növü sayılır.Əşyaları bəzəyən təbiət motivləri — bitki, quş və heyvan təsvirləri qeyri-adi görünür və reallıqdan fərqlidir. Onlar rəssam tərəfindən ümumiləşdirilərək obrazlara, işarələrə çevrilir. Bu, dekorativ-tətbiqi sənətin özünəməxsus bədii dilidir. Bu dil əşyanın gözəlliyini, dekorunu və mənasını anlamağa yardım edir.
Azərbaycanın dekorativ-tətbiqi sənət tarixi çox qədimdir. Dulusçuluq, şüşə məmulatı, oyma naxışlı daş və ağac nümunələri, bədii metalişləmə, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik — yurdumuzun ən geniş yayılmış dekorativ-tətbiqi sənət sahələrindəndir.
Dekorativ-tətbiqi sənət, bizi əhatə edən aləm kimi geniş və müxtəlifdir. Planetimizdə çoxlu sayda xalq yaşayır. Hər bir xalqın özünəməxsus əşya forması, ornamenti, obraz və motivləri, simvolları, rəng uyğunluğu mövcuddur.

Bu gün də dekorativ-tətbiqi sənət keçmişdə olduğu kimi insanın gündəlik həyatını cəlbedici edir, onda bayram ovqatlı mühit yaradır. 

Müəllif: Y.Cəlilova, K.Cəfərzadə, T.Məlik.
Mənbə: Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün “Təsviri incəsənət” fənni üzrə dərslik.
Top