Pantomima sözsüz aktyor oyunu olub, səhnə sənətinin bir növüdür. Mim heç bir söz demir. Bunun əvəzində o, hekayəni öz hərəkətləri ilə “danışır”. Aktyor hisslərini ifadə etmək üçün üzündən, əllərindən və bədənindən istifadə edir. Mimlər rəqqaslara bənzəyirlər. Tamaşaçılar onları başa düşsün deyə onlar hərəkətlərini dəqiq nəzarət altında saxlayırlar.
Qədim Yunanıstanda və Roma imperiyasında mimlər kiçik bir nitq söyləyirdilər, amma hekayənin çox hissəsi mimika və jestlər vasitəsilə nəql olunurdu. Aktyorlar maska taxırdılar. Zaman keçdikcə sözlər aradan qalxdı və pantomimanın ifadə vasitələri kimi, ancaq mimikadan, jestlərdən və bədən hərəkətlərindən istifadə olunmağa başlandı. Pantomimadan rəqsdə və xüsusilə baletdə geniş istifadə olunur.
Azərbaycanda pantomima teatrı fəaliyyət göstərir. Bu truppa çox istedadlı artistlərdən ibarət olub, qeyri-adi tamaşaları ilə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda iştirak edərək ən yüksək mükafatlara layiq görülürlər.