Mədəniyyətlər daima bir-birinə təsir göstərir. Onların təbiəti belədir. Çünki əlaqə olmasa, nə varlığını qoruyub saxlayar, nə də inkişaf edərlər. Zaman-zaman mövcud olan yaradıcı qüvvələr qapalı inkişafın nə qədər məhdud olduğunu biliblər. Axı incəsənət daima başqaları ilə qaynayıb-qarışmalı, yeni axınlardan qidalanmalıdır. Beləliklə, onlar bəşərin yaratdığı mədəni irsin zənginliyindən istifadə edərək qurub-yaratmışlar. Fərqli bədii formaların üzvü birləşmə yolu bir qayda olaraq böyük proseslərdən keçir. Bütün bunlardan əlavə, həqiqi yüksək sənət ruhi-mənəvi dəyərlər yaradaraq insanların ünsiyyət qurmağına, birləşməyinə xidmət edir. Bu, sənət adamının missiyasıdır.
Amma bu gün mən mədəniyyətlərarası dialoq haqqında kulturoloji nöqteyi-nəzərdən danışmaq istəməzdim. Praktiki olaraq demək lazımdır ki, artıq başlamış növbəti dünya müharibəsi ilə üz-üzə durduğumuz üçün biz bu fəlakəti dəf etməyin yolları haqqında düşünməliyik. Hesab edirəm ki, baş verənlərin əsas səbəbi həm insanların bir-birini sonadək anlamamağında, həm də kütləvi informasiya vasitələri tərəfindən öz yerini möhkəmləndirən stereotiplərdədir. Bu təbliğat tilovuna düşmək çox asandır. Belə ki, hər hansı bir biliyi olmayan avam qəzetdə oxuduğuna, televiziyada gördüyünə tam inanır. Beləcə, kütləvi şüur ilə manupulyasiya edilir.
Xalqlar arasında antiqonizmin formalaşmasında tarixşünaslıq da böyük rol oynayır. Hərdən heyrət edirsən. Bu elm necə də ustalıqla bəşər tarixini ardı-arası kəsilməyən müharibələr, çevrilişlər, edamlar kimi təqdim edə bilir. Mədəniyyətə, ümumiyyətlə, işıqlı nə varsa ona ayrılan səhifələr nə qədər xəsis və bombozdur. Düşmənçiliyin səbəbi necə də əsaslı şəkildə təhlil edilir. Mehriban qonşuluq münasibətləri isə ötəri şəkildə xatırlanır. Yaxşı yadımdadır, məşhur qazax şairi Oljas Süleymenovun «AZ i Ya» kitabı nə böyük səs-küyə səbəb olmuşdu. Əsərin ideyası bu idi ki, çoxəsrlik qədim Rusiyanın tarixi münasibətləri türk xalqları ilə dostluq və qan qohumluğu üzərində qurulub. «İqor alayı haqqında dastan» əsərinin filoloji analizi timsalında aşkar edilir ki, sonradan dəyişən siyasət xatirinə mətnə əlavələr, düzəlişlər olunmuşdur.
Xristian Qərbi ilə İslam Şərqi arasındakı münasibətlər təkcə hamı tərəfindən qəbul edilən qarşıdurmalar tarixi deyil. Hər halda Səlib yürüşlərinə qədər. Bu, qanunauyğunluqdur, çünki İbrahim dininin bu iki qolu qarşıya bir məqsəd qoyub — ruhi-mənəvi maariflənmə. Əgər qərəzçilikdən ayrılıb onları diqqətlə təhlil və müqayisə etsək, görərik ki, hər iki dinin oxşar cəhətləri fərqli tərəflərindən çoxdur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, İslam ənənəvi olaraq bütün monoteist dinlərə hörmətlə yanaşır. Quranda müqəddəs yazıya inanan xalqlar haqqında xüsusi surələr var. Hətta belə bir termin var: Əhli-kitab. Ona görə ərəb xilafəti və ondan sonrakı müsəlman dövlətləri yəhudi və xristian icmalarına qarşı tolerant siyasəti yürüdüblər. İslam təkcə cahilliyə və bütpərəstliyə qarşı sərt idi. Müsəlman hakimlərin idarəçiliyi dövrü xristian məbədlərinin tikintisinə nəinki məhdudiyyət qoyulmamış, hətta onların sayı get-gedə artmışdı. Bəzən kilsələrin tikintisinə müsəlmanlar da ianə toplamışdır. Buna misal kimi, XIX əsrdə ucaldılmış qızıl qülləli «Müqəddəs A.Nevski kilsəsi»ni göstərmək olar. Bu məbəd Qafqazda ən iri sayılan Bibiheybət məscidi və Lüteran kafedral kilsəsi ilə birlikdə ateizmin tüğyan etdiyi illərdə bolşeviklər tərəfindən partladılıb. Ümumiyyətlə, Azərbaycan tarixən bir çox xalqların və dini icmaların yaşadığı yer olub, bu və ya digər səbəbdən təqib edilənlər də bu torpaqda sığınacaq tapıblar. XVIII-XIX əsrlərdə «köhnə ənənəçi ruslar» bütöv kəndləri ilə Azərbaycana köçüb gəliblər. XX əsrin əvvəllərində isə on min yəhudi kütləvi qətllərdən xilas olmaq üçün bu torpağa pənah gətirib. Ərazi iddiası ilə çıxış edənlərdən başqa bu torpaqda məskunlaşan bütün xalqlar tolerantlıq ab-havasında yaşamışlar.
Bu iki mədəniyyətin qarşılıqlı ünsiyyətinə dəlalət edən ən işıqlı misallara isə incəsənətdə və ədəbiyyatda rast gəlmək olar. İndi dəqiqliklə müəyyən edilib ki, «Trubadur nəğmələri» müsəlman mənşəlidir. Trubadur sözü ilə trobar (tapmaq) sözü arasında heç bir əlaqə yoxdur. Sadəcə olaraq, ərəb mənşəli olaraq ud çalan deməkdir. Baxmayaraq ki, Don Kixot ən tipik ispaniyalı kimi təqdim edilir. Servantes özü etiraf edirdi ki, bu obrazı yaradanda hansısa ərəb mətnlərindən istifadə edib. Alimlər bunu Don Kixotun (Provansaldan və Araqondan olanların ləhcəsində Kişot səslənir) zarafatı kimi qəbul edir və ona ciddi yanaşmırlar. Amma Servantesin qələmə aldıqları əfsanəvi sufi mürşidi Sidi Kişarın həyatındakı hadisələri xatırladır. Hətta mürşidin su dəyirmanlarını nəhənglərə bənzətməyi kimi məşhur hekayətləri də misal çəkmək olar.
XIII əsrin məşhur humanist alimi, rahibi və uzun illər Oksfordda fəlsəfədən mühazirələr oxuyan və orada da dəfn edilən Rodcer Bekon müsəlman İspaniyasında təhsil alıb.
İndi müəyyən edilib ki, Frantsisk təriqətinin (Bekon bir az gec onlara qoşulub) banisi Frantsisk Assiski böyük sufi mürşidi Süleyman ibn Yəhyadan təsirlənib (Avitsebron).
Düzü, məni həqiqətin ən son həddinə iddialı adam kimi başa düşməyin. Amma böyük dramaturq Vilyam Şekspirin adının etimologiyası haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bilirəm ki, hələ indiyə qədər alimlərin arasında şairin soy-kökü haqqında yekdil fikir yoxdu. Cəsarət edib diqqətinizə növbəti bir mülahizəni çatdırmaq istəyirəm. Ad iki hecadan ibarətdir: Şeks və Pir. Maraqlıdır ki, ərəb dilində şeyx və fars dilində pir sözü eyni məna daşıyır — yəni müdrik şəxs, biz adamlar üçün təbliğ mənbəyi. Əgər şairin sufi poeziyasının gözəl bilicisi olduğunu nəzərə alsaq, onun adının gizlin mənalardan ibarət olduğunu anlayarıq.
Yəqin mədəniyyətlərin bir-birinə təsirinin qarşılıqlı olduğunu söyləmək artıq olardı. Eyni ilə Şərqə də Qərb sivilizasiyasının təsiri var. Bunu isbat edən bir çox məlum həqiqətələri sadalamaqla vaxtınızı almaq istəmirəm. Bir neçə söz isə İslam mədəniyyətinin məğzi haqqında deməyə çalışacağam. Quranda deyilir: «Allahın əli bütün əllərdən yüksəkdir». Hətta sənətkar öz həyatını kamil sənət əsərinə çevirməlidir. İslam incəsənətinin sirri ondadır ki, sənətkar tam şəkildə özündən imtina edərək ali başlanğıca qovuşmalı, varlığını ona təslim etməlidir. «Şair neydir, onun köməyi ilə Tanrının nəfəsini eşidirlər». İncəsənətin mahiyyəti insanı və onu əhatə edən hər bir varlığın təbiətini üstələmək deyil, çünki onlar teomorfdur — sadəcə olaraq, onun daxili mahiyyətini üzə çıxarmaqdır. Başqa bir tərəfdən, İslam incəsənətinin məqsədi təbii formaları imitasiya etmək yox, onların prinsipini əks etdirməkdir. İslam, ümumiyyətlə, yüksəyin aşağı endirilməyinə, intellektin cisim səviyyəsinə düşməyinə, müqəddəsliyin dünyəviliyə qarışmağına yol vermir. İslam iyerarxik harmoniyanı təsdiqləyir. Harmoniya əzəldən kainatda mövcuddur. Amma o çox vaxt maddi dünyada əks olunmur. Harmoniya materialı və ya sözü özünə tabe edəndə poeziya yaranır. Kainatın təməl harmoniyasına əks-səda verən poeziya insana kömək etmək istəyir. O nə vaxtsa insanda mövcud olmuş, sonra dünyanın qarmaqarışıqlığında itirilmiş yüksək aydınlanma məqamına yetişir və bu, onu yenidən yaranışa çağırır.
Bir neçə söz də peşəkarlığımdan doğan maraqlar haqda demək istəyirəm. Birgə layihələrin sənətdə əhəmiyyətini qiymətləndirməmək qeyri-mümkündür. Bu, mədəniyyətlərin yaxınlaşması üçün ən real yoldur. Özünün sintetikliyi və yaradıcılarının çoxluğu ilə film istehsalı bu yolun gerçəkləşməsi üçün şərait yaradır. Birgə layihə gələcək filmin prokatını iştirakçı ölkələrin ərazisində həyata keçirməyi nəzərdə tutur. Təbii ki, əsərin ideyası, bədii forması özündə bu ölkələrin mədəni irsini əks etdirir. Müəyyən mənada mədəni körpü yaradılır. Bir çox hallarda isə, kütləvi informasiya vasitələri tərəfindən təlqin edilən və get-gedə vərdişə çevrilən neqativ stereotiplər uçulur.
Öz çıxışımı bir pritça ilə tamamlamaq istəyirəm. «Bir kənd yolunda dörd səyyah dayanmışdı. Onlar yol-yoldaşları idi. Hansısa uzaq bir məmləkətə getmək istəyirdilər. Səyyahların arasında əllərində qalmış yeganə dirhəmi necə xərcləmək haqqında mübahisə gedirdi:
— Mən ənqur almaq istəyirəm — dedi fars.
— Mən üzüm istəyirəm — dedi türk.
— Mən isə innab alacam — dedi ərəb.
— Yox! — yunan etiraz etdi: — Biz stafil alacağıq.
Yaxınlıqdan keçən bir adam bu söhbəti eşitdi. O, çox dil bildiyi üçün mübahisənin mahiyyətini anladı və yaxınlaşıb öz köməyini təklif etdi. Səyyahlara dedi ki, bir dirhəmi versələr, dördünün də arzusu həyata keçirə bilər. Bir az düşünəndən sonra səyyahlar pulu ona verdilər. Bilici yaxınlıqdakı dükana gedib dörd salxım üzüm aldı.
— Bu mənim ənqurum — dedi fars.
— Bu elə mən deyən üzümdü — dedi türk.
— Siz mənə innab gətirmisiniz — dedi ərəb.
— Yox — dedi yunan.
— Bizim dildə buna stafil deyirlər.
Mübahisə ona görə yaranmışdı ki, bu adamlar bir-birini başa düşmürdülər».
Qarşılıqlı anlaşma dünyanı xilas edə bilər. Quranda deyilir: «Allah sizin dilinizi, dərinizin rəngini fərqli yaratdı ki, bir-birinizi dərk edərək yaşayasınız. Ona görə xeyir əməllər etməkdə bir-birinizlə yarışın». Belə ki, fərqli mədəniyyətlərin nümayəndələri bir-birilərini öyrənib başa düşməli, ilk növbədə orada olan ən yaxşını axtarıb tapmalıdır. Bu, incəsənət adamının missiyasıdır.
Şamil Nəcəfzadə
rejissor-rəssam,
əməkdar incəsənət xadimi,
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi
Mədəniyyət.- 2009.- 18 fevral.- S. 10.