Avropada saxlanılan Azərbaycanlı sənətkarlar tərəfindən yaradılmış sənət nümunələri

Avropada saxlanılan Azərbaycanlı sənətkarlar tərəfindən yaradılmış sənət nümunələri

Azərbaycanlı sənətkarlar tərəfindən müxtəlif dövrlərdə yaradılan bir çox nadir sənət nümunələri hal-hazırda dünyanın bir çox ölkələrində muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Tarix dərsliklərində bunların ən məşhurları haqda yazılıb. Məsələn, Londonun “Viktoriya və Albert” muzeyində saxlanılan 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş Şeyx Səfi xalçası, Parisin “Luvr” muzeyində saxlanılan bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab, Nyu Yorkun “Metropoliten” muzeyində saxlanılan Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII əsrə aid edilən zərgərlik nümunələrini xüsusi olaraq qeyd etmək olar. Bu yazıda isə Azərbaycan sənətkarları tərəfindən müxtəlif dövrlərdə yaradılmış və hal-hazırda Almaniyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarında saxlanılan nadir sənət əsərlərindən bəhs edəcəyik.

 Bu sənət əsərlərindən ən dəyərliləri Almaniyanın Berlin, Bonn, Drezden, Münhen və Braunşveyq şəhərlərindəki muzeylərdədir. Almaniya muzeylərində Azərbaycanın qədim dövr və orta əsrlərə aid əsərləri, xüsusilə çoxdur. Bu da səbəbsiz deyil. Məlumdur ki, hələ XIX yüzilliyin axırlarında bir qrup alman mütəxəssisi Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöl bölgələrində arxeoloji qazıntılar aparıblar. Əldə etdikləri sənət əsərlərinin bir hissəsini isə Almaniyaya göndəriblər.

 Düzdür, o vaxt Almaniyadan Azərbaycana gələn insanlar görkəmli arxeoloq və sənətşünaslar olmasalar da, xeyli tarixi abidələr aşkar edə biliblər. Bu insanlar Gədəbəydəki “Siemens” qardaşlarına məxsus mis mədənlərində çalışsalar da, aşkar etdikləri abidələr üzərində elmi araşdırmalar aparmağa da imkan tapıblar. Emil Reslerin, Yakov Humelin, Rozendorfun rus alimi, knyaz A. Bobrinskiyə və Voldemar Belkinin məşhur alman antropoloqu Rudolf Virxova yazdıqları məktublarda onların bu sahəyə çox ciddi yanaşdıqları hiss olunur. Rudolf Virxovun şəxsi kolleksiyasında saxlanılan Azərbaycandan gətirilmiş sənət əsərləri onun ölümündən sonra Kral Etnologiya Muzeyinə təhvil verilib. Həmin sənət əsərlərinin əksəriyyətini qədim dövrə aid edilən keramika və metal məmulatları təşkil edir. Kral Etnologiya Muzeyinə təhvil verilən əsərlər arasında Tunc dövrünə adi bürünc quş, maral fiqurları, üzəri cızma və oyma rəsmli kəmər hissələri xüsusilə diqqəti cəlb edir.

Azərbaycan ərazisində qazıntı işləri zamanı əldə edilmiş bu abidələr göstərir ki, onlar qədim dövr Azərbaycan tarixini və incəsənətini işıqlandıra biləcək mühüm əhəmiyyətə malik olan materiallardır. Rudolf Virxovun 1883-cü ildə Berlində nəşr etdirdiyi kitabında Azərbaycan haqqında xeyli məlumata rast gəlinir. Almaniya muzeylərində saxlanan sənət əsərlərimiz içərisində ən ciddi eksponatlardan biri hazırda Drezdendə Astronomiya Muzeyinin riyaziyyat-fizika salonunda nümayiş etdirilən Marağa rəsədxanasının bürünc ulduz qlobusunu xüsusi qeyd etmək lazımdır. Qlobus 1272-ci ildə Məhəmməd ibn Mavəyyid əl Urdi tərəfindən düzəldilib. Sözünü etdiyimiz qlobus qədimliyinə görə dünyada ikincidir. İlk qlobus 1225-ci ildə Misirdə düzəldilib. Həmin qlobus hazırda Vatikanda Kardinal Borciyanın kolleksiyasında saxlanılır. Drezdendə saxlanılan qlobus astronomiya, riyaziyyat və fəlsəfə əsərlərinin müəllifi Məhəmməd Nəsirəddin Tusinin sifarişi ilə Marağa rəsədxanası üçün düzəldilib. Qlobusun üzərində ulduzlar müəyyən qruplara bölünüb. Hər qrupun özünə məxsus adları var. Həmin adların əksəriyyəti ya heyvan, ya da əfsanəvi qəhrəmanların adlarıdır. Dörd ayaq üzərində qurulan və elə də böyük olmayan qlobusun diametri 14.1 santimetr, çəkisi isə bir kiloqrama yaxındır. Bundan başqa, qlobusun fırlanma oxunu saxlamaq üçün daha bir dayağı var. O, nisbətən, qısadır. Dayaqlar üfüqi taxta dairə üzərində yerləşdirilib.

   Qlobus  əsas dörd ayağa keçirilmiş yastı dairəvi qövslərlə əlaqələndirilib. Kürə biri digərindən ayrıla bilən iki yarımkürədən ibarətdir. Onların üzərində bütün bürclər və ulduzlar cızılıb. Bütün cızıqlar, dərinliklər sonradan qızıl və gümüşlə doldurulub. Qlobusun səthində Böyük ayı və Kiçik ayı bürcləri arasında bu sözlər yazılıb: “Bunu hazırlayan Məhəmməd ibn Mavəyyid əl Urdidir”. Öz dövründə kifayət qədər tanınan Məhəmməd ibn Mavəyyid əl Urdi, Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gəlir və astronomiya cihazları düzəltməklə məşğul olur. O, Tusi ilə birlikdə rəsədxananın inşaat işlərinin layihəsini tərtib edir.

Hazırda Azərbaycana məxsus bir çox toxuculuq və xalçaçılıq nümunələri də Almaniya muzeylərində saxlanılır. Bunlar içərisində bədii tərtibatına görə diqqəti cəlb edən XIV yüzilliyə aid ipək parça xüsusi maraq doğurur. Almaniyanın Braunşveyq şəhərindəki Hersoq Anton Ulrix adına  muzeydə nümayiş etdirilən bu parça Amerika sənətşünası Artur Poupun da diqqət mərkəzində olub. Hətta alim onun haqda yazılar da dərc etdirib. Haqqında danışdığımız ipək parça üzərində qızıl, gümüş saplarla toxunmuş bir-birinin ardınca təkrar olunan tovuzquşu rəsmləri təsvir edilib. Tovuzquşu rəsmləri horizontal vəziyyətdə və qanadları açıq vəziyyətdə təsvir olunaraq parça üzərində yeknəsəqliyi pozaraq çox gözəl ritmik hərəkət yaradır. Qeyd edim ki, tovuzquşu rəsmləri keçmişdə Azərbaycanda geniş yayılmış rəsm ünsürlərindən biridir. O dövrdə tovuzquşunun təsvirinə nəinki parça üzərində, hətta daş, metal və keramika üzərində də tez-tez rast gəlmək olur. Tovuzquşu qədimdə günəş və od tanrısı kimi ilahi bir məna daşıyıb. Əsrlər keçdikcə tovuzquşu rəsmləri öz keçmiş mənasını itirib. Nəhayət, sadələşərək şərq aləmində ən geniş yayılmış “buta” ornamentinə çevrilib. Tovuzquşu rəsmlərinin türkdilli xalqlarda başlıca ornament motivi olduğunu hələ XII yüzildə Nizami Gəncəvi də qeyd edib. O, “İsgəndərnamə” poemasında Nüşabənin Bərdədəki sarayını təsvir edərkən bir neçə dəfə ipək parçalar üzərində salınmış tovuzquşu rəsmlərindən bəhs edir.

 Almaniya muzeylərində və şəxsi kolleksiyalarında toxuculuq sənətinin ən kütləvi növü sayılan xalılar da saxlanılır. Əgər Avropa ölkələri içərisində Azərbaycan xalçalarının bədii və texnoloji xüsusiyyətlərini dəqiq öyrənib onu müasir sənayedə istifadə edə bilən ölkə varsa, o da Almaniyadır. Ötən əsrin 20-30-cu illərində bu ölkədə dərc olunan xalça sənətinə həsr edilən kitablara nəzər yetirəndə oradakı materialların bir çoxunun Azərbaycan xalçalarına aid olduğunu görərik. Bu kitablarda alman xarakterinə xas olan bir dəqiqliklə xalçalarımızın bədii və texnoloji xüsusiyyətləri, onların toxunduğu yer və s. haqda ətraflı məlumat verilir. Hazırda Berlin, Bonn, Münhen, Köln, Düsseldorf, Frankfurt Mayn, Manheym və başqa şəhərlərdə yerləşən muzeylərdə, şəxsi kolleksiyalarda onlarla Azərbaycan xalça sənət nümunələri saxlanılır. Tarix etibarı ilə dünya  muzeylərində saxlanılan ən qədim Azərbaycan xalçalarından biri “Əjdahalı” Qazax xalçası hesab olunur. 

XV yüzilliyə adi edilən bu xalı Berlin İncəsənət Muzeyinin şərq bölməsində nümayiş etdirilir. Simurqla əjdahanın döyüşü təsvir olunan xalıda iki dəfə bir-birini təkrar edən süjetli kompozisiya yerləşir. Deyilənə görə, xalı 1896-cı ildə Romada bir antik mallar satıcısından alınıb. Onun XV əsrə adi olmasını həmin ərəfədə yaşamış italyan rəssamlar Domeniko Moreno və Domeniko de Bartolun əsərlərində əks etdirilməsi də təsdiq edir. Önəmli xalçalarımızdan biri də Münhen şəhərindəki xalı salonunda nümayiş etdirilən uzunluğu 0.95 santimetr, eni 0.72 santimetr ölçüdə olan kiçik bir xalıdır. Xalçanın yanındakı etiketdə onun 1600-cü ildə Qarabağda toxunduğu qeyd olunub. Bu xalçanın əsas orijinal xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun üzərində biz XVI-XVII yüzilliklərdə Təbriz xalçalarında tez-tez təsadüf olunan süjetə, yəni ovçuluq səhnəsinə rast gəlirik. Xalçanın enli ara sahəsində hündür sərv ağacı, onun da ətrafında simmetriya əsasında yerləşdirilmiş iki “qızılbaş” zadəgan fiqurları təsvir olunub. Ornamental kətəbə arasına alınmış bu təsvirlərdən xeyli aralı xalçanın yuxarı, aşağı və yan hissələrindən dörd dəfə eynilə təkrar olunan başqa bir süjet də var. Burda at belində oturmuş gənc, onun sağ və sol tərəfində isə hər an sıçramağa hazır vəziyyətdə dayanmış pələng təsvirləri verilib.

 Orijinallıq baxımından yenə Münhen şəhərində bir şəxsi kolleksiyada saxlanılan “Damgalı” adlı XVIII yüzillikdə Qazaxda toxunan xalını da vurğulamaq lazımdır. Eni 168 sm, uzunluğu 235 sm olan xalı hər zaman tədqiqatçıların diqqət mərkəzində olub. O, bir neçə dəfə “Şərq xalçaları” adlı albomda dərc olunub. Qeyd edilməli olan daha bir sənət nümunəsi isə hazırda Almaniyanın Düsseldorf şəhər muzeyində saxlanılan 1800-ci il Suraxanı xalısıdır. Ölçüsü 147x340 sm olan xalça dörd paxlavavari kətəbəyə bölünmüş iri ara sahədən və nazik haşiyədən ibarətdir. Ara sahənin rəngi və bəzək quruluşu ənənəvi xarakter daşıyır. Onun qızılı rəngli yerliyi üzərində kiçik həcmli stilizə edilmiş çoxlu gül-çiçək rəsmi, qoç, quş, fiquru təsvir olunub.

Qədim sənətkarlıq nümunələri ilə yanaşı, Almaniyada müasir Azərbaycan sənətkarların da əsərləri saxlanılır. Həmin sənətkarların böyük qismi elə Almaniyada yaşayır. Onlardan biri də Əşrəf Heybətovdur. Rəssam 1951-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbində təhsil alıb. Daha sonra 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun sənaye dizaynı fakültəsini bitirib. 1995-ci ildən Almaniyada  yaşayan Əşrəf Heybətov fəal yaradıcılıqla məşğuldur. Onun Berlində yüzə yaxın kitab, jurnal illüstrasiyaları, boyakarlıq tabloları, hətta monumental dekorativ lövhələri yer alıb. Əsərləri Almaniyanın Bonn Universitetində və Türkologiya institutunda saxlanılır.

Mənbə:kult.az

Top