Avstraliya aborigenlərinin incəsənətini fəaliyyətin digər sahələrindən ayıran dürüst sərhəd mövcud deyil. Onların danışdığı dillərin heç birində «incəsənət» anlayışına müvafiq olan istilah yoxdur. Lakin təsviri sənət, rəsm çəkmək, ağac və daş üzərində oyma, habelə mahnı ifası, hekayə və nağıl söyləmə, ayin mərasimləri üçün müəyyən adlar mövcuddur.
Aborigen incəsənəti ayrılmaz surətdə totemizmlə, totemlərə sitayiş etmə ilə bağlıdır, bu xüsusilə mərasim rəqslərinin, pantomimanın, bədənin dərisi üzərində rəsm çəkmə və plastikanın sintezi olan korrobori kimi ənənəvi müqəddəs mərasimləri zamanı özünü parlaq surətdə büruzə verir. Bu halda aborigenlər bədənlərini qeyri-adi fantaziya ilə rəngləyirlər. Qəhvəyi, sarı və qırmızı boyalar üstünlük təşkil edir, hər biri xüsusi məna kəsb edən bəyaz nöqtə və cizgilər də az olmur. Daha güclü plastik təsirə nail olmaq üçün aborigenlər bəzən bədənlərinə yumşaq tüklü ağ və qırmızı quş lələkləri yapışdırır, bir yığın tutuquşu lələyindən saqqal düzəldir, qaz tükünü yumrulayıb iri kürələr düzəldərək boyunlarından asırlar.
Korrobori rəqsini ifa etdikləri zaman rəqqaslar kenqurunu, ilanları, kərtənkələləri, balıqları və bir çox digər qəbilə totemlərini təsvir edirlər. Ənənəvi müqəddəs mərasimlərin ifası zamanı təbil zərblərinin səsi, mərasim iştirakçılarının çevik bədən hərəkətlərini müşayiət edən qışqırıq səsləri eşidilir.
Onların xüsusiyyəti hər bir rəqqasın xəyallarından, xülyalarından, yuxularından asılıdır, rəqs keçmiş əyyamlarda Əzəmətli Ruhun göylərdən yerə enməsi və dünyanı yaratması haqqında keçmiş «röya dövranından» qəbiləyə xəbər ötürür. Müasir Korrobori həmçinin müxtəlif münaqişələrin salnaməsini təsvir edə bilər və ya avropalılarla ilk təmas səhnələrini təsvir edə bilər. Korrobori dini mərasimlərində əsatirlərin səhnələşdirilməsi bir neçə gün və hətta bir neçə həftə davam edir. Onun tərkibinə instrumental musiqi alətlərinin müşayiəti ilə ifa olunan 10-dan 300-dək nəğmədən ibarət mahnı silsiləsi daxildir. Burada həmçinin səs effektlərindən (xışıltı, fışıltı) də istifadə olunur.
Ümumiyyətlə bu günkü Avstraliya musiqisi müxtəlif musiqi mədəniyyətlərinin – yerli sakinlərin, ingilis dilli avstraliyalıların, Britaniya mənşəli olmayan gəlmələrin musiqi ünsürlərindən ibarətdir. Avstraliyalı yerli sakinlərin musiqisi arxaizmini qoruyub saxlamış Yeni Qvineya, habelə Malay Arxipellaqından (Şimali Avstraliya) köçüb gələnlərin musiqisinin təsirinə məruz qalmışdır. Müxtəlif mərasim, məişət, epik nəğmələrlə yanaşı eyni zamanda fərdi müşayiətli (zərb musiqi alətləri və s.) şəxsi nəğmə ifası da geniş yaılmışdır. Avstraliya aborigenləri üçün nəğmələrin yayılması səciyyəvidir, bu həm yerli əhalinin yeni həyat tərzi ilə, həm də nəğmələrin qonşu qəbilələrə satılması və ya dəyişdirilməsi ənənəsi ilə əlaqədardır. Müəyyən mahnılar müəyyən səs sıraları ilə bağlıdır. Musiqi alətləri arasında çurinqalar (taxta və ya daşdan düzəldilən uğultu aləti), dəyənək zərbəsi vurulan içi boşşalban-ubar müqəddəs və ya sehrli sayılır. Digər idiofonlar arasında bumeranqlar, təbili xatırladan dəri boğçalar, meyvə və mərcanquludan düzəldilən çax-çaxlar, çubuqla sürtülərək səs çıxaran kələ-kötür taxta lövhələr, üzünə dəri çəkilmiş papuas əl təbilləri, nəfəsli musiqi alətləri arasında isə – ciceridu (ağac qabığından eşilmiş tütək), yulunqqul, burunda çalınan fleyta diqqəti cəlb edir. Aborigenlərin musiqisinin yayılma ərazisi avropalıların gəlişi və yerli əhalinin sayının azalması nəticəsində kəskin surətdə daralmışdır.
XVIII əsrin sonlarından başlayaraq İngiltərədən, Şotlandiyadan, İrlandiyadan köçüb gələnlər (ilk növbədə – sürgün olunmuşlar) özləri ilə milli folklor (şotland nəğmələri, balladaları və s.) və peşəkar musiqi ənənələrini ( o cümlədən kilsə, katolik nəğmə ifası ənənələrini) gətirdilər. 1830-cu illərdən başlayaraq konsert həyatı canlanır, Sidney filarmoniya cəmiyyəti yaranır (1833), Avstraliya filarmoniya cəmiyyəti təşəkkül tapır (1844), musiqi məktəbləri açılır (ilk musiqi məktəbi – 1836-cı ildə), XIX əsrin sonunda teatr inhisarları, opera şirkətləri meydana gəlir. 1906-cı ildə A.Zelmanın rəhbərlik etdiyi simfonik orkestr təşkil olunur. XX əsrin əvvəllərində rus rəqqasalarının köməyi ilə Avstraliya baleti formalaşır. 1847-ci ildə Sidneydə ilk milli opera – A.Natanın «Avtsraliyalı Don con» operası səhnəyə çıxarılır. Milli bəstəkarlıq məktəbi formalaşır (Avstraliya bəstəkarları əsasən İngiltərədə təhsil alırdılar), onun baniləri sırasında A.Hilli, E.Trumeni, E.Natçesonu göstərmək olar. Avstraliya musiqi mədəniyyətinin inkişafında bəstəkar, pianoçu və folklor tədqiqatçısı olan P.Qreycerin fəaliyyəti görkəmli yer tutur. 1945-ci ildən sonra ABŞ-nın mədəni-ideoloji ekspansiyası nəticəsində kütləvi musiqi mədəniyyəti adlanan musiqi geniş vüsət alır. Bir çox bəstəkar – C. Antill («Korrobori» baleti), K.Duqlar, E.L.Beyiton aborigenlərin ənənəlrinə müraciət edir. XX əsrin 20-ci illərində Avstraliya yerli əhalisinin musiqisi tədqiq edilməyə başlayır (E.X.Deyvis, 50-ci illərdə-A.P.Enkin); Kanberrada Avstraliya aborigenlərinin öyrənilməsi institutu fəaliyyət göstərir, Sidneydə musiqişünaslıq cəmiyyəti işləyir, aborigenlərin incəsənət cəmiyyəti, ənənəvi musiqi festivalları təşkil edilir.
Dini etiqadlar və mərasimlər. Avstraliya aborigenlərinin dini etiqadları və mərasimlərinin əsas forması totemizmdır. Hər qəbilənin, nəslin, ailənin öz totemi var. Bu totemi öldürmək, incitmək qadağandır, çünki bu, əcdadı qətlə yetirməyə bərabər sayılır. İnsan və onun totemi eyni mədəni icma birliyinə aiddir, eyni həyat sürür. Əgər qəbilə iki qrupa – matturi və keravava qruplarına bölünürsə, onların totemi dinqo vəhşi iti, emu dəvəquşusu, yaşıl sisəy olur və nigah kəsilmə mərasimi ciddi qanunlara tabe edilir. Yaşıl sisəy toteminə malik matturi qəbiləsindən olan kişinin yalnız totemi ilan olan kiravava qrupundan olan qadınla evlənməyə ixtiyarı var. Emu siçovulla, dinqo su toyuğu ilə, sisəy qarğa ilə evlənə bilər (V.S.Polikarpov. Mədəniyyətşünaslıq üzrə mühazirələr.) Mənşə anadan götürülməklə müəyyən edilir, şəxsin ruhunun səsi isə çurinqanın səslənməsi gedişində tatınır. Yəqin bu qaydalar və ümumiyyətlə totemizm sistemi arxasında ailənin təşəkkül tapmasında qohumluğun yaxınlıq-uzaqlıq dərəcəsi haqqında bir çox əsrlər boyu əldə edilmiş bilik durur.
Aborigenlərin dini etiqadları və əsas təsəvvürləri nəsildən nəslə, demək olar ki, sırf şifahi surətdə keçir. Bu ötürmədə hər hansı dəyişikliklər baş verdikdə, güman edilir ki, onlar qrupun təriqətlərinin və mərasimlərinin əsas məzmununa toxunmur, ikinci dərəcəli məqam və ünsürlərə aid olur. Müqəddəs mərasimlərin keçirilməsində, mifoloji mövzuların nəql edilməsində və səhnələşdirilməsində əsas diqqət sabitliyə və dəqiqliyə yetirilir, yəni insanın bir məxluq kimi qədim zamanlarda yer üzündə təşəkkül tapmasının əsasları birdəfəlik, o vaxtlar baş verdiyi kimi dəqiq təsvir edilməlidir. Bu «yaranma» və ya «yaradıcılıq» dövrü müxtəlif adlar altında məlumdur, lakin bütün qəbilələrdə onunla əlaqədar oxşar təsəvvürlər mövcuddur ki, bu gün də onların təsiri hiss olunur. Mifoloji məxluqların vəsiyyət etdiyi qaydada, müəyyən edilmiş surətdə hərəkət edən insanlar sanki həmin məxluqlarla əlaqə saxlamaq qabiliyyətinə malik olur, onların indiyə kimi «saçdığı nurdan» istifadə edə bilirlər. Aborigenlərin təsəvvürünə görə onların hər bir qurupunda fövqəltəbii xüsusiyyətlərə malik müxtəlif əşyalar (çurinqalar və s.) mövcuddur. Məhz belə əşyalar onların mərasim fəaliyyətinə xüsusi təsir aşılayır və müvafiq dini təsəvvürlərin yadda qalması və ötürülməsində bir növ istinad mərkəzi rolunu oynayır.
«Yaradıcılıq dövrü» anlayışı üçün Avstraliyanın müxtəlif qəbilələri müxtəlif adlardan istifadə edir: Yaranma dövrü, Əcdadların dövranı, Röya, Röyalar dövrü, Əbədi röyalar dövranı və s. Əbədi röyalar dövranı deyəndə nəzərdə tuturlar ki, hər şeyin əsasını qoymuş əfsanəvi əcdadlar indiki dövrdə də qeyri-maddi, ruhlar formasında mövcudluqlarını davam edir; onlar və onlarla əlaqəli hər şey gələcəkdə də yaşayacaq. «Əbədi» istilahı məhz bu mənada işlədilir. «Röya» anlayışı adi yuxularla bağlı deyil, lakin yatan adama yuxuda gördükləri nə dərəcədə gerçək gəlirsə, dindar üçün Röya dövranının əfsanəvi yaradıcılarının əməlləri bir o qədər də gerçək olur. Bundan əlavə, «əlavə» istilahı «zaman hüdudları olmayan» (zamanı olmayan) anlayışını da təzahür edir; dini etiqadlar üçün «əbədiyyət», zaman hüdudları olmayan düna haqqında təsəvvür səciyyəvidir.
Mifologiya dövranı sonrakı zamanlar üçün bünövrəsi qoyulduğu əxlaq normalarının, qanunların təsis olunduğu dövr kimi nəzərdən keçirilir. bu heç də həmişəlik ötüb keçmiş deyil, müqəddəs keçmişdir. Həmin dövrdə yer üzündə yaşayan yaradıcı məxluqlar müəyyən əməllər edirdilər və artıq gələcəkdə bunları heç vaxt təkrar etməyəcəklər, lakin onların təsiri hələ də duyulur, onların nəticələrindən həmin əməlləri təkrar edən insanlar istifadə edə bilərlər. Belə təsəvvürlər «Əbədi röyalar dövranı» anlayışında cəmlənir, belə ki, əfsanəvi keçmişin indiki dövrdə mövcudluğuna və gələcəkdə də yaşayacağına inam təzahür edir.
Avstraliyalıların bir çox əsatir və əfsanəsi etnoloji əhəmiyyət daşıyır. Onlarda təbiətin müxtəlif təzahürləri yer üzünün mühüm relyef nöqtələri – qayalar, ağaclar və s. izah edilir. Bütün bunlar əcdadların çevrilməsinin nəticəsi kimi qələmə verilir. Belə keçid – gölə, quşa, ulduza çevrilmə avstraliyalıların hekayələrinin adi sonluğudur (Y.Yelinek. ibtidai insanın böyük rəsmi atlası. Atriya. Praqa. 1982, s.530.) Çox vaxt məhz belə sonluqlar hekayənin «qeyri-real hissəsini» təşkil edir, hekayələrin qəhrəmanları isə özlərini adətən indiki aborigenlər kimi aparır – qida əldə edir, sevir, yalan satır, dava-dalaş salır, xeyirxah, təmənnasız, pis əməllər edir. Aborigenlər üçün belə hekayələr onların həyat sürdüyü aləm haqqında, onun yaranması və varlığı haqqında, habelə mənəviyyat qayda-qanunları haqqında həqiqət mənbəyi olur.
Avropa oxucusu nöqteyi-nəzərindən bu fantastik hekayələr gerçəklikdən dəfələrlə uzaq olmasına baxmayaraq, aborigenlərin onların həqiqiliyinə olan inamı onların mədəniyyətinin aşağı olmağından xəbər vermir, bu inam yalnız aborigenlərin inkişafının müəyyən mərhələdə olmasına dəlalət edir. Fridrix Şellinq «İncəsənət fəlsəfəsində» yazırdı: «...mifologiya əsatirlərində yaşayan məxluqlar, şübhəsiz, nə zamanlar isə həqiqətən mövcud olmuşlar, müasir insan nəslinin sələfləri, şübhəsiz ki, allahlar nəsli olmuşdur»( F.V.Şellinq. «İncəsənət fəlsəfəsi». M., 1966, s.112.)
Deyilənlər əsasında Avstraliya aborigenlərinin insan təbiəti haqqında mövcud olan təsəvvürləri aydın olur. İnsan, hazırki həyat formasını röyalar dövrü ilə, röyalar ölkəsinin mövcud olduğu dövranla bağlayan zəncirin bir halqasını ifadə edir. Bu dövrü voncinlərin və ya əcdadların dövranı da adlandırırlar. İndiki zamanda yaşayan insanın şəxsiyyətində müəyyən röya hissəciyi də mövcuddur, o da «mən — abidəm» adlanır. Həmin «mən -abidəm» sayəsində o, demək olar ki, şüurlu surətdə keçmişi, ibtidai dövrü hiss edə bilir. Beləliklə bu müddəa – Avstraliya aborigenlərinin tarixi hissiyatına, zamanda mövcud olan, insan cəmiyyəti adlandırdığımız varlıq haqqında tarixi görmə qabiliyyətinə dəlalət edir. Demək olar ki, Avstraliya aborigenlərinin bütün qrupları üçün ölüm hadisəsi müəyyən mərasimlərlə bağlıdır, onlar diqqəti insan varlığının maddi cənazəsində cəmləşdirsələr də, əslində mərhumun ruhu, onun o dünyada həyat haqqında təsəvvürləri ilə bağlıdır. Ölümün labüdlüyü aborigen mifologiyasında qeyd edilir. Bir çox əsatirlərdə deyilir ki, əzəl, əfsanəvi Röya dövranında insanlar ölməzmiş. Lakin o dövrdə yaşayan kim isə səhv addım atmış, hansı isə pozuntuya yol vermişdir və o vaxtdan insanlar ölməyə başlayır. Əgər ölən uşaqdırsa, cəmiyyətin tam dəyərli üzvü olmağa macal tapmayıbsa, bu qəmgin hadisə kimi dərk edilir, ölüm yalnız ailə kədəri olmur. O, həmişə bütün qəbilə üzvlərinə təsir edir, insanın vəfat etdiyi məskəni hamı tərk edib gedir. Kimsə öləndə qohumları onu əhatə edir və ya müəyyən məsafədən onu müşahidə edirlər. Onlar ya susur, ya da hərdən söhbət edirlər, öləni onun son nəfəsinə kimi tək tənha qalmağa qoymurlar.
Mərhumun cənazəsi ilə cürbəcür rəftar edirlər; yerə basdırır, xüsusi dəfn səkisi və ya ağacı üzərində yerləşdirir, qurudur və ya mumiyalayır, yandırır, içi boş ağac içərisinə yerləşdirirlər – bunu bir növ tabut adlandırmaq olar. Avstraliya aborigenlərinin tətbiq etdiyi dəfn mərasimlərinin müxtəlifliyi vəfatdan sonrakı həyata, daha doğrusu, ölümdən sonra həyatın davam etməsinə olan inama dəlalət edir. Ölümü müvəqqəti dövr kimi nəzərdən keçirirlər – bu zaman insan əvvəl yaşadığı həyata bənzər digər həyata keçir. Bəzən aborigenlər hesab edir ki, insan vücudunda bir deyil, bir neçə ruh yaşayır, onun ölümündən sonra onlar yaşamağa davam edir. Mərhumun bir ruhu və ya onun ruhi varlığının bir hissəsi haradasa yaxınlıqda gəzib dolaşmaqda davam edir və dirilərə pislik edir, digər ruhu mərhumların Ölkəsinə yollanır, üçüncü – qadın bətninə daxil olub yenidən uşaq kimi doğula bilər, dördüncüsü Röyalar aləmi və əfsanəvi əcdadlara qovuşa bilər. Belə halda digər həyata, digər aləmə keçid bir növ rəmzi ölüm və sonrakı dirilmə ilə təcəssüm olunur ki, bu da sövqedici mərasimlərin dini mahiyyətini ifadə edir. Bu bir növ gerçək, fiziki ölümə və sonrakı mənəvi dəyişikliyə hazırlıqdır. İnsan varlığının mahiyyətini aborigenlər yalnız insanın yer üzündə sürdüyü qısa həyat kəsiyində görmürlər. Onlar həyatı və dünyanı əbədi hesab edir: hər şey dəyişməyən, bir dəfəlik təsbit olunmuş ardıcıllıqla təkrarlanır.
Təsviri sənət. Avstraliyanın ibtidai insan məskənlərinin və dəfn yerlərinin mədəni qatlarında ibtidai incəsənətin – qaya üzərində rəsmlərin, freskaların, cüzi də olsa qravüranın, kiçik həcmli sənət abidələrinin – xırda bəzək əşyalarının, oyulmuş və ya bir-birinə yapışdırılmış, boyundan həmayıl kimi asılan dişlərin izlərinə rast gəlmək olar. Qədim avstraliyalıların təsviri sənət üzrəşah əsəri – qaya üzərində rəsmlər idi, müasir aöorigenlərin ağac qabığı üzərində çəkilmiş rəsmlərinə və ağacda oyma işlərinə bənzəyir. Birinci qrupu realizm üslubunda işlənmiş rəsmlər təşkil edir, onlar Avstraliyanın şimali-qərbində vəşimalında, Kimberli əyaləti və Arixemlend yarımadasında, həmçinin Kvinslenddə (şimal-şərqi Avstraliya), Yeni Uelsdə və Viktoriyada (cənubi Avstraliya) cəmləşir. İkinci böyük qrup xətti və həndəsi üslubda çəkilmiş rəsmləri əhatə edir. Çox vaxt onlara Qərbi Avstraliyadan Avstraliyanın şərqinə qədər qitənin mərkəzi rayonlarında təsadüf edilir. Qitənin həm qərbində, həm də cənub-şərqində elə qonşu rayonlar mövcuddur ki, bunlarda hər iki üslub üst-üstə düşür. Adətən rəsmlərdə tamamilə gerçək hadisələr təsvir olunur, beləliklə onlar bir növ görünən informasiya və ya baş vermiş hadisə haqqında məlumatın ifadəsidir. Onlar daha çox əsatirlərdən parçaları və ya əfsanələrdəki hadisələri təsvir edir. Bir çox hallarda belə təsvirlər rəmz sistemləri və ya həndəsi işarələrlə müşayiət olunur, belə ki, şifrələnmiş mnemotexniki yazılara bənzər bir şey alınır. Məlumatı olmayan müşahidəçidə onlar tam mücərrədliklə rastlaşma təsəvvürü yaradır, halbuki onların ciddi gerçək mənası və mahiyyəti mövcuddur (Y.Yelinsk. İbtidai insanın böyük rəsmi atlası. Artiya. Praqa, 1982.)
Qitənin cənub-qərbində, şərqində vəşimalında gərilmiş barmaqları təsvir edən rəsmlərə tez-tez təsadüf edilir. Buna bənzən rəsmlər Avropa paleolitindən, Şimali və cənubi Afrikadan məlumdur. Avstraliyada hələ bu gün də onların işlədilmə texnikasını müşahidə etmək olar.
Avstraliyalılar dişlərilə boyanı əzir, ağız boşluğunda onu suya qarışdırır və püskürdücü kimi üfürərək qaya səthinə dayadığı əlin üzərinə çiləyirlər. Əl götürüləndən sonra qayanın üzərində onun neqativ təsviri qalır. Arixemlendin şimal hissəsində bu texnikada işlənilmiş və sonra ustalıqla rəngarəng ornamentlə bəzədilmiş bütöv bazu önü təsvirinə rast gəlmək olar. Mərkəzi rayonlarda belə əl təsvirləri azdır, əvəzində burada tez-tez müxtəlif həndəsi naxışlara, buruqlara, dairələrə, cürbəcür cizgilərə, rast gəlirik. Bu yerlərdə freskalarla bəzədilmiş bir neçə müqəddəs ocaq da mövcuddur, buraya qadınların və hətta yeniyetmələrin daxil olması qadağandır. Mauntford bildirir ki, bu freskalardan biri əfsanəvi əcdaha İaraninin və onun arvadlarının səyahətini təsvir edir. Rəsmin uzunluğu 30 metrdir, o mücərrəd rəmzlərdən tərtib edilmişdir və məhdud sayda seçmə şəxslərə məlumdur. Bu yer xüsusi dini mahiyyətə malikdir – burada ilanların sayının artımını təmin etməyə yönəldilmiş mərasimlər keçirilir.
Voanci (su mənbələri ruhları) təsvirləri – nəhəng, ayaq üstə durmuş və ya uzanmış insan və ya insan başları fiqurları maraqlı bədii təzahürdür. Əl və ayaqlar işlənməmiş qalır, bəzən ayaqları altlıq əvəz edir.
Sifətdə burun və gözlər işlənir, ağız isə adətən olmur. Başın ətrafında nal şəkilli şəfəq görünür. Döş üzərində adətən ürək və ya döş sümüyü kimi görünən yumurtavari əşya təsvir edilir. Bizim dövrə qədər çatan bu rəsmləri ağsaqqallar çox vaxt təzələyir.
İbtidai incəsənətin aborigenlərin ictimai həyatı ilə qarşılıqlı əlaqəsini müşahidə etmək kimi son imkan bizə Avstraliyayada nəsib olur. Biz rəssamın cəmiyyətlə asılılıq əsasında inkişafını (filiasiya), rəsmlərin işlənməsində müxtəlif texniki təfsilatları və onun ayrı-ayrı surətlərlə bağlı təsəvvürlərini öyrənə bilirik. Burada ağac qabığında oyulmuşən müxtəlif qravüralara, relyeflərə, həndəsi naxışlara, evkalipt ağacı qabığında çəkilmiş rəsmlərə rast gəlmək olar. Təsvirlərin mahiyyəti və onların məntiqi avstraliyalıların bütün mifologiyasının məntiqi və onların dini təsəvvürləri ilə ayrılmaz surətdə bağlıdır. Aborigenlər nə qədər səy etsələr belə, onların məğzini anlamaq bizim üçün olduqca çətindir.
XX əsrin ikinci yarısında Arixemlend yarımadasında aparılmış tədqiqatlar saya qırmızı rəngli, fəal hərəkətdə olan insan fiqurlarının təsvirlərini ən qədim sənət əsəri hesab etməyə imkan verdi. Bu rəsmlərin yaşı 3-12 min il arasında müəyyən edilmişdir. Onlar bizə (bəzən tamamilə üst-üstə düşməsi ilə) İspaniyada olan levant rəsmlərini və ya bəzi cənubi Afrika freskalarını xatırladır.
Bu rəsmlərə həmçinin sapa oxşar cizgilərlə işlənmiş yekrəng qayalıqlarda yaşayan ruhların təsviri yaxındır. Bu təsvirlərin ən təzələri bu yaxınlarda meydana gəlib, buna təsvirlərdə təsadüf edilən Avropaya aid əşyalar dəlalət edir. Bu rəsmlər «rentgen» rəsmləri üslubu adlanan daxili orqanları və skelet hissələrini təsvir edən üslubla bir vaxtda meydana gəlib.
Bu üslub XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş ağac qabığı üzərində rentgen üslubunda rəsm təsvirlərinə paralel hesab edilir.
Beləliklə, Avstraliya bizə son dərəcə gözəl imkan yaradır ki, onunla təmasda olub ibtidai incəsənətin texnikasını və təyinatını öyrənək, mədəniyyəti daş dövrün mədəniyyətindən cüzi surətdə fərqlənən cəmiyyətin üzvü olan rəssamı yaradıcılıq prosesində müşahidə edir.
Bəs əsrlər ötdükcə başlıca olaraq ağac və ağac qabığı üzərində çəkilmiş zəngin Avstraliya incəsənəti abidələrindən nə əsər-əlamət qalacaq? Avstraliyalılar gil üzərində iti alətlə işlənmiş bəzi rəsmlərin surətini yaradıb başa çatdırdıqdan sonra özləri hamarlayıb məhv edirlər.
A.Kamyu yazırdı: «Amansız zəmanə hələ heç kəsə zəfər sevinci əta etməyib: zamanla mübarizədə insan həmişə məğlub olub...maddi mədəniyyət abidələri daha uzun ömür sürür, lakin zaman ötdükcə onlar da viranə qalır.
Heç kim deyə bilməz ki, indiyə qədər neçə insan cəmiyyəti, mədəniyyəti izsiz-soraqsız puç olub gedib. Bizə gəlib çatanlar isə heç vaxt dünyanın tam təsvirini, bəşəriyyətin vahid tarixini yaratmaq imkanı verməyəcək, çünki bu qalıqlar bəşər tarixinin cüzi bir hissəsini təşkil edir və onn tam bərpasından söhbət açmağa dəyməz» (K.M.Daqov. Kirkeqordan Kamyuyaqədər. Moskva, «İskusstvo», 1990, s.347).
A.Kamyu ilə yanaşı Qərb fəlsəfəsi və mədəniyyətşünas mütəfəkkirlərin bir çox nümayəndələri «vahid tarix» anlayışına müraciət etmişlər. Buna baxmayaraq aydın olur ki, müxtəlif, yaxın keçmişə qədər bir-birindən ayrı inkişaf edən mədəniyyətlər arasındakı əlaqələr daha böyük sürətlə genişlənir, məlumatların kütləvi mübadiləsi isə vahid bəşər mədəniyyətinin təşəkkül tapmasına gətirib çıxarır.., keçmişimizin öyrənilməsi nəticəsində biz cəsarətlə deyə bilərik ki, yer üzündə heç vaxt elə insan icmaları olmayıb ki (o cümlədən, hələ bu yaxınlara qədər olduqca ibtidai sayılan), onların ümumbəşər tərəqqisinə zənginlik gətirməsi inkar edilsin.
Müəllif: Tamilla Əhmədova ADMİU-nun dosenti, fəlsəfə elmləri namizədi;
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1