Amerika qitəsi sivilizasiyalarının inkişaf tarixinin ən parlaq səhifəsi onun mərkəzi hissəsində yaşayan xalqların mədəniyyəti ilə bağlıdır. Qitəni iki tərəfdən Sakit və Atlantik okeanları əhatə edir. Zəngin və rəngarəng faunası olan bu ərazi yaşıl düzənlik və çəmənliklərdən, rütubətli tropik meşələrdən ibarətdir. Burada məskunlaşmış tayfa və xalqlar makromayya, makrotomanqe, xokanaklar, naua və d. dil qrupundandır. Bunların hər biri ərazinin mədəniyyətinə öz töfhəsini gətirmişdir. Mədəniyyət sahəsində xüsusi nailiyyətləri ilə seçilənlər Mezoamerika(Bu anlayışı elmə gətirən meksikalı alim P.Kirxhofun əsaslandırıcı başlıca amil həmin regionun mədəniyyətlərini ümumi cəhətləri ilə bağlıdır: yüksək sivilizasiyalar zonası adlandırılan bu əraziyə Meksikanın 2/3 hissəsi, Qvatemala, Beriz, Salvador, Qondurasın bir hissəsi, Nikaraqua, Kosta-Rika aiddir.) adlanan ərazidə yerləşən əhalidir. Buranı Qədim Şərq sivilizasiyaları səviyyəsinə çatmış müstəqil yerli mədəniyyət beşiyi hesab edirlər. Bu mədəniyyətlərin hər biri özlüyündə nə qədər fərdi olsalar da, onları birləşdirən ümumi cəhətlər də mövcuddur. Bu cəhətlər, ilk növbədə təsərrüfatın idarəedilməsində, eyni təsərrüfatla məşğulluqda, ticarətin inkişaf səviyyəsi və digər ictimai-sosial məqamlarda təzahür tapır.
Olmek mədəniyyəti. Mezoamerikada məskunlaşan ilk insanların qoyub-getdikləri dəlillərin tarixi 20 min il bundan öncəyə gedib çıxır. Belə ki, Valsikimo, Tlapakoya ərazilərində tapılmış mızraq və ucluqlar belə dəlilsübutlardandır. 5000 ildən sonra artıq burada təsərrüfatla məşğul olan tayfalar məskunlaşmağa başlayır.
B.e.ə. II minillikdən başlayaraq dağlıq və sahil ətrafında oturaq həyat tərzinə keçən tayfalar hakim mövqe əldə edirlər. B.e.ə. 1500-1000-ci illərdə Atlantik sahillərində yerləşən Verakrus ştatında mədəniyyət öz yüksək səviyyəsinə çatır. Olmek xalqının adı ilə həmin ərazi elə bu cür də adlandırıldı.
Alimlər demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər. Təkcə o məlumdur ki, bu xalq müasir Tabask ştatının ərazisində 4000 il əvvəl məskunlaşmışdı. Qədim rəvayətə görə, onların sirli əcdadları su vasitəsilə həyata gəlmiş və möcüzələrə malik olmuşlar. Bu xalqın əcdadları Tamaançe kimi qəribə adı olan («Biz evimizi axtarırıq» mənasını verir) ərazidə məskunlaşmışdı. Lakin günlərin bir günü naməlum səbəbdən bu xalqın müdrik adamları gəmilərə minib, bir də dünyanın axırında qayıdacaqlarını vəd edərək cənuba doğru üzürlər. Yerdə qalan insanlar isə, özlərini görkəmli rəhbərləri, ilk ruhaniləri olan Olmeka Uimtoninin şərəfinə – olmeklər adlandırırlar.
Elmi mənbələrdə bu xalq yaquar hinduları kimi də adlanır. Bunu onunla əsaslandırmaq olar ki, olmeklər özlərini yaquarlarla (cən.Amerika pələngi) eyniləşdirir və bu heyvanı öz totemləri hesab edirdilər. Əfsanəyə görə, məhz ilahi heyvanla ölmüş qadının birliyindən olmek tayfaları meydana gəlmişdir. Bu ittifaqın bədii təzahürü olmek incəsənətində hiss olunmaqdadır. Çoxlu sayda tapılmış daş heykəllər, keramik fiqurlar qeyri-adi çəhrayi, ağımtıl, parıltılı ağ rənglərdə yaquarların təsviri ilə tamamlanır. Bütün heykəllərdə, fiqurlarda bu müqəddəs heyvanların təsviri başlıca yer tutur. Nadir hallarda «gülümsəyən insanlar» və qadın heykəllərinə rast gəlinir. Bu sənət nümunələri yaquar xalqının geyim və adət-ənənələri haqqında təsəvvür yaradır. Heykəllərdən məlum olur ki, kişilər pambıq parçadan uzun köynək, kauçukdan səndəl geyinirdilər. Körpələrin alın-peysər sümüyü deformasiyasının taxta parçası və möhkəm sarğı ilə sıxılması nəticəsində formaya salınması təcrübəsi, qadınların üst və alt dişlərinin simmetrik yonulması, bədənin tatuirovka ilə bəzədilməsi və digər bu kimi istifadə edilən üsullar haqqında məlumat əldə etmək mümkündür.
Bədən bəzəkləri ilə yanaşı bütün olmeklər zərgərlik məmulatlarından istifadəyə də geniş yer verirdilər. Özü də bu xalq qızılı, gümüşü, qiymətli daş-qaşı deyil, obsidlan (tutqun şüşəyə oxşayan vulkanik mineral), yəşəm daşı, müxtəlif rəng çalarlarına malik nefrit daşına daha çox üstünlük verirdilər. Bu daşlardan yaquarın ürək və dişləri formasında asılqanlar, muncuqlar, dairəvi, kvadrat, gül formasında qulaq deşikləri üçün ziynət məmulatları hazırlayırdılar.
Bütün bu sənət nümunələrindən fərqli olaraq «yaquarlara» daha çox monumental heykəltəraşlıq dünya şöhrəti gətirmişdir. Ölçüsü insan boyundan yüksək olan (hündürlüyü 2,5 m, ətraf ölçüsü 6 m 58 sm-ə bərabər) nəhəng daş heykəllər yaquarların rəmzi hesab edilirdi. Bu heykəllərin özlərinəxas simaları vardır. Heykəllərin üzləri yaquarlara xas cizgilərlə ifadə olunurdu. Heykəllərin başlarındakı müdafiə dəbilqələri müasir xokkey oyunçularınınkını xatırladır.
Heykəl və fiqurların hazırlanma keyfiyyətindən məlum olur ki, bu sənət növü əsrlər boyu inkişaf yolu keçmişdir. Ərazidə daşın olmaması onun quru və su yolu ilə gətirilməsi məcburiyyəti yaradırdı. Bütün bunlar xüsusi riyazi, mexaniki biliklərin yüksək səviyyəli ictimai təşkilatların olmasını tələb edirdi.
Bir çox alimlər belə hesab edirlər ki, Amerikada ilk imperiya məhz Olmek imperiyası olmuşdur. Bu fikri əsaslandıran başlıca məqamlar bu ərazidə şəhərlərin çoxluğu, nəhəng, əzəmətli memarlıq nümunələrinin mövcudluğu idi. Hindu Amerikasının qədim paytaxtlarından biri müasir San-Larenso hesab edilir. Öz vaxtında həmin şəhər dünyanın ən böyük paytaxtlarından sayılırdı. Burada 5 minə yaxın insan yaşadığı güman edilir. B.e.ə. təqribən 900-cü ildə əhali bu şəhəri tərk edərək digər La-Venta adlı Olmek şəhərini salır. Bu yeni şəhərə də həmişəki kimi hər şeyə qadir yaquar allahı himayədarlıq edir.
Torpaq və onun komponentlərindən dini və memarlıq vasitəsi kimi istifadə edilməsi «yaquar»ların mədəniyyətini digər mədəniyyətlərdən fərqləndirirdi. Mağaralar yaquarın insana çevrilməsini həyata keçirən rəmzi məkan hesab edilirdi. Qayalıqlar, daş və piramidalar magik gücünə görə itaət, etiqad yerinə çevrilirdi. Bütün tikililər astronomik nizam qaydalarına görə yerinə yetirilirdi: fasadlar ulduzlara, səma cisimlərinə doğru istiqamətləndirilirdi. Bununla, olmeklərdə ulduz və onun hərəkətlərinə inam hissi formalaşırdı.
Olmeklərin kosmik və kosmoqonik təsəvvürləri digər tikililərin – müqəddəs hesab edilən topla oyun üçün meydançaların yaradılmasında da təcəssüm tapırdı. Belə meydançalardan biri müasir rayon sayılan Verakrusa ərazisindəki El-Taxin meydançasıdır. Bu yer Kainat rəmzi sayılırdı. Həmin meydançada topla oyun dini dram mahiyyəti kəsb edirdi. Bu oyun cəldlik, məharət, dəqiqlik tələb edirdi. Oyunun mahiyyəti ondan ibarət idi ki, əl və ayaqların köməyi olmadan əlində kauçukdan top olan oyunçu divardakı daş dairəyə düşə bilərdisə, qələbə çalmış olurdu. Qaydaya görə topu çiyin, bud, dirsəklə hərəkətə gətirmək lazım idi. Xəsarət və zədələrdən qorunmaq üçün maska və sinəbənd taxılması zəruri idi. Məğlub olanın aqibəti ölümlə nəticələnirdi. Onun ölümü qurban rəmzi kimi yeni günəşin doğulmasına güc verirdi.
Olmeklər Amerika qitəsində ilk dəfə olaraq yazısı iləşöhrət tapmış xalq hesab edilir. Bu yazı heroqliflərdən ibarət idi. Yazı tərzi soldan sağa, yuxarıdan aşağı doğru istiqamətlənərək ən arxaik variantdır. Onlar yazıda müxtəlif nöqtə, xətlərdən istifadə etməklə orijinal rəqəmlər sistemini də yaratmışlar. Məhz bu xalq ilk dəfə olaraq hesab sistemini sıfırdan başlamağı lazım bilmişdi. Çox güman ki, müasirlərimiz böyük bir qitədə b.e.ə. II minillikdə mövcud olmuş bu mədəniyyət haqqında çox şeyi bilmir. Lakin qəti söyləmək olar ki, bu mədəniyyət tarixin səhifəsindən silinsə də, o gələcək sivilizasiyalar üçün mənbə rolunu oynamışdır.
Teotiuakan mədəniyyəti.Olmen mədəniyyəti köklərindən ayrılmış ilk mədəni sivilizasiyalardan biri də teotiuakan mədəniyyəti hesab olunur. Bu mədəniyyət 100-650-ci illəri əhatə edərək b.e.ə. 300-cü ildə Mexiko düzənliyinin şimal-qərb hissəsində yeni dini mərkəzin adı olan Teotiuakanla bağlıdır. Bu adın tərcümədə hərfi mənası «Allahların toxunduğu yer, torpaq» kimi səslənir. Dünyada ilk dəfə Günəş və Ay Allahının olması haqqında əfsanənin yayıldığı məkan məhz buradır. Əfsanəyə görə, elə bir zaman olmuşdur ki, Ali Başlanğıc mövcudiyyatın dual əsası olan «Ata və Ana Allahları» (Ometeotl) adı ilə bağlı olmuş və yalnız bundan həyat başlanmışdır. Daha sonra dörd övlad meydana gəlib. Bunlar ilahi qüvvələr – qardaşlar adlanan Teskatlipok (qırmızı və qara), Ketsalkoatl (ağ) və Uitsilopoçtli (mavi) ilahi qüvvələridir. Bunlarla yanaşı həyata məkan və zaman da daxildir. Lakin bu dörd Allah daim narahatçılıq keçirirlər, çünki Kosmosa himayədarlıq etmək uğrunda aralarında daim mübarizə gedir. Kainatın döyüş meydanında dostlaşan bu Allahlardan yeni Allahlar, torpaq və insanlar yaranır. Onlar tərəfindən yaradılan dünyanı heç kim cəsarət edib işıqlandıra bilməmiş və nəhayət, bir gün bütün Allahlar bir yerə toplanıb kimin bu məsuliyyəti öz öhdəsinə götürməsi məsələsini həll edirlər. Lakin bu asan məsələ deyildi, çünki o qurban tələb edirdi.
Bu tezisdə mezoamerikalılara xas mədəniyyət fəlsəfəsinin elementləri, mistisizm gizlənir. Günəş və həyat yalnız verilən qurbana davam edir, yalnız onun köməyilə dünyanı qorumaq olar. Allahlar özlərini qurban verməklə günəş və aya güc, enerji bəxş etdilər, bununla da həyat öz yoluna davam edir.
Alimlər bu gün Teotiuakanın ilk sakinləri haqqında dəqiq biliyə malik deyillər. Ola bilər ki, bu sakinlərin bir qismi olmeklər, bir qismi Şitli vulkanının püskürməsi (Kuikulka şəhəri və onun ətrafı) nəticəsində köçkün halına düşmüşəhalinin nümayəndələridir. Digər tərəfdən ola bilər ki, belə bir tayfa tamamilə olmamış, sadəcə olaraq dini amillərə, mənsubiyyətə görə əhalini bu cür adlandırırdılar. Təsadüfi deyil ki, bu şəhəri «Qədim Amerikanın Vatikanı» adlandırırdılar. cəmiyyətin iyerarxiyasının başnda ali kahin dururdu. O müqəddəs hesab edilərək, sonsuz səlahiyyətlərə malik idi. Bu şəxs, həmçinin qara magiyanın ən böyük ustası hesab edilirdi.
Adi insanlar təsərrüfat və sənətkarlıqla məşğul olurdular. Onlar mahir dulusçu, memar, rəssam kimi şöhrət tapmışdılar. Məhz onların istedadı əsasında Teotiuakan kiçik kənddən dəbdəbəli dini mərkəzə, gözəlliklərlə zəngin bir şəhərə çevrilmişdi. Şəhər özünün ən yüksək çiçəklənmə səviyyəsinə Roma imperiyasının süquta uğradığı zaman – b.e.-nın III əsrində çatmışdır. Teotiuakan şəhərinin ərazisi 22,5-30 kv.km-dən ibarət olub, 85 min insanı əhatə edirdi. Şəhər sakinlərin mistik fəlsəfi düşüncələrinə uyğun dəqiq planlaşdırılmışdır. O, Kosmosun nəhəng modelini xatırladan şəhər obrazı idi.
Teotiuakan Ölülər Prospekti adlanan (Mikkaotli) ərazinin ətrafında yerləşirdi. O, uzunluğu 2000 m-rə çatan, şimaldan cənuba istiqamətləndirilmiş bir ərazi idi. Şəhər dörd sayda iri kvadrat hissələrdən ibarət olub, özündə dini tikililəri, bazar, saray və yaşayış evlərini əhatə edirdi. Teotiuakan ərazisi gips lövhələrlə döşənmişdi. Şəhər binalarının döşəmələri slyuda və daşdan, divarları maladan ibarətdir. Mala üzərində əsatir və ritual hadisələrini əhatə edən təsvirlər, barelyeflər çəkilirdir. Bütün şəhər müxtəlif rənglər içərisində idi.
Şəhərdə ən maraqlı hadisə — bütün Amerika qitəsini heyran edən cazibədar memarlıq tikililəri idi. Bunlara piramidalar, ehramlar aid idi. Ölüm Prospektinin şimalında yerləşən «Ay ehramı»nın hündüryü 42 m-yə çatırdı. Ehramın ayağında məbədlər kompleksi, sütun və saraydan ibarət həyət yerləşirdi. Buranın kahinlərin iqamətgahı olması ehtimal edilir. Bütün bu tikililər rəngarəng barelyef, freska, nefrit, porfitdən hazırlanmış zoomorf Allahların heykəlləri ilə bəzədilmişdir.
Teotiuakanın mərkəzində öz sadəliyi ilə seçilən «Günəş Ehramı» yerləşirdi. Hündürlüyü 64,5 metrə çatan bu tikilinin 30 ilə tikilməsi güman edilir. Bu monumental tikilinin trapesiyalı kənarları aya, səmaya doğru istiqamətlənmiş pillərlərlə tikilmişdi ki, bu da sonsuzluğa uzanmış yolu xatırladırdı. Tikilinin yeraltı dərinliyində mağaranın mehrabına aparan tunel də aşkar edilmişdi. Mehrab dörd ləçəkdən ibarət çiçək təsvirində tərtib edilmişdir (Bu, dünya və onun dörd tərəfinin rəmzi idi). Çox güman ki, «Günəş Ehramı» Dünya Ağacının rəmzi olmaqla Səma və Yerin izdivacını tərənnüm edirdi.
Şəhərin lap mərkəzində ritual həyəti yerləşirdi. Bura pilləli təpə, platforma və pilləkənlərdən ibarət idi. Bir qədər sonra 400 metrə yaxın uzunluğu olan istinadgah (iç qala) yerləşirdi. Bu nəhəng həyətin dərinliyində digər məşhur məbəd – Ketsalkoatl (Ketsal – quş, koatıl – ilan deməkdir, yəni qanadlı ilan) ehramı da var idi. «Qanadlı İlan» Mezoamerika hindularının əsas Allahlarından biri idi.
Teotiuakan Katsalkoatl dininin ən məşhur mərkəzlərindən sayılırdı. Dini konsepsiya və parlaq poetik obraz buradakı alçaq tikilinin daşları üzərində həkk olunmuşdur. Bir-biri üzərində yerləşən çox da hündür olmayan səkilər yerə sərilmiş ilanın rəmzidir. Ehramın malalanmış fasadını 365 (ilin günləri hesabına görə) qanadlı ilan təsviri bəzəyirdi. Bu təsvirlər qırmızı və ağ rənglərlə boyanmışdı. Bu motiv teotiuakanlı sənətkarların tez-tez müraciət etdikləri mövzu idi. Teotiuakan memarlığına daha bir neçə tipik üsul səciyyəvidir ki, sonralar bu xüsusiyyət mezoamerika regionunda geniş tətbiq olunmağa başlayır. Bu şaquli istiqamətli tablero adlanan panel, mərkəzə doğru istiqamətləndirilmiş və talud adlanan pilləkənli eniş olan üsuldur.
Məşhur memarlıq məktəbi Teotiuakan şəhərini inkişaf edən imperiyanın mərkəzi kimi bütün Amerikada tanıtdı. Bü şəhər bir neçə əsr yaşadıqdan sonra b.e.ə. 650-ci ildə barbar tayfalarının hücumundan sonra yerlə yeksan edilmişdir. Şəhərin süqutundan sonra buraya sahib olanlar Tolkan adlanan yeni şəhər yaratdılar. Şəhərin sakinləri isə tolteklər adlandırılırdılar. Bu xalq yüksək mədəniyyətə sahib olan bir xalq oldu. Təsadüfi deyil ki, sonralar «toltek» anlayışı, «rəssam», «inşaatçı», «müdrik» sözləri ilə eyni mənada işlədilməyə başladı.
Toltek mədəniyyəti. Tolteklərin dünyagörüşündə iki reallıq başlıca yer tuturdu: dərk edilən, rasional olan tonal və dərk edilməyən, irrasional olan naçual. Hər ikisinin əsasında ilkin enerji – Ruh (Ometeotl, Naual, Od, Sirr, Məqsəd) durur. Kainat onun görünən simasıdır: Günəş (Tau, Tayau, Taveyerrika), Od (Tatevari), Yer (Tlaltipak), bitki, canlı və insanlar – bütün bunlar Allahın övladları olduğuna görə müqəddəs hesab edilməlidir. Hər bir toltekin həyat amalı ruhla əlaqəsinin dərk etməsidir. Ruh həmişə insanlarladır, yalnız daxili nizamlamaqla (tonusu möhkəmləndirməklə) onu eşitmək olar. Təmiz, pak olan yalnız təmizliyi qəbul edə bilər. Bu işdə əsrlərlə toplanmış xüsusi təcrübə köməyə çatırdı. Bu təcrübə insanın Günəş, Yer, Od ruhları ilə birgə qaranlığın qovulmasına kömək edən magik əlaqəni saxlamağa kömək edirdi. Toltek fəlsəfi dünyagörüşünə görə insan saçan ruhdur, onun əsas borcu kiçik ürəyini təmiz, parlayan günəşəçevirməkdir.
Tolteklərin paytaxtı özündə bir neçə tayfa və qədim şəhərləri (Kuauçinanko, Kuaunauak, Kuauapan, Uastenek) vahid konfederasiya halında birləşdirən Tollan şəhəri idi. Bu şəhər Teotiuakan kimi fantastik gözəlliyə malik olmasa da, onun sakinləri özlərini haqlı olaraq incəsənət və bilik adamları kimi tanıdırdılar. Bu şəhərin gözəlliyi, zənginliyi, sakinlərin stabil firavanlığı, tarlaların bolluğu, texniki nailiyyətləri, həkim, astronom, sənətkar, zərgər və rəssamların peşəkarlığı haqqında ilk dəfə XIV əsrdə bu torpağa gəlmiş asteklər məlumat verirlər.
Bu paytaxtda ilk dəfə olaraq hərbi-dini sənət təşəkkül tapmağa başlayır. Bunun ən məşhur, canlı nümunəsi müasir günə qədər gəlib çatan Tlauiskalpantekutli adlanan məbəddir. Hündür, lakin dar pillələr məbədə doğru istiqamətlənmişdi. Tikili özü altımərtəbəli bir ehram idi. Ehramın divarları müxtəlif rəngli barelyeflərdən ibarət idi. Bu barelyeflərdə hərbçilər, qartal və qanadlı ilanlar, yaquarlar təsvir olunurdu. Bunlar cəngavər ordenlərinin rəmzləri idi.
Piramidanın içərisi kahin və hakimlər üçün nəzərdə tutulmuş kameralardan (otaq) ibarət idi. Öz zamanında şərq otağı qızıl təbəqələrlə, qərb otağı zümrüd, füruzə, nifrit kimi qiymətli daşlarla, cənub otağı rəngli balıqqulaqları, nəhayət, şimal otağı isə, hamar şəkildə malalanmaqla quş tüklərindən istehsal olunmuş iri xalçalarla bəzədilmişdi.
Şəhərin daha bir möcüzəsi tünd rəngli bazaltdan yonulmuş Çak-Moolyanın uzanılmış halda fiqurudur. Güman edilir ki, bu məşhur «Beşinci Günəş» əsatirinin heykəltəraşlıq interpretasiyasıdır. Əsatirdə nəql olunanlara əsasən, dünyada dövrlər bir-birini əvəz edir. Hər bir dövrün mövcudluq elementi vardır. Daha sonra müsbət və mənfi başlanğıclar arasında (Teskatlipok və Ketsalkoatl) vuruşlar gedir və nəticədə köhnə dövr tarixdən silinir, yeni bir mərhələ başlayır. Beləliklə, dörd günəş, dörd dövr öz tarixini yaşayıb sona yetirir. Birinci dövr «dörd yaquar» adlanaraq yer üzündə yaşayan nəhənglərin məhvi ilə yekunlaşır. İkinci dövr («dörd yel») tufanların baş verməsi ilə nəticələnir ki, onun da aqibəti insanların meymuna çevrilməsi olur. Üçüncü dövr («dörd yağış») dünyəvi yanğınla, nəhayət, dördüncü dövr («dörd su») nuh dövrü və insanların balığa çevrilməsi ilə sona yetir. Mövcud beşinci dövrün isə («dörd zəlzələ») dəhşətli zəlzələ ilə nəticələnməsi gözlənir ki, bu da dünyanın məhvinə səbəb olacaqdır.
Tolteklər hesab edirdilər ki, yer kürəsi hər 52 ildən bir məhvə düçar olur. Allah tərəfindən seçilmiş xalqın başlıca missiyası dünyanı məhv olmadan qurtarmaqdır. Bunun üçün Günəşə güc vermək lazımdır. Bu güc isə, insanların qanındadır.
Tolteklərin memarlıq tikililəri ilə asteklər qürrələnirdilər. Tollanın çiçəklənmə dövrünü Mişkoatl şəhərinin əsasını qoyan şəxsin oğlunun adı ilə bağlayırdılar. Onun adı Se Akatl Topilsin (şahzadə) Ketsalkoatl (qanadlı ilan) idi. O, doğularkən anası vəfat etmiş, ona görə də tolteklər bu uşağı Allahın təcəssümü kimi qəbul edirdilər. Hətta onun haqqında əfsanələr də dolaşmaqda idi: o, Amerika tərzinə uyuşmayan obraza malik, hündür boy, ağbənizli, açıq rəngli saça, sıx tüklü saqqala malik bir gənc idi. Yəqin ona görə bu gənci toltekli İsa peyğəmbər adlandırırdılar. O, baba və nənəsi tərəfindən yüksək mədəni adət-ənənələr əsasında tərbiyə edilərək boya-başa çatdırılmış, əvvəlcə kahin biliklərinə, daha sonra hərbi vərdişlərə yiyələnərək döyüş bacarığını təkmilləşdirmişdir. Bütün bunlar gələcəkdə atasının taxt-tacının ona verilməsi üçün geniş imkanlar açırdı. O, ali kahin, hökmdar simasında ölkəni idarə edərkən xalqa torpağı becərmək, ona qulluq edərək məhsul götürmək, daş və metalla işləmək bacarığını öyrətdi. Bundan əlavə, məbəd tikmək, dənizlə səyahət etməyə alışdırdı.
Ölkədə stabilliyə nail olan Ketsalkoatl tezliklə bu dünyanı buraxaraq dağdazahidliyə üz tutdu. Tərkidünyalıq yolunu seçən bu hökmdar özünü Ali Allahla (Ometeotl) ünsiyyətə hazırlayırdı. Allahla ünsiyyətə qovuşmaq üçün hökmdar özünə qapılmalı, tövbə etməli, dua və ibadət icra etməli, özünə işkəncə verməli (bədəninin müxtəlif yerlərini deşməli idi). Onun zəhməti hədər getmədi. Allah ona mistik qüvvə bəxş etdi. Ometeotlinin hökmlərinə qulaq asan görkəmli toltek müdriki və mistiki vahid Allahın ideyalarını yerinə yetirir və insan qurbanvermə rituallını dəyişdirir. Öz insanlarını sevən Ketsalkoatl onlara müraciətlə deyirdi: «Yalnız bir Allah mövcuddur… O ilan və kəpənəklərdən başqa heç bir qurban tələb etmir». Be yeni qanunlar qana susayan Teskatlip Allahına qulluq edən kahinlərin etirazına səbəb oldu. Qəddar çarların köməyilə düşmənlər Ketsalkoatlı yalandan istifadə edərək öz khin andını pozmağa məcbur edərək, onu taxt-tacdan azad edirlər. Əslində bu hökmdarın aqibəti haqqında dəqiq məlumat yoxdur. Bu barədə qədim əfsanələrin məzmunu birbirini təkzib edir. Bir əsatirin ehtimalına görə Ketsalkoatl Yukatana getmiş, başqa bir əsatirə görə isə, dənizdə yoxa çıxmış və öz ilində qayıdacağını vəd etmişdi.
Ketsalkoatlın qovulması ilə Tollanın əzəmətli nailiyyətləri tənəzzülə uğrayır və təxminən XII-XIII əsrlərdə şəhər baş vermş yanğından süqut edir. Şəhərin sakinləri bu hadisədən Mezoamerikanın müxtəlif rayonlarına müraciət edirlər. Amerikanın ilk mədəniyyətlərindən biri də belə süqut edir.
Mayyaların sivilizasiyası. Mezoamerika sivilizasiyaları içərisində öz orijinallığı və yüksək inkişafı ilə fərqlənən mədəniyyətlərdən biri də Mayyaların sivilizasiyası (b.e.ə.3000-ci il – XVI əsr) hesab edilir. Bu xalq planetin yüksək yaradıcılıq qabiliyyətlərinə malik xalqlardandır.
Min il əvvəl bu xalq, müasir Meksika ştatlarnın (Yukatan, Kampeçe, Tabasko, Çyapasa, Kistana-Roo) Qvatemala, Beliza, qərbi Honduras ərazilərində demək olar ki, ayrı yaşayırdılar. Bu mədəniyyətin təşəkkülünün dəqiq tarixi haqqında heç nə söyləmək mümkün deyil. Uzun müddət bu tarixi b.e.ə. birinci minilliyin sonu ilə əlaqələndirmişlər. Lakin aparılan axtarışlar Mayya mədəniyyətinin Olmek sivilazisiyası ilə yalnız olduğunu sübut edir.
Təbiətə çağırış kimi, məntiqdən uzaq şəkildə mayyalar öz unikal şəhərlərini sudan kənarda – çətin keçilən cəngəlliklərdə qururdular. Bundan fərqli olaraq həmin dövrdə dünyada buna bənzər sivilizasiyalar böyük çayların kənarında yaranmışdı.
Mayyaların tarix və mədəniyyətin üç əsas dövrə bölünür: formalaşma dövrü (b.e.ə. 3000-b.e.317-ci il); Qədim şahlıq dövrü (317-b.e.987-ci il); Yeni şahlıq dövrü (987-XVI əsr).
Mayya şəhər-dövlətləri (qədim yunana oxşar) mədəniyyət və hakimiyyətin mərkəzi hesab edilirdi. Bunların özünəməxsus tikilmiş, inşa sxemi mövcud idi. İnşanın mərkəzi tənə üzərində yerləşirdi. Onun ətrafında kahin və varlıqların (amelhenlər) sarayları yerləşirdi. Bunlar adətən fasadı şərqə istiqamətləndirilmiş eyvanlardan ibarət 1-5 mərtəbəli daş və əhəngdən monumental saraylar idi. Bunların mehrabı, hamamı da var idi. Otaqlar çox sadə və rahat şəkildə təchiz olunurdu.
Şəhər-dövlətin başında xalaç-vinik (aparıcı şəxs) dururdu. Onun hakimiyyəti irsi, ömürlük və qeyriməhdud idi. Xalaç-vinikin «seçilmiş» olduğunu göstərmək üçün sifəti totuirovka ilə bəzədilir, burnu böyük qartal dimdiyi ölçüsündə plastik əşyadan böyüdülür, dişlər yonularaq nefritlə bəzədilirdi.
Libas isə, xalaç-vinikin müqəddəs rütbəyə malik olduğunu qabardırdı. Libas balıqqulaqları, daş və lələklərdən ibarət naxışlarla bəzədilirdi. Xalaç-vinikin baş örtüyü heyvan timsalında tərtib olunaraq allahla vəhdətlik rəmzini əks etdirirdi. iRi üçqat şaquli keçidlə bəzənmiş (bu möhtəşəmlik əlamətidir) dairəvi sinəbənd hakimin fövqəltəbii qüvvələrə malik olduğunu sübut edir.
Xalaç-vinikdə varlı və kahinlərdən ibarət dövlət şurası da mövcud idi. Onlar mayya cəmiyyətinin elitasına daxil idi.
Sadə insanlar iki qrupa bölünürdü: birincisinə, tabe olanlar, lakin azad təsərrüfatçılar, fəhlə, sənətkarlar, qullar, allaha qurban gətirilməyən borclular və cinayətkarlar aid idi. Ən aşağı zümrəyə, torpaqla bölüşənlər daxil idi. Onların əsas məşğuliyyəti təsərrüfat və quşçuluq (ördək, hinduşka) təşkil edirdi. Onlar, həm də saray və ehramlar inşa edir, şəhərlər arasında geniş, möhkəm «ağ yollar» salırdılar. Orta səviyyəli yollar 10 m enliyində 100 km məsafəni əhatə edir.
Bu xalq çox güclü, həyatsevər və gözəl idilər. XVI əsrdə bu əraziyə gəlmiş avropalılar onları qəşəng bədənə malik, hündür, cəld və təmizkar kimi qələmə verirdilər. Olmeklərdən gözəllik etalonunu mənimsəyən məyyaslar ona öz xüsusiyyətlərini də əlavə etmişlər: ətirli bitkilər əlavə etməklə qırmızı rəngli mazlarla sifət və bədən naxışlanırdı.
Kişilər nadir quşların lələkləri, pambıqdan naxışlarla bəzədilmiş uzun kvadrat yağmurluq və gödəkçələr geyirdilər. Önlük-yubkalar dizə qədər bədəni örtürdü. Bel maral dərisindən hazırlanmış qeyri-adi düyünlərdən ibarət kəmərlə bağlanırdı. Qol və ayaq dizlərinə sıxılmış bilərziklər bəzək kimi deyil, bədənin hissələrinin əlaqələndirilməsi məqsədilə xidmət edirdi. Muncuq, bahalı daş-qaşlardan (zümrüd, füruzə, nefrit) üzüklər bayram, təntənə əhvaliruhiyysi yaradırdı. Geyimi qeyri-adi bah örtüyü tamamlayırdı: qaşlara qədər sarılmış sarğıya qəribə gözəlliyə malik quşların parlaq lələkləri (qara-sarı, göy-aşıl) möhkəmləndirilirdi. Bu yol gedərkən yuxarı hissəsi kəsilmiş dönmüş konusun titrəməsi, tərpənməsi, təsəvvürünü yaradırdı. Ayaqqağılar isə, bərli-bəzəkli sandallar idi. Kişi tualetinin əsas atributu, qəribədə olsa, güzgü idi.
Zərif məxluq olan qadınların geyimi nisbətən saf idi: uzun yubka, köynək əvəzinə qoltuq altından ikiqat örtük onların ənənəvi geyimi sayılırdı. Mayyalara görə, qadının ən gözəl bəzəyi – ciddiliyidir.
Mayyaların hamısı dinə inananlar idi. Onların təsəvvürlərinə görə, dünya, kainat müqəddəs qüvlərlə örtülmüş mürəkkəb məkandır. Mövcud aləmin yaradıcısı ali allah – Xunab Kudur. Onun İtsamnu adlı oğlu günəşlə eyniləşdirilmişdi. Yağış allahı Çaki, qarğıdalı allahı Yum Kaam, qadın himayədarı İşçel, Kukulkan, ölüm allahı Ax Puç, intihar allahı İştab da fəxri allahlar siyahısına daxil idi. Qədim mayyaların fəlsəfəsinə görə bu allahlar dünyanın məkan-zaman strukturu və təbiət qüvvələrinin tərkib hissəsinə daxildir. Məhz bunlar Kainatı yaratmışlar. Kainat 13 səma və 9 yeraltı dünyadan ibarətdir, yer bunların arasında yerləşir. Kainatın kosmovda mövcudluğunu Dnya ağacı, yerdə isə, monarx təmin edir. Onun sehrli, ritial sayağı hərəkətləri dünyanı yeniləşdirir, ona yeni qüvvələr bəxş edirdi.
Mayyaların dünyagörüşlərinə görə allah və insanlar bir-birilərinin qayğısına qalmalıdırlar. Allahlar insanlara həyat, sağlamlıq, zənginlik, xoşbəxtlik bəxş etdiyi halda, insanlar ona öz güc və enerjilərini, qanlarını verməlidirlər. Bu təsəvvürlərdən qurbanvermə ideyası formalaşır. Qurbanvermə müxtəlif formalarda – gülçiçək, qida, sevimli heyvan və ya bəzək-düzək, sənət nümunəsi, insan qəlbinə yaxın hər şey ola bilərdi. Qurbanvermənin ən ciddi növü dil, bədənin qurşaq hissəsi, yanaq və dodaqların məftillə deşilməsi və qadının qanı hesab olunurdu. Mayyalar dəqiq əmin idilər ki, insan bədənindəki yara fövqəltəbii qüvvələrə, əcdadların dünyasına keçid rolunu oynayır. Məhz bunların köməkliyi ilə ulduz səma cisimlərinin gücü yerə ötürülürdü mayyalar yerlə, kosmosun vəhdətini bu cür təsəvvür edirdilər.
Qurbanvermənin ən amansız növü — ritaual ölüm və hannibalçılıq idi. Bunlar ən böhramlı vəziyyətlərdə (təbiət kataklizmləri, siyasi hadisələr, epidemiyalar və digər bəxdbəxtliklər) yerinə yetirilirdi.
Gündəlik dini ritual hərəkətlərə iyli bitkilərin siqaret kimi çəkilməsi, dualar, duz, istiot, ət, seksdən imtina etmək, dini rəqs və mahnılar təşkil edirdi.
Bütün dini təntənələrə kahinlər (Ax Kinlər – «Günəş adamları») rəhbərlik edirdilər. Kahinlər ciddi iyerarxiyaya malik bir sestemdə fəaliyyət göstərirdilər. Onun başçısı – «cənab ilan» (Axav-Kan-May) adlanan birinci ruhani təşkil edirdi. O dövlətin teoloqu, yazı işlərinin, astrologiya, astronomiyanın magistri idi. Xüsusi kahin məktəblərində o, öz ustalığından Mayya cəmiyyətinin kübar təbəqəsinin gələcək nümayəndələrinə dərs deyirdi.
Bu vəzifə irsi idi. Kahinlərin hamısı adi insanlar kimi geyinirdilər. Yalnız geyimin üstündən pambıqdan çoxsaylı kəmərləri yerə dəyən qırmızı lələklərdən ibarət yağmurluq geyilirdi. Onların əsas atributları başda hündür tac və ilan quyruğundan hazırlanmış çiləciyi hesab edilirdi.
Məbədlər qədim mayyaların əsil tədqiqat mərkəzləri idi. Riyaziyyat, astronomiya, yazını onlar olmeklərdən əxz etmişlər. O zamanlar bu elmlər bir-birilə vəhdət təşkil edirdi. İlk dəfə, məhz mayyalar nömrələnmənin dəqiq sistemini işləmiş və böyük sayların yerləşmə ideyasını tətbiq etmişlər. Bütün varlığın (ulduz, səma cisimləri, insanlar) harmoniyanın kəmiyyət ardıcıllığı, zəruriliyi, stabilliyi qanunlarına tabeliyi astrologiya elminin təşəkkülünə təkan verdi. Mayyaların bürcləri kosmos modelinin təsvirini verir. 13 əsas bürc mövcud idi: Qaban (Oxatan), Maral (Oğlaq), Meymun (Dolça), Yaquar və ekizlər (Balıq), Dələ (Qoç), Qurbağa (Əqrəb), Tutuquşu (Tərəzi) və s. insanın taleyini onun mayalanmasından doğuluşu anınatək təyin edirdilər. Buna öz mürəkkəbliyi ilə fərqlənən astronomik biliklər kömək edirdi.
Mayyaların məişətində təqvim sistemi mühüm yer tuturdu.
Bu xalq olmek ieroqlif yazını yeni ünsürlərlə zənginləşdirərək inkişaf etdirdilər. Mayyaların ieroqlif yazısı fonetik əhəmiyyəti və heca xüsusiyyətləri ilə seçilirdi. Uzun illər bu yazının açılışına nail olunmasa da, lakin 1959cu ildə rus alimi Y.V.Knorozov ilk dəfə onları oxuya bilmişdi. Təəssüf ki, bu yazıların əksəriyyəti XVI əsrdə ispan işğalçıları tərəfindən məhv edilmişdi.
Dövrümüzə qədər gəlib çatmış kitabların əksəriyyəti şərti şəkildə adlandırılan kodekslər idi. Saxlanma məkanların görə, onları Paris, Drezden, Madrid kodeksləri də adlandırırlar. Bunlardan savayı Amerikanın avropalılar tərəfindən işbalının ilk illərində latınca yazılmış bir neçə əlyazması da mövcuddur. Bunlara «Popol-Vux», «Çilan-Balam» aiddir. «Popol-Vux» üç mühüm hissədən ibarətdir: kosmoqonik, mifoloji və antropoqonik hissələr. Bunların mətni mayyaları dini, fəlsəfi və estetik dünyagörüşlərini əhatə edir.
Mayya xalqı özünün şifahi ədəbiyyatını qoruyub saxlaya bilmişdi: mahnı və dualar, nəğmələr sehrli obraz, sirli kosmos qüvvələri obrazlarından ibarət poetik aləmi idi. Mayyaların ədəbiyyatı bizi bu xalqın özünəməxsus təfəkkürü ilə tanış edirdi.
Mayyalar musiqiyə həssas xalq idi. Oxumaq, çalmaq onların həyatının tərkib hissəsini təşkil edirdi. Dövrümüzə qədər onların istifadə etdikləri musiqi alətləri gəlib çatmışdır. Bunların əksəriyyəti müxtəlif növdən olan təbillər, fleyta, tütək, trubalar idi. Musiqi və oxu, adətən rəqsi müşayiət edirdi. Hərbçilərin, yaşlı qadınların rəqslərinin motivləri, hətta müasir günümüzə qədər gəlib çatmışdır. Bu rəqslərin əksəriyyəti gün ərzində həyata keçirilir, bəziləri, hətta yol gedə-gedə oynanılır.
Mayyaların özünəxas teatr, tamaşaları da mövcud idi. Səhnəni kəsilmiş lövhələrdən örtülmüş platformalar təşkil edirdi. Yazılı mənbələr bir çox populyar tamaşaların adlarını xatırlayır. Belələrinə «Ağ ağızlı Quakamayya və ya Yalançı qadın», «Ağbaşlı oğlan», «Kakao hazırlayan», bir də «Rabinal-Açi» dram baleti. Öz formasına görə bunlar yunan faciələrinə bənzəyirdilər.
Mayya mədəniyyətinin mükəmməlliyini memarlıq və rəngkarlıq da sübut edir. Bu xalq unikal tikililərini kobud şəkildə yonulmuş daşdan tikirdilər. Tikililərin fasadları zəngin relyeflərlə bəzədilirdi. Bunların fərqləndirici cəhəti ciddi sadəlik və yüksək proporsiyalıq idi.
Mayyalar öz tikililərinə monumentallığı boş məkan ətrafında meydança, düz küçələrin ansambl şəkldə yerləşdirilməsi ilə həyata keçirirdilər. Bu prinsipdən irəli gələrək bu xalq möhtəşəm şəhər, saray və ehramlar inşa etmişlər. Məbədlər kvadrat planlaşdırmaya malik olmaqla daxili məkan xüsusiyyətlərinə görə zahir ilə vəhdət təşkil edirdi. Mayyaların şəhərlərində rəsədxana, zəfər tağları, monumental pilləkanlar, serpunlar, ritual oyunlar üçün meydançalar mövcud idi.
Tikinti, inşaat prosesində mayya tacları – yalançı tac kimi memarlıq üsullarından da istifadə olunurdu.memarlığı heykəltəraşlıq və rəngkarlıq xüsusiyyətləridə tamamlayırdı. Bunlar mayya cəmiyyətinin reallıqlarını təsvir edirdi. Mayyalar heykəltəraşlıq sənətinin bütün üsullarından – barelyef, qorelyef, dairəvi, modelli həcm və s. bacarıqla istifadə edirdilər. Daşdan savayı balıqqulağı, sümük, ağacdanda istifadə olunurdu. Bir çox heykəltəraşlıq nümunələrini müxtəlif rənglərlə bəzədilirdi.
Mayyaların təsviri sənəti haqqında da çox maraqlı məlumatlar mövcuddur. Xüsusilə, yuxarıda ayını qeyd etdiyimiz kodekslərdə bu haqda informasiyalar mövcuddur. Təsviri sənətdə freskaların işlənilməsi əlamətdar hadisələrdəndir. Xüsusilə, b.e.ə. XIII əsrin sonlarında tikilmiş Bonampaka şəhərinin divar rəsmləri mayya təsviri sənətinin əyani və parlaq nümunələrindəndir. Bu təsvirlərdəki realist və dinamik rəsmlər hadisələrin dramatik gərginliyini ifadə edə bilmişdir. Beləliklə, bütün bunlar itib-getmiş böyük və unikal mədəniyyətin – mayya sivilizasiyasının özünəməxsusluğunu sübut edir.
Atseklərin mədəniyyəti. B.e.-nın X əsrinin sonlarında mayyaların nəhəng mərkəzləri süquta uğradı. Bu zaman Kolumb dövrünə qədər ki, Mezoamerikaya sonuncu sivilizasiya daxil olur. Bu sivilizasiyanı yaradanlar asteklər (1200-1521) idi. Onlar özünü şöhrətli rəhbərləri Meşitlinin (Meşi) meşika adlandırırdılar. Deyilənlərə görə, o, bu xalqa özlərinin əfsanəvi vətəni olan Astlanı tərk edənə qədər rəhbərlik etmişdir. Vətənin adına görə, bu xalqı atseklər («Astlan adamları») adlandırırlar. Həmin ada görə bu gölün ortalarında yerləşmiş bir ada idi. Meşiklər burada 1068-ci ilə qədər yaşamışlar. Meşiklərin hansı səbəbdən səkkiz qohum tayfalarla cənuba irəliləməsi haqqında indiyədək heç bir dəqiq məlumat yoxdur. Əldə olunan məlumatlar bunu onların baş tayfa allahı olan Uittsilopoçtlinin tayfa başçılarına kaktus üstündə oturmuş halda ilan yeyən qartalın yerləşdiyi yerə qədər getmək haqqındakı əmri ilə izah edilir.
Meşiklər əzab-əziyyətli yol getdikdən sonra duzlu Teskoko gölündəki bataqlıqlı adaya gəlib çatır. Onlara hirsli Uittsilopoçtli kömək edir. Onlara hərbi ruhu yeridən Uittsilopoçtlinin köməkliyi ilə tayfalar Mexiko düzənliyinə gəlib-çatır və burada sıx şəkildə məskunlarışlar.
Burada onlarla şəhər yerləşir və torpaq uğrunda gərgin mübarizə başlayır. Meşiklər də bu mübarizəyə qoşulurlar. Onlar burada mövcud olan bütün xalqları özlərinə tabe etməyə çalışır, mədəniyyətlərinə yiyələnməyə çalışırlar. Özlərinin hərbi bacarıqlarını, yüksək adaptasiya xüsusiyyətləri, diplomatiyaya görə möhkəm qüvvəyə çevrilərək Teskoko rayonunda öz mövqelərini gücləndirirlər.
Bu zaman meşiklərin rəhbəri Tenoç idi. Bu rəhbərin şərəfinə onlar tenoçlar da adlandırılmağa başlayır. Tenoçların məskunlaşdıqları yer isə, Qlenoçtitlan adlandırılmağa başlayır. İki görkəmli rəhbərlərin Meşi və Tenoçun adı şəhərlərin adında əbədiləşdirilir. Atseklərin mədəniyyətinin əsası allahın şərəfinə məbədin inşası ilə başlayır. Bu hadisə, həm də inşaat sənətinin təşəkkülünə təkan verdi ki, nəticədə Tenoçtitlan böyük şəhər olan Mexikoya çevrilir. Şəhərin genihlənməsinə mane olan əsas problemlərdən biri quru yerin az olması idi. Lakin atseklər bu problemin öhdəsindən məharətlə gəlirlər.
Tenoçtitlan fantastik gözəl şəhər idi. Gölün mavi – qar kimi ağ binalar ucaldılmışdı. Bunlar qızıl və qiymətli zinətlərlə bəzədilmiş çoxmərtəbəli ehramlar idi: beşmərtəbəli saraylar, barelyef, heykəl nümunələri, freskalarla bəzədilmiş, giriş hissədə möhtəşəm pilləkənlər mühüm yer tuturdu. Şəhər yaşıl bağlara qərq olmuşdur.
Tenoçtitlanın ən mötəbər yerlərindən biri nəhəng məbəd kompleksi idi. Onun adı Koatokalli (müxtəlif allahların evi) idi. Bu atseklərin özünəxas panteonu idi. Şəhər sakinləri ilahi qüvvələrə çox inanırdı. Ən ali ilahi 13-cü səmada yerləşən Ometeotl hesab edilirdi. O, insan həyatına qarışmadığından asteklər öz dualarında məşhur «Meksika üçlüyünə» — Kettsalkoatlu, Teskatliploka və Uittsiolopoçliyə müraciət edirdilər. Ən mötəbər allahlardan biri də yağış allahı Tlalok və onun arvadı Çalçiuitlikue idi. Bu məşhur məbəd onlara ithaf olunmuşdur.
Tenoçtitlan, həm də dünyanın ən iri şəhərlərindən idi. Şəhər sakinlərinin sayı 300 mini əhatə edirdi. XV əsrin əvvəllərində bu şəhər üç şəhərin – Tenoçtitlan, Teskoka, Takubanın hərbi konfederasiyasının mərkəzinə çevrilir. Tezliklə o, yeni imperiyanın mərkəzi olur. Belə ki, şəhər bir çox xalqlar – taraska, sapotek və d. üzərində ağalıq edərək, özünəməxsus idarəetmə üsulu, atsek qarnizonunu yaradır.
Tenoçtitlanda cəmiyyət kalpulliyə, yəni sosial qruplara bölünür. Bunların üzərində atsek şurası (Tlatokan) dururdu. O, atsek dövlətindən altı ali nümayəndə seçilirdi. Bunların içərisində başçı «bütün insanların birincisi» (tlakatekutli) hesab edilirdi. O, öz əlində ali hakimiyyəti – dini, hərbi, siyasi hökmranlığı cəmləşdirirdi.
İctimai pillənin aşağı təbəqəsini sanovnik tuturdu. Sanovnik ekzotik olan «ilan qadın» (siuakoatl) titulunu daşıyırdı. O, ali hökmdarın «müavini» rolunu oynayırdı. İmperatorun olmadığı vaxtda onun funksiyalarını siuakoatl həyata keçirə bilərdi.
Tenoçtitlanda hərbi, məhkəmə və təsərrüfat işləri ilə məşğul olan xüsusi departamentlər fəaliyyət göstərirdi. Onların idarəolunması ilə çinovniklər məhğul olurdu. Atsek cəmiyyətində kahinlik mühüm rol oynayırdı. Beş minə yaxın ruhani gündəlik dini mərasimi yerinə yetirirdi. Onlara iki ali tlatoani (natiq) başçılıq edirdi. Bunlardan biri atseklərin baş allahının kahini Uittsilopoçtli, digəri Tlaloka kahini idi.
Hakimiyyət iyerarxiyasının bütün bu pillələri şəhərin aristokratiyasına aid idi. Onun nümayəndələrinin adının ön hissəsinə «tsin» söz hissəciyi əlavə olunurdu. Bu söz ali cənablığın əlaməti hesab edilirdi.
Əhalinin əsas hissəsini təsərrüfatçılar və sənətkarlar (azad cəmiyyət üzvləri — masexuali) təşkil edirdi. Torpaq kollektiv mülkiyyətində idi. Torpaq bölgüləri ömürlük mülkiyyətə çevrilmiş, əvvəlcə ailə başçısı, sonra isə, böyük oğula ötürülürdü.
İxtisasa görə masexualilər müəyyən kvartallarda yaşayırdılar. Əhalinin ən kasıb hissəsi heç bir torpaq bölgüsünə haqqı olmayan kəndlilər idi.
Cəmiyyətdə yüksək yer tutanlar tacirlər (poçteklər) idi. Onlar şəhər əhalisinin çox hissəsini təşkil edirdi.atsek tacirləri şəxsi kvartal, mərhələlərə malik idilər. Onların birliyi orta əsrlərin ticarət gildiyalarını xatırlayırdı. Onlar, həm də ticarətin ayrı-ayrı növlərinin inhisarçıları idi. Ona görə bu tacirlərə «ticarətin ağaları» -poçtekatlatoxkeklər deyirdilər.
Ticarət işində atseklərin pul funksiyasını qızıl qumla doldurulmuş quş lələklərinin özəyi və qiymətli minerallar (nefrit, füruzə və digər yaşıl daşlar) yerinə yetirirdi. Pulun digər ekvivalenti kakao məhsulları idi. Bunlardan içinə vanil, bal və aqavanın şirəsi qatılmış müqəddəs içki sayılan şokolad («ürək və qan») hazırlanırdı.
Atsek cəmiyyətində fəxri peşələrdən biri hərbçilik idi. Bunun əsas səbəbi onun siyasi hadisə olmaqla yanaşı dini ritual məqsədi daşıması ilə izah edilirdi. Allaha xidmətin bir növü kimi müharibə qan tələb edən ən kütləvi və gözəl adətlərdən biri idi.
Atseklərin düşüncəsinə görə dünya dini mübarizə əsasında yeniləşir, ona görə də zorakılıq şeylərin nizamlanmasının təbii yoludur. Bu tezis atseklərin «çiçəklərin müharibəsi» (1450-1519) fəlsəfəsində də öz əksini tapmışdı.
Atseklərin güclü ordusu mövcud idi. Silah daşımağı bacaran bütün kişilər əsgərlər sırasına daxil idi. 15 yaşdan etibarən oğlanlara hərb sənəti öyrədilirdi. Atseklərin əsas silahları ox və kaman, balaca oxlar idi. Yaşından asılı olmayaraq bütün kişilər uşaqlara xas saç düzümünə malik olmalı idi. Bu tələb sülhün qorunmasına xidmət məqsədilə, bir əsirin tutulmasına, təhvil verilməsinə qədər qüvvədə idi.
Tenoçtitlanda insanın qurban verilməsi təsadüfi deyil, ardıcıl şəkildə yerinə yetirilirdi. Ən böyük mərasim «Yeni od» adəti hesab edilirdi. O, hər 52 ildən bir keçirilirdi (Dövrləşmənin əsas səbəbi dünyanın ölməsi haqqında təsəvvürlərlə bağlı idi). Mərasimin keçirilməsində başlıca məqsəd Günəşin yenidən doğuşuna kömək etmək, kosmosun növbəti dövrləşməyə hərəkətini təmin etmək idi. Bu mərasimin kulminasiyasını qurbanın ürəyinin sönən odun üstünə atmaq və yeni alovun başlamasına təkanın verilməsi idi. Alovun başlaması yeni dünyanın yaranmasının təcəssümü idi.
Digər bayramlardan biri də kosmosun yaradıcılarından hesab edilən Teskatliploka həsr edilmiş Tokskatl bayramı idi. Hərbi əsirlərdən fiziki cəhətdən kamil bir kişi seçilir. O, böyük allahın rolunu oynamalı olur. Bir il ərzində ritorika və digər dərslər keçir ki, Teskatliplok allahının obrazını yarada bilsin. Lüt, rəqs və oxuyan Teskatliplok allahı şəhər boyu öz əsabələri ilə gəzir. Ona verilmiş dörd arvadı (nəsilartırma ilahəsi) öz istəyi ilə məbədin uca hissəsinə qalxmaqla kahinlərinə verir. Bu adət bir daha aşağıdakı həqiqəti təsdiqləyir: heç kim xoşbəxtlik, sağlamlıq və var-dövlətin itirilməsindən xali deyildi!
Bütün bunlardan elə nəticə çıxartmaq olmaz ki, atseklər hər zorakılığa susamış təcavüzkar xalqdır. Məişətdə bu xalq qonaqpərvərliyi, qeyri-adi əməksevərliyi ilə fərqlənirdi.
Bütün mezoamerika xalqları kimi atseklər də yazıya malik idilər. Onların da içərisindən görkəmli riyaziyyatçı və astronomlar, mühəndis və memarlar, aqronom və dulusçular, həkim və rəssamlar, heykəltəraş, aktyorlar çıxmışdı. Onların gözəlliyə, nitq mədəniyyətinə öz münasibəti vardı.
Atseklərin nitqi rəngarəng və eleqantlı, mentaforil və ritorik üslublarla zəngin idi. «Qədim söz» adlı anlayış çıxışlar, bayram və xüsusi hadisələrlə bağlı nitqlərdə tətbiq edilirdi. Buna həm də atseklərin gündəlik məişətinə xas olan tapmacalar da daxil idi. Tapmacaların düzgün cavablandırılmasından insanın sosial zümrəsi müəyyən olunurdu.
Atsek cəmiyyətində qədim ənənələrini mühafizə edən xüsusi intellektual qruplar da mövcud idi. Onları «əşyaların biliciləri», yəni tlamatinlər adlandırırdılar. Tlamatinləlrin nailiyyəti qəddar hərbi, mistik-hərbiyə qarşı allahlara xidmətin düzgün yolunun müəyyənləşməsi təyin edirdi. Yüksək səviyyəli poemaların, estetik işlərin yaradılması belə nailiyyətlərdən idi.
Tlamatinlər rəssamlar, heykəltəraş, filosoflar, musiqiçilər də ola bilərdi. Çünki onların hamısı Kainatın sirrini axtaranlardır. Atsek mədəniyyətinin hər bir sahəsində bu sənət fəlsəfəsinin elementlərini tapmaq mümkündür.
Atseklərin yetkin ədəbiyyatı da mövcud idi. Onlar janrlar üzrə inkişaf etmişlər. Bunlardan ən geniş yayılanı tarixi nəsr idi: miflərlə reallıqların vəhdəti əsasında yazılmış yazılar ədəbiyyatda mühüm yer tuturdu. Öz populyarlığı ilə epik əsərlər başlıca əhəmiyyət kəsb edirdi. Didaktiv traktatlar nəsrin rəngarəng növlərindən biri idi. Bu nəsr nümunələrinin mətnində əxlaqi meyarlar, mənəvi prinsiplərin möhkəmləndirilməsi güclü idi. Atsek dramının özəyi müxtəliy allahların ayinləri ilə bağlı idi. Atsek ədəbiyyatında poeziya da başlıca yer tuturdu. O, daha çox dini səciyyə kəsb etdiyindən müəllifin fərdi psixologiyası çox zəif formada təzacür edirdi. Məhəbbət mövzusu, demək olar ki, yox dərəcəsində idi. Atsek poeziyasını «allahın nəğmələri» (qarğış, allaha çağırış, müraciət), hərbi nailiyyəti əks etdirən «hərbi» mahnılar, qadın və uşaq mahnıları və s. təşkil edirdi.
Poeziyanın incisi fəlsəfi janr idi. Onun əsas motivini insan həyatının qısalığı təşkil edirdi. Bu janrın görkəmli nümayəndəsi Koyot (1418-1478) idi. O, kütləvi poetik və fəlsəfi festivalların təşkilatçısı idi.
Poetik qabiliyyət atsek cəmiyyətində fəxri səciyyə kəsb edirdi, hətta o, dövlət işi ilə eyni səviyyədə dərk olunurdu. Ona görə də, təhsil və tərbiyə bu mədəniyyətdə başlıca yer tuturdu. Artıq XVI əsrdə burada savadsız bir meksikan uşağına rast gəlinməzdi.
Ölkədə bütöv bir pedaqoji sistemə malik iki tipli məktəb mövcud idi. Bunlar kütləvi məcburi xarakter kəsb edirdi: 15 yaşına çatmış gənc bacarığına görə tədris müəssisəsində təhsilə cəlb olunurdu. Birinci tipdən olan məktəb Telpoçkalli adlanaraq burada vuruşmaq və əməklə məşğul olmağın sirrləri öyrədilirdi. Əsas fənlərə hərbi iş, kanalların tikilməsi, bənd və möhkəmləndirmə işlərinin öyrənilməsi daxil idi.
İkinci tipdən olan məktəblər Kalmekak adlanaraq müqəddəs yerlərdə təşkil olunaraq daha çox intellektual inkişafına xidmət edirdi. Burada oxu, hesab, yazıdan əlavə, riyaziyyat, astronomiya, astrologiya öyrədilirdi. Hagirdlərə idrakın iki xarakteri – əqlin riyazi tərzi və dünyanı incə düyğularla qavrama bacarığı aşılanırdı. Gənc oğlan və qızlar fərdi və yüksək ciddiyyətlə tərbiyə olunurdu. Təhsil və tərbiyənin əsas məqsədi müdrik zəka, möhkəm qəlb aşılamaq təşkil edirdi. Bu atseklərin ideal insan haqqında təsəvvürlərinin təzahürü idi.
Atseklərin özlərinə xas qanunvericiliyi mövcud idi. Sərxoşluq ən ağır cinayət hesab edilərək ölümlə cəzalandırılırdı. Yalnız bəzi dini bayramlarda 70 yaşına çatmış kişilərə spirtli içkilər qəbul etməyə icazə verilirdi. Oğurluq isə ya cəzalandırılır, ya da oğru edənin qula çevrilməsi ilə nəticələnirdi.
Tenoçtitlan ispanların 1519-1521-ci illərdəki işğalı ilə süquta uğradı. Atseklərin mədəniyyəti «sivil» avropalılar tərəfindən darmadağın edildi. Bu dağılmışşəhər üzərində müasir Mexiko salındı.
Müəllif: Leylaxanım Atakişiyeva- ADMİU-nun baş müəllimi, sənətşünaslıq namizədi;
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1