Tariximiz qədim, köklü olsa da, Azərbaycanın qədim mədəniyyət tarixinin çoxqatlı dərinlikləri barədə danışanda əlimizdə kifayət qədər faktlar olmur. Məşhur deyimdir ki, babalarımız böyük hünər göstərib tarix yaratdıqları dərəcədə kitab yazmayıblar. Böyük tariximiz daha çox dastanlarda, habelə şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında, aşıq yaradıcılığında, muğamatda ifadəsini tapıb. Azərbaycan-Türk mədəniyyətinin, yaradıcı, özünəməxsus fikrinin daha çox poeziyada və musiqidə ifadə olunması qədim mədəniyyətimizin halı barədə müəyyən təsəvvürə gəlməyə imkan verir.
Professor Qəzənfər Kazımov Şumerlər yönündə araşdırmasında bildirir ki, Azərbaycan ərazisi sakinlərinin İkiçayarası ilə əlaqələri çox qədimdən — neolit dövründən (e.ə.VII-VI minilliklər) başlamışdı. Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün neolit dövrü ərzində olub.
Naxçıvanın I Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılıb.
Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Ubeyd mədəniyyəti materiallarında öz əksini tapıb. Ubeyd boyalı qab nümunələri Güney Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılıb. Uzun müddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Ubeyd təbəqələri üçün tanınan bir ölkə olub və yəqin onların diqqətini cəlb edib. Araşdırmaçılar bu qənaətdədirlər kim, Azıx mağarasının bəşərin təşəkkülündə rolunu və digər tərəfdən, şumerlərin İkiçayarasına Azərbaycan ərazilərindən getdiyini nəzərə aldıqda əksinə düşünmək daha düz olar (tarixçilər bunu nəzərə almalıdır) və hər iki halda əlaqələr göz önündədir, hər iki ərazi əhalisinin bir kökdən olması inamı daha güclüdür. Bu əlaqələr yaşayış düşərgələrindən, qəbirlərdən tapılan maddi materiallarla da təsdiq olunur. Orta tunc dövründə (III minilliyin son rübündən II minilliyin ikinci yarısınadək) Şumer-Azərbaycan əlaqələri daha da genişlənir. Araşdırmaçılar hesab edir ki, həmin tarixi mərhələdə Azərbaycan ərazisinin bir hissəsi (cənubu) onun əhalisi ilə birlikdə Şumer-Akkad mənbələri orbitinə düşür. Bu mənbələr isə bizə müharibələr, e.ə.III minilliyin son üç əsrində Azərbaycanda, ona qonşu olan vilayətlərdə baş vermiş hadisələr, orada yaşamış tayfaların adları və s. haqqında ilkin məlumatlar verir. Kutilər, lullubilər, hurrilər haqqında ilk məlumata bu mənbələrdə rast gəlinir. Akkadların İkiçayarasını işğalından sonra bu münasibətlərdə dəyişiklik əmələ gəlmişdi. Zaqroş dağlarında və onun şərqində yaşayan kaslar və lullularla İkiçayarası münasibətlərindən danışarkən (onları «düzənlik əhalisi» və «dağlılar» deyə fərqləndirməklə) Oppenheym yazır: «Ancaq çox nadir hallarda dağ əhalisi ilə əlaqələr mehriban xarakterdə olurdu. Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi.
Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bəzən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar. Babillilər Şumer ənənələrini davam etdirərək mədəni təsir göstərməyə çalışırdılar.
Q.Kazımov araşdırmalara belə münasibət bildirir: «Əvvələn, bu dövr Babil hakimiyyəti dövrüdür və artıq şumerlər hakimiyyətdə deyil. İkincisi, babillilərlə dağ əhalisi — lullubilər ərazi etibarilə çox yaxındır, münasibətlər yaxşı olsa, dağlar İkiçayarası üçün bufer zonadır. Üçüncüsü, dağ əhalisi-lullubilər və kaslar (kassilər) da sivil dövlət yaratmışlar və işçi qüvvəsi, qul kimi işlətmək üçün və ya şəhərləri, əhalini dolandırmaq üçün tez-tez Babilə hücumlar edirlər (halbuki bizim tarixçilər e.ə.I minillikdən tez Azərbaycan ərazisində dövlət tanımırlar). Şumerlərin qonşuları müxtəlif tayfalardan ibarət idi. İkiçayarasının şimalında sami tayfalarından olan akkadlar yaşayırdılar. Akkadlar fərqli şivələrdə danışırdılar. Tədricən onlardan assurlar və babillər əmələ gəlmişdir. İkiçayarasına yaxın mövqedə — Güney Azərbaycanın qərbində kuti tayfaları məskunlaşmışdı. Kutilər ilə qonşuluqda, Urmiya gölünün cənubunda — Güney Azərbaycan ərazisində lullubilər yaşayırdılar. Lullubi hakimi Anubanini öz hakimiyyətini Zaqroş dağlarına qədər genişləndirmişdi. Kutilərin və lulluların bir qismi III minilliyin əvvəlindən İkiçayarasında da məskunlaşmışdılar».
Oppenheym yazır: «Lullubilər (lullu) də kutilər kimi dağ xalqı idilər… Qaya üzərində tapılmış İştarın təsviri və yazı göstərir ki, lullibilər akkadların ilk dövrlərində Mesopotamiya ilə əlaqəni müdafiə edirdilər». Q.Kazımov tarixi mənbələrə əsaslanaraq bildirir ki, Şumerlərin birliyinə baxmayaraq, ətrafda böyük təhlükə yaranmışdı. İkiçayarasının şimal hissəsində sami tayfalarından güclü Akkad dövləti meydana gəlmişdi. E.ə.2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (akkad dilində Şarrumkenu- həqiqi, qanuni hökmdar) (e.ə.2316-2261) Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50 Şumer hökmdarı məğlub olur. Sarqon Şumeri işğal edir. Şumer-Akkad dövləti yaranır. Akkad şəhərini də o saldırıb. Onun nəvəsi Naram-Suenin hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad arada itirdiyi qüdrətini yenidən bərpa edir. Naram-Suen özlərinə yaxın ərazidə yerləşən kuti və lullubilərlə də döyüşməli olur. Şarkalişarrinin (e.ə. 2200-2175) dövründə kutilər, elamlılar və samilər Akkad dövlətini tez-tez təhlükə altında qoyur.
Kuti (quti) hökmdarı Elulumeş (e.ə.2177-2171) e.ə.2175-2172-ci illərdə Akkadı qəti məğlubiyyətə uğradır. Hökmranlıq kutilərin əlinə keçir. Kutilər öz yazılarını akkad dilində tərtib edir və Şumeri canişinlik şəklində idarə edirlər. Kutilər yüz ilə qədər orada hökmranlıq etmişlər. 21 kuti hökmdar adı məlumdur. Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən olduğu barədə fərziyyələr var.
Oppenheym göstərir ki, «Bu xalqın öz dili vardı». Uruk hakimi Utuhenqal son kuti hökmdarı Tirikanı məğlub edərək (e.ə.2104) hakimiyyəti ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin tezliklə — e.ə.2097-ci ildə Utuhenqal sui-qəsdlə öldürülür və Ur şəhər hakimi Ur-Nammu öz oğlunu Uruka ensi təyin edir. Ur-Nammu (e.ə.2112-2103) III Ur sülaləsinin başçısı idi. Onun başçılığı ilə Şumer dövləti yenidən fəaliyyətə başlayır. Bu, sonuncu Şumer dövləti idi. Ur-Nammudan 100 il sonra — e.ə. 2003-cü ildə — III minilliyin sonunda elamlıların Ur şəhərinə basqını ilə Şumer və Akkadın minillik tarixi başa çatır: «Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə olmuş, lullubilərlə qardaşlıq münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər idarə olunub. Bu, hər iki ərazinin az qala birliyidir — mədəni, iqtisadi, siyasi birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir».
Mənbə: Xalq Cəbhəsi qəzeti