Koreya mədəniyyəti

Koreya mədəniyyəti

Koreya qədim mədəniyyətə malik ölkədir. Koreya tarixini başlanğıcı b.e.ə. 2333-cü ilə – əfsanəvi hökmdar Tanqunun dövrünə təsadüf edir. O, allahın oğlu kimi qəbul edilib Çoson dövlətinin, yəni «Səhər təravəti ölkəsi»nin banisi hesab edilir. Tarixi faktlar sübut edir ki, b.e.ə I əsrdə bu ölkədə Koqurye, Pekçe və Silla dövlətləri də mövcud olmuşdur. VII əsrin ortalarından Silla bütün Koreya yarımadalırını birləşdirdi. Koreya vahid ölkə səciyyəsi kəsb etməklə özünün siyasi və mədəni özünəməxsusluğunu qoruyub saxladı. Mədəniyyətin çiçəklənməsi Koqurye dövrünə (X – XIV əsr) və Çoson (XIV – 1910 il) dövrünə təsadüf edir. Koreya uzun müddət Yaponiyanın hökmranlığı altında olmuş və II Dünya müharibəsindən sonra iki dövlətə – Koreya Xalq Respublikası və cənubda Koreya Respublikasına bölündlü.
Koreyanın bədii mədəniyyəti dinin təsiri altında olmuşdur. İlk çağlar ruhlara sitayiş (şamanizm və ya musok), sonralar isə Konfutsiçilik, buddizm, ən başlıcası Mahayanının təsiri özünü təzahür etdirirdi. Silla dövləti zamanı buddizm, Çoson dövründə isə konfutsiçilik üstünlük təşkil edir.
Koreyanın yazılı ədəbiyyatı hələ Silla dövründə – VIII əsrdə yaranmışdır. Onun əsası idu vasitəsilə həyata keçirildi. Bu, koreya danışıq dilinin Çin ieroqlifləri ilə ötürülməsi demək idi. Müasir günədək idu ilə 25-dən artıq şer gəlib çatmışdır ki, bunlar da xaynqo adlanırdı.
Kopye sülaləsi dövründə «Kaye mahnıları» janrı daha populyar idi. Bir qədər sonrakı dövrdə bu sülalənin daha yeni bir lirik poeziya janrı – siçco meydana çıxdı. Bir qayda olaraq siçco hər hansı bir fikir və hissin üç misra ilə çatdırılmasını nəzərdə tutur. XV əsrdə xanqıl əlifbasının kəşfi məhəbbət lirikasının rəngarəng növlərinin meydana çıxmasına səbəb oldu.
Çoson dövrünün orta mərhələsində kasa adı altında doğma dildə peyzaj lirikası janrı geniş vüsət tapmağa başladı. Zərif şerlərdəşairlər doğma təbiətin gözəlliklərini vəsf edirdilər.

Yazılı ədəbiyyatın inkişafı və kitab nəşri VIII əsrə təsadüf edir. 751-ci ildə ksiloqrafik üsul ilə buddaya dair təsvir – «Daharapi-sutranın təmiz havası» adlı əsər çap edilir.
Rəngkarlığın erkən nümunələri öz təzahürünü Koqurye sülaləsinə aid sərdabələrin divar təsvirlərində tapmışdır. Bu abidələrə Mancuriyanın cənubunda Phenyanın alt hissəsində (III – IV əsr), Kyonca (VI əsr) ərazilərindədir.
Korye dövrü buddizmin çiçəklənməsinə aid olub, Koreya təsviri sənətinin «qızıl əsri» adlandırılır. Bu dövrün rəssamları ecazkar məbəd freskaları, budda kitablarına illüstrasiyalar, müasirlərinin portretlərinin, həmçinin «dörd möhtəşəm hakimin», gavalı, səbləh, payızgülü və bambukun təsvirinəbaşlıca yer vermişlər.
Çoson sülaləsi dövründə konfutsiçiliyin hökmranlığı ilə əlaqədar çin rəngkarlıq kanonları daha çox qabardılmaba başladı və bu uzun müddət (XVIII əsrə qədər) davam etdi.

İncəsənətin mühüm növü olan Koreya memarlığında iki əsas üslub başlıca yer tuturdu: birincisi, sarayməbəd üslubudur ki, burada çin kanonlarının güclü təsiri özünü göstərirdi; ikincisi isə xalq üslubudur ki, buraya adi insanların mənzil tikililəri aid edilir. Sadə insanların mənzil tikililəri üçün samandan çardağın salınması ənənəvi səciyyə kəsb edirdi. Varlılar isə böyük və gözəl evlər tikməklə yanaşı, çardaqlarını kirəmitlə döşəyirdilər ki, bu da evə xüsusi gözəllik bəxş edirdi. Memarlıqda təbiət landşaftına çox böyük üstünlük verilirdi. Bir çox budda monastrları təbiət qoynunda inşa edilmişdir. Bunların, xüsusilə, dağ döşlərində tikintisi xüsusi peyzajın yaradılmasına geniş imkan açırdı.
Koreya heykəltəraşlığına qədim fiqurları nümunə göstərmək olar. Məsələn, Panqude (Şimali Konsan əyaləti) qayası üzərində yonulmuş fiqurlarını, neolit dövrünün tapıntıları olan daş və sümükdən insan, heyvan fiqurları göstərmək olar. Bürüncdən hazırlanmış fiqurlar isə bürünc dövrünün məhsulları hesab edilir. Yalnız «üç dövlət»in hakim olduğu zamanlarda heykəltəraşlıq sıçrayışəldə etdi. Bu dövrdə buddaya həsr olunmuş heykəllər məbəd və paqodalarda üstünlük təşkil etməyə başladı. Budda heykəllərinin ən gözəl nümunələri VIII əsrdə Gönçə yaxınlığındakı Sokkuram mağara məbədində qalmaqdadır.
XIV əsrin sonunda Çoson sülaləsinin hakimiyyəti dövründə heykəltəraşlıq tənəzzülə uğradı. Hələ qədimdən koreyalılar metalın aşılanması üzrə məşhur idilər. Koreya ərazisində bürüncdən hazırlanmış bir çox məhsullar – güzgü, balta, bıçaq, zəng, orijinal həndəsi və zoomorf ornamentlərlə bəzədilmiş zinət əşyaları bürünc mərhələsinə təsadüf edir. Metalların aşılanması sənəti dəmir dövrünün ilk mərhələsinə təsadüf edərək «üç dövlət» hakimiyyəti çağlarında özünün kamillik səviyyəsinə çatmışdır. Silla dövrünün əşyaları kolleksiyaları tac, sırğa, boyunbağı bel kəməri və s. öz unikal bəzəyi ilə, zərifliyi ilə seçilirdi. Tacların bəzədilməsi xüsusi, unikal sənətkarlıqla yerinə yetirilirdi; dalğavari cizgi və xətlər, relyef ornamentləri, qızıl simlərlə bir-birinə calaqlaşdırılmış yarpaqcıqlar zinyət əşyalarına xüsusi gözəllik verirdi. Zənglər öz zahiri görünüşü və səslənməsinə görə məşhur idi. Belələri məbədləri bəzəyi kimi böyük dini və estetik əhəmiyyət kəsb edirdi. Belə zənglərin biri VIII əsrin sonlarında tökülmüş «Emille zəngləri» kimi məşhur olan məbəd zəngləridir. Bu zənglər lotos formasında gözəl medalyonlarla, həmçinin su pəriləri, çiçək təsvirləri ilə bəzədilmişdir.
Koreya keramikası da məşhur idi. Bu sənətin özünün dərin ənənələri mövcuddur: neolit dövründə qədim dulusçuluq qabları, xüsusi imzalarla bəzədilmiş vazaların hazırlanması və s. Neolit dövrünün erkən keramikası dar qablarda paralel xətt və nöqtələrlə bəzədilmiş təsvirlərdən ibarətdir. Bir qədər sonra rənglənmiş gildən fiqurlar yaradılmağa başladı. Bu qədim keramik məhsullar sərbəst tərzdə, orijinal formada, özündəşamanizmi nümayiş etdirirdi. Silla dövrünün keramikasnda qəlibçilik metoduna daha çox üstünlük verilirdi.
Dulusçuluq sahəsində yüksək inkişaf dövrü XII – XIII əsrə təsadüf edir. Bu zaman Koreya sənətkarları mavi-yaşıl rəngli kaşıdan istifadə və bunların məhsul üzərində təsvirinə yer verdilər. Bu texnika Koreyaya Çindən daxil olmuşdur.
Çoson sülaləsi dövründə keramikada aparıcı mövqeyi kobalt təsvirləri ilə ağ çini üzərində nəqşlər təşkil edirdi. Bu texnika indiyədək öz varlığın saxlamaqdadır. Bu üsulla müasir yemək, çay dəstləri hazırlanır.

Qədim Koreya musiqi mədəniyyəti iki kateqoriyadan ibarətdir: çxanok (cəmiyyətin yüksək təbəqələrinin musiqi ənənələrinin toplusu) və sonak (sadə insanların musiqisi). Çxanok melodiyaları, bir qayda olaraq, asta, təntənəli və uzun musiqi frazalarını birləşdirən mürəkkəb kompozisiyalardan ibarətdir. Bunlardan müasir dövrümüzə qədər gəlib çıxan «Suçceçxon» pyesidir. Qədim dövrdə onlar saray təntənələri, bayramlarında ifa olunurdu.
Xalq musiqisi isə, özündəşaman nəğmələrini əhatə edərək sançco janrını (zərb alətləri musiqisi) və pxansorini (musiqili dram) yaradırdı.
Musiqinin bir sahəsi olan rəqslər Koreyada bir neçə növdür: şaman, saray, xalq və maskalarla rəqs. Xoreoqrafik çiçəklənmə buddizminin hökmranlığı dövrünə təsadüf edir. Bu rəqslərin ifası zamanı əsas diqqət tamaşaçıya ekstaz, vəch hissini çatdırmaqdır. Hərəkətlərin plastikası qeyri-cismani hesab edilirdi. Yaponların əsarəti dövründən başlayaraq həmin rəqslər tənəzzülə uğramışdı. Kommu (qılıncların rəqsi), xanmu (durnaların rəqsi), çxunenmu (yazda oxuyan bülbüllərin rəqsi), çxunyançcmon rəqsləri, «mədəniyyət dəyərləri» silsiləsinə aid olan sərvətlərdəndir.
Koreya teatrının daha qədim köklərə gedib çıxdığını göstərmək lazımdır. Belə ki, bu teatr ibtidai dövrün dini ənənələrinə söykənir. Teatrın ayrılmaz tərkib hissəsini isə, musiqi və rəqs təşkil edirdi. Bunun ən parlaq nümunəsi txalcum – yəni maskalarda komediya tamaşalarıdır. Bunlar pantomima və rəqsləri xatırladır. Daha geniş vüsət tapmış mahnı-dramatik tamaşalardan pxansorini göstərmək olar. Bu tamaşa populyar süjetlər əsasında hazırlanırdı. Küçə aktyorlarının ifasında kukla teatr tamaşalarını da göstərmək olar. Kut adlı zamam mərasimləri də dini xarakter kəsb edərək əyləncəvi mahiyyətə malik idi.

Müəllif: Maral Manafova
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

Top