İndoneziya bir neçə xırda adaları əhatə edir. Adada yaşayan xalqların, etnik qrupların öz dili, mədəniyyəti, incəsənəti, adət – ənənələri mövcuddur. Onun ərazisinə Kalimantan, Sumatra, Sulavesi, Yava, Madura daxil olan Böyük Zond adaları və Kiçik Zond adaları – Bali, Lombok, Sumbava, Sumba, Flores, Timor adaları, Molukka adaları, Yeni Qvineya adalarının qərb hissəsi daxildir. İndoneziya inzibati cəhətdən 20 əyalətə bölünmüşdür. İndoneziyanın ərazisində 150-dən çox xalq yaşayır. Onun ərazisində ibtidai – icma adət – ənənələrini saxlayan xalqlar və tayfalar da yaşayır.
İndoneziya ərazisində Aşağı, Yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. II – V əsrdən başlayaraq İndoneziyada məhsuldar qüvvələr inkişaf etməyə Tarum, Kalinq, Malayya, Şirvicayya kimi erkən dövlətlər formalaşmağa başladı. XIII əsrdə arxipelaqın əksər hissəsini əhatə edən böyük imperiya möhkəmləndi, Yavadakı, Macapani dövləti ilə birləşdi, lakin XVI əsrdə İndoneziya müsəlman sülalələrinin başçılıq etdiyi kiçik dövlətlərə bölündü. Avropalılar isə İndoneziyanı XIX əsrin sonu- XX əsrin əvvəllərində, demək olar ki, işğal etdilər. 1941 – 42-ci illərdə İndoneziyanı Yaponlar işğal etdi. 1945-ci il avqustun 17-də İndoneziya azadlığa çıxdı və müstəqil, unitar İndoneziya Respublikası elan olundu. İndoneziya aqrar ölkə idi, 1940-ci ildə aparılan hesablamalara görə əhalinin yalnız 6%-i savadlı idi. Yalnız 1961-ci ildən etibarən ibtidai təhsil məcburi oldu. 1977-ci ildə ölkədə 28 dövlət universiteti, 23 özəl universitet fəaliyyət göstərirdi. Məsələn, Cakarta şəhərində İndoneziya Universiteti, Cokyakartada Qaca – Mada Universitetləri, Banqdunda Pacacaran Universiteti, Texnoloji Universitetlər fəaliyyət göstərir. Ölkədə həmçinin böyük mədəniyyət və incəsənət mərkəzləri də mövcuddur: Boqorda təbiət elmləri kitabxanası, Cakartada Parlament kitabxanası, Mədəniyət muzeyi, Zoologiya muzeyi (Cakartada) və s.
Mətbuat. İndoneziyada 100-dən çox gündəlik qəzet çıxır. İndoneziya dilində «Merdeka», «Sinar xarapan», «Kompas», «Anqkatan bersencata», «Brita Buana», «Suara Kaya», «Pelita», ingilis dilində «İndonezian observer» (1950) və başqa adda qəzetlər nəşr edilir. Cakartada həmçinin dövlət radio və televiziya şirkətləri də fəaliyyət göstərir.
Ədəbiyyat. İndoneziya ərazisində VII əsrin sonu- VIII əsrin əvvəllərinə aid olan daş kitabələr, yazılı abidələr mövcuddur. Bu kitabələr, əsasən, Malayya və Yava dillərində yazılmışdır. Yava dilində ədəbiyyat da IX – XI əsrlərdə daha yüksək şəkildə inkişaf etmişdir. «Ramyana» (Hind şairi Bhattinin «Ravana vadha» eposu əsasında), «Arcunanın toyu» poemalarını misal gətirmək olar. Bu dövrdə İndoneziyada ədəbiyyatın inkişafına Hind ədəbiyyatı güclü təsir göstərmişdir. Lakin bununla belə mifologiyaya əsaslanan və tarixi inkişafı əks etdirən əsərlər də yazılmışdır. Məsələn, «Tantu Pangelaran», «Pararaton» kimi mifologiyaya istinad edən nəsr əsərlərini, Prapançanın «Naqarakertaqama» poemasını göstərmək olar. Həmzah Fansuri, Nurəddin ər – Raniri, Əbd ür – Rauf və başqalarının tarixi, didaktik və islamın təbliğinə xidmət edən əsərləri meydana gəldi. Ədəbi dil inkişaf etməyə başladı. Bu işdə Abdullah bin Əbdülqadir Münşinin rolu daha böyük olmuşdur. Onun əsərləri o dövr üçün ədəbi dil nümunələrinə çevrilmişdir. XVI – XVIII əsrlərdə yaşayıb yaratmışədiblərin əsərlərində maarifçilik ideyaları da təbliğ edilirdi. Məhəmməd Musa, Viləm İsgəndər Mud və başqalarının yaradıcılığında bu daha qabarıq verilmişdir. Bu dövrdə həm də İndoneziya dili də dövlət dili kimi formalaşdı. XIX əsrin sonu XX əsrin əvvəllərində daha zəngin və ziddiyyətli əsərlər yazılmağa başladı. M.Rusei, Nur Sultan İsgəndər məişət romanları, S.T.Əlişahbana maarifçi romanlar, R.Əfəndi və M.Yəmin vətənpərvər ruhlu şerlər yazdılar. Əbd ül– Muis, Asmar Hadi və başqalarının yaradıcılığında müstəmləkəçiliyə qarşı mübarizə mövzusu əsas yer tuturdu. 30-cu illərin sonunda Armayn Pane, X.B.Yasin, X.Bandaharonun əsərlərində realist ideyalar daha üstünlük təşkil edirdi. İndoneziyada mütərəqqi ədəbiyyat ancaq o müstəqillik qazandıqdan sonra daha yüksək şəkildə inkişaf etməyə başladı (1945). Bu dövrdə Xeyril Əvvəl, İdrus, P.A.Tur, U.T.Sontani və başqa ədiblərin yaratdığı «45-ci il nəsli» ədəbi cərəyanı yarandı. 50-ci illərin əvvəllərində isə mütərəqqi yazıçılar «Lekra» («Xalq mədəniyyəti») cəmiyyətində birləşdilər. İrticanın yüksəlməsi nəticəsində 1965-ci ildə cəmiyyət dağıldı və yazıçıların əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldılar. İndoneziyada V.S.Rendra, A.Rasid, T.Muxtar kimi müasir yazıçılar meydana gəldi ki, onlar da öz yaradıcılığında humanizmə üstünlük verirdilər.
Memarlıq və təsviri sənət. İndoneziyada ibtidai – icma dövründən plastik sənət nümunələri mövcuddur. Mengirlər, dolmenlər, daş heykəllər və s-ni buna misal göstərmək olar. Yava adalarında VII –XI əsrlərdə hindu və budda «çandiləri» (pilləvari özül üzərində qurulmuş kub şəkilli məbədlər) tikilmişdir. Belə çandilərə ən çox Diyenq yaylasında rast gəlmək olar. Həmçinin Kalasan, Sevu, Lara Conqran çandilərini, Borobudur məbədini də göstərmək olar. Məbəd memarlığı heykəltəraşlıqla sıx bağlı idi. Yava və Bali adalarında XII – XV əsrlərdə oyma naxışlarla bəzədilmiş hindu məbədləri tikilmişdi. İndoneziya adalarında həmçinin, tuncdan tökmə sənəti (dini heykəllər), toxuculuq (basmanaxışlı parçalar), bambuk və hindqozu yarpaqlarından hörmə (yelpik, həsir və s.) və digər sənətlər inkişaf etmiş, müxtəlif tipli xalq yaşayış tikililəri – komalar, ağac və bambuq karkaslı evlər tikilmişdir. Şəhər tikintilərinə Avropanın memarlığının təsiri əsasən, XVIII – XX əsrlərdə olmuşdur.
İndoneziyada XIX əsrin ortalarında milli vətənpərvərlik mövzusunda realist rəngkarlıq (Radın Saleh), XIX əsrin sonu- XX əsrin əvvəllərində romantik xarakterli milli mənzərə janrı (S.S.Abdullah) yarandı. İstiqlaliyyət uğrunda mübarizə milli realist incəsənətin inkişafına təsir etdi. 1937 – 38-ci illərdə İndoneziyada Rəssamlar Birliyi yaradıldı. S.Sucoyono, A.Caya, K.Affandi, X.Nqantunq, B.Resobovo kimi görkəmli sənətkarlar bu birliyin ilk üzvləri oldular. 1945-ci ildən sonra İndoneziyada milli realist incəsənət aparıcı qüvvəyə çevrildi. Sumatra adalarında Sumbercaya şəhəri kimi yeni şəhərlərin tikintisinə başlandı. 1965-ci ildən sonra isə İndoneziyada modernist cərəyanlar üstün mövqe tutmağa başladı.
Musiqi. İndoneziyada xalq musiqisi yüksək professionallıqla inkişaf etmişdi. Slendro (pentatonika növü) və peloq (tonları qeyri – bərabər olan 7 pərdəli lad) İndoneziya musiqisinin lad əsasını təşkil edir. İnkişaf etmiş heterofoniya və çoxsəslilik İndoneziya musiqisinin xarakterik cəhətlərindəndir. Orta əsrlərdə mövcud olan qamilan xalq çalğı alətləri orkestri İndoneziyanın klassik musiqisinin yüksək nümunəsidir.
Musiqi alətlərindən bonanq, qambanq, gendanq, müxtəlif sinclər (zərb alətləri), sulinq (nəfəs aləti) geniş yayılmışdır. İndoneziyanın professional musiqisinə XX əsrdə Avropanın dini musiqisinin (Qriqori xorları) müəyyən dərəcədə təsiri olmuşdur. Ölkədə respublika yarandıqdan sonra bir sıra həvəskar və professional musiqi kollektivləri, Cokyakarta, Cakarta radioları nəzdində kamera orkestrləri yaradılmışdır. Surakarta şəhərində konservatoriya və İndoneziyada klassik musiqi məktəbi açılmışdır. Həmin dövrdə Sucasmina, A.Pasaribu, Susbini kimi məşhur bəstəkarlar fəaliyyət göstərmişlər.
Teatr. İndoneziyanın xüsusi ənənəvi teatr formaları mövcud olmuşdur. Vayanq – topent (maska teatrı), Vayanq – purvo (Kölgə teatrı), topenq – babakan (məzhəkə teatrı) belə teatrlardandır. Bu tamaşaların suceti qədim hind eposu «Ramayana» və «Mahabharata»dan, eləcə də İndoneziya dastanlarından götürülürdü. Onlar əsasən qamelan orkestri ilə müşayiət edilirdi. Müasir ketopark və luduruk teatrları XX əsrin inkişaf etmiş teatr nümunəsi olub milli ənənələri və Avropa teatrının ifadə vasitələrini özündə birləşdirir. 50-ci illərdə belə tip truppalardan olan «Marhaen» və «Trisnokanten» xüsusilə məşhur və populyar idi. Müasir teatr sahəsində dramaturqlardan Utuy Tatanq Sontani, Əbu Hənifah, Əli Məhəmməd, Sansu Hane və həmçinin rus, avropa ədiblərinin əsərləri tamaşaya qoyulur.
Kino. İndoneziyada ilk milli film «Ticitarum çayının suyu»dur. Film 1949-cu ildə R.Palindix və A.Asmaranın rejissorluğu ilə çəkilmişdir. Cakartada 1930-cü ildə dövlət kino şirkəti yarandıqdan sonra kino sənəti yüksək şəkildə inkişaf etmişdir. O, dövrdən sonra «Şikəst adam» (1952, rejissor K.Sukardi), «Turanq» (1954, rejissor B.Siagin), «Komendant saatından sonra» (1955, rejissoru A.Sani) filmləri çəkilmişdir. «Kemandoran pələngi», «Doqquz» (1966, 1967, rejissoru V.Umbox), «Sən nə axtarırsan, Palupa?» (1971, rejissoru A.Sani), «Çirkabda nəfəs alan» (1971, rejissoru T.Cunaidi), «Samiun və Dasima» (rejissor N.İsmayıl), və s. 60 – 70-ci illərin ən yaxşı filmləridir.
Kampuçi mədəniyyəti
Kampuçi zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Paytaxtı Pnompen şəhəri olan Kampuçi dövləti 19 əyalət 5 böyük şəhərdən ibarətdir. Kampuçi ərazisinin məskunlaşması erkən neolit dövrünə təsadüf edir. Eramızdan əvvəl I əsrdə ilk cəmiyyət, I-VI əsrlərdə ilk Funan dövləti meydana gəlmişdir.IX – XIII əsrlərdə Hind– Çin yarımadasındakı Kambucadeş imperiyasına daxil edilmiş, imperiyanın süqutundan sonra isə XVIII əsrin əvvəllərində Siam və Vyetnam dövlətlərindən asılı vəziyyətə düşmüşdür. 1884-cü ildən Kampuçii Fransanın müstəmləkəsinə çevrilmişdir. Yaponiya 1940-cı ildə Kampuçini işğal edərək onu özünün hərbi bazasına çevirdi. Uzun müddətli mübarizədən sonra Kampuçiya 1953-cü il noyabrın 9-da müstəqillik qazandı. Kampuçi nisbətən zəif inkişaf etmiş aqrar ölkədir. Bu zəif inkişaf onun maarif və mədəniyyətinə də təsir etmişdir. 6 illik təhsil hamı üçün məcburi idi. 13 illik orta təhsil sistemi (6 il ibtidai, 7 il orta) mövcud idi. Lakin 1975-ci il aprelin 17-dən, Kampuçi Vahid Milli Qurtuluş Cəbhəsi (KVMAC) və Kral Milli birlik höküməti hakimiyyətə gəldikdən sonra maarif və mədəniyyətdə tənəzzül və geriləmə başladı. Məktəblər və kitabxanalar bağlandı, tədris fənlərinin öyrənilməsi qadağan edildi, kitabların çoxu yandırıldı, xeyli muzey eksponatları məhv edildi. Kampuçidə Xalq İnqilab Şurası yaradıldıqdan sonra isə maarifin inkişafı yeni, demokratik qaydalar əsasında bərpa edilməyə başladı. Valideynlərini itirmiş uşaqlar üçün əyalət mərkəzlərində internatlar yaradıldı. Pnompendə milli kitabxana, milli muzey və s. mədəniyyət mərkəzləri bərpa edildi.
Mətbuat, radio verlişlərinin fəaliyyəti də ölkənin iqtisaslarına uyğun olaraq dayandırılmış, məzmunu dəyişmişdir. Mətbuat və radio verlişləri siyasi mübarizə və vuruşmaların mərkəzində olmuşdur. Ölkədə 1979-cu ildən Kampuçi Milli Qurtuluş Cəbhəsi Mərkəzi Komitəsinin orqanı olan «Kampuçi» qəzeti Khmer dilində çıxmağa başladı. 1978-ci ildən isə SPK informasiya agentliyi və «Kampuçi xalqının səsi» radio stansiyası yaradıldı. Kampuçidə 1979-cu ildən başlayaraq İnformasiya, Mətbuat və Mədəniyyət Nazirliyi fəaliyyət göstərməyə başladı.
Ədəbiyyat. Kampuçidə ilk ədəbi abidələr III əsrə aid olan Bokan və VI əsrədə yaradılmış Tonle – Bati məbədlərinin divarlarındakı sanskrit yazılarından ibarətdir. VII əsrin əvvəllərinə aid qədim Khmer mədəniyyətinin inkişafına brahmanizm və buddizmin əhəmiyyətli təsiri olmuşdur.
P.Yaşovarman, Kavişvara, Ekindra, Subhadrasanskrit dilində, Kaosathipodey Kau, Duonq, Phokdey və başqaları Khmer dilində ədəbi fəaliyyət göstərmiş, əsərlər yazmışlar. «Ramayana»nın motivlərinin təsiri altında lirik «İndradevi» poeması, «Rsmaker» eposu, «Tum və Teay» xalq nağıl – poeması yarandı. Müstəmləkəçilik dövründə Sottan Pryetsa En, Saom lot, Nu Kan, Bamrac Utey Nqınq və başqaları əsasən ənənəvi mövzularada əsərlər yazmışlar. Nyok Thaem, Nu Xat, Rım Kin və başqaları XX əsrin 30 – 40-cı illərində ilk romantik romanlar yazıb nəşr etdirdilər. 1959-ci ildə Khmer yazıçılar ittifaqı yaradıldı. Tiu Ol, Suon Soren, Nor Savan və digər yazıçılar öz əsərlərində 70-ci illərin əvvəllərindən başlayaraq sosial, ictimai – siyası problemlər qaldırmağa başladılar.
Memarlıq və təsviri sənət. Kampuçi ərazisində tapılmışən qədim incəsənət abidələri neolit dövrünə (ornamentli keramika) və eramızdan əvvəl I minilliyə (tunc məmulatlar) aiddir. Anqkor – Borey və Sambor – Prey – Kukda VI – VII əsrlərdə kərpic və daşdan kiçik məbədlər tikilmiş, heykəltəraşlıq yaranmışdır. IX – X əsrlərdən başlayaraq prasatlar (kərpic və daşdan tikilmiş kiçik məbəd) və köməkçi binalardan ibarət ansambllar, yuxarı hissəsində ibadətgah yerləşən pilləvari piramida formasında məbədlər tikilmişdir. Məsələn IX əsrdə Roliosda Prax – Ko, X əsrdə Banteau – Srey ansambılları; IX əsrdə Kox – Kirdə tikilmiş Pranq məbədi və s. buna nümunə göstərmək olar. Kampuçiyada IX – XIII əsrlərdə Anqkor memarlıq kompleksi yaradılmışdır. Daş memarlığının XIV əsrdən tənəzüllü başladı. Getdikcə ağacdan Saraylar və Budda məbədlərinin tikintisi üstünlük təşkil etməyə başladı. Bu dövrdə ağacdan həmin dövrü böyük tikintisi hesab edilən Pnompendə Kral Sarayı və «Gümüş paqoda» inşa edildi. Daş heykəltəraşlığı ağac və tunc heykəllər, relyefləri isə divar rəsmləri əvəz etdi. Fransız elektrik memarlığı ruhunda binalar tikintisinə XIX əsrin II yarısından başlanıldı. Həmin dövrdə Okka Tep Nimit Tlak rəssam kimi xüsusi şöhrət qazanmışdır. Onun tabloları və divar rəsmləri XX əsrin əvvəllərində yaranmış qiymətli sənət əsərləri hesab edilir.
İstiqlaliyyət qazandıqdan sonra (1953) Kampuçidə şəhərsalma da inkişaf etməyə başladı. 1957 – 60-cı illərdə Kamponqasom, 1962-ci ildə Bokor şəhərləri salındı.
Ənənəvi xalq sənəti də inkişaf etməyə başladı. İpəkçilik, bədii parça, ağac və fil dişi üzərində oyma, həkkaklıq, keramika, tikmə və s. inkişaf etməyə başladı. Nqok Dim, Sam Yun və başqaları rəssamlıq və qrafika sahəsində əsərlər yaratmışdılar.
Musiqi. Khmerlərin musiqi mədəniyyətinin qədim tarixi var. Anqkor məbədlərinin barelyeflərində orkestr, ayrı – ayrı musiqi alətləri təsvir olunmuşdur. Hələ IX – XIII əsrlərdə yüksək inkişaf etmiş Khmer klassik musiqisi demək olar ki, muasir dövrədək dəyişməz qalmışdır. Bu musiqinin lad əsasını pentatonika təşkil edir. Burada ritm əsas rol oynayır. Khmer musiqisində sampxo, çxayyam, sko – txom (zərb), ta – diyeu, tyapey, ta kxe, tro – qe (simli) və s. musiqi alətlərindən istifadə edilir. Kampuçinin Milli mahnı və rəqs ansamblı 1979-cu ildə yaradılmışdır.
Teatr. Qədim abidələr üzərindəki təsvirlərdən məlum olur ki, Kampuçiya teatrı da qədim tarixə malikdir. Qədim abidələrin divar yazıları və rəsmlərində rəqqasə, müğənni və musiqiçilərin adı göstərilmiş, təlxək, masqarabaz şəkilləri çəkilmişdir. Balet, kölgə teatrı, xalq teatrı tamaşa növləri vardır. Tamaşaların suceti əsasən qədim dastan və nağıllardan götürülür. Rolları ən çox qadınlar ifa edir, truppada iblis, təlxək, heyvan maskasında çıxış edən kişi rəqqas da olur. Dini bayramlarda isə ən çox kölgə teatrının tamaşaları göstərilir. Xalq teatrı tamaşaları farslara yaxın kiçik səhnəciklərdən ibarətdir. Pnompen, Simreal və başqa şəhərlərdə daimi truppalar fəaliyyət göstərir.
Pol – Pot rejimi dövründə ədəbiyyat və incəsənət tənəzzülə üqramış, mədəniyyət xadimləri təqib edilmişlər. Kampuçiya Xalq Respubliyası elan edildikdən sonra həyatın bütün sahələrində olduğu kimi mədəniyyət,o cümlədən ədəbiyyat, incəsənət sahəsində də tərəqqi başlanmışdır.
Tailand mədəniyyəti
Cənubi – şərqi Asiya dövlətlərindən biri olan Tailand Hind – Çin yarımadasının mərkəzində, Malakka yarımadasının şimal hissəsində yerləşmişdir. Tailand monarxiyaya əsaslanan krallıqdır. Tailand çoxmillətli ölkə olub əhalisinin yarıdan çoxunu tai xalqları təşkil edir. Tailand ərazisində həmçinin laolar, çinlilər, vyetnamlılar, Khmerlər və başqa xalqlar da yaşayır. Ölkədə tai dili rəsmi dil kimi qəbul edilmişdir. Tailand ərazisində ilk dövlətlər I — II əsrlərdə yaranmağa başlamışdır. Tailərin üstünlük təşkil etdiyi ilk böyük dövlət XII əsrin sonu-XIII əsrin əvvəllərində yarandı və Sukotai dövləti adlandı. XIII əsrin ortalarından sonra Tailand ərazisində Siam dövləti yarandı. Ölkə Tailand adını yalnız 1932-ci ildə baş vermiş dövlət çevrilişindən sonra aldı.
Tailand inkişaf etmiş aqrar – sənaye ölkəsidir. Zəngin təbii sərvətlərə malikdir. Lakin iqtisadi inkişafı xarici kapitaldan, xüsusilə də ABŞ və Yaponiyadan asılıdır. Ölkəyə edilən iqtisadi müdaxilə istər – istəməz onun mədəniyyəti, maarifi və incəsənətinə də təsir göstərir.
Maarif. Tailandda təlim ədəbi tai dilində aparılır. İbtidai təhsil 7 illik olub bütün əhali üçün məcburidir. Tailanda əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 4 – 7 yaşlı uşaqların tərbiyəsi ilə məşğul olan məktəbəqədər tərbiyə müəssisələri də mövcuddur. Orta təhsilin müddəti 5 il, texniki – peşə təhsilinin müddəti isə 1 – 3 ildir. Banqkokda 5 Universitet, Milli Kitabxana, Milli Muzey fəaliyyət göstərir.
Mətbuat. Tailandda çoxsaylı gündəlik qəzetlər nəşr edilir. Qəzetlər tai dilində çıxır. «Deyli nyus», «Tai rat», «Siam rat» və s. gündəlik çıxan qəzetlər vardır. Tai dilindən başqa ingilis dilində də «Banqkok post», «Neyşn revyu» kimi qəzetlər nəşr edilir. Çin əhalisi çox olduğundan çin dilində də qəzetlər çıxır, məsələn, «Sinsyan cibao» və s. 1930-cu ildə Tailand milli radio verlişləri stansiyası, 1955-ci ildən isə Tailand milli televiziyası fəaliyyət göstərir. Tailand Xəbərlər Agentliyi isə 1977-ci ildə yaradılmışdır (ANS).
Ədəbiyyat. Tailandın ilk ədəbi abidələri salnamə xarakteri daş kitabələrdir. Bu daş kitabələr XIII əsrin sonu- XIV əsrin əvvəllərinə aiddir. «Rama Kamhengin Stelası» ən qədim epiqrafik abidədir. Qədim Tailand ədəbiyyatına Hind ədəbiyyatı güclü təsir etmişdir. klassik şerlər əsasən dini – mədhiyyə xarakteri daşıyırdı. Epik poemalar və lirika XV – XVI əsrlərdən inkişaf etməyə başlamışdı. «Böyük həyat», «Yunanların məğlubiyyəti», «Parlo» və s. əsərlər həmin dövrün məhsullarıdır. XVIII əsrin məşhur lirik şairlərindən Sipart, Maharatçakru, Tammatibeti göstərmək olar. Həmin dövrün ədəbi yaradıcılığında «çərçivəli povestlər» deyilən janrlar mühüm yer tuturdu. Bu «çərçivəli povestlər» müxtəlif məzmunlu hekayələrdən ibarət idi. Dünyəvi mövzulara maraq XVIII əsrin sonundan artmağa başladı, nəşr işi inkişaf etdi. Çauprayya Praklanqın «Raçatirat» tarixi romanı da həmin dövrün ədəbi nümunəsi idi. Sunton Punun «Kun Çanq və Kun Pen», «Pra Apaymani», Kral II Ramanın «Snao» poemaları, Pra Mahamontrinin «Şahzadə Landay» satirik poeması XIX əsr Tailand ədəbiyyatının ən yüksək səviyyəli nümunələridir. Tailanda realist ədəbiyyatı XX əsrin 30-cu illərindən inkişaf etməyə başladı. Siburapa, Lao Kamhom, Açin Pançapan, Seni Sauvaponq, Manat Tyanrayonq, İtsara Amantanun realizmin görkəmli nümayəndələri idi. Qadın yazıçı Tamayanti sosial mövzuda roman və hekayələr yazan müəllif kimi şöhrət qazanmışdır.
Memarlıq və təsviri sənət. Tailandın bədii mədəniyyəti rəngarəng və zəngin olub, qədim tarixə malikdir. İlk nümunələr neolit və tunc dövrlərinə aiddir. Bu nümunələrə daha çox keramika məmulatı və qayaüstü rəsmlər daxildir. Tailandlıların milli incəsənəti XIII əsrdən formalaşmağa başlamış, «vat» adlanan məbəd kompleksləri tikilmişdir. Sukotaidə Maxatat məbədi buna misal ola bilər. XIV – XIX əsrlərdə Siam dövləti dövründə Tailand ərazisində düzbucaqlı planlı şəhərlər salınmış, Banqkok, Ayutiya və digər şəhərlərdə çoxrəngli mozaikalar, divar rəsmləri və oyma naxışlarla bəzədilən «vat»(məbəd kompleksi) və saraylar tikilmiş, çoxlu heykəltəraşlıq əsərləri yaradılmışdır. Tailandda divar boyakarlığı hələ XIV əsrdən məlum idi. XIX əsrin II yarısından Tailarid incəsənətinə Qərbi Avropa və Amerika ənənələri, incəsənət elementləri daxil olmağa başladı. Milli incəsənəti yad elementlərdən qoruma, milli ənənələri inkişaf etdirmə meylləri XX əsrdən başladı. XX əsrin II yarısında milli incəsənəti qoruyan və inkişaf etdirən nəsil formalaşdı. Bu nəslin nümayəndələrindən boyakarlar Fua Xarabitak, Tavi Nandakvan, heykəltaraş Hyen Yimsari, qrafik Manita Pu Ari və başqaları milli incəsənətin ənənəvi xüsusiyyətlərini qorumağa səy göstərirlər. Tailand xalq sənətində lak boyakarlığı, lakdan və camış gönündən məmulatlar hazırlanması, ağac üzərində bədii oyma, gümüş üzərində döymə, toxuculuq və s. mühüm yer tutur.
Musiqi. Tailandda qədim zamanlardan dini və başqa mərasimlər, kənd bayramları musiqi ilə müşaət edilmişdir. Musiqi əsərləri əsasən sadə ritmli olub iti templə ifa olunur. Tailanda skripka tipli sau donq, sau o, sau sam say syounq, khim, tyakau (simli), khliy, pinay, khen, ranad yok, ranad thum, vonq iau, thon (nəfəs) və s. musiqi alətlərindən istifadə edilir. Tailandda həmçinin instrumental ansambllar geniş yayılmışdır. Montri Tramote, Narisi müasir Tailand bəstəkarlarına, U.Sukanthamalai, T.Aylen, Ç.Duryabhand və başqa müğənniləri nümunə gətirmək olar.
Teatr. Klassik Tailand teatrı klassik Hind teatrına əsaslanmışdır. Tailandın klassik teatr nümunəsi «Ramakiyan» hind eposuna əsaslanmışdır. «Ramakiyan»ın motivləri əsasında üç klassik tamaşa növü formalaşmışdır: kon – maskalı pantomima teatrı, nanq – kölgə teatrı, lakon – klassik dram. Ənənəvi klassik epizodlar balaqana yaxın xalq komediyaları ilə vəhdətdə olan tamaşalarda üstünlük təşkil edir. Lakonun növlərindən olan like və nora müasir xalq tamaşalarıdır. Tailandda daimi teatr yoxdur. Ölkədə zərif sənətlər departamenti nəzdində həvəskarlar truppası fəaliyyət göstərir.
Birma mədəniyyəti
Cənub – şərqi Asiya ölkələrindən biri də Birmadır. O, Benqal Körfəzi sahilində yerləşir. Birmanın ərazisinin çox hissəsi dağlıqdır, sərhəddi sıx tropik meşələrlə örtülmüş sıldırım qayalarla əhatə olunmuşdur. Ölkə ərazisindəki İravadi çayı Şimaldan Cənuba qədər uzandığına və gəmiçilik üçün yararlı olduğuna görə əhali əsasən bu çayın ətrafında məskən salmışdır. Birma dağlarında müxtəlif tayfalar yaşayır.
Birma zəngin təbii sərvətlərə malikdir. Ölkədə nadir ağac və bitkilər, faydalı qazıntılar, neft və s. vardır. Birmanın paxtaxtı Ranqun şəhəridir, o İravadi çayının deltasında yerləşir. Birmada düyü istehsalı, neftemalı, meşəçilik təsərrüfatı, metallurqiya, metal emalı, yüngül sənaye, maşınqayırma inkişaf etmişdir.
Birma qonşu dövlətlərə nisbətən təhsili zəif inkişaf etmiş ölkə idi. İngilislər ölkəni tutana qədər uşaqlar və gənclər monastırlarda təhsil alırdılar. 14 yaşına çatmış hər oğlan mütləq bir neçə il budda monastırında təhsil almalı idi. Monastırda dini təlimlə yanaşı hesab, tarix, coğrafiya, astronomiya və tibbə aid elmi məlumatlar da öyrədilirdi.
Müstəmləkə dövründə dünyəvi məktəblərin üç tipi meydana gəldi: 1.Təhsil birma dilində aparılan milli məktəb; 2.Təhsil, əsasən, ingilis dilində aparılan milli – ingilis məktəbi. Bu məktəblərdə həm də milli dildə dərs keçilirdi; 3.İngilis məktəbi – bu məktəblərdə təlim sırf ingilis dilində aparılırdı. Xüsusi özəl məktəblər də yaranmağa başladı. Yerli əhali, əsasən, məktəbi bitirdikdən sonra ingilis dilli məktəblərə daxil olma hüququ verməyən milli məktəblərdə təhsil alırdılar. 1962-ci ildən sonra (inqilabdan sonra) Birmada, demək olar ki, mədəni fəaliyyət genişləndi: pulsuz təhsilə keçildi, bütün ölkədə təhsil ana dilində aparıldı. Yaşlılar arasında savadsızlığın aradan qaldırılması kompaniyaları başlandı. Savadsızlığı aradan qaldırmaq üçün axşam məktəbləri açıldı. Təhsil mərkəzləşdi, xüsusi məktəblər milliləşdirildi. Monastır təlimi dövlət proqramı əsasında aparılmağa başladı. İbtidai təhsilə 6 yaşdan başlayan 4 illik ibtidai təhsil müddəti müəyyən edildi. Oğlanlarla qızların eyni sinifdə təhsil almaları təmin edildi. Savadsızlığın aradan qaldırılması məqsədilə orta məktəblərin nəzdində 1 və 2 illik kolleclər açılırdı.
1961-ci ildə Ranqunda iki tibb, pedaqoji, texniki, iqtisad institutları, Mandalay şəhərində tibb, texniki, kənd təsərrüfatı institutları, Pinman şəhərində kənd təsərrüfatı institutu açıldı. Mandalay və Ranqun universitetlərində böyük kitabxanalar fəaliyyət göstərir. Ranqun şəhərində muzeylər və şəkil qalereyaları fəaliyyət göstərir.
İngilis əsarətinə qədər Birmada elm, təhsil və mədəniyyət buddist rahiblərin əlində idi. Onlar isə elmi yenilikləri Hindistan və Çinlə qarşılıqlı əlaqədə yayırdılar. «Yazvinco» («Məşhur xronika») tarixi xronika 1502ci ildə yazılmış, indiki dövrə gəlib çatmışdır. 1733-cü ildə isə «Maxa yazavinci» («Böyük xronika») meydana gəldi. Bu əsər özündən sonra gələn tarixi janrda yazılmışədəbiyyatın əsasını qoydu. Xronikanın xüsusi işıqlandırılmış bölmələri XVIII əsrə, Konbaunların hakimiyyətə gəldiyi dövrə aiddir. Birma alimləri çoxlu tarixi faktlar kəsf etmiş və onları dəqiqləşdirmişlər. Ciddi tədqiqatlar nəticəsində 1832-ci ildə məşhur «Xamannan yazavin» («Şüşə sarayın xronikası»), 1867-ci ildə isə «Dutiya Maxa yazavinci» («İkinci böyük xronika») meydana gəldi. həmin dövrə qədər zəngin arxeoloji qazıntılar mövcud idi. Birmada elmi axtarışları mərkəzləşdirən koordinasiya şurası 1965-ci ildə yaradılmışdır.
Mətbuat. Birmada dövrü mətbuat, əsasən də qəzet və jurnal nəşrinə 1969-cu ildən sonra daha geniş şəkildə başlanmışdır. Bu dövrdən sonra çıxan qəzet və jurnallar ingilis və birma dilində çap edilirdi. «Lyudupidu neyzin» dövlət qəzeti, İnqilabi şuranın orqanı olan «Uorkinq Ripes Deyli» hər gün ingilis və birma dilində çıxırdı. Bunlardan başqa ölkədə «Qardian», «Botataun», «Vanqard», «Çemoun» — «Mirror», «Xantavadi» -«Hanthavaddy», «Myanmaalin», «Nyu layt of Byorma» və s. qəzetlər həm ingilis, həm də birma dilində işıq üzü görür.
Departamentin 1962-ci ildən iki həftədən bir birma dilində «Şedi», İngilis dilində «Foruord» jurnalları çıxır. Birma sosialist partiyasının isə birma dilində aylıq «Patieya», həftəlik «Lanzin», iki həftədən bir çıxan «Tandizin» jurnalları nəşr edilir. İngilis dilində çıxan aylıq «Qardian» jurnalı isə xəbərlər jurnalı kimi daha çox yayılmışdır. Birmanın paytaxtı Rangun şəhərində dövlət radiosu faliyyət göstərir.
Ədəbiyyat. Birma qədim ədəbi ənənələrə malikdir. Palma yarpaqları, daşlar üzərindəki qədim yazlılar, şerlər onun qədim ədəbi ənənələrindən xəbər verir. Myazeydi budda məbədinin üzərindəki Birma dilindəki yazılar da ilk abidələrdən hesab olunur. Birmanın ilk kitabları saray salnamələri və dini kitablardır. XI əsrdə buddizimin qəbulundan sonra palı dili Birmada ədəbi dil oldu. Birma ədəbiyyatı, fəlsəfəsi, estetik, müddəalarının inkişafında buddizim dininin rolu böyük olmuşdur. Klassik poezyanın inkişafı XV-XVI əsrlərdə yüksək səviyyəyə qalxdı. Birma dili XVIII əsrin əvvəllərində palı dilini sıxışdırdı və əsrin II yarısından sonra əsas dövlət dilinə çevrildi. XVIII əsrin sonu- XIX əsrin əvvələrində nəşr, dramaturgiya kimi yeni janrlar meydana cıxdı. Xarici ədəbiyyat Birma dilinə tərcümə olunmağa başladı.Rahib yazıcılardan Tinqaza, Şin, Uqandamana və başqaları xalq kütlələrinin həyatını əks etdirən əsərlər yazmağa başladılar. XIX əsrin birinci yarısından sonra dramaturgiya və rejissor sənəti inkişaf etməyə başladı, U Çin U da həmin dövrün dramartuq və rejissor kimi şöhrət qazanmışdır.Milli istiqlaliyyət uğrunda mübarizə dövrində «kxitlan» («Eksperiment əsri») ədəbi hərəkətı yarandı.
İstiqlaliyyət dövründən sonra ədəbiyyatda vətənpərvərlik, sülhsevərlik mövzularında yazılar genişlənməyə başlandı.
O dövrdə yazıb – yaradan ədiblərdən Ma Ma Le Tin Aun Tadu və başqalarının yaradıcılığında bu xüsusilə üstünlük təşkil edirdi; Ohen Pe Myinin «Neft» hekayəsi, Min Xlo Wyun Çunun «Birləşək, ey insanlar» şeri və bir neçə Birma nağılları Azərbaycan dilinə təcümə edilmişdir.
Memarlıq və təsviri sənət. Bimanın erkən incəsənəti neolit dövrünə İstinad edir. XI-XIII əsərlər Birma incəsənətinin tərəqqi dövrü olub, həmin dövrdə Paqan şəhərində çoxlu memarlıq abidələri, Ananda Qodoralin, Tabinyu və başqa şəhərlərdə Budda məbədləri, Buddaya aid dini əşyaların qorunub saxlanması üçün stuplar ( kilsə zəngi formasında olan qurğular, tikililər) tikilmişdir. Heykəltəraşlıq Budda fiqurları ( daş, ağas və s.) və Buddanın həyatından ğötrülmüş barelyeflərlə (daş və keramika) təmsil olunur. Feodalizm dövründə şəhərlər salınmış, şəhərlərin mərkəzində böyük stuplar yerləşən məbəd kompleskləri yaradılmışdır. XVIII əsrin sonu-XIX əsrin əvvələri Mərkəzləşmiş kombaynlar dövlətində şəhərsalma inkişaf etdi. Mandalay və başqa şəhərlərdə ağacdan nəhənd saray komplesksləri və monastırlar tikildi. Boyakarlıq, dekorotiv – tətbiqi sənət, tuncdan tökmə sənəti, toxuculuq və s. İnkişaf edib genişləndi.
Müstəmləkə dövründə Birmada milli incəsənət tənəzzülə uğradı. Ranqun və s. şəhərlərdə ingilis memarlığına xas olan binalar tikildi. XIX əsrdə realist boyakarlıq yarandı, məsələn portretci- rəssam U.Çoun həmin dövrün yaradıcılarındındır. XX əsrdə yağlı boya ilə işləyən rəssamlar meydana cıxdı. U. Ba Nyan, U Va Zo kimi rəssamlar yağlı boya ilə işləyirdilər. İstiqlaliyyət qazanıldıqdan sonra ölkədə yeni və xarici memarların layihəsi üzrə müəsir tipli binalar tikildi. Boyakarlıq sənətində ən cox Milli mövzulara müraciət edilirdi. Mütərəqqi rəssamlardan U San Bin, U Aun Kin, heykəltəraşlardan U.Luin, U Xan Tin və başqaları əsərlərində müasir həyat mövzularına üstünlük vermişlər.
Xalq dekorativ sənəti, əsasən, ağac, metal, fil sümyü, sədəf üzərində bədii oyma işləri ilə təmsil olunur.
Musiqi. Birma musiqisi qədim dini musiqiyə, dini imərasimlərə əsaslanır. Hətta müasr Birma mahnı və rəqslərində dini mərasimlərin elementləri qalmışdır. Musiqi müstəqil sənət kimi Paqan dövləti dövründə inkişaf etmişdir.
Birmada patsayn, çeyvan pattala (zərb alətləri) və s. kimi müsiqi alətlərindən istifadə edilir. Dini bayramlar, əmək prosesi müsiqi ilə müşayiət olunur. Rangun və Mandalay şəhərlərində dövlət müşiqi və dram məktəbi yaradılmışdır. Birma milli rəqs ansablı, Birma dövlət orkestri təşkil edilmişdir. Orkestr həm ölkədə, həm də xaricdəşöhrət qazanmışdır.
Teatr. Birmada teatr tamaşaları dini və xalq bayraiları ilə əlaqədar yaranmışdır. Hindistan və Çin incəsənəti Birma teatrına güclü təsir etmişdir. Birmada XVIII əsrdə saray teatrları yarandı, XIX əsrin sonunda isə Ranqun şəhərində ilk daimi teatr binası tikildi. Birmanın məşhur aktyorları U Ro Seyn, Aunqbala, Syen Kadon bu teatrın yetirmələridir. İstiqlaliyyət əldə etdikdən sonra ölkədə teatr sənəti də inkişaf etməyə başladı.
Böyük şəhərlərdə səyyar teatr trüppaları, kəndlərdə həvəskar xalq teatrları yaradıldı. Birmada həmcinin kukla, kölgə teatrları da inkişaf etmişdir.
Kino. İlk Birma bədii filmi 1920-ci ildə U On Maun rejissorluğu ilə çəkilmiş «Məhəbbət və alkoqol» filimidir». «Rulu satın almaq olmaz», «Assamlı şahzadə» və s. səsli filmlər isə 30-cu illərdə çəkilmişdir. İngilis imperializmini ifşa edən «Qələbə çələngləri» «Obstruksionist» filmləri Birma kinofilmlərinin gözəl nümünəsi hesab edilir. Ölkənin siyasi həyatını əks etdirən çoxlu sayda müxtəlif janrlı filmlər çəkilmişdir. Birmada U Tin Maun, U Tukxa, Uxı Kixn, Co Sve, U Wyana və başqaları kino sənətinin görkəmli nümayəndələri kimi şöhrət tapmışdır.
Müəllif: Zərifə Əliyeva, ADMİU-nun dosenti, pedaqoji elmlər namizədi Afət Mollayeva
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1