Genderin nəzəri anlamında mərkəzi, əsas yer onun sosial-mədəni kateqoriya kimi şərhinə məxsusdur. Genderə belə yanaşma qanunauyğun olaraq onun sosial təşkilli və mədəni təşkilli fenomen kimi tərifindəki fərqin dəqiqləşdirilməsinə ehtiyac ilə şərtləndirilir. Həmin səviyyədə genderin iki qarşılıqlı əlaqəli mahiyyət tərəfi – sosial və mədəni tərkib hissələri, maddi-praktiki, sosial-konkret və mədəni-mənəvi, rəmzi büruzəsi arasındakı fərq aşkar olunur.
Genderin sosial təşkil baxımından dərk olunması sosial varlığın əmək alətləri və istehsal vasitələrinin inkişaf səviyyəsi, tarixi inkişafın müvafiq mərhələsində yaranmışəməyin ictimai bölümü, sosial həyatın müxtəlif tərəflərinin artıq formalaşmış və təsdiqini tapmış xarakterinin həmin prosesə təsirinin nəzərə alınmasını tələb edir. Bu zaman genderin formalaşma, inkişaf və yenidən istehsal proseslərinə, gender fərqləri və bütövlükdə gender sisteminin fundamental əsası olaraq onların funksional və maddi məqsədlərdən, sosiumun vəzifələrindən asılılığı nəzərdən keçirilir. Bununla da genderin müxtəlif sosial əlaqələr, qarşılıqlı təsir və qarşılıqlı münasibətlərdə aşkarlığının rəngarəngliyi onun sosiomədəni tədqiq orbitinə düşür. Tətbiqinin əsas nöqtəsi olaraq gender araşdırmasının bu konteksti gender sosial sisteminin gender stereotiplərinə, rollarına, təfəkkürünə və sairəyə təsirini nəzərdə tutur. Başqa sözlə desək, diqqət mədəni qatın sosial formasiyanın maddi xüsusiyyətlərindən asılılığına yönəlir.
Öz növbəsində genderin mədəni təşkili onun təhlili gedişində gender içtimailəşməsinin, gender stereotipləri, rolları, gender eyniləşməsinin, təfəkkür proseslərinin formalaşması kimi amillərin və rəngarəng mədəni kontekst axınında yerləşənlərin genderin təşəkkül və inkişafına, gender bərabərsizliyi və gender sistemlərinə təsirinin nəzərə alınmasını tələb edir.
Qeyd etmək lazımdır ki, genderin sosial-mədəni fenomen kimi ikili təbiəti onun sosial və mədəni təşkil proseslərinin birvaxtlı, birgə, qarşılıqlı əlaqəli gedişini nəzərdə tutur. Genderin bu xüsusiyyəti onun inkişaf prosesinin dinamikası və istiqamətlərinin cəmiyyətdə baş verən müxtəlif sosial dəyişikliklər: iqtisadi, sosialstratifikasiya, siyasi-hüquqi, mədəni, ideoloji və mənəvi islahatların hərtərəfli praktikasından asılılığı ilə əlaqədardır.
Yuxarıda deyilənləri nəzərə alaraq, bu mövzu çərçivəsində ilk növbədə genderin sosial təşkili prosesini nəzərdən keçirək.
Bəşər tarixində gender stratifikasiyası və gender bərabərsizliyinin yaranması sosial stratifikasiyanın ümumi təşəkkül meyli və sonrakı sosial bərabərsizliyin formalaşması ilə sıx şəkildə bağlıdır. Gender bərabərsizliyi də sosial bərabərsizlik kimi, hər şeydən əvvəl kişi və qadın arasında əsas, praktiki olaraq insanların sosiomədəni məkanda cəmlənmiş maddi və mənəvi nailiyyətlər və firavanlıq imkanlarını müəyyən edən sosial əhəmiyyətli ehtiyatların; maddi dəyərin (mülkiyyət və ya gəlir şəklində), hakimiyyətin (sosial təsirin bütün səviyyələrində onun ayrı-ayrı aşkarlıq formalarında), təhsil və nüfuzun qeyri-bərabər bölünməsindən ibarətdir. Cəmiyyət inkişaf etdikcə sosial stratifikasiyanın cəmiyyətdəki peşə-vəzifə strukturunda rolu və yeri, əmək və məişət şəraiti, siyasi həyatda iştirak dərəcəsi, ailə sahəsində iştirakı, asudə vaxtının xüsusiyyətləri, ixtisas və mənəvi təkmilləşmə imkanları, bütövlükdə həyat tərzi kimi göstəriciləri və ölçüləri gender stratifikasiyaları və bərabərsizliyi üçün də səciyəvi göstəriciyə çevrilir.
Gender bərabərsizliyi sosiomədəni konstrukt kimi kişi və qadın arasındaki təbii, bioloji fərqlər əsasında yaranmışdır. Əmək alətləri inkişaf etdikcə və texnologiya təkmilləşdikcə, əməyin ictimai bölümü dərinləşdikcə, maddi və mənəvi istehsal nəticələrinin müvafiq bölüm sistemi yarandıqca, cəmiyyətin iqtisadi, siyasi və mənəvi fəaliyyət sahələrində patriarxat mədəniyyətin hakim vəziyyəti özünü təsdiq etdikcə, kişilərlə qadınlar arasındakı təbii fərq sosial bərabərsizlik qandalı ilə buxovlanır. Sadaladığımız prosesləri daha geniş araşdıraq.
Gender stratifikasiyası sosial stratifikasiyanın struktur bölməsi, xüsusi bir sosiomədəni kəsimi olduğundan və onun əksər göstəricilərinə və xarakteristikalarına malik olduğundan onu təfsilatı ilə tədqiq etməkdən ötrü hər şeydən əvvəl kişi və qadının özünü qida, geyim və sığınacaqla təmin etmək üçün hansı əmək alətlərinin lazım olduğu və müvafiq olaraq bunu necə təşkil ediləcəyi araşdırılır. Bundan başqa, iqlim şəraiti, torpağın vəziyyəti və insanların həyatına təsir göstərən digər ekoloji göstəricilər də nəzərə alınmalıdır. Həmçinin belə yanaşmanın əmək fəaliyyəti çərçivəsində baş verən proseslərin sosial dəyişikliklərlə, sərt determinasiya ilə bağlı olmadığını unutmaq olmaz. Əmək alətləri və texnologiyalar müəyyən hadisələr üçün yalnız müəyyən şərait yaradır, lakin onları heç də mütləq etmir. Eyni zamanda antropoloji ədəbiyyatda həmin yanaşma təkamül adlandırılır, çünki əmək alətlərinin inkişafı və təkmilləşməsi istehsalın və istehlakın inkişafına səbəb olur.
Amerika sosioloqu və antropoloqu Coan Huber özünün «Gender stratifikasiyası nəzəriyyəsi» (1993) adlı məqaləsində ekologiya, ərzaq istehsalı texnologiyası və uşaq doğumundakı dəyişikliklər kimi bir neçə amilin qarşılıqlı təsirini araşdıraraq üç prinsip əsasında gender stratifikasiyası modelini işlədi. Birinci prinsip ailə səviyyəsinə aiddir: mal istehsal edən insanlar onu istehlak edənlərdən daha çox hakimiyyətə və nüfuza malikdirlər – almaqdansa vermək bacarığına malik olmaq daha yaxşıdır. Bu zaman qanuni bir sual ortaya çıxır: məhsuldar əmək nədən asılıdır və bu cəmiyyətdə onunla kim məşğul olur? Axı kişi və qadın praktiki olaraq əmək sahəsi daxilində olduqca geniş sosial əhəmiyyətli funksiyalar yerinə yetirmək üçün bərabər imkana malikdirlər. Buna baxmayaraq bütün cəmiyyətlərdə əməyin bölümü zamanı cins amili həlledici rol oynayır. Bu sualın cavabı ondan ibarətdir ki, kişi ilə qadın arasındakı bioloji fərq nəticəsində kişilər cəmiyyətin yaşaması və insan populyasiyası üçün iki mühüm funksiyanı – uşaq dünyaya gətirmək və onu yedirmək funksiyalarını yerinə yetirə bilmir. Əgər cəmiyyət sağ qalmaq istəyirsə, həmin iki reproduktiv funksiya əksərən qadınlar tərəfindən yerinə yetirilməlidir. Bu aşkar faktdan gender stratifikasiyasının ikinci prinsipi doğur: bəşəriyyət özünün yaşaması və inkişaf üçün əməyin kişi və qadın arasında bölünməsi gedişində qadının yerinə yetirdiyi əmək fəaliyyəti növlərini hamiləlik və sonra isə südəmər uşaqları yedizdirmək imkanı ilə birləşdirməsi üçün şərait yaratmalıdır. Cəmiyyətin yaxud ailənin həyat səviyyəsi, bunun nəticəsi olaraq qadının çiyninə qoyulmuş işin həcmi ilə əhalinin bioloji istehsal prosesinin səmərəlilik səviyyəsi arasındakı sıx əlaqə tarixin bütün gedişi boyu izlənmişdir. Məsələn, XIX əsrin əvvəlində Lionun və Parisin fəhlə ailələrində uşaq ölümünün səviyyəsi çox yüksək idi. Bu onunla əlaqədar idi ki, həmin ailələrdəki qadınlar ailənin gəlirini artırmaq üçün çox işləməli olur və onların südəmər övladları isə dayənin ümidinə qalırdı.
Və nəhayət, Coan Huberə görə, gender stratifikasiyasının üçüncü prinsipi ümumsosioloji stratifikasiya nəzəriyyəsi ilə bağlıdır: hər hansı cəmiyyətdə daha böyük hakimiyyətə və nüfuza malik olan insanlar maddi rifah və dəyərlərin ailədən kənarda bölünməsinə nəzarət edənlərdir. İbtidai cəmiyyətdə bunlar ovçular, kənd təsərrüfatında – hərbi aristokratiya, sənayedə isə – siyasi, iqtisadi və hərbi bürokratiya idi.
Ekoloji şəraitin və əmək alətlərinin uşaq doğumu və tərbiyəsi ilə alaqədə ovçuluq və meyvə yığımı, toxa ilə əkin, heyvandarlıq, əkinçilik və sənaye inkişafına əsaslanmış beş növ cəmiyyətdə gender stratifikasiyasının formalaşmasına təsirini izah edən nəzəriyyə həmin adları çəkilən üç prinsipə əsaslanır.
Ovçuluq və meyvə yığımına əsaslanan ibtidai cəmiyyətdə başlıca əmək aləti taxta nizə və daş idi. Həmin alətlərin köməkliyi ilə əldə edilən qida insanların kiçik qruplarla, əsasən 50-yə yaxın adamın birlikdə yaşaması ilə şərtlənirdi. İri heyvanları ovlamaqla məşğul olan kişilərin əti bütöv qrup daxilində bölüşdürə bildiyi, lakin uşaqlarla birgə giləmeyvə və qoz-fındıq yığan qadınların isə bununla yalnız öz ailəsini təmin edə bildiyi üçün kişilər daha böyük hakimiyyətə və nüfuza sahib idi. Ovun yeganə qida mənbəyinə çevrildiyi sosiumlarda isə kişilərin üstünlüyü güclənirdi. Kişinin bir neçə ailə saxlamasına imkan verməyən ərzaq çatışmazlığı belə cəmiyyətlərdə poliqamiyanı nadir hadisəyə çevirirdi. Ovun kobud fiziki qüvvədən daha çox səbir, çeviklik, birgə hərəkət tələb etməsinə baxmayaraq, qadınlar ov ustalığına yiyələnə bilərdi. Lakin onlar ibtidai cəmiyyətdə bu nüfuzlu fəaliyyət növü ilə məşğul olmurdu. Məsələ onda idi ki, yüksək ölüm səviyyəsi ilə bağlı olaraq qadınlar öz həyatının əksər hissəsini uşaq doğmağa və övladını yaşatmaq üçün bəzən 4 yaşa qədər onu döşü ilə yedizdirməyə sərf edirdi. Bütün bunlar qadının evdən kənarda qeyri-müəyyən vaxt keçirməsini tələb edən ovçuluqla məşğul olmasını mümkünsüz edirdi.
Beləliklə, əhali hasilatına olan ehtiyac qadını ona hakimiyyət və nüfuz gətirən fəaliyyət növləri ilə məşğul olmağa imkan vermidi.
Həyatı təmin edən prinsipcə yeni əsasa – əkinçiliyə keçid əhalinin artımı, iqlim dəyişiklikləri və ovçuluğun insanları ərzaqla təmin etmək nöqteyi-nəzərindən səmərəliliyinin tədricən azalması ilə bağlı idi. Başlıca ov obyekti olan iri məməlilərin populyasiyasının istehsal səviyyəsi insanların onları ovlamaq tələbatından geri qalmağa başladı. Torpağın vəziyyəti və iqlim baxımından əkinçilik üçün əlverişli şəraitin yarandığı bölgələrdə yemin azlığı ucbatından insanlar daha oturaq həyat tərzinə keçməli və torpağın şərti vahidindən əldə olunan yemin böyük miqdarı ilə bağlı həmin fəaliyyət növü ilə məşğul olmağa başladılar. Taxta əkin vasitələrinə əsaslanan primitiv toxalar 9000 il əvvəl Avrasiyanın Afrika ilə kəsişdiyi yerdə meydana gəldi. Taxta toxanın primtivliyinə və torpağı yaxşı belləməyə imkan verməməsinə və buna görə də insanları hər neçə ildən bir yaşadığı yerlərdən köçüb getməyə və yeni, məhsuldar torpaq axtararaq ovçuluqla, meyvə yığımı ilə də məşğul olmağa məcbur etməsinə baxmayaraq əkinçilik daha bol yem əldə etmək və bununla əlagədar birlikdə sabit sayda yaşayan insanların miqdarını 95-ə çatdırmaq imkanı yaratdı.
Daha yaxşı inkişaf etmiş toxa ilə becərmə üsulu 6000 il əvvəl metal alətlərin yaranması ilə meydana çıxdı. Belə cəmiyyətlər Amerikada, Asiya və Avropada yarandı. Yemin miqdarının artması birliklərin sayının 60 dəfə çoxalmasına səbəb oldu. Metal alətlərin icad edilməsi tədricən ehtiyatların artmasına, sabit iqtisadi əlavənin yaranmasına, əmək bölümünün dərinləşməsinə və bununla da sosial bərabərsizliyin yaranmasına gətirib çıxardı. Bununla da müasir sosial stratifikasiyanın əsası qoyuldu. Bundan başqa, metaldan olan silah müharibəni daha səmərəli və əlavə məhsulun artması baxımından daha sərfəli etdi. Fəaliyyət növlərində prioritetlərin dəyişməsi gender stratifikasiyasında prinsipal dəyişikliklərə səbəb olmadı. Əgər primitiv toxa ilə becərmədə kişilər torpağı biçin üçün inhisarlaşdırmışdısa, daha inkişaf etmiş və irəli gedən cəmiyyətlərdə onlar müharibə aparılmasını inhisarlaşdırdı. Və yenidən maddi nemətlərin bölüşdürülməsi ilə bağlı qadınlar üzərində üstün hüquq əldə etdi.
Gender stratifikasiyası ilə bağlı eyni mənzərə dağlıq landşaft, müntəzəm quraqlıq yaxud qısamüddətli isti mövsüm ucbatından əkinçiliyin səməsiz olduğu üçün əsas yaşayış mənbəyini heyvandarlıqda görən cəmiyyətlərdə də müşahidə olunurdu. İnsanı evdən uzun zaman ayrı salan həm heyvandarlıq, həm də müharibə hamiləliklə və südəmər uşaqlara qayğı ilə bir yerə sığmırdı və buna görə də kişilər yenə də maddi nemətlərin istehsalında və bölüşdürülməsində üstünlüyə malik olurdular.
Metal xışdan istifadəyə əsaslanan əkinçilik mövcud gender stratifikasiyanı möhkəmlətdi. Bundan savayı, bütün sənaye cəmiyyətlərində kişi və qadın davranışını təyin edən qanun, ənənə, stereotip və normalar şumlu əkinçilik dövrlərindəki çarlıq və imperiyalardan miras qalmışdı. Şumlu əkinçiliyin qadın statusuna təsiri özünü təkcə onun istehsalatda iştirak payının evdən çox aralı çöllərdə işlədiyi üçün azalmasında göstərmirdi. Yüksək məhsuldarlığa malik olduğu üçün şumlu əkinçilik torpağı əsas miras və var-dövlət növünə, monoqamiyanı isə varislərin sayı üzərində ciddi nəzarətin vacibliyi üzündən kəbinin əsas növünə çevirdi. Buna görə də kəbindənqabaqkı və evli insanın davranışı cəmiyyətin nəzarətinə alındı. Həmin nəzarət alətləri isə qanunlar, ənənələr və ictimai rəy oldu.
XIX əsrdəki sənayeləşmə Avropada şumlu əkinçilik dövrünə son qoydu. Maşınların yaradılmasının sürətli irəliləyişi kişilər və qadınlar tərəfindən yerinə yetirilən iş növlərini də dəyişdi. Zavod sistemi şəhərdə muzdlu işçi sinfi yaratdı və kişilərin işdəki davranışını dəyişdi. Artan əlavə məhsulun ədalətli bölümü uğrunda hərəkat başlandı ki, burada başlıca rolu kişilər oynadı. Qadınlara gəldikdə isə sənayeləşmənin və fabrik-zavod istehsalının törətmiş olduğu əmək bazarına onların gəlişi üç meylin – ölüm səviyyəsinin azalması, savadlanmanın yayılması və uşaq doğumunun azalmasının təsiri altında qadının həyat şəraitinin dəyişməsi nəticəsində mümkün oldu. Yalnız bundan sonra işçi qüvvəsinin tərkibi evli qadınların hesabına artdı. Ölüm səviyyəsinin və uşaq doğumunun aşağı enməsi işləyən qadının orta hesabla həmiləliklə və övladını yedizdirməklə bağlı iş yerindən kənarda keçirdiyi zamanın miqdarını da azaltdı. Savad səviyyəsinin artması qadına ümumailə gəlirini əvvəlkindən daha artıq təmin etməyə imkan verdi. Lakin bütün bunlar o demək deyildi ki, əmək alətləri və texnologiyanın inkişafında, əməyin ictimai bölümündə, maddi sərvətlərin əldə edilmə və istehlakının təşkil-iqtisadi əsaslarında baş verən dəyişikliklər yüziliiklərlə təşəkkül tapan gender stratifikasiyası sistemini əsaslı surətdə dəyişə və bunun üstündə qurulan gender bərabərsizliyini ləğv edə bilərdi. Cəmiyyət sənaye mərhələsinə qədəm qoyduqdan sonra insan populyasiyasının qadınların müxtəlif ictimai-faydalı əmək növlərində iştirakının artımına və müvafiq olaraq onların sosial stratifikasiyanın inteqral ehtiyatları (maddi sərvət, nüfuz və təhsil) imkanına olan ictimai tələbatın təsirinin tədricən ixtisar olunması meyli formalaşmağa başladı. Lakin bəşər tarixi ərzində yaranan gender sosializasiyası, gender stereotipləri və göstərişləri, rəmzləri, rollar sistemi, gender idrak paradiqmaları və bir sıra digər dünyagörüşü, ideoloji və bütövlükdə mənəvi-mədəni məzmun amilləri tarixin bu məqamında gender bərabərsizliyi ruhu ilə o qədər dolmuş, o qədər sosial-aktiv və istehsala qabil olmuşdu ki, gender bərabərsizliyi baxımından əməyin və ictimai istehsalın nəticələrinə və cəmiyyətin peşə-vəzifə strukturunda statusların bölümünə müntəzəm şəkildə neqativ təsir göstərərək, gender stratifikasiyasının mövcud quruluş prinsiplərinin saxlanmasına yeni təkan verirdi (bu anlayışları və genderin sırf mədəni quruluşunun müvafiq aspektlərini sonrakı mövzuda daha geniş şəkildə nəzərdən keçirəcəyik).
Həll üsulu, dinamikası və nəticələrindən qadının istehsal prosesində və sosial əhəmiyyətli dəyərlərin ailədənkənar sahələrdə bölüşdürülməsi prosesindəki fəal iştirakının asılı olduğu əsas problemlərdən biri ailədəki vəzifə bölgüsüdür. Gender stratifikasiyası üçün ev işlərinin əhəmiyyəti sosial-sinfi təbəqələşmə və stratifikasiya üçün bazarın sosial-iqtisadi fenomeninin əhəmiyyəti qədər mühümdür. Gender bərabərsizliyinin aradan qaldırılması üçün əməyin ailədaxili bölümü probleminin vacibliyini bu cür ifadə etmək olar: qadın öz bacarığı və istedadının reallaşmasına kişi qədər əmin olmayınca, o bərabərhüquqlu ola bilməyəcək.
Araşdırılan problem baxımından qadınlara münasibətdə ayrı-seçkilik ondan ibarətdir ki, müasir cəmiyyətdə qadınların çoxu ikili işlə yüklənmişdir: ev işləri və gəlir əldə etmək üçün çalışdığı iş. Nəticədə qadın ərinin karyerası xətrinə özünün ixtisas yüksəlişindən imtina edir. Ev işləri yükü nəinki qadının ixtisas yüksəlişinə, həm də təhsil səviyyəsinin və dərəcəsinin yüksəlməsinə mane olur. Ev işi – təkcə kişinin ödənişli işdə çalışmasını təmin edən gözəgörünməz və ödənişsiz qadın zəhməti deyil. Bu həm də hökmranlıq və asılılıq təcəssüm etdirən «gender» əməyidir. «Ev işi» anlayışına məzmunca bir-birindən fərqlənən müxtəlif vəzifələr aiddir. Ailədə və sənaye ölkələrində qadının fiziki işi qadının inkişaf etməkdə olan ölkələrdə yerinə yetirdiyi işdən (su daşımaq, məhsul yığmaq, paltar toxumaq və s.) tamamilə seçilir. Amma su təchizatı, kanalizasiya, elektrik təminatı kimi rahatlıqlara baxmayaraq evdəki fiziki işin azalmasına rəğmən həmin iş yenə də bir fərddə – qadında cəmlənir. Qeyd etmək lazımdır ki, qadına münasibətdə ailədaxili əməyin ayrıseçkili bölümünün saxlanmasında mühüm rol ictimai şüurda möhkəmlənən gender stereotiplərinə və göstərişlərinə məxsusdur. Özü də hakimlik-asılılıq münasibətinin müntəzəm istehsalına baxmayaraq təkcə kişi-lər deyil, elə qadınlar da həmin stereotip və göstərişləri rəhbər tutur.
Ailə hakimiyyətinin mühüm mənbəyi və ölçüsü pul və ona nəzarətdir. Gender stratifikasiyası üçün vacib olan yalnız ailə gəlirinin həcmi məsələsi yox, həm də kimin pul qazanması, həmin pulu ailə daxilində nəzarətdə saxlaması, bölüşdürməsi və xərcləməsidir. Praktika göstərir ki, ailə büdcəsi üçün pulun qazanılması ailənin gəliri üzərində avtomatik nəzarət yaratmır. Müasir evli qadınların ailə büdcəsindəki xidməti getdikcə artsa da, cəmiyyətdə onların statusu hətta şəxsi gəlirinə nəzarət etmək bacarığı baxımından belə kritik olaraq qalır. ABŞda aparılan araşdırmaların nəticəsi çox geniş yayılan bir vəziyyəti əks etdirir. Məlum olmuşdur ki, pulun idarə olunmasının «defisit üzərində nəzarət» sayıldığı azgəlirli ailələrdə maliyyə nəzarəti qadın tərəfindən yerinə yetirilir; gəlirin yüksək olduğu ailədə isə maliyyə nəzarəti adətən kişiyə məxsus olur. Gender normaları ərin qazandığı pulun hamısını ailə büdcəsinə vermədiyi və pulun bir hissəsini öz şəxsi ehtiyacı üçün saxladığı vəziyyəti nəzərdə tutur. Məvacibə əlavələr, mükafat və digər əlavə qazanc haqqında da bunu söyləmək olar. Arvadın qazandığı pula gəldikdə isə normativ münasibət burada çox zaman onun uşağa baxmaq üçün yaxud xırda xərclər üçün sərf olunmasını nəzərdə tutur və bunu ailənin ümumi büdcəsinə daxil etmir.
Əməyin ailədaxili bölümündə gender bərabərsizliyinin stereotiplərdən və göstərişlərdən asılılığına ev işlərinin rəmzləşməsi daha bir sübutdur. Ev işi «qadın» olmaq anlayışının «təbii» (mədəni gözlənilən və qanunlaşdırılmış) bir hissəsi, «lazımi ailələrin quruluş proyekti»nin bir hissəsidir. Ev işinin keyfiyyəti çox vaxt qadının rəmzi rəğbəti olaraq aşkarlanır. Bu zaman qadın öz vəzifəsini ərinin tələblərini yerinə yetirmək vacibliyi olaraq müəyyənləşdirir, ərə isə arvadının elədiklərinə şəksiz tənqidlə yanaşmaq hüququ verilir. Bundan başqa, ev işinin yerinə yetirilməsi sevgi və qayğının ifadəsi kimi başa düşülür, amma kişi üçün və qadın üçün bərabər bölünmür. Ev işi qadının evə qayğısı kimi nəzərdən keçirilir, buna görə də qadın ailənin ehtiyacını yerinə yetirmirsə, özünü günahkar hesab edir. Kişi isə ev işində az xidməti olsa belə, bunu minnətlə edir. Və nəhayət, ev işinin qadına aid olması kimi stereotip qavranış ailədə hakimiyyət iyerarxiyasını, subordinasiyanı təcəssüm etdirir.
Əsasında kişinin üstün rolu, onun sosial qrup olaraq hakimliyi (patriarxat) ilə xarakterizə olunan ictimai münasibətlər sisteminin formalaşdığı gender stratifikasiyası və gender bərabərsizliyi öz əksini əməyin yalnız ailədaxili çərçivədə deyil, həm də ictiami bölümü səviyyəsində, cəmiyyətin əmək fəaliyyətinin bütün səviyyələrində tapır. Cəmiyyətin keçdiyi tarix boyu formalaşmış qadının ailə qisməti nəzəriyyəsi onun əsarəti və istehsal sahəsində əzilməsinə əsas vermişdir: yaşayış üçün qazana bilmək imkanı ona yaxşılıq, iltifat kimi, qadının professional karyera etmək yaxud yüksəködənişli və nüfuzlu məşğulluq sahələrə daxil olmaq cəhdi isə olduqca ciddi, bəzən də qarşısıalınmaz maneələrlə qarşılaşır. Hər dəfə əməyin ayrı-seçkili bölümü özünü göstərir: müasir iqtisadiyyat və əsas idarəetmə sistemi sahələrində qadından daha çox qazanmaq imkanı olan kişilərə üstünlük verilir; qadına münasibətdə isə çox vaxt «qalıq prinsipi» adlanan prinsip işə düşür ki, nəticədə qadın onun üçün əsasən ənənəvi sayılan, daha az ödənişli və az nüfuzlu səhiyyə, təhsil, məişət xidməti, sosial təminat sahələrində işləməli olur. Əməyin ictimai bölümündəki ayrı-seçkilik özünü yalnız fəaliyyət dairələrinin «kişi» və «qadın» səhələrinə bölünməsində deyil, həmçinin «qadın»a aid kimi nəzərdən keçirdiyimiz sahələrdə də rəhbər vəzifələrə əsasən kişilərin: məktəb direktorları, baş həkimlər, sosial təminat sahəsini idarə edənlər və s. təyin olunmasında göstərir. Qadın və kişinin ixtisas yüksəlişindəki mövcud fərqlərin əsasında cəmiyyətin analoji şəraitdə həm onun, həm də bunun qarşısında qoyduğu müxtəlif tələblər durur. Karyera pilləsi ilə irəliləmək istəyən qadın ənənəvi olaraq kişilərə aid edilən sırf kişi keyfiyyətləri nümayiş etdirməlidir: rasionallıq, təcavüzkar aktivlik, dönməz xarakter və s. – özü də həmin vəziyyətdə kişidən tələb ediləndən qat-qat artıq dərəcədə. Bu zaman qadının professional fəaliyyətdə və karyerada nail olduğu uğurları çox zaman onun malik olduğu bacarıq və biliklə deyil, cürbəcür səbəblərlə izah edirlər; uğursuzluqlar isə onun cinsi mənsubiyyəti ilə əlaqələndirilir. Qadının peşə yüksəlişinə neqativ münasibətin digər amili onun ailədəki vəzifələrinə cəmiyyətdə kök salmış münasibətdir. Bir tərəfdən, qadın üçün peşəkar fəaliyyətin yox, ailədəki vəzifəsinin əsas yer tutması ilə bağlı stereotip özünü büruzə verir. Digər tərəfdən isə, evli qadının həmin vəzifələri (ilk növbədə ana qayğıları) çox vaxt onun bir işçi kimi, üstəlik də rəhbər işçi kimi fəaliyyətinin nəticəsinə mənfi təsir göstərə bilən və onu nüfuzdan sala biləcək vəziyyət kimi qəbul edilir.
Gender bərabərsizliyinin əmək sahəsindəki başqa bir problemi iş yeri təşkil edilərkən qadın orqanizminin bioloji xüsusiyyətlərinə faktiki olaraq məhəl qoyulmamasıdır. Kişi ilə müqayisədə qadın əməyinin mühafizəsi və onun iş şəraitinin yaxşılaşdırılması qadınların tam professional fəaliyyətinin vacib şərtidir. Burada ilk növbədə söhbət qadın səhhətinin müdafiəsindən, reproduktiv sistemin zərərli istehsalat amillərinin təsirindən qorunmasından gedir. Qadın əməyi xüsusi, daha diqqətli təşkil, normalaşma və təminat üsullarına ehtiyac duyur. Qadın orqanizmi səs, vibrasiya, temperaturun kəskin dəyişməsi, toz, natəmiz hava, zəif işıq, monoton əməliyyat ritmi, ağır əşyalarla iş kimi xoşagəlməz amillərə kişi orqanizmindən daha tez reaksiya verir. Buna görə də müxtəlif avadanlığın layihələşməsi və hazırlanması zamanı qadın orqanizminin xüsusiyyətlərinin nəzərə alınmaması və bəzi əmək növlərində xüsusi iş normalarının olmaması ona pis təsir edir. Həmin amillərin neqativ təsiri lazımsız enerjinin sərfində, iş qabiliyyətinin azalmasında, əsəb sisteminin pozulmasında özünü büruzə verir.
Bütün bunlar onu deməyə imkan verir ki, əmək və ailə-məişət sahələrində sosial təşkil olunmuş gender münasibətləri sistemi qadının öz bilik və bacarığını aşkar etmək baxımından başlanğıc imkanlarını məngənəyə salır. Bu səhədə mövcud olan problemlər heç də qadının istehsalat sahəsinə daha fəal daxil olması, onun əmək fəaliyyətinin və ailə yükünün optimal birliyi məsələsi deyildir. Gender stratifikasiyasında qadının statusunun tam professional irəliləyiş, layiqli sosial qəbul, hərtərəfli yaradıcılıqla məşğul olmaq baxımından dəyişməsi üçün cəmiyyətdəki bütün sosial institutların müntəzəm, məqsədyönlü, sistemli fəaliyyəti gərəkdir. Onu da əlavə edək ki, yuxarıda adı çəkilən gender bərabərsizliyi problemlərinin bir çoxu ayrı-ayrı sosial şəraitdə müxtəlif kəskinliklə özünü göstərir. Belə ki, inkişaf etmiş yüksək bazar iqtisadiyyatına və əməyi yüngülləşdirən texnologiyaya, yüksəktəşkilli əmək bazarına, olduqca yüksək gəlirin müxtəlif formalarına, yüksək inkişaf etmiş büdcədənkənar sosial təminat mənbələrinə və aktiv sosial siyasətə, tərəqqi edən demokratik hakimiyyət və vətəndaşların siyasi iştirak institutlarına, özünün demokratik meyilli siyasi-hüquq norma və dəyərlərinə malik postsənaye ölkələrində əmək və ailə-məişət sahəsində gender stratifikasiyasının adı çəkilən problemlərini həll etmək üçün olduqca əlverişli şərait yaranmaqdadır. Məsələn, həmin ölkələrdə orta və yüksək gəlirli ailələrdən olan kişilərin əksəriyyəti öz xanımlarının aktiv şəkildə pul qazanmaq və ya öz yaradıcılıq imkanını hansısa başqa sahədə (sosial proqramlar, xeyriyyəçilik, elmi fəaliyyət və s.) tətbiq etmək imkanına olduqca normal və rəğbətlə yanaşırlar. Eyni zamanda ailədaxili işin paritet şəkildə bölünməsi üçün lazımi qədər güclü sövqedici motivlər yaranır. Totalitar siyasi rejimli və müvafiq surətdə istiqamətlənmiş sosial-iqtisadi institutları olan, həmçinin də totalitarizmdən demokratiyaya və bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələrə gəldikdə isə burada gender bərabərsizliyinin deyilən sahələrdəki vəziyyəti optimist qiymətləndirmədən olduqca uzaqdır. İqtisadi böhran, istehsalat səviyyəsinin aşağı enməsi, işsizliyin artması, sosial proqramların ixtisarı, bütün sahələrin yöndəmsiz dövlət idarəetmə sistemindən güclü şəkildə asılı olması və sosial gərginlik mahiyyətcə patriarxat gender stratifikasiyasının rolunu bir çox şeydə dərinləşdirir.
Genderin sosial qurulmuş fenomeninin başqa bir vacib aspekti qadının siyasi sahədə rolu və yeridir. Qadının faktiki olaraq siyasətin formalaşmasından və dövlət aparatının fəaliyyətinə nəzarətindən aralı düşməsi postsovet məkanında olduqca geniş yayılmış bir vəziyyət idi. Belə vəziyyətin səbəblərindən biri keçid cəmiyyətlərində iqtisadi, sosial və siyasi sistemlərdəki dəyişikliklərin o şəraitdə baş verməsidir ki, heç də bütün sosial qruplar öz siyasi marağını dəqiq söyləməyi və eyniləşdirməyi bacarmır. Qadına qarşı münasibətdə bu patriarxat stereotiplərin hökmranlığı və müxtəlif sosial qruplara aid olan qadınların ümumi hərəkat platforması işləmək bacarığının olmaması ilə bağlıdır. Əvvəllər, totalitarizmdə rəsmi siyasi karyera edən qadın bir qayda olaraq, nəinki digər qadınların yüksəlməsinə və irəli getməsinə kömək etmirdi, əksinə, öz sosial-demoqrafik qrupundan aralanırdı. Artıq təşəkkül tapmış həmin qadın-siyasətçi stereotipinin yeni reallıqda öz təsdiqini tapması heç də əsaslı sayıla bilməz. Müasir şəraitdə yeni tip siyasətçi qadının formalaşması üçün müəyyən zəmin yaranmaqdadır. Hər şeydən əvvəl bu, qadına siyasətə kütləvi tədbirlərdən, seçki kampaniyalarından, siyasi partiyalarda, elmi-istehsalat birliklərindəki fəaliyyətdən keçərək gəlməyə imkan verən sosial-siyasi məkanın ümumi demokratikləşmə prosesidir. Burada nəzərdə saxlamaq lazımdır ki, qadınların öz siyasi marağını dərk etməsi prosesi daha yavaş gedir, çünki qadının fikrincə daha əhəmiyyətli olan: ölkənin siyasi vəziyyəti, sosial problemlər, aşağı məvacib, əmək bazarında vəziyyətin pisləşməsi, uşaqların səhhəti və təhsili, ailə problemləri və sairə kimi problemlər onu üstələyir. Qadının siyasi fəaliyyətə daxil olmasına mane olan digər səbəb kişi korporativ mədəniyyətidir ki, onun əsasında şəxsi münasibətlər və qadın siyasətçilərə qarşı qabaqcadan yaranan yanlış fikir durur. Qadını qəbul etməməyin kökləri iyerarxik gender stratifikasiyasına gedib çıxır ki, ona müvafiq asılı rol ayrılırdı. Qadın siyasi karyerasında kişi və qadının müxtəlif imkan qiymətləri, qadının vaxtını məhdudlaşdıran ailə işlərinin qeyri-bərabər bölünməsi, ailədə qadının müvafiq mənəvi dəstəyinin olmaması kimi amillər də ləngidici rol oynayır. Qadınlar kişilərlə müqayisədə daha az dərəcədə müstəqil seçim əsasında yaşayır və bu da onların siyasi fəallığına mənfi təsir göstərir.
Buna baxmayaraq son onilliklər ərzində dünyadakı siyasi strukturda qadın təmsilçiliyinin xeyrinə mühüm dəyişikliklər baş vermişdir. Qadın özünüdərkinin yüksəlməsi, tarixi prosesdə öz rolunun başa düşülməsi təkcə kişi və qadının rolu barədə deyil, həmçinin «hakimiyyət», «siyasət», «demokratiya», «liderlik» kimi anlayışların mənası barədə də təsəvvürlərin tədricən dəyişməsi ilə bir vaxtda baş verir. Qadının cəmiyyətdə öz həyat yolunu müstəqil seçə bilən nəinki bərabərhüquqlu, həm də bərabərdəyərli üzv olması ilə bağlı etiqad getdikcə güclənir. Dünya təcrübəsi göstərdi ki, siyasət sahəsində rəhbər vəzifə tutan qadınların sayının artması siyasi addım arsenalının strukturunda, həm siyasətdaxili, həm də xarici siyasət səhnələrində siyasi problemlərin və ziddiyyətlərin daha insanpərvər, daha mənəviyyatlı həll vasitələrinin seçilməsində pozitiv dəyişikliklərə səbəb olur.
Və nəhayət, genderin sosial aşkarlığının daha bir aspektinə toxunaq. Genderin sosial təşkilinin hərtərəfli, bütöv sosial sistem olaraq cəmiyyətin digər struktur elementləri ilə qarşılıqlı əlaqəli təhlili gender stratifikasiyasının və gender bərabərsizliyinin cəmiyyətin sosial strukturunun sosial-sinfi, irqi və milli-etnik təbəqələşməsi ilə sıx bağlılığını və qarşılıqlı təsirini tam dəqiqliyi ilə izləməyə imkan verir. Unutmaq olmaz ki, məqsədi gender fenomeninin təkcə ən ümumi nöqtələrinin üzə çıxarılması olan gender probleminə yalnız ümumnəzəri yanaşma müəyyən dərəcədə həmin sosio-mədəni konstruktun bu yaxud başqa səviyyədə praktiki görünüşünü səciyyələndirən konkret forma, şərait, amil və əlaqələrdən abstraktlaşmasına yol verə bilər. Gender bərabərsizliyinin konkret tarixi şəraitdəki problemlərinin geniş tədqiqi isə sosial-sinfi, irqi, etnik və və bilavasitə gender statusu da daxil olmaqla, gender münasibətlərinin həmin subyektinin bütün sosial status və mövqe əlaqələrinin mütləq nəzərə alınmasını tələb edir.
Onları hər bir elementin bu yaxud başqa dərəcədə digərlərindən asılı olduğu vahid stratifikasiya sistemi kimi araşdırmaq lazımdır. Məsələn, sənaye kapitalizmi dövründə sosial sinfi və gender stratifikasiyası arasındakı əlaqə sinfi mənsubiyyətindən asılı olmayaraq bütün qadınların əzilməsində və eyni zamanda fəhlə sinfini təşkil edən həm kişi, həm də qadınların istismarında özünü göstərirdi. İrqi ayrı seçkiliyin mövcud olduğu ölkələrdə mahiyyəti qadının ailə üçün yaşaması haqda müddəadan ibarət olan gender ideologiyası və aşağı səviyyəli (irqi mənsubiyyət baxımından) qrupların ikinci dərəcəliliyini və etibarsızlığını əsaslandıran irqi ideologiya ağdərili kişilərin hakimliyini təsdiq edən stratifikasiya sisteminin yaranmasına yardım edirdi. Bu cür cəmiyyətdə elə vəziyyət yaranmışdı ki, bütün kişilər və bütün ağdərililər (cinsindən asılı olmayaraq) istismarçı rolunda çıxış edirdi: ağdərili kişilər həm ağdərili qadınları, həm də rənglidərili kişi və qadınları; ağdərili qadınlar rənglidərili kişi və qadınları; rənglidərili kişilər rənglidərili qadınları istismar edirdi. Qeyri-millətdən olan əhalinin – üçüncü dünya ölkələrindən və MDB-dən çıxmış insanların – məskən saldığı ölkənin vətəndaşlığına malik olmayaraq əsasən azödənişli yerlərdə istifadə olunduğu cəmiyyətlərdəki gender və milli-etnik stratifikasiyanın kəsişində də eyni mənzərənin şahidi oluruq. Belə cəmiyyətdə stratifikasiya sistemi piramidasının zirvəsində kişilər (millətindən asılı olmayaraq) və həmin dövlətin vətəndaşları (cinsindən asılı olmayaraq) dayanır. Beləliklə, konkret sosial şəraitdə sinif, irq, millət və gender sosial bərabərsizliyin eyni zamanda mövcud olan sistemlərini formalaşdırmağa qabildir.
Genderin sosial qurulma prosesinin təhlili göstərdi ki, onun əsasında dayanan gender stratifikasiyası və gender bərabərsizliyi cəmiyyətin həyat fəaliyyətinin ayrı-ayrı sahələrində özünü büruzə verərək bir sıra norma, dəyərlər, stereotip və göstərişləri formalaşdırır ki, onlar da öz növbəsində yayıldıqca və təsdiqini tapdıqca mövcud gender sisteminin istehsalına dəstək verir.
XX yüzilin ikinci yarısında dünya ölçüsündə özünü göstərən qadın hərəkatı Azərbaycanda da özünü hiss etdirir. Qadın cəmiyyət həyatının bütün sahələrində kişilərlə bərabər olmaq istəyir. Müasir dövrün bu tələbi İlyas Əfəndiyevin yaradıcılığında daha dolğun, daha yüksək səviyyədə əksini tapıb. Onun yaradıcılığının əsasını təşkil edən roman, povest, pyes və hekayələrində qadın azadlığı, hüququ, qadın statusu mərkəzdədurur.
Müəllif: Aygün Eyvazlı-ADMİU-nun müəllimi
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1