İki əsrə qədər tarixi olan kulturologiyanın humanitar bilik sahəsi kimi formalaşmasında nəzəri konsepsiyaların böyük rolu olmuşdur. Bu kulturoloji nəzəri məktəblər mədəniyyət nəzəriyyəsinin bir elm kimi formalaşması, habelə təkmilləşməsində əhəmiyyətli yer tutmuşdur. Mədəniyyətin tədqiqində klassik kulturoloji məktəb və nəzəriyyələr kulturologiyanın nəzəri bünövrəsini təşkil edir. Nümunəvi əhəmiyyət kəsb edən bu klassik konsepsiyalardan İ.Q.Gerder, N.Y.Danilevski, O.Şpenqler, Z.Freyd, P.Sorokin, A.Toynbinin nəzəriyyə və məktəblərinin adları mütləq sadalanmalıdır. Həm forma, həm də məzmun keyfiyyətlərinə görə bu nəzəriyyəçilərin kulturoloji təlimləri böyük əhəmiyyət kəsb edir.
Ən qədim zamanlardan mədəniyyəti tədqiq edən P.Sorokin sistemli metoddan (çarpaz, tematik) istifadə edərək bu və ya digər tarixi mərhələlərin ardıcıl şərhini əks etdirir. Müəllif özünün nəzəri nəticələrini cədvəl və qrafiklərlə ifadə edərək statistik materiallarla şərh edir. Müəllifin sonda gəldiyi fikrə görə, hər bir cəmiyyət özündə üç mühüm aspekti – əşyalar aləmini (konkret əşyalar), subyektiv aləmi (insan) və transsubyektiv aləmi, (ruhi mahiyyət, ideyalar, fikir, düşüncə) kəsb edən sosial-mədəni sistemdir. Cəmiyyəti onun simvolik (fovqəlüzvi) komponentinə – digər dəyər, norma və mənəvi sərvətlərinə görə təyin etmək və başa düşmək olar ki, bu da mədəni xassədir. Mədəniyyət – bir-biri ilə qarşılıqlı əlaqədə olan insanların mənsub olduqları dəyərlər, normalar toplusudur. P.Sorokinin fikirncə, mədəniyyət geniş mənada özünün inkişaf mərhələsində cəmiyyətin əldə etdiyi topludur. Bu inkişaf prosesində müxtəlif mədəniyyət sistemləri formalaşır: dini, etik, estetik, hüquqi və s. Bütün bu mədəni sistemlərin başlıca xüsusiyyəti onların ali səviyyədə birləşmə tendensiyasıdır. Bu tendensiyaların inkişafı prosesində mədəni fövqəl-sistemlər formalaşır. Sorokinin sözlərinə görə, bu mədəni fövqəltəbii sistemlər «özünün mentallığı, həqiqət və biliklərin xüsusi sistemi, müstəqil fəlsəfi və dünyagörüşü, dini və «müqəddəslik» nümunələri, hüquqi təsəvvürləri, incəsənət formaları, davranış kodeks və qanunları, sosial münasibətlərin üstünlük təşkil edən formaları, iqtisadi, siyasi təşkilatları, mentalitet və davranışına xas xüsusi şəxsiyyət tiplərinə xasdır».
Alman filosofu İohann Qotfrid Gerder (1744-1803) Keniqsberq Universitetinin ilahiyyat fakültəsində təhsil alarkən İ.Kantın mühazirələrini dinləmiş və öz dövründə həyata şəxsi mütərəqqi baxışı ilə fərqlənmişdir. Onun fikirincə, insan təkamülün sonuncu məhsuludur. İnsanı digər canlılardan fərqləndirən də məhz mədəniyyətdir.
Gerder mədəniyyətin tarixinə müxtəlif, bir-birindən təcrid olunmuş unikal mədəni dəyərlərin, sərvətlərin yaranma tarixi kimi yanaşır. Bu və ya digər mədəniyyətin inkişafı zahiri meyarlarala deyil, daxili stimulu ilə ölçülməlidir. Hər bir mədəniyyətin mövcudluğunun əsas məqsədi, Gerderə görə, xoşbəxtlik həyəcanlarının bütövlüyü və zənginliyindədir. Ona görə də, təkamülün əsas məqsədi, heç də əqlin təkmilləşməsində, ictimai institutların «daha əlverişli qurulmasında» deyil, humanistliyin geniş vüsətindədir. Gerder mədəniyyətin ən ali məqsədini məhz bu ideyada – humanizmin yayılmasında görür.
İ.Gerderin mədəniyyət konsepsiyasında özünəməxsus yer tutan məsələlərdən biri də mədəni tərəqqi haqqındakı kulturoloji baxışlardır. Bu məsələ alman filosofu üçün o qədər də asan deyil. O belə fikirləşirdi ki, heç bir mədəniyyət özünün ardıcıl, eyni miqyaslı səviyyədə inkişaf tərəqqisi ilə öyünməməlidir; cəmiyyətdə elm və incəsənətin ayrı-ayrı sahələri kamillik səviyyəsinə çata bilər, lakin bu vəziyyət insanların tamahkarlıq və digər əxlaqsızlığının aradan qaldırılması üçün əsas meyar hesab edilmir. Bir fəaliyyət sahəsindəki tərəqqi, inkişaf üstünlüyü, digər fəaliyyət üçün zəmin ola bilmir. Ona görə də mədəniyyətin hərtərəfli tərəqqisi, alman filosofunun məntiqi nəticəsinə görə qeyri mümkündür.
İ.Q.Gerderin mədəniyyət haqqındakı mütərəqqi fikir və ideyaları özündən sonra gələn digər kulturoloji nəzəriyyə və kosepsiyalar üçün – zəngin mənəvi irs və mənbə rolunu oynayır.
Mədəni təkamül haqqındakı nəzəriyyələrin digər nümayəndələrindən biri də başqa bir alman filosofu Qeorq Vilhelm Hegel (1770-1831) sayılır. O, öz konsepsiyasında dünyəvi mənəvi mədəniyyət tarixinə xüsusi cəhdlə yanaşmışdır. Hegelin «ruh» haqqındakı təlimi onun fəlsəfi sisteminin qayəsini təşkil etməklə, həm də kulturoloji nəzəriyyəsinə də birbaşa təsir göstərmişdir. Estetikaya dair əsərlərində Hegel dünyəvi incəsənətdə simvolik, klassik, romantik formaların bir-birini əvəz etməsi qanunauyğunluqlarına da diqqət yetirmişdir.
Özünün 1807-ci ildə yazdığı ilk fəlsəfi əsərlərindən biri olan «Ruhun fenomenologiyası» adlı kitabında Hegel mədəniyyəti Allah tərəfindən törədilən «bəşəri zəka»nın insandan asılı olmayan yaradıcı qüvvələri üzə çıxarmasının qanunauyğun inkişafı kimi qiymətləndirir. Zəka müxtəlif ölkə və xalqların bir-birini əvəz edən mədəniyyət formalarında təzahhür edir. Bu, ilk növbədə insanların dil və nitqində özünü əks etdirir. Fərdin mənəvi inkişafı «bəşəri ruh»un özünüdərkinin mərhələsini yaradaraq elm, mənəviyyat, din, incəsənət, siyasihüquqi sistem proseslərinin idarəedilməsini təmin edir.
Hegelə görə, mədəniyyətin mahiyyəti insanın bioloji başlanğıclarının üstünlüyü və ya görkəmli şəxsiyyətlərin yaradıcı təxəyyülü ilə deyil, fərdin özündə təbiət və tarixi birləşdirən dünyəvi kamilliyə münasibəti ilə ölçülür. Bu bütövlük və kamillik «bəşəri əql», «bəşəri ruh», «mütləq ideyanın» törəməsi olduğundan yalnız maksimal bilik sayəsində ona nail olmaq mümkündür.
«Təfəkkürün hərtərəfli, əhatəli inkişafı mədəniyyətin mütləq dəyəridir» fikri Hegelin mədəniyyət haqqında söylədiklərindəndir.
XIX əsrin kulturoloji məktəbləri içərisində Nikolay Yakovleviç Danilevskinin (1822-1885) nəzəriyyələri də dünya kulturologiyasında özünəməxsus yer tutmuşdur. Danilevski «Rusiya və Avropa» adlı əsərində mədəniyyətə məkan-zaman prizmasından yanaşmışdır. Bu mənada Danilevski tərəfindən irəli sürülən əsas müddəaların qısaca məzmunu ondan ibarətdir ki, mədəniyyətin inkişaf tarixində vahid qanunvericilik norması olmasa da, öz qanunlarına müvafiq yanaşan və bir-birinin yaşamasına kömək edən ayrı-ayrı mədəniyyət tarixlərinin ümumi toplusu mövcuddur. Hər bir mədəniyyət özünəxas mövcudluq, forma, xarakteristika və taleyə malikdir. Həm də hər bir mədəniyyət digərlərilə ölçüyə gələ biləcək ekvivalent muxtariyyat sisteminə məxsusdur. Mədəniyyətlər öz inkişaf proseslərində müəyyən dövrlər keçirlər.
Danilevskinin bu müddəalarından belə bir ümumi nəticəyə gəlmək olar ki, bəşəriyyətin yeganə mədəniyyəti – bir-birinə sıx şəkildə çulğalanmış bütöv və mürəkkəb mədəni təşkiletmə formalarının ansamblıdır.
N.Y.Danilevski xalqların inkişafını tarixi fazaların qanunauyğunluqları ilə arqumentləşdirməyi qəbul etmədiyindən tarixin «qədim», «orta», «yeni» dövr və mərhələlərə bölünməsini düzgün hesab etmir. Müəllif bu məqsədlə, tərəqqiyə özünün «morfoloji prinsip»i aspektindən yanaşaraq bütün xalqların eyni istiqamətə doğru irəliləyişini tərəqqi hesab etmir. Onun fikirincə, heç bir sivilizasiya tarixdə və ya müasirlərindən ən uca nöqtədə durması ilə fəxr etməməlidir.
Kürreyi – ərzi öz həyati dəyər və qüvvələrinə, potensiallarına görə müxtəlif etnik qruplaşmalar əhatə edib və etməkdədir. Onları üç əsas qrupda təsnif etmək olar. Bunlardan birinciləri digər qruplaşmaların tərəqqisinə münbit şərait («etnoqrafik material») yaradan və daha əhatəli şəkildə mədəni-tarixi tip kimi formalaşmağa imkan tapmayan xalqlardır. Digərləri, məsələn, sivilizasiyanı dağıdan hunlar, türklər və monqollar «Allahın nöqsanları»dır. Yalnız üçüncülər unikal keyfiyyətləri ilə seçilən müstəqil-tarixi tipdir. Bu tiplərin inkişaf dinamikasında bioloji anologiya amilləri də mühüm rol oynayır. Danilevskinin fikirincə, mədəni-tarixi tip təşəkkül tapır, inkişaf edir, ya öz əcəli, ya da daha güclü və gənc birliklərin səyi nəticəsində ölümə məhkumdur. Muəllifin hesablamalarına görə, hər mədəni-tarixi tipin yaşama, ömürsürmə dövrü 1500 ili əhatə edir. O, bəşəriyyət tarixində 10 müstəqil mədəni-tarixi tip müəyyənləşdirmişdir: misir, yəhudi; çin; haldey və ya qədim semit; hind; iran; roma; yeni semit və ya ərəb; alman-roman və ya avropa. Bunlara daha ikisini – amerikan və peruanı də əlavə etmək olar. Bu təsnifatdan göründüyü kimi, görkəmli kulturoloq slavyan mədəni-tarixi tipi haqqında söz belə açmır.
Yuxarıdakı təsnifatda adları qeyd olunan mədəni-tarixi tiplərin əsas beş qanunu da Danilevski tərəfindən yaradılmışdır. Qanunda belə qeyd olunur ki, ayrıca müstəqil dil və dillər qrupuna xas olan xalq, tayfa, qəbilələri ən dərin fəlsəfi düşüncələri olmadan belə mədəni-tarixi tip hesab etmək mümkündür.
İkinci qanunda isə deyilir ki, mədəni-tarixi tip sivilizasiyası üçün siyasi müstəqillik məcburi və zəruridir. Üçüncü qanunda göstərilir ki, bir tarixi-mədəni tipin sivilizasiya başlanğıcı digər tipin xalqlarına ötürülmür. Hər bir mədəni-tarixi tip bu qanunu əvvəlki və müasir sivilizasiyaların özünə yad təsirlərin az və çox səviyyələrində üzə çıxarır. Danilevskinin bu qanunu digər nəzəriyyəçi-kulturoloq tərəfindən çox kinayə ilə qarşılandı. Çünki bu qanunda müəllif mədəniyyətin varislik mexanizminin üç mühüm variantda mümkünlüyünü zəruri hesab edirdi: birincisi köçürülmədir ki, burada mədəni-tarixi tipin digərinə köçürülməsi nəzərdə tutulur (yunanların öz mədəniyyət ocaqlarını Qara dəniz sahillərində olduğu kimi); ikincisi - ötürülmə (İskəndəriyyə mədəniyyətinin Misirə ötürülməsi kimi); üçüncüsü isə, ölməkdə olan sivilizasiyanın yeni mədəniyyət üçün əlverişli münbit şərait yaratmasıdır. Dördüncü qanunda hər bir mədəni-tarixi tipin sivilizasiya səviyyəsinə məxsusluğu zərurəti irəli sürülür. Beşinci qanunda isə. mədəni-tarixi tipin inkişaf prosesi bitkilərdə olduğu kimidir. Onun inkişafına doğru irəliləyiş yolu uzun, onun çiçəklənmə və məhsulvermə dövrü nisbətən qısadır ki, bu da mədəniyyətin süqutu üçün zəmin rolunu oynayır.
Danilevskinin mədəni-tarixi tiplər haqqındakı konsepsiyası kulturologiyanın nəzəri əsaslarının tərtibində müstəsna rol oynayır.
Mədəniyyətin morfologiyası haqqında nəzəriyyə yaradan digər dünya kulturoloqlarından biri də alman alimi Osvald Şpenqler (1880-1936) hesab edilir. Onun «Avropanın qürubu» adlı əsəri müəllifə dünya şöhrəti gətirdi. İlk çağlarda Şpenqler plagıatlıqda günahlandırılaraq Danilevskinin müddəalarından çıxış etməkdə və kulturoloji elmi nəticələrini oğurlamaqda təqsirləndirildi. O, əsər nəşriyyatdan çıxdıqdan sonra burada böyük haqsızlıq olduğunu sübüt etdi. O, özünü Höte və Nitsşenin sələfi adlandıraraq bununla fəxr edirdi.
O.Şpenqlerin metodoloji prinsiplərindən birini təbiət və tarixin məhdudluğu haqqında fikirlər təşkil edir. Onun fikirincə, dünyanı həm təbiət kimi, həm də tarix kimi dərk etmək mümkündür. Birinci halda, məkan fiksasiyasına istiqamətləndirilmiş vəziyyət nəzərdə tutulur. Riyazi prinsipləri rəhbər tutaraq qanunları formalaşdırmaq və formulları tərtib etmək mümkündür. Bu qaydaları R.Dekart, İ.Kant, İ.Nyuton da əsas götürürdü. Rasionallıq yalnız cansızları, həyatdan məhrum olmuşları, mexaniki strukturları yarada bilər.
Dünyaya canlı orqanizm kimi yanaşdıqda o, tamam özgə mənzərə bəxş edir. Dünya tarix kimi zamana istiqamətləndiyindən burada baş verən fasiləsiz proseslər tale ideyasının formalaşmasına zəmin yaradır.
Şpenqlerə görə, mədəniyyət – sözün əsil mənasında canlı bir orqanizmdir. O, «tarixi şəxsiyyət» olub, təkrarolunmaz «fizioqnomik xasiyyətlər»in kompleksini birləşdirir. Ona görə də mədəniyyət tarixi hadisə olaraq xalqın taleyini müəyyən edir və xalqın taleyi ilə müəyyən olunur. Şpenqler öz ritmi, taktı olan səkkiz mühüm mədəniyyət növünü təsnif edir; misir, hind, babil, çin, «apollon» (yunan-roma), «sehrli, magik» (bizans-ərəb), «faust» (Qərbi Avropa) və mayyaların mədəniyyəti. Bununla yanaşı, müəllif rus-sibir mədəniyyətinin təşəkkülü, formalaşmasını da istisna etmirdi.
Danilevski kimi, Şpenqler də metaforaya istinad edir: canlı orqanizmlər kimi, mədəniyyətlər də doğulur, yetkinləşərək köhnəlir və süquta uğrayır. Danilevskidən fərqli olaraq alman kulturoloquna görə bu yanaşma tsikli 1000 ili ahətə edir. Şpenqlerə görə, mədəniyyətlər bir-biri ilə qovuşmazdırlar. Köhnə mədəniyyətdən qalan hər nə varsa, yeni mədəniyyət onu öz ritmi, taktı və inkişaf istiqamətinə cəlb edir. Hər bir mədəniyyət özünün ilkin elementi olan «ruhu» ilə çıxış edir. Bu «ruh», həmçinin xalqın sosial-siyasi marağını ifadə edir. Özünün aktiv yaradıcı fəaliyyətində mədəniyyət sivilizasiya fazasına daxil olur. Şpenqlerin fikirincə, müasir Qərbi Avropa mədəniyyəti özünün bu çağınıyaşayır.
Mədəniyyətdən sivilizasiyaya keçid bütün xalqların keçdiyi qanunauyğun mərhələdir. Bu mərhələnin səciyyəvi xüsusiyyətlərində Şpenqler bəzi məqamlara diqqət yetirir. Onun fikirincə, poetik bədii yaradıcılıq öz növbəsini idmana verir; siyasət sahəsi daha üstünlük kəsb edir; əgər mədəniyyət dərinliyə nüfuz edirsə, sivilizasiya «eninə», yəni siyasi üstünlüyün qazanılmasına meyl edir, (siyasi ekspansiya), elm incəsənət, siyasət və iqtisadiyyata tabe olur. Bədii sahədəki yeniliklər böyük sensasiya və qovğalarla qarşılanır və s. Şpenqlerin fikirincə, sivilizasiyanın bu keyfiyyətlərindən qorxmaq vəçəkinmək deyil, əksinə, onlarala barışmaq lazımdır.
Müasir kulturoloji nəzəriyyə və konsepsiyalarda Z.Freydin (1856-1939) fikirləri müstəsnalığı ilə fərqlənir. Freydçi kulturologiyanın dərk edilməsində başlıca amil sublimasiya kateqoriyasıdır; yəni razılıq və təsdiqin alınmasında vacib olan gərginlik məkanının – instinktiv impulsun – psixi enerjinin dərkidir. Freyd mədəniyyət problemlərini bir sıra əsərlərində şərh etmişdir. Bunlardan «Yuxu və mif» (1907), «Leonardo da Vinçi», «Uşaqlıq xatirələri» (1910), «Totem və Tabu» (1913), «Kütlə psixologiyası və insan Məninin təhlili» (1921) və b. Freyd kulturologiyasının vacib zəmini biogenetik qanundur; yəni ontogenez (orqanizmin fərdi inkişafı), filogenez (orqanizmlərin tarixi inkişafı), daha doğrusu, vaxtilə insan təkamülü prosesində baş verənlərin fəaliyyətinin təkrarlanması.
Mədəniyyətin mövcudluğu və təkamülü qanunauyğunluqlarının təhlilində Freyd pozitiv mövqedən çıxış edərək orqanizmlərin real mövcudluq təcrübəsinə əsaslanırdı. Fərdiyyət – ümuminin maketidir, lakin ümumi özü fərdilikdən irəli gəlir. Bu prinsipini Freyd, həmçinin etnoqrafiya, dinşünaslıq, sosiologiya, etika, estetika və o cümlədən kulturologiyaya da şamil etmişdir.
Beləliklə, insan və onun psixikası şüur və rasional səviyyəyə uyğun deyil. Onun altında şüur kompleksi yerləşir ki, bu da fərdi həvəs və istəklərin həyati enerjisini yaradır. Freyd tərəfindən bu səviyyə «O» (Ld) adlandırılır. Həyati rol oynayan səviyyələrdən birini də «Fövqəl-Mən» (Super-Ego) oynayır. Bu səviyyə insanın fərdi həyatının təsirini əhatə edən səviyyədir. Bu səviyyə filogenetik keçmişin (irsi tarix) təsiri ilə proqramlaşdırılır ki, buraya da qadağa və normalar aiddir. Üçüncü, orta səviyyə isə, «Mən» (Ego) şüurudur ki, çox hallarda bu səviyyə insanın arzu, cəhd və istəklərini ifadə edir. «Mən» «Fövqəl Mən» və «O» arasında asılı, tabeçi bir hissədir.
Beləliklə, Freydə görə mədəniyyət ontologiyalaşır (daha doğrusu o, məişətçilik statusu əldə edir). İnsan mədəniyyətində Freyd fövqəltəbii, mistik və tərbiyəvi heç bir əlamət görmür; mədəniyyətin inkişafı bioloji təkamüldən heç də zərrə qədər fərqlənməyən bir hadisədir ki, o da canlıların ümumi qanununa tabedir. Freydə görə mədəniyyət tərbiyə vasitəsilə deyil, irsiyyətin bioloji mexanizmi ilə ötürülür.
Özünün «Mədəniyyətdən narazılıq» adlı əsərində Freyd mədəniyyətə insan mahiyyəti üçün onun vacib, zəruri və təbii nöqteyi nəzərindən yanaşır. Başqa sözlə, «Mədəni insan»ın öz məqsəd və arzularını tam şəkildə həyata keçirməyə qadirolma cəhdlərinə malik ola bilməsi imkanları öyrənilir.
Z.Freyd insan mədəniyyəti üçün aşağıdakı tələbləri mühüm sayır: təmizlik, gözəlliyə ehtiram) intizam; Psixi fəaliyyətin ali formalarına intellektual, elmi və bədii nailiyyətlərə hörmət. Bütün bu tələblər insanlar arasındakı münasibətləri tənzimləməyə vasitədir. Freyd insan mədəniyyəti haqqında belə bir qənaətə gəlir ki, mədəniyyət insanın təbii tələbatlarına az cavab verir, o, insanın azadlığını məhdudlaşdırır. İnsan mədəniyyəti bir çox istək və həvəslərin uzaqlaşdırılması əsasında formalaşdığı üçün burada tələbatların tam şəkildə ödənilməsindən söhbət gedə bilməz. Əslində mədəniyyət insanı bədbəxt edir. O, məhdudiyyətlər sistemidir. Freydin nəticə çıxardığı müddəalar bunlardır.
Müəllifə görə, insan təbiətin ona bəxş etdiyi həvəs və istəklərə çatmağa cəhd göstərir. Əsil xoşbəxtlik bundadır! Mədəniyyət ya patoloji meyl yaradaraq həvəs və istəyi təhtəlşüur səviyyəsində sıxır, ya da həvəsi əvəz edən başqa bir vasitə axtarır.
Mədəniyyətin tərəqqisi mahiyyətinə qadağaların çoxalması, təzyiqin yüksəlməsi daxildir. Tarixi planda Freydə görə ilkin mədəni akt qohumlar arasındakı cinsi əlaqələrin qadağasında və arxaik dövrlərdə «oğullar» tərəfindən «atanın» öldürülməsindən sonrakı peşimançılıqdan başlanır. Bunlar insanların sürü formasında yaşadığı dövrə təsadüf edir.
Beləliklə, Freydin mədəniyyət anlayışına aşabıdakı aspektlər daxildir:
Müəllif dəyərləri hər hansı bir mədəniyyətin əsası və özəyi hesab edir. Dəyərlərin dominantlıq xüsusiyyətlərinə görə Sorokin mədəni fövqəlsistemləri üç tipdətəsnif edir: ideasional, idealist vəhissi.
Mədəniyyətin ideasional sistemi yeganə reallıq və dəyərlənən nümunəsi olan Allahın fövqəlhissi və fövqələqli prinsipinə əsaslanır. Mədəniyyətin bu tipinə Sorokin ilk öncə, orta əsrlər Avropa mədəniyyətini aid edir. Müəllifin sözlərinə görə, bu mədəniyyətdə «hakim əxlaq və ənənələr, həyat tərzi, təfəkkür tərzi ali və son məqsəd olan Allahla vəhdət təşkil edir». Sorokin bu mədəniyyət tipinə həmçinin, Hindistanın Brahman mədəniyyətini, b.e.ə. VIII və VI əsr yunan mədəniyyətini, Budda və Laoist mədəniyyəti aid edir.
Mədəniyyətin idealist sistemini isə Sorokin ideasional və hissi sistem arasındakı mədəniyyət kimi qəbul edərək onun dəyərinin Aya, Göyə, Yerə istiqamətlənməsini söyləyir. Obyektiv reallığın bir qisminin fövqəlhiss, bir qismini isə hisslər təşkil etdiyindən bunların sonsuz rəngarəngliyi nəzərə çarpır. Sorokin bu tipdən olan mədəniyyətə b.e.ə. V-IV əsrlərdə qədim yunan və XIII-XIV yüzilliklərin Qərbi Avropa mədəniyyətini aid edir.
Mədəniyyətin müasir tipi Sorokinə görə hissi mədəniyyətdir. O, aşağıdakı prinsipə əsaslanır: «Obyektiv gerçəklik, onun mahiyyət və mənası hiss ediləndir». «Yalnız gördüklərimiz, eşitdiklərimiz, dərk etdiklərimizi öz duyğu orqanlarımız vasitəsilə mənimsədiyimizə görə, onlar real və ideal məna kəsb edəndir!». Hissi mədəniyyətin formalaşması XVI əsrdən başlayaraq XX əsrin ortalarınadək davam edir. Bu mədəniyyət dindənəjanr. Əxlaq və ideasional mədəniyyətin digər dəyərlərindən azad olmağa cəhd göstərir. Bu mədəniyyətin əsas qəhrəmanları – fermerlər, fəhlələr, evdarlar və hətta cinayətkarlardır.
Müasir «hissi» mədəniyyət Sorokinə görə qürub etməkdədir. Lakin bu heç də insan mədəniyyətinin tamamilə süqutu demək deyildir. Müəllifin fikirincə, heç bir mədəniyyət sonsuz deyil, özünün imkan dairəsinə görə bütün mədəniyyətlər məhduddur. Onun dediyinəgörə, insan yaşadıqca mədəniyyət də olub vəolacaqdır.
Beləliklə, mədəniyyətin yaranması, inkişafı tarixində onu müxtəlif mövqelərdən şərh edən kulturoloqların nəzəriyyə, təlim və konsepsiyalarını ümumiləşdirən yeganə cəhət ondan ibarət idi ki, mədəniyyət – bəşəri, dünyəvi bir ictimai hadisə olmaqla cəmiyyətin həyatında mühüm rol oynamış, insan əqlinin, zəkasının məhsulu kimi dəyərləndirilməlidir.
Müəllif: Maral Manafova
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1