Müqəddəs Pyotr kilsəsi

Müqəddəs Pyotr kilsəsi

Müqəddəs Pyotr kilsəsi - Romada, Vatikanın ərazisində yerləşir.

Bura dünyanın ən böyük kilsələrindən biri olmaqla bərabər, həm də katoliklərin döyünən ürəyidir. Kilsə Roma şəhərinin ən əsas dörd məbədindən biri sayılır. O, üç hektara yaxın ərazini əhatə edir və 60 min nəfərlik tutuma sahibdir.

Roma İmperiyası dövründə bu ərazidə sirk yerləşibmiş. İmperator Neron həmin sirkdə bir çox şəxslərin, o cümlədən xristianların da edamını təşkil etmişdir. Bu kilsənin adı İsa Məsihin həvarisi ilk Antioxiya yepiskopu, ilk Roma Papası sayılan Pyotrla bağlıdır. Bura xüsusi əhəmiyyətə sahib yer hesab olunur. Rəvayətə görə, imperator Neronun göstərişi ilə edam olunan Pyotrun qəbri kilsənin ərazisindədir. Ona görə də bura xüsusi ziyarətgah hesab edilir.

Onun bayır divarının uzunluğu 212, günbəzə qədər hündürlük 132, günbəzin diametri isə 42.5 metrdir. Dünyada məşhur olan kilsənin divar rəsmləri 800 m2 sahəni əhatə edir. Kilsə birinci dəfə IV əsrin əvvəlində xristianlığı qəbul etmiş Roma imperatoru Konstantinin əmri ilə inşa olunmuşdur. Tikinti işlərinə Papa I Silvestr rəhbərlik etmişdir. İnşaat işləri təqribən yarım əsr davam etmiş və nəhayət 349-cu ildə başa çatdırılaraq, ona imperator Konstantinin adı verilmişdi. Burada Müqəddəs Roma İmperiyasının 23 imperatorunun tacqoyma mərasimi keçirilmişdir. 120 mehrabı olan məbəd 843-cü ildə quldurlar tərəfindən basqına məruz qalmışdır, buna görə də Papa IV Leo onu ətrafdakı binalarla birlikdə müdafiə məqsədilə hasara almışdır. Beləliklə, şəhər-dövlətin – müasir Vatikanın modeli yaranmışdır.

 Müqəddəs Pyotr kilsəsində (St Peter's Basilica) olduğu meydanın qarşısında turistlər bütün günü gəzir və şəkil çəkdirirlər

Məbəd istifadə olunduğu dövr ərzində demək olar ki, tamamilə dağılmışdı. Onu dəfələrlə təmir etsələr də, daimi qəza vəziyyəti yaşanırdı. Nəticədə Papa II Yuli kilsənin yerində yenisini inşa etmək qərarına gəlmişdir. Layihənin müəllifi memar Donato Bramante olmuşdur. Əhali bu dəyişikliyə etiraz olaraq, memara “Dağıdıcı usta” adını vermişdir. İnşaat işləri yüz ilə yaxın davam etmişdir. Layihə getdikcə xeyli dəyişdirilmiş və təkmilləşdirilmişdir. Müxtəlif dövrdə inşaata Rafael və Mikelancelo kimi İntibah dövrünün dahi sənətkarları rəhbərlik etmişlər. Mikelancelo sələflərinin təcrübəsindən istifadə edərək günbəzin əsasını qoymuş, lakin vəfat etdiyinə görə işləri başa çatdıra bilməmişdir. XVII əsrin əvvəllərində memar Karlo Maderno layihəni başa çatdırmışdır. Onun təklifi ilə Papa V Pavel məbədin quruluşunu dəyişdirmişdi. Madernonun planına görə, kilsəni latın xaçı variantında inşa etmişlər. Bunun nəticəsində də məbəddə daha çox insan ibadət edə bilmişdir. İnteryerdəki əsas işləri XVII əsrin ortalarında burada işləmiş Lorenso Bernini görmüşdür. O, demək olar ki, əlli il çalışmışdır. Bernini, habelə, Papa iqamətgahına gedən möhtəşəm sütunların müəllifidir.

Binanın fasadı Maderno tərəfindən inşa edilmişdir. Damın üzərində Hz. İsa, Hz Yəhya və Pyotrdan savayı 11 həvarinin 5,65 metrlik heykəlləri qoyulmuşdur. Məbədin beş qapısı vardır. Sağ tərəfdə olan ən sonuncu qapı “Müqəddəs qapı” adlanır və yalnız 25 ildən bir açılır. Həmin vaxt üç dəfə səcdədən və zəng səsindən sonra ilk olaraq Papa kilsəyə daxil olur. Böyük mis qapıların üzərində İsa, Məryəm və digər xristian müqəddəsləri ilə yanaşı, müxtəlif mifik təsvirlər, Pyotrun məhkəməsi, edamı, habelə bəzi imperatorların təsvirləri həkk olunmuşdur. Mərkəzi zalın uzunluğu 212 metrdir. Yerdə bu ölçünü başqa xristian məbədlərinin ölçüləri ilə müqayisə etmək üçün nişanlar qoyulmuşdur. Mərkəzi zalın sonunda axırıncı sütunun yanında Pyotrun XIII əsr italyan sənətkarı Arnolfo di Kambioya aid heykəli vardır. Katoliklər arasında bu heykəlin şəfaverici qüvvəyə malik olması haqqında əfsanələr dolaşır.

Günbəzin altında əsas mehrab, onun altında isə Pyotrun qəbri yerləşir. Məbədin interyeri barokko üslubunda işlənmişdir. Günbəz dörd nəhəng sütuna dayanır. Onun üzərində İncildən götürülmüş “Pyotr sən daşsan. Bu daşın üzərində mən öz kilsəmi quracaq və sənə İlahi Səltənətin açarlarını verəcəyəm” sözləri yazılmışdır. Bu sütunlardan birinin yanında Müqəddəs Longinin beşmetrlik heykəli var. Günbəzin altında Berninin müəllifi olduğu 29 metr hündürlüyündə dörd sütuna dayanmış baldaxin (taxt-rəvan) var. Sütunların yuxarı hissəsində Barberini ailəsinin gerbi vurulmuşdur. Səbəbi belə izah olunur ki, həmin ailədən olan Papa VIII Urbanın əmri ilə bu sənət nümunəsini yaratmaq üçün Romadakı məşhur Kolizeydən istifadə edilmişdir. Həmin baldaxinin altında 140 nəfər müqəddəsin heykəli mövcuddur.

Sağ zalda Mikelancelonun möhtəşəm mərmər “Pyeta” (ölmüş oğlunu qucağında tutan ana) heykəli vardır. Əfsanəyə əsasən, məşhur heykəltəraş bu sənət əsərini yaratmaq üçün ona modellik edən şəxsi həqiqətən öldürmüşdür. Onun yanında ağacdan düzəldilmiş və XIII əsrə aid xaç asılmışdır. Bir az kənarda kilsədə dəfn edilmiş ilk qadın Kanoslu Matildanın qəbri yerləşir.

Sol zalda isə Papa VII Aleksandrın məqbərəsi vardır. Bunun da müəllifi Lorenso Berninidir. Heykəltəraş Pollayolonun müəllifi olduğu Papa VIII İnnokentinin məqbərəsi də buradadır. Girişin yaxınlığında ingilis kral ailəsi olan Stüartların sərdabəsi mövcuddur. Kilsənin qarşısındakı məşhur meydanın layihəsi Berniniyə məxsusdur. Bu meydan katolik zəvvarlar üçün çox mühüm yerlərdən biridir. Roma Papası hər il buradan onlara xeyir-dua verir. Yeni seçilən Papanı da burada elan edirlər. Meydanın mərkəzində Roma imperatoru Kaliqulanın Misirdən gətirdiyi obelisk ucalır.

Təkrarolunmaz memarlığı ilə seçilən Müqəddəs Pyotr kilsəsi dünya əhəmiyyətli mühüm məbədlərdən biridir. Demək olar ki, bütün Roma Papaları onun zirzəmisində dəfn olunmuşdur. Katolik dünyası üçün bura Müqəddəs məkandır.

Müəllif: Vüqar Əliyev Mənbə: Vikipediya

Top