Kulturologiya - insanın və bəşəriyyətin yaradıcı həyatı və fəaliyyəti haqqında elmdir.O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlıarını aşkarlayır. O, idakın elə bir çoxpilləli piramidasıdır ki, onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə titələndikcə, bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır
. O, yaradıcı insanın həyat fəaliyyətinin minilliklərlə davam edən vəhşilik, barbarlıq və sivilləşmə dövrü ərzində topladığı yaradıcı həyat təcrübəsini, təşəkkül, təkamül və inkişafı, onun ideologiya, nailiyyət və vasitələrini əks etdirən həm xüsusi tarixi, həm də nəzəri biliklərin elmi ümumiləşdirilməsidir.
Cəmiyyətin inkişafında onun, bir elm sahəsi və tədris fənni kimi, konkret praktik və universal strateji əhəmiyyəti vardır. Çünki, kulturologiya ayrı-ayrı mədəniyyət sahələri və sosial institutların təkamülünə baxışı onların tarixi əlaqələri ilə birgə açıqlayır, mədəni cəmiyyətin sosial sisteminin effektiv inkişafı üçün həyati əhəmiyyəti olan prioritetlərin müəyyən edilməsinə, onların zamanın tələblərinə uyğun dəyişdirilməsinə imkan verir. Sistemli kulturoloji təhlil mədəni hadisələri real həyat dialektikasından qoparılmış, abstrakt təfsir və ideoloji şərh şəklində deyil, dünya sivilizasiyasının tərəqqipərvər tendensiyaları, tarixi qanunauyğunluqlar və milli inkişafın maraq və tələblərindən çıxış edib, real qiymətləndirməyə imkan verir, cəmiyyətin və dövlətin inkişafını düzgün proqnozlaşdırmağa və onu effektiv idarə etməyə şərait yaradır.