Bunun nəticəsi olaraq İslam dünyası, Qərb dünyasına görə daha da yüksək bir mədəniyyət səviyyəsinə yüksəldi. Qərb, elm, ağıl, sənət və texniki imkanların cəm edildiyi İslam Mədəniyyəti ilə qarşı-qarşıya gəldiyi zaman özünün çox zəif və gücsüz olduğunu gördü. Bu səbəbdən öz çatışmazlıqlarını aradan qaldırmaq və ən azı bir insan həyatı sürmək üçün Müsəlmanlardan istifadə etmək yollarını axtardı. Həmin istifadənin nəticəsidir ki, öz mədəniyyətinin əsasını qoyarkən, onlar İslam mədəniyyətinin ünsürlərindən istifadə etdilər və bu ünsürlərdən istifadə edərkən özləri də bilmədən onun təsirində qaldılar.
İslam mədəniyyəti, İslam dinini qəbul edən millətlərin əlbirliyi ilə meydana gətirdikləri ortaq bir mədəniyyətin adıdır. Bununla bərabər, bu mədəniyyətin yaranmasında və inkişafında ərəblər, iranlılar və türklərin böyük paylarının olduğu bir həqiqətdir. V. Bartholdun da vurğuladığı kimi İslam Mədənyyəti və ya Ərəb Mədəniyyəti adı, Orta əsr Şərq mədəniyyətinə verilmişdir. Bu mədəniyyəti meydana gətirən müsəlmanlar, sadəcə Ərəblər olmadığı kimi, yaxın Şərq və qismən Afrika xalqlarını da dövlət dini olan İslam Dini, elm və ədəbiyyat dili olan ərəb dili vasitəsilə birləşdirdi.Həmin bərabərlik elə bir mədəniyyət meydana gətirmişdir ki, müasir dövrümüzün Qərb Mədəniyyəti, inkişafına görə ona borcludur. "İntibah dövrünə görə İslamiyyətə borcluyuq"sözü, bu həqiqətin bariz nümunəsidir.
Həqiqətən də VII əsrdən başlanıb XIII əsrə kimi davam edən bu intibah, İslam mədəniyyətindən ibarətdir. Bu səbəbdən də tarixin qəbul etdiyi inkaredilməz həqiqətlərdən biri də sözsüz ki, miladi VII əsrdən XII əsrin ortalarına qədər həm Avropanın, həm də Yaxın Şərqin ən inkişaf etmiş dövlətləri İslam ölkələri olmuşdur. Həmin dövrdə Bağdad və Kordova dünya zənginliklərinin axdığı, ticarətin ən hərəkətli olduğu və hər cür sənətin inkişaf etdiyi ən varlı şəhərlərdən idilər. Bu şəhərlər eyni zamanda elmin, incəsənətin və islam mədəniyyətinin mərkəzinə çevrilmişdilər. Bəşər tarixində oxşarı belə olmayan surətdə inkişaf edən elm və ədəbiyyat, dünyanın hər yerində yetişən alimləri və sənətkarları o yerlərə cəlb edirdi. Əgər bir mədəniyyətin yaradıcı əsərləri və mənəvi dəyərləri, fikir sahəsində təmsil etdiyi zənginliklər və reallaşdırdığı maddi tərəqqilər ilə aşkar edilirsə, əlbəttə ki, İslamın zühurundan etibarən beş yüz illik bir dövrü, insanlıq tarixinin ən böyük dövrü olaraq qəbul etmək lazımdır. İslam dünyasının, xüsusilə mənəvi sahədə fövqəladə inkişaf etməsi, İslam inqilabının gücü ilə, ruhundakı yenilməzlik duyğusu və bunlarla bərabər bu mədəniyyətin rəhbərliyini üstünə götürən Ərəb və Ərəb olmayan millətlərin parlaq fikir və sənət qabiliyyətləri ilə birgə, İslamın elmə verdiyi dəyər ilə izah edilə bilər.
Biz bu mövzudakı ayə və hədislərə hələ ki müraciət etmək fikrində deyilik. Bununla bərabər İslam, maddi sahədə olduğu qədər mənəvi sahədə də, başqa sözlə həyatın hər mərhələsində tətbiq edilən bir ilahi nizam (sistem) olduğu üçün, onun əzmini sadəcə olaraq ruhi və mənəvi sahə ilə məhdutlaşdırmaq mümkün deyildir. Bu əzmkarlıq sayəsində İslam aləmində elmlərin hər növü ilə məşğul olunmuşdur. Çünki İslami anlayışa görə elm və ibadət bir-birindən ayrılmayan iki ünsürdür. Bu səbəblə müsəlmanlar İslamın ilk dövrlərindən etibarən müxtəlif elmləri araşdırmağa başladılar. Başlanğıcda qismən tərcümə şəklində olan bu çalışmalar, daha sonra genişləndirildi və bilavasitə müsəlmanların öz əsərləri olaraq ortaya qoyuldu.
Həmin çalışmalarda, Qur'an, Sünnə, Fiqh, Kəlam kimi tərcüməyə ehtiyac hiss edilməyən dini elmlərin yanında Tarix, Coğrafya, Astronomiya, Tibb, Fəlsəfə, Riyaziyyat, Memarlıq, İqtisadiyyat, Sosiologiya, və s. kimi elmlər də onların çalışma sahələrini təşkil edirdi. Beləcə, bəzisi unudulmuş, bəzisi də tərk edilmiş olan bir çox elmlərin inkişaf etməsi Müsəlmanlar vasitəsilə olmuşdur. Ona görə də bugün heç kimdən çəkinmədən müasir mədəniyyətin İslam araşdırmalarının əsasları üzərində qurulduğunu deyə bilərik. Söylədiklərimizin şahidi olaraq bu mövzuda bir neçə adı yada salmaq yerinə düşərdi. Əli ibn Rəbban ət-Təbəri, Razi, İbn Cülcül, İbn Cəzzar, İbn Sina, əl-Məsudi, əl-Biruni, Nizami, İbn Həzm, İbn Rüşd, əl-Qəzzali, Əbul-Fida, İbnün-Nəfs, Abdüləziz əs-Sivasi, Akşəmsəddin, Əli Quşcu, Mirim Çələbi, İbn Kamal, Əbu Süud Əfəndi və s. kimi bir çox alim və elm adamları ilə İslam mədəniyyəti bütün dünyaya işıq saşmışdır. Müsəlman alimlərin kəşfləri, yavaş-yavaş müasir dövrümüzdə Qərb aləmi tərəfindən də təqdir edilib araşdırılmağa başlanmışdır. Montqomeri Vatt, həm bu vəziyyətə həm də Qərb aləminin İslam dünyasına qarşı bəslədiyi kin və qərəzinə toxunaraq belə deyir: "Müsəlmanlarla Xristianların, Ərəblərlə Avropalıların bir dünya içində vaxt keçdikcə qaynaşdığı bu zamanda, İslamın Avropaya etdiyi təsiri incələmək olduqca münasib bir işdir. Orta əsr Xristian yazıçılarının öz yaddaşlarında xarakterini səciyyələndirdikləri İslamın tamamən iftira məhsulu olduğu çoxdan məlumdur. Yalnız indi keçən əsr boyunca, araşdırıcıların apardıqları tətqiqatların köməyi ilə Qərbin gözü önündə daha obyektiv bir vəziyyət yaranmaqdadır.
Ancaq, biz Avropalıların "kor gözü", İslam bilik və mədəniyyətinə olan borcumuzu görməyə manədir. Keçmişdən qalan mirasımıza İslamın etdiyi təsirin dəyərini və qədrini bəzən kiçik görür, bəzən də təmiz görmək istəmirik. Müsəlman və Ərəblərlə daha yaxşı ünsiyyətdə ola bilmək üçün, onlara olan (insanlıq) borclarımızın hamısını etiraf etməyə məcburuq. Bunu gizlətmək və ya inkar etmək, saxta bir qürur əlamətidir." Buna bənzər bir təsbit də Sigrid Hunke tərəfindən belə nəql edilir: "Dini təəssüb üzündən, obyektiv ədalətə uyğun bir şəkildə günahlandırmaqdan çəkindiyimiz və böyük uğurlarını sistemli bir şəkildə kiçiltməyə çalışdığımız, mədəniyyətimizin əsası olan əsərlərini gizlətdiyimiz və adını belə çəkməkdən imtina etdiyimiz bir milllətin haqqını qaytarmağın indi zamanı gəlməmişdirmi?" Bununla bərabər Karra de Voks, bu xüsusu etiraf etmək məcburiyyətində qalır: "Müsəlman Ərəblər elmdə, həqiqətən böyük müvəffəqiyyətlərə nail olmuş, özləri icad etməmiş olmaqla birlikdə bizə sıfırları öyrətmişlər. Beləliklə Müsəlmanlar, gündəlik həyatdakı riyaziyyatın qurucusu olmuş, Analitik həndəsənin əsaslarını qoymuşlar. Şübhəsiz, kosmos triqonometriyasının qurucusu da onlardır. Sözün doğrusu, həmin elmlər, daha əvvəl Yunanlılara məlum deyildi. Müsəlmanlar Astronomiyada da bir çox dəyərli kəşflər etdilər.