Kulturologiya (lat. cultura, yun ) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elmdir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Üst Paleolit dövründən - yəni “Homo Sapiyens”in (“Ağıllı insan”ın) meydana gəlməsindən başlayaraq ta bu günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi irs şəklində nəsildən-nəslə ötürülərək kulturologiya tarixini daha da zənginləşdirmişdir. Şifahi ənənədən gələn qədim türk mif, əfsanə, rəvayət və nağılları, dastanları, mövsüm və mərasim nəğmələri Oğuznamələr,”Kitabi-Dədə Qorqud”, “Manas”, “Gilqamıs”, “Altunyarıq”, “Maday Kara” sırasından olan bahadırlıq dastanları; habelə yazılı təcrübənin “Divani lüğatit-turk” (Mahmud Qaşğarlı), “Qutadğu bilik” (Balasaqunlu Yusif Has Xacib),” Ətabətul-həqayir” (Əhməd Yuğnəki),”Divani-Hikmət (Əhməd Yəsəvi) və s. kimi örnəkləri kulturologiya elminin zəngin ənənəyə və tarixi bir kökə malik olmasını bir daha təsdiqləyir. Yer üzündə yaşayan insanlar zaman-zaman müxtəlif ictimai - iqtisadi formasiyalarda öz həyat, məişət və davranış tərzləri ilə bağlı olaraq zəngin bir tarixi - kulturoloji irs qoyub getmişlər. Tarixi keçmişimizi əks etdirən məhz bu maddi mənbələr və yazlı qaynaqlar vahid bir küll halında cəmləşərək mədəni sərvət toplusu kimi tariximizi kulturoloji baxımdan öyrənməyə və dərk etməyə əsas verir. Bu baxımdan bizə miras qalan kitabələr, yazılı qaynaqlar, qayalar, daşlar, sümük və gil lövhələr və s. məhz bu gün tarixi - kulturoloji mənbələr kimi xüsusi əhəmiyyətə malikdir.
Müxtəlif tipli qəbir abidələri: daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar məhz bizə qədim insanların adət - ənənələri, dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir. Mənəvi sərvətlərin qorunmasında varislik prinsipi böyük rol oynamışdır. Xalqımızın möhtəşəm kulturoloji abidələrindən sayılan Qobustan qayaları üzərindəki təsvirlərin çoxu, eramızdan əvvəlki dövrlərə aiddir. Bu abidə üzərində qədim tariximizi əks etdirən və yaşadan çoxlu sayda şəkillər və kulturoloji təsvirlər vardır. Kulturologiya tarixi müxtəlif cəmiyyətlərdə və ictimai-iqtisadi formasiyalarda mədəni həyatı öyrənir, əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi isə ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir.
Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ kulturantropoloqu və kulturoloqu Lesli Alvin Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Alvin Uayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Alvin Uaytın bu elmi tədqiqatı "insan və kulturologiya" anlayışlarını əhatə etdiyindən kulturologiya elmi dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.