Kulturologiya ilə bağlı mənbələrdə «mentalitet», «mentallıq» sözlərinə indiki dövrdə çox tez-tez rast gəlinir. Demək olar ki, bu, son on il ərzində dilimizə nüfuz edən ən populyar anlayışlardan birinə çevrilib. Mentallığın tarixi mənşəyi, onun ayrı-ayrı millət və xalqlara xas olma xüsusiyyətlərindən də danışılır. Bu sözün mənşəyi latın dilində «əql, düşüncə tərzi, mənəvi tərz» mənalarını verir. Bir sözlə, mentallıq, mentalitet – insan birliklərinin, mədəni ənənələrin vəhdətini möhkəmləndirən ruhi, mənəvi vərdiş, bacarıqlar, inam və fikirlər toplusudur, - desək, yanılmarıq.
İnsanların təfəkkürü haqqında danışılarkən antropoloji və ya mədəni ştrixlər nəzərə alınır. Mentallıq fərdi və kollektiv şüurun spesifik səviyyələri ilə səciyyələndirilir. Bu səciyyəsinə görə, mentallıq təfəkkürün özünəməxsus tipidir. Hər hansı bir konkret ictimai və ya şəxsi hadisəyə fərdi münasibətə əvvəlki sosial təcrübə, sağlam düşüncə, maraqlar, emosional təəssürat da təsir göstərir. Bunun ardınca qeyd etmək olar ki, mentallıq insanın özündən çox-çox əvvəllərdən mövcud olan təbii və sosial komponentlərin ümumiliyidir. Müstəqil fenomen kimi mentallığı ictimai əhval-ruhiyyədən, qiymət dəyərlərindən, ideologiyasından fərqləndirmək lazımdır. O, daha çox davamlı vərdişləri, bacarıqları, kollektiv və emosional şablonları təzahür etdirir. Dəyərlər dərk ediləndir, onlar həyat qaydalarını müəyyən edir. Mentallıq isə psixikanın ən dərin qatlarından çıxış edir, onun daşıyıcıları heç də həmişə onu şifahi, əyani şəkildə ifadə etmirlər. Mentallıq daha çox tədqiqatçılıq yolu ilə digər mentallıqlarla müqayisədə öyrənilir. Mentallıq və ideologiya bir-birindən fərqlənir. Mentallıq da ideologiya kimi hərəkət tərzlərini əsaslandırır, lakin heç də həmişə davranış sxemlərini, hesabatlarını nəzərdə tutmur. İdeologiya isə, təfəkkürün forması kimi daha təhliledici məzmun kəsb edir. Mentallığın xarakterinə ənənələr, mədəniyyət, bütün sosial strukturlar təsir edir.
Amerikan filosofu R.Emerson «mentallıq» anlayışını dəyər və həqiqətlərin ilkin mənbəyi olan ruhun, mənəviyyatın metafizik əhəmiyyəti haqqında təhlillərində tətbiq etməklə, bunu elmə gətirmişdir. Bundan sonra kulturologiyada bu mədəniyyət tipi tədqiqat obyektinə çevrildi.
«Amerikada demokratiya» (1835) kitabının müəllifi fransız sosioloqu A. de Tokvil ABŞ-da ictimai şüuru tədqiq edərək amerikalının milli xarakterinin formalaşmasında ilkin vərdiş, ehtiras, düşüncələrin mənşəyini, başlanğıclarının tədqiqinə cəhd göstərmişdir. Tokvil belə bir nəticəyə gəlir ki, ABŞ-da yaşayan hər kəs öz əqli fəaliyyətini eyni qaydalara istiqamətləndirir. Bu isə kollektiv mentallıq haqqında ideyanın formalaşmasına təkan verdi.
Kulturologiyada mentallıq, mentalitet problemləri alman-amerikan alimi E.Frommun, c.Lefevr, L.Fevr, M.Blok və digərlərinin tədqiqatlarında da özünəməxsus yer tutmuşdur.