Dinin mənşəsi din fəlsəfəsinin ən mühüm mövzularından biridir. Dinin mənşəsi dedikdə nəzərdə nə tutulur? Bu sualın cavabında deməliyik ki, dinin mənşəsi məsələsi iki müxtəlif mənada başa düşülür. Dinin mənşəsi haqqında irəli sürülən fikir və mülahizələrin şərhinə keçməzdən öncə uyğun iki mənanı açıqlayıb, onların bir-birinə münasibətini müəyyənləşdiririk.
a) Dinin yaranma səbəbi: Hər bir din müəyyən əqidə və ayinlər toplumudur. Bəzən dinin mənşəsi olaraq bu əqidə və ayinlərin necə yaranması mövsunu araşdırırıq. Yəni müxtəlif dinlər necə ərsəyə gəlmişlər? Bu dinlər bir-birləri ilə ortaq nöqtələrə malik olsalar da, həm də böyük fərqlərlə bir-birlərindən seçilirlər. Dinin mənşəsi barədə nəzəriyyələr dinlərdə olan oxşar və fərqli cəhətləri araşdırır və onun səbəbini müəyyənləşdirməyə çalışır. Bu nəzəriyyələrdən bəziləri dinlərin bu günə qədər təkamül prosesi keçdiyini bildirirlər. Onların nəzərincə, hazırda mövcud olan bütün dinlər yeganə ibtidai dindən yaranmış və təkamül nəticəsində müxtəlif adlarla bugünkü vəziyyətə çatmışdır. Dinin mənşəsini araşdıran diger nəzəriyyələr dinlərin mənşəyini ilahi varlıqda görürlər. Onlar Tanrı həqiqətini qəbul edir və müxtəlif həqiqətlərin məhz bu həqiqətə inam nəticəsində meydana gəldiyini bildirirlər. b) Dindarlığın yaranma səbəbi. Burada insanların dinə meylinin səbəbləri araşdırılır. Bu araşdırmalarda müxtəlif sosioloji və psixoloji amillər nəzərdən keçirilir. Sual olunur: dinin və dindarlığın meydana gəlmə amilləri bir-birindən fərqlənirmi? İlk baxışdan bu iki məsələ tamamilə fərqli görünür. Lakin uyğun sualın cavabı məsələyə münasibət bildirən şəxsin ilahi varlığa inamından asılıdır. Bu məsələni araşdıran tədqiqatçı öncədən ilahi varlığı qəbul etmirsə, əvvəlcə dindarlığın mənşəyini araşdırır və insanların dindar olmasının bir neçə ictimai-psixoloji səbəbini sadalayır. Sonra müxtəlif dinlərin necə meydana gəldiyini izah edir. Deməli, həmin şəxsin fikrincə, dinlərin yaranışı yalnız insanlar və onların dini meylləri vasitəsilə baş tutmuşdur. Başqa sözlə, insanlar öz daxili və xarici ehtiyaclarını təmin etmək üçün dindarlığa meyl göstərmiş və nəticədə müxtəlif dinlər yaranmışdır. Bu baxışa əsasən, din dindarlığın ərsəyə gəlməsi nəticəsində yaranmışdır və dinin heç bir fövqəltəbii amili yoxdur. Amma dinin mənşəsi barədə axtarış aparan şəxs öncədən ilahi varlığı qəbul edərsə, dinin mənşəsi dindarlığın mənşəsindən fərqlənər. Bu yanaşmada dinin mənşəsi və onun ərsəyə gəlməsi bilavasitə ilahi varlıqla bağlıdır. Dindarlığın yaranma səbəbi isə insanların daxili, mənəvi ehtiyaclarıdır. Bütövlükdə dinin mənşəsi ilə bağlı araşdırmalar modernizm dövrünün məhsuludur. Yeni dövrdən öncə, yəni orta əsrlər dövründə din ilahi varlıqla izah olunurdu. Başqa sözlə, insanlar dinin mənşəsini ilahi varlıqda görür və ona inanırdılar. Lakin modernizm adlanan Yeni dövr təbiət elmləri sahəsində tərəqqisi sayəsində humanitar sahələrdəki tədqiqatları öz təsiri altına aldı. Az bir vaxtda fizika yeni dövrün ən qabaqcıl elm sahəsi kimi tanındı . Bu vaxt sosiologiya və psixologiya kimi elmlər təbiət elmlərinin metodologiyasına müraciət edir, bu yolla elmi tədqiqatlarını formalaşdırmağa çalışırdılar. İlahi varlıq həqiqəti humanitar elmlərdəki yeni tədqiqat metodu üçün ciddi bir problemə çevrilmişdi . Çünki din bir çox sosioloji və psixoloji mövzuları əhatə edirdi. Dinin ayrıca bir cəhətini elmi araşdırmaq və düzgün təhlil etmək mənasız idi. Digər tərəfdən, təbiət elmlərinin öncül elm sahəsi kimi tanınması dinin də təbiət elmləri metodu ilə araşdırılmasına zəmin yaratmışdı. Alimlər din həqiqətini fəlsəfi metodlardan istifadə etmədən araşdırmağa cəhd edir, yalnız ictimai və psixi amillərə əsaslanaraq din və dinin mənşəsini izah etməyə çalışırdılar. Nəticədə, sözü gedən məsələ gündəmə gəlir. Deməli, dinin mənşəyi bəhsinin ərsəyə gəlmə səbəbi XVIII, XIX əsrlərdə təbiət elmlərində yaranan tərəqqi idi. Əvvəldə qeyd etdiyimiz kimi, dinin mənşəsi ilə bağlı nəzəriyyələr iki əsas istiqamətdədir. Onlardan bir hissəsi öncədən ilahi varlığı qəbul edir, digərləri isə belə bir varlığın olmasına tərəddüdlə yanaşırlar. Din fəlsəfəsində hər iki bölməyə aid müxtəlif və rəngarəng nəzəriyyələr vardır. Biz bu yazıda 19-cu əsr sosioloq-filosofu Ogüst Kontun bu barədə fikirlərinə nəzər salacağıq. Dinin mənşəyi barədə qeyri-ilahi nəzəriyyələrdən biri Ogüst Kontun nəzəriyyəsidir. Kont (1798-1857) fransız filosofu və pozitivizm fəlsəfi cərəyanının banisidir. O, həmçinin sosiologiya elminin banisi sayılır. Kont bəşər cəmiyyətini təbiət elmləri prizmasından araşdırmaq məqsədi ilə yeni bir elm sahəsi yaratdı. O bu elmi əvvəlcə «ictimai fizika», sonra «sosiologiya» adlandırdı. Kont öz pozitivist fəlsəfəsində təcrübi elmləri əsas götürürdü. Onun fikrincə, yalnız təcrübəyə əsaslanan elm dəyərə malikdir. Əslində pozitivizm fəlsəfəsinin əsas tələbi də məhz bu idi. Yəni metafizika (hadisələrin əsl mahiyyətini tədqiq edən elm) aradan qaldırılmalı və elm varlığın xaricdə görünən tərəflərini araşdırmalıdır. Kontun ən məşhur fəlsəfi-sosioloji addımı onun bəşər tarixinini üç mərhələyə bölməsidir. Bunlar teologiya, metafizika və pozitivist dünyagörüşü mərhələsidir. Teoloji baxışın hakim olduğu mərhələdə insanlar müşahidə etdikləri bütün hadisələri fövqəltəbii qüvvələrin təsiri kimi qəbul edirdilər. Bu mərhələdə bəşəriyyət tufan, zəlzələ və bu kimi hadisələrin səbəbini fövqəltəbii varlıqda axtarır və hadisələri elmi metodlarla izah etməyə cəhd göstərirdilər. Metafizika mərhələsində insan zəkası tərəqqi edir və hadisələrin ilahi yox, abstrakt (qeyri maddi, səbəbiyyət kimi) amillərin təsiri ilə baş verməsi iddia olunur. Misal üçün, bitkilərin inkişafının fövqəltəbii qüvvənin (Tanrının) yox, onlardakı bitki ruhunun təsiri ilə həyata keçdiyi təkid edilir. Bəşər cəmiyyəti tarixində üçüncü baxış, yəni pozitivist dünyagörüşü hadisələri təhlil edir və onların arasındakı zəruri səbəbiyyət əlaqəsini tapmağa çalışır. Bu mərhələdə insanlar tam təcrübi üsullarla hadisələrin səbəbini araşdırırlar. Kont birinci və ikinci mərhələni insanın cahillik dövrü adlandırır, yalnız üçüncü mərhələni insan zəkasının zirvəsi hesab edir. Kontun üç mərhələli formulunda din bəşər cəmiyyətinin ibtidai mərhələsində yer tutur. Deməli, insan əqli və zəkası inkişaf etdikcə din öz dəyərini itirir və haşiyəyə çəkilir. Lakin Kontun din barədə digər bir nəzəriyyəsi diqqəti cəlb edir. Konta görə, hər bir cəmiyyətdə ictimai birliyin qorunması üçün üç amil mövcuddur. Onlardan biri din, digəri iş rejiminin düzgün təyini, üçüncüsü isə dildir. Onun qənaətincə, din cəmiyyətdə vəhdət amili rolu oynayır. O hətta dövlət qanunlarının davamlı olması üçün din faktorunu əhəmiyyətli hesab edir. Kont deyir: “Hər bir hökumət özü ilə vətəndaşlar arasındakı əlaqələri tənzimləmək üçün dinə möhtacdır. ”Kontun din haqqındakı iki müxtəlif nəzəriyyəsi paradoksal görünür. O, bir tərəfdən dini inancı insanların cəhalət dövrünə aid edir, digər tərəfdən dini həm cəmiyyət, həm də hökumətin mənəvi dayaq nöqtəsi sayır. Kont bu ziddiyyəti həll etməyə çalışır və deyir: “Yeni dövrün başlanğıcı ilə dini inanc mərhələsi başa çatsa da, hər bir cəmiyyətdə din funksiyasını yerinə yetirə bilən bir qüvvə olmalıdır.” Deməli, Kont dini tamamilə rədd etmir. Onun fikrincə, pozitiv mərhələnin dini bu mərhələyə uyğunlaşmalıdır. O hesab edir ki, modern dövrün özünəməxsus həyatı və dini olmalıdır. Kont bu məqsədlə insanlıq məzhəbini təbliğ etməyə başladı. O bu məzhəbin pozitiv dünyagörüşündən qaynaqlandığını vurğulayır və təkid edirdi ki, modernizm təfəkkürü ilə formalaşan insan daha vəhydə və keçmiş dinlərdə əsas götürülən Allaha etiqad edə bilməz. İnsanlıq məzhəbinə görə sitayişə layiq olan varlıq cəmiyyətin dahi insanlarıdır. Bu qəbil şəxsiyyətlər heç bir millətə məxsus deyillər . Kontun din haqda söylədiklərini təhlil və tənqid etməzdən öncə onun nəzəriyyəsini bir daha qısa şəkildə nəzərdən keçiririk. Konta görə, dinin mənşəyi insanın cəhalətidir. Yəni insanlar təbiət hadisələrinin elmi səbəblərini tapa bilmədiklərinə görə hadisələri dini amillərlə əlaqələndirmək istəmişlər. Təbiətin dərk edilməsi tarixi Konta görə üç mərhələyə bölünmüşdür. Bu üç mərhələli formula əsasən, insan zəkası üçüncü mərhələdə kamilləşir. Kontun fikrincə, din hər bir cəmiyyətdə zəruri amildir. Bu ideya üç mərhələli formulla ziddiyyət təşkil etsə də, Kont bu ehtiyacı aradan qaldırmaq istəyir. Bəli, Kontun din barədə fikirlərinin təhlil və tənqidi zəruridir. a) Din fəlsəfəsinin mühüm bəhslərindən biri elm və din münasibətləri mövzusudur. Bəzi din filosofları müasir elmin dinə zidd olduğunu iddia etsələr də, bir başqa mütəfəkkirlər həmin iddianı qəbul etmirlər. Kontun nəzəriyyəsindəki birinci problem elm və dinin bir-birinə zidd olmasının aksiom kimi qəbul edilməsidir. Kont hesab edir ki, ibtidai mərhələdə insanlar hadisələri elmi yolla izah edə bilmədikləri üçün dinə meyl göstərmişlər. Yəni elm olmayan yerdə cəhalət hökm sürür və bu da dindarlığa zəmin yaradır. Kont qəbul etməlidir ki, din sahəsi elm sahəsindən tam fərqlənir. Hər bir alim müəyyən bir hadisəni elmi qanunlara əsaslandırdığı vaxt həmin hadisəni həm də dini amillərlə əlaqələndirə bilər. Yəni elmi qanunları qəbul etdikdən sonra bu hadisənin ilahi iradə və istəyə bağlılığına inanmaq mümkündür. Deməli, insanlar dindar olmaqla yanaşı alim ola bilərlər. b) Kontun üç mərhələli formulu müşahidə etdiyiniz kimi bəzi hallarda özünü doğrultmur. Onun dediyinə görə, insanlar üçüncü mərhələdə tam elmi qanunlara inanır və dini baxışlardan xeyli uzaqlaşırlar. Halbuki müasir dövrümüzdə bir çox alimlər yeni biliklərə yiyələnməklə yanaşı dini inanclarına rəğbət göstərir və əqidələrini elmi tədqiqatlarına maneə hesab etmirlər. Digər tərəfdən, sual oluna bilər: modernizm prosesinin cərəyan etdiyi dövrdə elmi tərəqqi öz zirvəsinə çatmışsa, ibtidai dövrdəki fəlsəfi dini baxışlar öz mahiyyətini itirmişmi? XIX əsrdə Avropa pozitivist yanaşmanın şahidi idisə, bu uzun çəkmədi. XX əsrdə fəlsəfə yenidən gündəmə gəldi. Müasir fəlsəfi cərəyanlara qısa baxış buna sübut ola bilər. Deməli, Kontun üç mərhələli formulundakı ardıcıllıq heç də tarixi gerçəkliklə üst-üstə düşmür. Bu formul digər bir suala da cavab verməkdə acizdir. Kont Avropa cəmiyyətinin elm tarixini araşdırdıqdan sonra bu qənaətə gəldi ki, bütün digər insanlar bu üç mərhələni yaşamışlar. Sual olunur: Kont hansı əsasla dünyanın elm tarixini Avropa tarixi ilə ölçür və bu formulu onların hamısına şamil edir? Bu yalnız ondan irəli gələ bilər ki, Kont Avropa cəmiyyətini dünya xalqları üçün nümunəvi cəmiyyət kimi göstərmək istəyir. Əlbəttə ki, bu düzgün yanaşma deyil. Konkret və özünəməxsus şəraitdə elm tarixini yaşayan Avropa təcrübəsini digər cəmiyyətlərə aid etmək heç bir elmi əsasa malik deyil . c) Bir çox din tarixçiləri kimi Kont da bütpərəstliyi insanların sitayiş etdiyi ibtidai din sayır. Lakin bu nəzəriyyə bəzi din tədqiqatçıları tərəfindən rədd edilir. Şotlandiya tədqiqatçısı Andre lonq (1804-1912) bildirir ki, insanların etiqad etdiyi ilk din vəhdən qaynaqlanmışdır . Bütpərəstliyin ibtidai din hesab edilməsinin səbəbi ibtidai insanların cəhalət dövründə yaşamaları və bütpərəstliyin belə bir dünya görüşü ilə üst-üstə düşməsi ola bilər. Həmçinin bax:İbtidai dini təsəvvürlərOgüst Kontun nəzəriyyəsi
Kontun nəzəriyyəsinin tənqidi