Ailə haqqında yazan bir çox sosioloq kapitalizmin inkişafının ailənin radikal biçimdə kiçilməsiylə bağlı olduğunu düşünmüşdür. Dünya nüfusunun sayındakı mövcud partlayışın əsas qaynağını təşkil edən Üçüncü Dünya Ölkələrindəki böyük ailələrə baxıb, yanlış ümumiləşdirmələr apararaq, Avropanın, kapitalizmdən öncəki dönəmlərdə uşaqlarla dolu olan ailələrdən ibarət xətalı tablosunu çəkiblər. O dönəmlərdə çox böyük ailələr nadir deyildi, fəqət ailələr çox böyük olmalıdır deyə bir qanun da yox idi.
17-ci əsrin Britaniya və Fransası haqqında araşdırmalar aparan tarixçilər, o dövrün qadınlarının ortalama evlilik yaşının böyük ehtimalla iyirmi üç ilə iyirmi yeddi yaşlar arasında olduğunu göstərmişdir. Qadının uşaq dünyaya gətirəcəyi dövr, bu yaş mərhələsiylə və erkən klimaks yaşıyla, eyni zamanda, həyat yoldaşlarından birinin erkən ölümüylə, yüksək dərəcəli körpə və uşaq ölümləriylə məhdudlaşırdı. Varlı insanlar adətən kəndlilər və peşə sahiblərindən daha böyük ailələrə sahib olurdular, qadınlarda evlilik müddəti daha qısa idi və kişilər arvadlarının ölümündən az müddət sonra yenidən evlənirdilər.
Ölümün hər yerdə qarşımıza çıxması və nəzərimiz önündə olması, modernizmdən əvvəlki ailə və gündəlik yaşamı çağdaş dönəmdən güclü şəkildə fərqləndirən fenomendir. O dönəmdə ölüm sayı bu gün olduğundan bir neçə qat çox idi və ölüm təkcə yaşlı insanların başına gələn hadisə deyildi. Qəsəbələrdə yaşayan insanlar yolxucu xəstəliklərin davamlı şəkildə ortaya çıxmasına gətirib çıxaran gigiyena çatışmazlığı və içilən suyun çirkli olması səbəbindən xüsusən müdafiəsiz idilər. Əslində qəsəbədə yaşayanlar özləri yetəri qədər artıb-çoxala bilmirdilər və nüfus davamlılığını şəhərətrafı bölgələrdən gələn nizamlı köçlər hesabına qoruya bilirdilər. İnsan ömrü çox qısaydı. Böyük ehtimalla körpələrin üçdə biri həyatlarının ilk ili ərzində ölürdülər. 17-ci əsrin Fransasında yaşayan kəndlilər arasında, uşaqların yarısı on yaşına çatmadan vəfat edirdi. Bugünki yaş qruplarıyla müqayisə edildikdə, aralarında olduqca yüksək ölüm hallarının görüldüyü cavanlar da bu vəziyyətdən xilas ola bilməmişdilər. Aşağı təbəqənin ailələri dünyaya çox sayda uşaq gətirsələr də, ölüm halları ucbatından təqribən iki və ya üç uşaqla yaşamlarına davam edirdilər. Bütöv nüfusun yarısı yaşı iyirmidən aşağı olan insanlardan ibarət idi və altmış yaşın üstündə olan insanlar nüfusun kiçik azlığını təşkil edirdilər.
18 və 19-cu əsrlərdə meydana gələn “demoqrafik keçiş” əslində bir o qədər də böyük ailələrdən kiçik ailələrə doğru həyata keçən hərəkat sayılmazdı. “Demoqrafik keçid” əslində daha cavan insan qruplarının ölüm səviyyəsindəki azalma səbəbindən meydana gəlmiş, az öncə söhbət açılan durumlarda ortaya çıxan dəyişikliyi təmsil etmişdir. Ortalama evlilik yaşı aşağı düşmüş və bu əsrə qədər də düşməyə davam etmişdir. 19-cu əsrdə meydana gələn nüfus artımı, doğum hallarının çoxalmasının deyil, daha çox və daha uzun müddət ərzində həyatda qalan uşaq sayının artmasının nəticəsiydi. Həm ailənin mahiyyətinə, həm də iş sferasında qadın və kişinin qarşılıqlı münasibətlərinə təsir göstərən dəyişikliklər, böyük ailələrin işçi təbəqəsi üçün əngəl yaratdığı durumlara yol açmışdır. Uşaqların da ekonomik fəaliyyətə qatıldığı ənənəvi istehsal biçimləri dönəmində, göstərilən amillər ailənin böyüklüyünə öz təsirini nə qədər çox göstərərsə göstərsin, böyük ailələrin qurulması arzulanası hal idi. Fəqət uşaqların çalışmadığı və qadınların maaş almadığı yerlərdə böyük ailələr iqtisadi yükə çevrilir. “Effektiv individualizm” dünyagörüşünə söykənən doğuş kontrolu vasitələri, bugünki evlilik modelinə uyğun olan və uzun müddət davam edən kiçik ailələrin qurulmasına şərait yaratmışdır. Bu halın əlbəttə ki, qadınlar üzərində də önəmli təsirləri görülür, çünki artıq əksər qadınlar, uşaqları yetkinləşib evdən ayrıldıqdan sonra da təqribən iyirmi-otuz il ərzində yaşamaqlarına davam edirlər.
Sosioloq olmayan yazarlar arasında olduğu qədər, sosioloqlar arasında da davam edən, evlilik və ailə statusuyla bağlı müzakirələr, ələxsus evliliklərin dağılması və cinsi davranışlar baxımından yetərli tarixi gerçəklikdən yoxsundur. Evliliklərin dağılması əvvəlki əsrlərdə boşanmadan çox, ölüm nəticəsində reallaşsa da, Avropada geniş yayılmışdı. Bəzi araşdırmaçılar “dağılan evlilik”lərdən təsirlənən uşaq sayının, keçmişdə də ən azından indiki qədər yüksək olduğunu irəli sürmüşdür. Yaxın Avropa Tarixində, bəzi ölkələrdə və dönəmlərdə, evlilikdən öncəki cinsi münasibətlər hər iki cins üçün də mümkün idi və bu münasibətlərin ardınca gələn nigah münasibətlərinə əngəl deyildi. Nigahdankənar meyillər bu gün olduğu qədərdi ya da daha yüksək idi. Evlilik, ailə və cinsi münasibətlərə yönəlik çağdaş düşüncələr şübhəsiz ki, fərqli kontekstlərdə ortaya çıxa bilər, fəqət bir çox baxımdan, bu halların sadəcə bizim dövrə aid olmadığını anlamağımız mütləq şəkildə önəmlidir.
Qərb ölkələrinin çoxunda boşanma halları son iyirmi-otuz il ərzində ciddi şəkildə artmışdır. 1950-dən 1975-ci ilə qədər boşanma halları ən aşağısı, Fransada yüzdə 40, ən yuxarısı isə, Böyük Britaniyada yüzdə 400 nisbətində yüksəlmişdir. Bütün bu statistikaların bəzi çatışmazlıqlardan xali olmadığı diqqətə çatdırılmalıdır. Örnəyi, evlənmədən birlikdə yaşayanları və ya rəsmi boşanma olmadan ayrı yaşayan evli insanları hesaba qatmır. Ancaq bu rəqəmlərin Qərbdə ailə və nigahda meydana gələn aşkar dəyişiklikləri göstərdiklərinə etiraz etmək çətindir. Bu statistikalar əsasında, ailə mərkəzinin çox yaxında dağılacağını qənaət edən insanlar yəqin ki, olacaq. Mühafizəkar dünyagörüşə sahib olan insanlardan bəziləri, bu təxmini bədbinliklə, əxlaqi mənada problemli cəmiyyətin çöküşünün göstəricisi kimi irəli sürəcək. Qeyri mühafizəkar dünyagörüşünə sahib olanlarsa, ailəni zorakı bir qurum kimi gördükləri üçün, bunu digər ictimai-sosial biçimlərin inkişaf ehtimalının xəbərçisi kimi məmnuniyyətlə qarşılayacaqlar. Dəyişikliklərin ailə çöküşünün yaxında baş verəcəyini ifadə edən qənaətdən çox, “effektiv individuallığın” mütləq zəfər qazanacağını təmsil etməsi daha ağlabatandı.
Artan boşanma hallarının hər hansı bir mədəni hal yaxud ailədən duyulan dərin məmnuniyyətsizlik deyil, yaşamağa dəyər və təminedici sosial münasibətləri daha yaxşı anlamaq istəyinin artım göstəricisi olduğunu dərk etmək üçün elə bir dərin qavrayışa ehtiyac yoxdur. Boşanma səviyyəsi əvvəllər olmadığı qədər yüksəlsə də, olduqca yüksək olan təkrar evlənmə səviyyəsi də oxşar şəkildə artım göstərib. Boşananların böyük əksəriyyəti təkrar evlənirlər. Ancaq yenə də bu fenomeni, sadəcə ailənin çağdaş cəmiyyətlərdəki insanların əksəriyyəti üçün vazkeçilməz duyğusal təminat qaynağı olduğunu göstərən fenomen kimi qəbul etməyin məntiqli olacağını da düşünmürəm. Gerçəklər əlbəttə ki, daha qarmaqarışıqdı.
Nüfusun əksəriyyətinin sıxıcı, ağır iş şəraitində çalışdığı və sosial münasibətlərin maddiləşməsinin gündəlik yaşamda boş rutinlər davamiyyəti yaratdığı durumlarda, evdəki özəl münasibətlər əslində “ruhsuz dünya”dan qaçış kimi görünə bilər. Lakin daha geniş bir cəmiyyətdə, olduqca sağlam sosial çevrilişlər olmadıqda, ailə ehtimal ki, bir-birinə zidd gərginliklər — özgürlük və zülm, ümid və məyusluq — arasında parçalanmış şəkildə qalacaqdır.
Entoni Giddens
müasir İngilis sosioloqu
bilge.az