Qadın peyğəmbəri yandırdılarmı?

Qadın peyğəmbəri yandırdılarmı?

Kişiylə qadının hüquq bərabərliyi yalnız kağız üzərindədi. Qanun şəklindədi. Saxta evlilik kimi. Yaşamda belə deyil. Qadının ən dəyərli vaxtı analığa gedir. Karyera quran, işlə məşğul olan qadınların analığa vaxtı qalmır. Onların uşaqları ya baxıcıyla böyüyür, ya da qadın karyeradan imtina etməli olur. Kişi də uşağa baxsa, böyütsə, gününü ona həsr eləsə, başqa işə vaxtı, enerjisi qalmaz. Kişiylə qadın çiyin-çiyinə yaşayır deyə bilərikmi buna?
Feminizmin, genderçiliyin gurultulu uğurlarından danışa bilməyəcəyik maləsəf. Nə Nobel almış Yelinek, nə də şeirləriylə təkrarsız sayılan Frederik Mayröker cocuq doğdu.
Sözsüz ki, digərlərinə – tarixi qadınlara haqsızlıq edə bilmərik. Virciniya Vulf (modernizmin banilərindən biri), Mariya Kuri (iki dəfə Nobel alan alim və ilk nobelçi qadın), Mariya Svetayeva (dünyanın ən böyük şairlərindən biri), Marqaret Tetçer (Böyük Britaniyanın keçmiş baş naziri), İndira Qandi (Hindistanın birinci və sonuncu qadın baş naziri), Helena Rubinşteyn (dünyanın ən nəhəng kosmetika markasının yaradıcısı), Roza Luksemburq (kommunist – Leninin Avropada ən böyük rəqibi) həmcinslərinə də, əks cinsə də gözəl örnəklərdi. Amma bu, qadının tarixdəki yeridi. Qadının ortamda, məişətdə, sosial həyatda toplumsal yeri düşündürür. Nə olacaq? Necə olsun? Bu gün özünü ifadə edən qadınlar saysızdı. Bu əsrin kişisi qadına köləsi kimi yox, köməkçisi kimi baxır daha çox. Zamanla kişi “tək əldən səs çıxmaz” misalını həyata yansıtdı. Qadının gücünü, yetənəyini dünya işlərində kullanmağın xeyirli olduğunu gördü. Sonuc ortada. İnsanlıq bundan itirmədi, əksinə, qazandı. İstənilən halda bu işi görən zamandır. Erkək meydanda tək qalmaqdan axır-əvvəl bezəcəkdi. Bu hiss onu yalqızlığa qədər sürükləyəcəkdi. Şərqdə qadın kiçik ayrıntılarıyla bu sorunu yaşamaqdadı. Heç nə dəyişməyib əslində. Qadın ikinci dərəcəli üzv olaraq qalır. Bəzi ölkələrdə durum lap betərdi. Şərq kişiləri qadını məişət, ev, ailəylə çox yükləyirlər.

Sözsüz ki, yaşadığın yerin kişi tipiylə bütün dünya erkəklərini ölçmək olmaz. Amma bir gerçəklik var. Bütün dünyada erkəklər bir-birinə bənzəyirlər. Ortaq şeyləri çoxdur qadınlar kimi. Bütün kişilər birinci olmaq istəyirlər. Birinci. Amma hansı formada. Birinci olmaq nə deməkdir? Hər şeyin ən yaxşısına sahib olmaqmı? Son sözü deməkmi? Qərarları verməkmi? Nədir birinci olmaq kişi üçün? Kimsə kişilərdən bu haqda soruşsa, əminəm ki, konkret cavab ala bilməyəcək. Kişi həmən çaşıb qalacaq. Aydınlaşdırmağa çalışacaq – nə mənada, necə yəni birinci? Onun birinci olmaq duyğusu çölün etgisindən gəlir. Əslində, erkək özü də bilmir ki, birinci olmaq nə deməkdi. Gerçəkdə bəlkə də, onun belə bir ehtiyacı yoxdu. Bəzən kişi də say məsələsindən uzaq, rahat yaşamaq istəyir. Azad olmaq istəyir kişilik kurallarından qaçmaq istəyir. Qurtulmaq istəyir öhdəliklərindən. Nəfəs almaq istəyir rahatca. Birinci olmamaq istəyir. Lap elə son sırada oturmaq istəyir. Ortamda, işdə, karyerada, evdə, sevgidə – hər şeydə yerini başqasına vermək istəyir. Qadınla ilişgidə liderliyi, birinciliyi ona ötürmək yanğısı duyur. Bağını qadının əlinə verməyi gəlir. Başını ayağına qoymağı gəlir. Qadının ətəyincə getmək keçir könlündən.

Kişinin içində qadına yenilmək duyğusu var. Bunu çoxu boynuna almır, amma… Nəsə onu əngəlləyir. Doğulandan eşitdiyi “ sən kişisən, güclüsən ” sözləridir bəlkə də səbəbkar. O da bununla böyüyür. Gücsüz, duyğusal görünməkdən qorxur. Kişi birinci olmağa borclu bilir özünü sadəcə. Birinci olmaq onun bəlkə də, heç arzusu deyil. Əslində, onunçün dünyada qadından daha önəmli, daha sevimli heç nə yoxdu. Özünü nə qədər ciddi aparsa da, hansı işlə məşğul olmağından, kimliyindən və harda olmağından asılılıqsız kişi qadın qarşısında əriyir. Qadın kişiyə özünü unutduran, kişinin ağlını başından alan varlıqdı. Heyf ki, belə bir gücə, sehrə, hipnoza sahib olduğunu çox az qadın bilir. Bunu elə qadınların erkəklər üzərində hakimiyyəti saymaq olar. Dünyanı kişilər idarə edirsə, kişiləri də qadınlar idarə edir, demək olar. Ancaq çox az qadın bu gücündən istifadə edir.

Marqaret Düras müsahibəsində kişilərlə savaşmağın anlamsız olduğunu deyib. Savaşdan vaz keçib öz faktorunu ortaya qoymaq gərəkdi. Gerçəkdən də bu qədər gözəl bir varlıq niyə həmcinsiylə savaşsın axı?! Qadın öz sehriylə ələ alar bütün dünyanı. Kişi bütün dünyanı onun ayaqları altına sərməyə tarix boyu hazırdı. Yenə də Virciniya yadıma düşür. Nə qədər öz həmcinslərinə yanan, sevgiylə, içdən yanaşan geniş bir qadındı. “Özünə aid bir otaq”da bunu necə incəliklə anladır xanımlara. Savaşmayın, amma boş da oturmayın. Özünüzü ifadə edin. Kişilər nə deyər düşünməyin, yazın, yaradın. Ayaqlarınızı yerə basmağı öyrənin. Virciniya Vulf yaradıcılığının sehriylə, sözlərinin, cümlələrinin səsiylə ovsunlayır kişiləri. Onun hər cümləsində əlinin zərif hərəkəti duyulur. Və dünyanın bütün kişiləri onun böyüklüyünü qəbul etməyə məcbur olur. Ürəyindən əllərinə kimi bütünlüklə qadın olduğunu yansıdır bu cümlələr. Bu gün doğu (şərq) qadını düşünür ki, Avropada qadın daha azaddır, özgürdür. Amma Avropa qadını bu özgürlüyü cırmaq-cırmaq qazanıb. Dünyanın ən gözəl əsərlərindən birini yazan Şarlotta Brontenin həyatına göz atanda adamın gözü kəlləsinə çıxır. Amma yazıb. Şarlotta Bronte ola bilib. Demək ki, zorluğa güc gəlmək olur, mümkündü. Avropada tarixi boyu qadın heçə sayılıb, aşağılanıb, yandırılıb, satılıb, alçaldılıb. İsanın dövründə qadınlar əhali siyahısına düşməzdilər. Onları adam saymazdılar. “Niyə bir nəfər qadın peyğəmbər yoxdur?” sualına “Peyğəmbərləri qadınlar doğur” cavabını vermək də olar, ancaq əsas səbəb bu deyil düşünürəm. Biz hardan bilirik ki, qadın peyğəmbərlər olmayıb və onları tonqalda yandırmayıblar.

Xanım Asiyə Musanı əri Firondan qoruyub böyütdü. Musa – peyğəmbər oldu. Bu, qadının xilaskar olduğunu simvolizə edir. Sonuncu peyğəmbərin – Məhəmməd Əleyhisalamın da həyatında xanımı Xədicə önəmli rol oynadı, ta gəncliyindən onun yardımçısı oldu. Bu, qadının böyük gücünün ifadəsi idi. Bu həm də qadının özünü bütünlüklə kişiyə həsr etməsinin göstəricisidi. Nə fərqi var – bu onun oğludu, yoxsa əri? Nə fərqi var – bu qadın kişinin sevgilisidi, yoxsa bacısı? Məryəm bətnindəki körpənin allahın övladı olduğuna inandıra bildi insanları. O zamanda ki, qadın ümumiyyətlə, adam hesab olunmurdu. Tanrıçılıq baxımından sənətsiz, sübutsuz qəbul olunmalıydı doğulan cocuq. Allaha inananlar insanı və insanı əhatə edən hər şeyi onun yaratdığını iddia edirlərsə, uşağın kimdən və necə olmasının nə dəxli var? Allahın verdiyi paydı, yaratdığıdı. Yaradılandı. O zaman insanlar hansı haqla qadını qınayırlar? Müqəddəs Məryəm qadına ilk dəfə haqqını verən tarixi obrazdı. Məryəm – qadın azadlığının simvoludu. Belə qadının böyütdüyü oğul əlbəttə ki, peyğəmbər olacaqdı. Və Məryəm əslində, ona görə o biri qadınlardan ən müqəddəsidi ki, peyğəmbəri özü doğmuşdu. Bu həm də onu simvolizə edir ki, kimdən doğursan yox, kimi doğursan önəmlidi.
Avropa qadını bu ağır yolu əzilə-əzilə keçib və sonunda Virciniaya, Simonaya çevrilib.

Virciniaynın həyat yoldaşı Leonardo Vulf bütün karyerasında dəstəkçi olub. Mariya da əri Pyer Küri ilə əl-ələ verib Nobel aldı. Deməli, qadına bu cür də yanaşa bilər erkək. Bunun dünyaya da, özünə də xeyri olar.
Bir olay düşdü yadıma. Dostumun başına gəlib. Bir gün yemək yeyirmiş restoranda, yan masada iki cavan oğlan bərkdən-bərkdən söhbət eləyirmiş. Biri danışır ki: “Şilləni qoydum it qızının ağzının üstünə, yerində qaldı”. O biri də buna qayıdır: “Yaxşı eləmisən, qoy ağlı gəlsin başına. Gərək it balası kimi çırpardın”. Ucaboy, enlikürək dostum deyir: “elə bil nəslimə söydülər. Durdum ayağa, keçdim bunların qabağına. Dedim mən filankəsəm. Gəlin dalaşaq. Məni döysəz, gedib hər yerdə danışarsız ki, filankəsi döydük. Amma döyə bilməsəz, öz ayağınızla aparacam sizi həmin qadının yanına, deyəcəm tüpür bunların sifətinə. Axı, kişi də qadını vurmağıyla öyünər?” Sözüm onda ki, qadın kişinin qolundan qorxursa, bu artıq zorakılıqdı. Qadın kişidən qorxursa, onun nə ağlından, nə bacarığından, nə görünüşündən, nə də başqa şeydən qorxur. Qadın kişinin yumruğundan qorxur. Ancaq yumruğundan. Bu yaxınlarda 25 yaşlı bir xanımın “kişi deyəndə ağlınıza gələn nədir” sorğusundakı cavabını oxudum. 25 yaşlı qız “dünyanın ən axmaq məxluqu, murdar” cavabını verib. Bu nə deməkdi? Bu o deməkdi ki, kimsə o qızda kişi haqda belə fikir yaradıb. Başqa bir qadınsa “şəxsiyyət” demişdi. Deməli, o qadının da kişisi bu cür fikir yaradıb. Qadının erkəklə bağlı düşüncəsini formalaşdıran ətrafdakılar yox, daha çox onun həyatında olan kişidi.
Yanınıza baxın. Bəlkə böyrünüzdə Mariya Küri məhv olur...


Müəllif: Aysel ƏLİZADƏ, [email protected]
Mənbə: 525-ci qəzet
Top