Qadın və kişi bənzərsizliyi

Qadın və kişi bənzərsizliyi

Hər bir insan unikal və təkrarolunmaz varlıqdır. Dünyada eyni oxşarlıqda adam tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, insanlar arasında dərhal nəzərəçarpan fərqlər də mövcuddur. Bu, kişi ilə qadın arasındakı bənzərsizlikdir. Onların arasında xarici bənzərsizlikdən savayı, daxili bənzərsizlik də mövcuddur. Daxili bənzərsizlik dedikdə qadın və kişilərin eyni adlı daxili orqanlarının bir qədər fərqli fəaliyyət göstərməsi başa düşülür. Elə buna görə də onların maddələr mübadiləsinin intensivliyi, tənəffüs və ürək yığılmalarının tezliyi, qan tərkibi və habelə qavrama, məntiq və intuisiya, temperament, sinir sistemi, müşahidə qabiliyyəti və bir çox digər xüsusiyyətləri fərqlidir. Bununla bərabər, tipik olmayan qadın və kişilərə də təsadüf edilir: onlar özlərinin hərəkətlərində kişiləri xatırladan qadınlar və özlərini qadın kimi aparan kişilərdir.
Kişi ilə qadın arasındakı bənzərsizlik fizioloji əlamətlərdən daha çox psixoloji əlamətlərə görədir. Qadın psixologiyasını dərk etmək üçün onların möminlik psixologiyası öyrənilməlidir. Lakin hələ qadını başa düşmək üçün hətta səy də göstərilməmişdir. İndiyədək psixologiya elmi daha çox kişilərin öyrənilməsi ilə məşğul olmuşdur. Məhz buna görə də alimlər siçovulları öyrənir və siçovulların da köməyi ilə kişilər barədə nəticəyə gəlirlər.

Qadın və kişi psixologiyaları arasındakı fərq nədən ibarətdir?
Müasir elm son yüz ildə çox mühüm kəşf etmişdir. Məlum olmuşdur ki, insanın bir yox, iki şüuru vardır. İnsanın şüuru beyinin iki yarımkürələrinə — sağ və sol yarımkürələrə ayrılmışdır. Sağ yarımkürə insanın diaqonal üzrə sol əli ilə, sol yarımkürə isə sağ əli ilə əlaqədardır.
Qadınlar beyinin sağ yarımkürəsi, kişilər isə sol yarımkürəsi ilə idarə olunurlar. Kişilər əsrlər boyu qadınları idarə etmişlər. İndi də bəzi qadınlar bunun əleyhinə çıxır. Həmin qadınlar mahiyyət etibarilə kişiləri xatırladırlar. Onlar kişilər kimi hər bir məsələdə məntiqə əsaslanırlar, mübahisə etməyi xoşlayırlar, öz xeyrini biləndirlər. Çox ehtimal ki, qadınlar hakimiyyətdə kişilərin yerini dar edəcəklər. Qadınların hakimiyyət uğrunda mübarizəsi qələbə ilə başa çatandan sonra artıq onlar kişiləşəcək və sol yarımkürənin imkanlarından istifadə edəcəklər. Mübarizə aparmaqdan ötrü haqq-hesab çürütməyi bacarmaq, kişilərlə yarışa girmək üçün isə onlar kimi aqressiv olmaq lazımdır. Dünyanın qadın azadlıq hərəkatında məhz həmin aqressivlik müşahidə olunur.
Feminizm hərəkatına qoşulmuş qadınlar davakar varlığa çevrilir və nəticədə incəliklərini, habelə anadangəlmə digər xüsusiyyətlərini itirirlər. Onlar bilirlər ki, kişilərlə mübarizə aparmaq üçün əks cinsi hərtərəfli öyrənməli, özlərini kişilər kimi aparmağı bacarmalıdırlar. Məlum həqiqətlərdən biri də odur ki, insan mübarizə apardığı adamın bütün təhlükəli cəhətlərinə yiyələnməyi bacarmalıdır. Bu, bəşəriyyətin böyük problemlərindən biridir. Bir adam digər adam ilə mübarizəyə girişəndə analoji mübarizə üsullarını, analoji taktikanı mənimsəməlidir. Düşmənə (burada kişi nəzərdə tutulmur) yalnız bu yol ilə qalib gəlmək mümkündür. Qalib gələn kəs bir qədərdən sonra özü öz düşməninə çevrilir. Yalnız səthi tərəflər dəyişir, insanın daxilindəki qarşıdurmalar qalır.

gender: kişi və qadınlarQarşıdurma insanın daxilindədir. Əgər o, insanın daxilində yoluna qoyulmursa, həmişəlik qalır. Münaqişənin yəni qarşıdurmanın həlli insanın öz daxilində, iki yarımkürənin arasında qalmaqda davam edir.
Beyinin sağ yarımkürəsi intuisiyaya, irrasionallığa, məntiqsizliyə, poetikliyə, platonikliyə, romantikliyə, möminliyə, anlaşılmazlığa, sol yarımkürə isə məntiqiliyə, rasionallığa, riyazi, elmi təxəyyülə, intellektuallığa cavabdehdir. Hər iki yarımkürə arasında həmişə qarşıdurma var. İnsanın ən böyük siyasəti də insanın öz daxilindədir. İnsan bunu anlaya bilmir, anlayanda isə hər iki yarımkürə arasında güzəştli vəziyyət yaratmağa çalışır.
Qeyd etdiyimiz kimi, sol əl sağ yarımkürə ilə: intuisiya, təxəyyül, mistika, poeziya, din ilə əlaqədardır. Cəmiyyət sağəllilər üçün yaradılmışdır, sağ əl isə sol yarımkürə ilə əlaqədardır. Körpələrin on faizi solaxay doğulur. Güman edilir ki, ilk zamanlar uşaqların əlli faizi solaxay imiş.
Kişi təbiətinə sanqvinstik və melanxoliklik temperamentləri xasdır. Qadınlar isə mütəhərrikdirlər, hisslərini coşqunluqla büruzə verirlər. Ovqatlarının sürətlə dəyişməsi qadınlara xas cəhətlərdir. Bədbəxt qadın davakar olur.

Kişi qətiyyətliliyi və risk meyilliliyi qadın ehtiyatlılığı ilə, kişi sərtliyi qadın mülayimliyi ilə, kişinin bir çox məişət məsələlərinə etinasız münasibəti qadının yüksək estetik tələbləri ilə yaxşı tamamlanır.
Qadınlar kişilərə nisbətən çox emosionaldırlar. Kişilər isə öz emosiyalarını cilovlaya bilirlər. Onlar cəzalandırılmalarını xoşlamırlar, işdə və evdə olan qarşıdurmalara və neqativ hallara nifrət bəsləyirlər. Qadın istəyəndə gülməyi, istəyəndə də ağlamağı bacarır. Qadınlarda təsəvvüretmə qabiliyyəti, fantaziya çox güclüdür. Onlar adamı mimikasına, jestinə, baxışına görə asanlıqla anlayırlar. Bunun sirri qadınların incə intuisiyasındadır. Ona görə də qadını aldatmaq çox çətindir. Qadın isə kişini asanlıqla aldada bilir. O çox vaxt susur ki, kişi ilə münasibətlərini gərginləşdirməsin.
Qadınlar qavrama tezliyinə görə kişilərdən çox üstündürlər. Qadınlar mətni kişilərə nisbətən daha tez oxuyur və oxuduqlarını bütün təfsilatı ilə kişilərdən yaxşı mənimsəyirlər və yadda yaxşı saxlayırlar.

Qadın geyinərkən əvvəlcə köynəyini, sonra isə şalvarını geyir. Kişilərdə bu ardıcıllıq əksinədir.
Qadınlar siqareti dişləri arasında əzmirlər, həmişə əllərində saxlayırlar. Qadın əsnəyərkən ağzını yumruğu ilə deyil, ovucu ilə qapayır. Qadın nəsə bir şeyi tulazlamaq istəyəndə əlini yana yox, dala aparır. Zərif cinsin nümayəndəsi əl-ələ salamlaşanda əlini boş qoyur. Çağırışa cavab əlaməti olaraq qadın adətən başını çevirir. Kişi isə boynunu az döndərə bildiyi üçün bütün bədənini döndərməli olur.
Qadınlar dağdan düşərkən və dağa qalxarkən çəpinə hərəkətə üstünlük verirlər. Elə hallarda kişilər ayaqlarını geniş açırlar. Qadınlar qulaqlarını barmaqları ilə, kişilər isə ovucları ilə tıxayırlar.
Qadınlar əlcəklərini küçəyə çıxmazdan qabaq taxırlar.

Qadınları kişilərdən fərqləndirən bir çox digər xüsusiyyətlər də var. Məsələn, kişinin zəiflik göstərdiyi, qadına vurulduğu hallarda. Eşqə düşmüş kişi başını tez itirir və nə etdiyini bilmir. Qadın isə belə hallarda daha dərrakəli olur. O, nə edəcəyi və necə edəcəyi barədə xeyli düşünüb-daşınır, ağlını axıradək itirmir. Görünür, bu özünümühafizə mexanizmini ona yaradan özü verib.
Kişi onu çulğamış hisslərdən azad olan kimi heç dala baxmadan da çıxıb getməyə üstünlük verir. Bu isə kişinin beyin yarımkürəsinin cismani hisslərdən ağlabatan hərəkətə keçməsi deməkdir. Kişi hansısa bir mühüm məsələnin həlli barədə düşünəndə qadın onun diqqətini yayındırmamalı, hətta özünə qarşı incə hisslər bəslənməsini tələb etməməlidir. Çünki iki işi birdən görmək mümkünsüzdür. Qadınlar isə eyni zamanda həm hisslərini izhar etməyi, həm də hər hansısa bir iş görməyi bacarırlar. Onların təbiətən verilmiş keyfiyyətləridir. Bu keyfiyyət onların uşaq tərbiyəsi zamanı çox kara gələndir. Qadınlar eyni zamanda həm ciddi, həm də mehriban ola bilirlər. Onlar hətta uşağı cəzalandıranda da ana mehribanlığını saxlayırlar. Çağa ağlamağa başlayanda qadın dərhal onun kiriməsi üçün nə etmək lazım olduğunu bilir. Kişi isə uşaq ağlayanda onu qucağına alıb həyəcanla yırğalayır, ya da baş beyinin hissiyyat sferasının təsiri ilə etinasızlıq göstərir və fikirləşir ki, uşaq ağlayıb-ağlayıb, nəhayət ki, sakitləşəcək.
Beləliklə, qadın və kişi digərinin zəiflik göstərdiyi anlarda bir-birinin qarşılıqlı yardımçısına çevrilir və xoşbəxt həyat üçün zəmin yaradır.
Həyat elə qurulub ki, kişisiz, yaxud qadınsız ailə normal ailə hesab edilmir.

Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV
Həmçinin bax:
Kişi və qadınların fərqi
Top