Bronte bacıları

Bronte bacıları

Şarlotta Bronte — Emili Bronte — Enn Bronte
«Kabinetimiz» — deyirdi onlar. Orada hər şeyi acgözlüklə öyrənirdilər: ingilis ədəbiyyatının şedevrlərini, bir-birinin xasiyyətini, hətta ətrafdakı bataqlıqların tutqun təbiətini də. Öyrəndikləri hər şeyi söz kərpicləri ilə gələcəkdə onları məşhurlaşdıracaq şeirlərinin, romanlarının divarlarına hörürdülər.

Evləri üç tərəfdən qəbiristanlıqla əhatə olunmuşdu, son dərəcə kədərli və soyuq görünüşü vardı. Qonaqlardan biri həmin ev haqqında «qaranlıq, kədərli bir evdir, sanki yağışdan rəngi qaralan məzar daşlarından hörüblər» — demişdi. Balaca Şarlotta, Emili və Enn evlərini sevirdilər — bu da sizinçün onların normal ingilis şagirdi olmamaqları ilə bağlı bir işarə.

Ataları irlandiyalı kasıb fermer idi, ömrünün sonlarına yaxın ingilis kilsəsinin keşişi olan Patrik Brunti soyadını dəniz döyüşlərində qəhrəmanlığı ilə ad çıxaran və hersoq titulu daşıyan Brontenin soyadı ilə dəyişdi. Patrik elə hesab edirdi ki, belə daha təmtəraqlı səslənir. Əslinə qalsa qoca bir az ağıldan «o söz» idi… 1821-ci ildə arvadının ölümündən sonra isə daha da qəribə oldu. Daima öz kabinetinə çəkilib qalır, orada işləyir və xütbələr oxuyurdu, altı övladı isə başlı-başına böyüyürdü.

Uşaqlara məktəb təhsili vermək üçün yeganə cəhd faciə ilə nəticələndi. Böyük qızların ikisini də — Mariya ilə Elizabeti — yaxınlıqdakı məktəb-pansiona göndərdi (orada antisanitariya əlindən tərpənmək olmurdu) və az sonra qızlar vərəmə yoluxub öldülər. Dərd əlindən beli bükülən cənab Bronte digər iki qızını — Şarlotta ilə Emilini evə gətirdi. Orada altı il yaşadılar və müstəqil şəkildə oxuyub öyrənməyə davam etdilər, əylənmək üçün müxtəlif oyunlar, söhbət etmək uçun hadisələr fikirləşdilər. Təxəyyüllərinə söz ola bilməzdi. Üç bacı və qardaşları Brenuel iki komandaya ayrılıb fantastik krallıqlar fikirləşirdilər. Emili ilə Enn öz ölkələrinə — Hondap, Şarlotta ilə Brenuel isə — Anqriya adı vermişdi.

On il ərzində öz sehrli torpaqlarında «gəzib-dolaşdılar», kağız və qənd qutularının kartonundan özləri üçün müxtəlif kitablar cildlədilər. Belə oyunlar onlara vaxtı keçirmək və yaradıcılıq qabiliyyətini üzə çıxarmağa kömək etdi, çünki qızlar hansısa bir varlının qapını kəsdirib qəlbini və əlini onlara uzadana qədər özlərinə yaxşı bir sənət tapmaq arzu ilə yaşayırdılar.



Bədbəxtlikdən heç bir varlı ortalığa çıxmadı, bu səbəbdən də bacılar müəllimlik və tərbiyəçiliklə məşğul oldular, özgə uşaqlara baxmağa başladılar. Şarlotta xeyli vaxt Brüsseldə yaşadı və orada evli bir kişiyə aşiq oldu, Emili isə gizlində şeirlər yazdı. Bacılar evlərində şəxsi məktəb açmaq fikrinə düşsələr də, şagirdlər kədərli və bataqlıq Hauorta getməkdən imtina etdilər. 

Bir dəfə hər şeyə burnunu soxan Şarlottanın ağlına belə bir fikir gəldi: bacılar roman yazıb onu çap etdirməyə çalışmalıdırlar. Şarlotta özü ikisini yazdı. Birincisini — «Müəllim»i — bütün nəşriyyatlar geri qaytardı. Amma ikinci cəhdinə — «Cen Eyr» — o biri bacılarının yazdığı — «Tufanlı yoxuşlar» (Emili) və «Aqnes Qrey» (Enn) — romanlar kimi işıq üzü görmək nəsib oldu. Naşir bacılara kitabın üzərində müəllifi heç kəsin tanımadığı qadın adları ilə olan kitabın oxucuda maraq oyatmayacağını bildirəndə, bacılar özlərinə ləqəb götürdülər — Karrer, Ellis və Akton Bell. Tənqidçilərin və oxucuların daha böyük diqqət və marağına səbəb olan kitab «Ceyn Eyr» oldu.

Kədərli də olsa, qeyd etmək lazımdır ki, sən demə bu uğurlu başlanğıc sonun əvvəli imiş. 1848-ci ildə, roman işıq üzü görəndən cəmi bir-neçə ay sonra Brenuel həddən çox spirtli içki içdiyindən öldü. Emili qardaşının xatirəsini əziz tutmaq üçün onun dəfninə ayaqyalın getməkdən — baxmayaraq ki, bayırda tufan idi — ağıllı bir şey fikirləşə bilmədi. O, vərəm xəstəliyinə tutuldu.

Bronte ailəsinə xas qəribəlik ondan da yan keçməmişdi və Emili tibbi yardımdan, yeməkdən və hətta qulluqdan da qəti şəkildə imtina etdi. Aradan üç ay keçməmiş o, zəifləyib əldən düşərək öldü. Ölümündən əvvəl dəhşətli dərəcədə arıqlamışdı. Məzarının eni cəmi qırx santimetr idi və yerli tabutqayıran bu vaxta qədər böyük adam üçün belə dar tabut düzəltməmişdi. Nəticədə Enn də vərəmə yoluxdu. Uzun müddət xəstəliyini gizlətməyə çalışdı, hər şey aşkar olanda isə müalicə olunmaq artıq çox gec idi. Bir neçə aydan sonra o da bacısının ardınca məzara getdi.

Şarlotta tamamilə tək qaldı. O, həyatını bacılarının romanlarının redaktəsinə həsr etdi və vaxtaşırı onları mətbuatda dərc etdirməyə başladı. (Şarlotta Ennin ikinci romanını «Uayldfell-Hollu naməlum qadın» adlandırmışdı və səhvən bacıları ədəbi irsdən də məhrum etmişdi). Həmin ərəfədə o, bir sıra yazarlarla tanış olmaq imkanı əldə etmişdi, hansılar ki, aralarında Elizabet Haskel və Uilyam Meykpis Tekkerey də vardı. Şarlotta evi nadir hallarda tərk edir, qoca və əlil atasına baxırdı.

1854-cü ildə atasının fikrinə zidd olaraq ərə getdi, amma bu nikah uzun çəkmədi. Şarlotta hamilə qaldı və övladını dünyaya gətirməyə macal tapmadan öldü. Ölümünə səbəb kimi yatalaq, vərəm (ailənin əbədi lənəti) və hamiləliyinin qarşısıalınmaz öyümə və qusmaları (hamiləlik dövründə nadir hallarda ağırlaşan səbəb, davamlı və ağır öyümə-qusma ilə müşahidə olunur) göstərilirdi. Yerlilərin uydurduğu əfsanələrə görə Şarlottanın dəfnində bataqlıq tərəfdən hansısa büzüşüb qalan qara fiqur boylanıb baxırmış. Əgər hər şey doğrudan da beləydisə, o zaman bu, qaranlıq və sirli Bronte ailəsinin sonuncu əfsanəsi idi.

Zahir hər şeyi həll eləmir
Emili üç bacının arasında mübaliğəsiz gözəli idi. Boyu 170 santimetr olardı, yəni dövrünün qadını üçün nəzərəçarpacaq dərəcədə uzun hesab olunurdu. Özünün cəzbedici görkəmi və üzünün gözəl cizgiləri ilə hər zaman sirr atmosferində olurdu və kişilər bunda qəribə bir fitnəkarlıq hiss edirdilər. Enn də görünüşcə diqqət çəkirdi.

Di gəl bu məsələdə Şarlottanın bəxti heç gətirməmişdi. Balaca (cəmi 147 santimetr) boyu ilə sərçəyə oxşayırdı, uzağı yaxşı görə bilmədiyi üçün həmişə eynəkdə gəzər və son dərəcə sadə geyinərdi. Hələ bu harasıdır; yadlardan heç kəs ona diqqət ayırmırdı. «Bu axşam xanım Bronteni gördüm. Demək istəyirəm ki, heç olmasa çirkin görünmək üçün o, ən azı indikindən iki dəfə artıq gözəl olmalıdır,» — Şarlotta ilə qarşılaşan cavanlardan biri demişdi. Burada bir şeyi demək yerinə düşər; əgər Şarlottanın zahiri görünüşü ilə bağlı nəsə bir kompleksi vardısa da, o, bunun öhdəsindən öz ədəbi istedadı ilə gəlirdi. Ən doğma əsərini — yöndəmsiz mürəbbiyə Ceyn Eyri özünə həsr etmişdi.

İç dünyaya açılan pəncərə
Üç bacının arasında Emili qəribə xasiyyəti ilə seçilirdi. Saatlarla pəncərə önündə dayanıb fikirləşməyi xoşlayardı. Nə barədə düşünürdü? Güman ki, pərvazları, pəncərə bəndlərini, bu kimi şeyləri… Bir dəfə Şarlotta onu pəncərə qarşısında görəndə, əvvəlcə bacısının bataqlığa baxdığını güman etmişdi. Amma pəncərə bəndlərinin bağlı olduğunu görəndə heyrətdən çaşıb qalmışdı. Bu qəribə, yeniyetmə qız altı saat sərasər adi, ağ pəncərə bəndlərinə baxaraq durubmuş.

İmtinalar kolleksiyası
Şarlotta Bronte nəşriyyat mətbəxinə asanlıqla girməmişdi. Onun ilk romanı — «Müəllim» — naşirlər tərəfindən geri qaytarılmışdı. Hər dəfə əlyazmasını geri aldıqdan sonra onu üstündəki imtina məktubu ilə birlikdə növbəti nəşriyyata göndərirdi. Az sonra roman nəşiryyatların imtina qeydləri ilə zənginləşmişdi və bu, onun üçün heç də yaxşı reklam deyildi.

Qəribə olan odur ki, «Müəllim» yalnız yazıçının ölümündən sonra işıq üzü görə bildi.

Brenuel — Bacıların unudulmuş qardaşı
Bronte ailəsində altı uşaq doğulmuşdu. Onlardan ikisi həddi-buluğa çatmadan öldü. Üçü isə ədəbiyyat ulduzu oldu. Bir də Brenuel vardı. Ailənin dördüncü uşağı və yeganə oğul övladı. Bəlkə də Brenuel o biri uşaqlardan da istedadlı idi. O, üç sahədə böyük qabiliyyət sahibiydi: poeziya, rəssamlıq və pedaqogika (hələ şagirdlərin anaları ilə yaşadığı eşq macəraları da bir yandan, amma belə macəralardan biri böyük problemlə nəticələnmişdi). Brenuelin şeirlərini Semyuel Teylor Kolridc də bəyənirdi, bacılarının təsviri olan portretlər isə son dərəcə canlı olurdu. Gənc Brenuel əməlli-başlı əbədiyyət yolçuluğuna çıxmışdı.

Bədbəxtlikdən bütün zəif cəhətləri ilə bir yerdə alkoqola və tiryəkə — XIX yüzillikdə bu narkotik vasitədən asılılıq bütün digər xəstəliklərdən üstün sayılırdı — olan asılılığı onu məhvə aparırdı. Bir işdən digərinə keçən və alkoqol tutmalarından əziyyət çəkən Brenuel hələ otuz yaşı tamam olmamış gün-gündən uçurumun dibinə yuvarlanırdı. Nəticədə, Bronte ailəsinin kabusu olan vərəmə (XIX əsrin bir çox yazarları kimi) yoluxdu və vərəmlə içkinin şokundan otuz bir yaşında öldü. Deyilənlərə görə sadəcə belə də etmək olar fikrini sübuta yetirmək üçün Brenuel çiynini divar sobasının ətəyinə dayayaraq ölübmüş.



Robinsonlar və gürzə
Bronte Enn üç bacı arasında ən yaxşı mürəbbiyə kimi (həmişə fikirli olan Emili ümumiyyətlə bu işə yaramırdı, ciddi xasiyyətli Şarlotta isə uşaqlara əsl qul münasibəti göstərirdi) ad çıxarmışdı. Onun üstünlüyü ipə-sapa yatmayan uşaqları yola gətirmək idi və bu bacarığı ona xeyli uğur və valideyn sevgisi qazandırmışdı. Valideynlərdən bir cütlük — Edmund və Lidiya Robinsonlar Ennə etibar etdiklərindən ondan oğul övladları üçün mürəbbiyə məsləhət etməyi istəmişdilər.

Enn yanlışlığa yol vermiş, öz yüngülxasiyyət və narkoman qardaşı Brenueli məsləhət bilmişdi. Qardaşı da tezliklə xanım Robinsonla eşqbazlıq etməyə başlamışdı və qadın ondan on yeddi yaş böyük idi. Aralarındakı münasibət iki il yarım davam etmişdi. Bundan xəbər tutan qəzəbli ər təkcə Brenueli deyil, Enni də «bu gürzəni onların ailəsinin içinə soxduğu üçün» qovmuşdu.

Çiləkeş Ceyn
Şarlotta Bronte öz «Ceyn Eyr»ini ləqəblə çap etdirmişdi, amma gerçək adını gizlətmək əsla ürəyincə deyildi. Əlyazmasını naşirlərə göndərərkən qoşma məktubda: "Əgər cənab Karrer Bell ilə əlaqə saxlamaq fikrinə düşsəniz, yaxşı olar ki, xanım Bronteyə yazasınız. Hauort, Bredford, Yorşkir qraflığı. Əgər məktubu başqa ada göndərsəniz o, mənə gəlib çatmayacaq" — yazırdı. Bir də bu yazışmaların xərcini ödəməyə də imkan tapmır, markanı başqa vaxt göndərəcəyinə söz verirdi.

Təəccüblü deyil ki, roman beş dəfə nəşriyyatdan qayıtdıqdan sonra, axır ki, Londondakı «Cmit Elder və Ko» nəşriyyatının diqqətini çəkmişdi. İlkin rəylər o qədər də ürəkaçan deyildi. Tənqidçilər «Karrer Bell»i haradasa qadın hisslərindən uzaq düşən, atalarımızın və babalarımızın hisslərinə qəsd edən biri adlandırırdılar. Yazıçıya ilk dəstək verən nüfuzlu fiqurlardan biri Uilyam Meykpis Tekkerey olmuşdu. Şarlottanın təsirli əfsanəsi onu elə sarsıtmışdı ki, bioqrafların dediyinə görə o, elə öz eşikağasının yanındaca göz yaşlarına hakim ola bilməmişdi.  

Robert Şnakenberq
Tərcümə etdi: Əyyub QİYAS
Top