Ötən həftə incəsənətlə təbliğatı biri-birindən ayırmağın, az qala, mümkün olmadığından danışmış və bunu da qeyd etmişdim ki, “sırf” bədii dəyərləndirmə, zəruri şəkildə, əxlaqi, siyasi və ya dini baxışlarla asılılıqdan doğulan qənaətlərlə qarışmalı olur. Son on ildəki kimi fəlakətli dövrlərdə, bu cür dərin və çox vaxt şüurlu şəkildə dərk edilməyən asılılıqlar, bu və ya başqa formada, konkret şüurlu fəaliyyətə yönəlir.
Tənqidçilər, indi çox vaxt, zahiri tərəfsizlik görüntüsü yaradaraq, daha çox müəyyən konkret mövqe tutmağa yönəlirlər. Ancaq buradan belə bir nəticə çıxarmağa dəyməz ki, guya bədii dəyərləndirmə deyilən bir hadisə ümumiyyətlə mövcud deyil və istənilən incəsənət əsəri, sadəcə və sadəcə, siyasi traktatdır və onu buna uyğun olaraq dəyərləndirmək tələb edilir. Əgər biz bu cür mühakimə yürütsək, onda dalana dirənəcək və incəsənətin çoxlu sayda böyük və aydın faktlarını izah edə bilməyəcəyik. Əyani misal olaraq mən, əxlaqi və qeyri-estetik, daha dəqiq desək, antiestetik tənqidi nümunələrin tarixindən ən böyük bir hadisəyə diqqət yetirməyi təklif edirəm – bu, Tolstoyun Şekspir haqqında məqaləsidir.