Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:
“Müharibədə adam öldürmüşəm, öldürmək üçün duelə adam çağırmışam, kartda uduzmuşam, kəndlilərin qazandığına şərik olmuşam, onları cəzalandırmışam, əxlaqsızlıq eləmişəm, yalan danışmışam. İnsanları aldatmaq, oğurluq, zinanın bütün növləri, sərxoşluq, zorakılıq, qətl… Əlimi bulamadığım elə bir cinayət yoxdur…”[1]
Şübhəsiz ki, belə həyat tərzi bir çoxlarına maraqlı və dolğun görünə bilər, amma incə ruhlu Tolstoy üçün bu, ağır yük idi. O, kəndliləri vurub öldürməkdən, onların dul arvadlarını zorlamaqdan üstün bir şey istəyirdi. Və… axtardığını tapmaqdan ötrü ömrünün yarısını sərf etmişdi.
Tolstoy zəngin və kübar ailədə doğulmuşdu, ailənin Puşkinə birbaşa qohumluğu çatırdı. Pis oxuyurdu, müəllimləri onun haqqında: “Əlindən gəlmir, oxumaq da istəmir” – deyirdilər. Gəncliyinin böyük hissəsi qumar oynamaqla, dəri zöhrəvi xəstəliklərini müalicə etdirməklə keçmiş, sonra özünün ədəbi istedadını hiss etmişdi. Otuz yaşına qədər Tolstoy bir-neçə iri həcmli əsər yazmağa macal tapmış, həm də ciddi gündəlik səviyyəsində olan və tez-tez dəyişib redaktə etdiyi tərcümeyi-halını – tövbəsini yazıb kənara qoya bilmişdi.
Tolstoy qeydlərində özünü ölümlə cəngdə olan bir insan kimi təsvir edir, Sevastopolun qanlı müdafiəsinin veteranı olaraq döyüş meydanındakı vəhşilikləri və qəddarlıqları qələmə alırdı. Ölümdən çox qorxurdu və o barədə fikirləşəndə bəzən durduğu yerdə bədənini soyuq tər basırdı. Ona elə gəlirdi ki, ölüm mələyi sinəsinə çöküb. 1860-cı ildə qardaşı Nikolayın ölümü bir daha ona həyatın faniliyini diqtə etmişdi. Təxminən ömrünün dördüncü onilliyinə çatanda eybəcər, qoca kişi olduğunu və evlənib normal ailəyə sahiblənmək üçün vaxtın keçdiyini dərk etmişdi. Moskvalı həkimin qızı Sofiya Andreyevna Bers 1862-ci ildə ona ərə getməyə razılıq verəndə qraf heyrətini gizlədə bilməmişdi.
Sonra nisbi sakitlik və stabillik dönəmi başlamışdı, nəticədə Tolstoy on üç dəfə ata olmuş, yaradıcılığının zirvəsi olan iki əsəri – “Hərb və sülh ”lə “Anna Karenina” romanlarını yazmışdı.
Bu əsərlər ona böyük şöhrət gətirdi, həyat səviyyəsini qaldırdı, eyni zamanda Tolstoya onun bu vaxta qədər yaşadığı həyatın yanlışlığını sübut etdi. Yazıçı ruhi sarsıntı keçirir, bu sarsıntılar fiziki ağrılarla əvəzləndi. Tolstoy haqqında deyirdilər ki: “Onun polad əzələləri, amma zəif əsəbləri var”. Revmatizmdən əziyyət çəkirdi, bağırsaq pozğunluğu, diş ağrıları, malyariya, ürəktutması, tromboflebit[2] və yatalaq qızdırması ona rahatlıq vermirdi. Həm də bir neçə mikroiflic keçirmişdi.
Yazıçı açıq-aşkar orta yaş həddinin böhran dövrünü yaşayır və bu böhran onun mənəvi transformasiyasına çevrilirdi. Tolstoy birmənalı şəkildə seksdən, içkidən, tütündən, ətdən uzaq durdu və həyatını “xristian anarxizminə” həsr etdi. Provaslav kilsəsini qəbul etmədən (bu səbəbdən provaslav keşişləri arasında kifayət qədər tərəfdar toplaya bilməməyi o qədər də təəccüb doğurmur) İsa Məsihin təlimlərinə uyğun bir həyat yaşamağa başladı. 1901-ci ildə kilsə onun adını lənətlənmişlər sırasına yazdı. Eyni zamanda, keçmiş təhkimçiləri arasında da onu sevməyən çox adam vardı və Tolstoy bunun ciddiliyini anlayaraq onlara yardım etmək məcburiyyətində qaldı. Nəticədə, yazıçının həyat yoldaşı bu alturizm[3] hallarına tab gətirə bilmirdi.
Sonunda Tolstoy xəstəliyinin və bəlalarının kökünü tapdı. “Xəstəliyimin adı – Sonyadır”[4] deyərək, arvadını nəzərdə tutduğunu bildirdi. Lakin o vaxta qədər arvadı onun bu şıltaqlıqlarına dözmüş, çoxlu övlad dünyaya gətirib onlara tərbiyə vermiş, “Hərb və sülh”ü yeddi dəfə üzündən köçürmüşdü. Yeni peyda olmuş “müqəddəs” isə onu öz ideyaları ilə bezdirən əsəbilik mənbəyi kimi qəbul edirdi. Özünü kübar dişi aslan kimi təsəvvür edən Sofiya Andreyevna ərinin qəfildən ruhi-mənəvi təmizlik axtarışına düşməyindən qorxur, bunu “xəstəlik” adlandırırdı. Şəhər kənarındakı mülkə zəvvarlar axışmağa başlamışdı və bu, vəziyyəti yalnız gərginləşdirirdi. Üstəlik, Tostoy bütün mülkiyyət və vərəsəlik hüququndan, kitablarının gəlirindən imtina etmişdi və qadının bundan doğan narahatlığı tamamilə məntiqə uyğun idi. Yazıçı pullarını kisə ilə səpələyəndə qadın qəzəbindən alışıb yanırdı.
Son nöqtəni Tolstoyu əmlakının yarısını ona vəsiyyət etməyə razı salan Çertkov qoydu. Bütün bunlar Sofiya Andreyevnanı boğaza yığdığından, qadın hər şeyi öz nəzarətinə götürdü. Ərinin ardınca qarabaqara gəzir, onu izləyir, teatr binokulu ilə arxasınca baxırdı. Tolstoy ayrılmağı təklif edəndə Sofiya Andreyevna onu intihar edəcəyi ilə hədələdi. Arvadının onun gündəliklərini eşlədiyindən xəbər tutanda, qərara aldı ki, artıq hər şeyi bitirmək zamanıdır. Uzun gecələrin birində arvadına məktub yazaraq qırx səkkiz illik birgə ailə həyatına görə ona minnətdarlığını bildirən yazıçı evi tərk etdi. “Bütün mən yaşda olan qocaların etdiyi hərəkəti edirəm, – səksən iki yaşlı dahi məktubda yazmışdı. – Mənim kimilər həyatın son günlərini sakit və tənha keçirmək üçün fani dünyadan uzaqlaşmağa çalışırlar”.
Təəssüf ki, arzuladığı son günlər onu şaxtalı dəmiryol stansiyasında haqladı, yazıçı ağciyər iltihabından huşunu itirdi. Sayıqlayan, uzun ağ saqqalı sırsıra bağlayan böyük yazıçı stansiya rəisinin iş otağındakı döşəmədə dünyasını dəyişdi. Bu hadisə 1910-cu ilin 20 noyabrında baş verdi.
Xan oğlu
Kim ki, insanlığı dünyanı gözləyən rus bəlasından qorunmağa səsləmiş, yeni Çingiz xanın zühurunu xəbər vermişdi, yanılmırdı. Hər halda Tolstoyun böyük monqol sərkərdəsi ilə birbaşa qan qohumu olmağı haqqında əfsanələr dolaşır.
Seçmədilər
1901-ci ildə, ədəbiyyat üzrə ilk Nobel mükafatı təqdim olunanda Tolstoyun adı əsas iddiaçılar sırasında idi, amma mükafat ona verilmədi. Bu şərəfə qəribə soyadlı fransız şair Sülli Pryüdom layiq görüldü. Heç bir rəsmi izahat vermədilər, amma ola bilər ki, Tolstoyun siyasi baxışları konservativ ovqatlı Nobel komitəsinin maraqları ilə üst-üstə düşmürdü. Komissiya üzvlərindən biri onu “sivilizasiyanın bütün inkişaf formalarına qarşı müxalifətdə olan səthi yazıçı” (bu dumanlı ifadə forması heç nə demirdi) olmaqda ittiham etmişdi. Amma Tolstoy onunla eyni səbəbə görə mükafatdan kənarda qalan Henrik İbsen və Emil Zolya ilə bir sırada yer almışdı.
Tam ifşa
Otuz dörd yaşlı Tolstoy zifaf gecəsində on səkkiz yaşlı xanımını gündəliyindən onun digər qadınlarla (kəndli qadınlarla da) yaşadığı eşq macəraları yazılan yerləri oxumağa məcbur etmişdi. Onun sədaqət və səmimiyyət barədə təsəvvürü belə idi və Sofiya Andreyevnaya görə bu, ifrat səmimiyyət idi. Ertəsi gün qadın gündəliyində yaşadıqlarından ikrah hissi keçirdiyini və “çirkaba düşdüyünü” qeyd etmişdi.
Narkotiklərə “YOX” de!
Tolstoy işini yarımçıq saxlamazdı və bu onun dini baxışlarına aid idi. Ətdən imtina etməklə hisslərini cilovlaya biləcəyini düşünən yazıçı, qatı vegeterian olmuş, ciddi dietə oturmuşdu, gündəlik yeməyi yulaf sıyığı, çörək və tərəvəz şorbası idi. O, tənbəki çəkməkdən və alkoqollu içkilərdən də imtina etmiş, kəndliləri də onun kimi həyat tərzi keçirməyə çağırmışdı. Tolstoy “İnsanlar nədən məst olur?” adlı oçerkində yazırdı ki, “insanı məst edən şeylər onun vicdanına da möhür vurur”. “Kənar təsirlər insanı vicdanın tələblərindən sapdıraraq onu şüur pozğunluğuna aparır, bunu dərk etmək yaşamağa mane olur, yaşamaq üçün səbəb axtaran insanlar beyinlərini zəhərləməyə meyl edir və bununla da vicdanlarını azad etmək fikrinə düşürlər”.
Vavilon dilində danışa bilirsiz?
Qatı pəhriz və vegeterinalıq tərəfdarı olan, xristian anarxizminə meyl edən Tolstoy eyni enerji ilə esperanto – süni dil yaratmaq istəyirdi. O, bu süni dil vasitəsilə dünya əhalisini birləşdirmək, müxtəlif millətlərin nümayəndələrini ünsiyyət problemindən azad etmək arzusunda idi. Onun fikrinə görə esperanto – çox sadə danışıq dili ola bilərdi: “…altı il əvvəl esperanto qrammatikası, lüğəti və məqalələri alarkən 2 saatdan artıq olmayan məşğələlərimdən sonra mən sərbəst yaza bilməsəm də bu dildə çətinlik çəkmədən oxuya bilirdim”.[5] Müqəddəs işlərin heç biri Tolstoy üçün çətin görünmürdü: “…esperantonu öyrənmək və onu yaymaq – yazırdı, – elə xristianlıq təlimidir və Tanrı səltənətinə xidmət edən insanın əsas və yeganə həyat amalıdır”.[6]
Şou davam edir! (Bəs qardaş – yoxdur)
Belə mənəvi ruh adamı olan Tolstoy bəzən qəribə və son dərəcə sərt olurdu. Qardaşı Dmitrini Oryol şəhərindəki mehmanxanada ölüm yatağında qoyub getmiş, xristian dini yolundan çıxdığı, Tanrının qəzəbinə tuş gəldiyi üçün hətta ona son dəfə baxmağa da səy göstərməmişdi. Qardaşının ölümündən Peterburqda xəbər tutan kimi gündəliyində: “Qardaşım Dmitrinin ölümündən bir az əvvəl xəbər tutdum. Sabahdan etibarən günlərimi onlar haqqında ancaq xoş xatirələrə dala bilmək eşqiylə yaşamaq istəyirəm”, – yazmışdı. Atasının bibisi Aleksandra Alekseyevna Tolstaya sonralar xatirələrində belə qeyd etmişdi: “Bir neçə gündən sonra qardaşını orada qoyub teatra getdiyini boynuna aldı”. İpləmə!
BU DA SİZƏ ROMANTİKA: ZİFAF GECƏSİ TOLSTOY ON SƏKKİZ YAŞLI XANIMINI GÜNDƏLİYİNDƏN ONUN AXMAQ EŞQ MACƏRALARINI OXUMAĞA MƏCBUR EDİR.
Üzü divara!
Tolstoyun xətrinə dəydiyi ikinci adam yazıçı İvan Sergeyeviç Turgenyev idi. Onlar uzun müddət yaxın dost olublar, amma sonralar Tolstoyun xarakterindəki qəribə dəyişikliklər üzündən bu iki insanın yolu ayrılıb. Günlərin birində Turgenyev bronxitdən gileylənəndə, amansız Tolstoy bunu “bədgümanlıq” adlandırıb: “Özündən xəstəlik adı tapıb, “bronxit”, – Lev Nikolayeviç 14 aprel 1856-cı ildə kiçik bacısı Mariyaya yazıb – inanıram ki, bu xəstəliyin adı daşürəklikdir”. “Biz, əks qütblərin adamlarıyıq, – Turgenyev 24 aprel 1859-cu ildə V.P.Botkinə ünvanlandığı məktubunda qeyd edirdi. – Əgər şorba içirəmsə və bu şorba xoşuma gəlirsə, demək, Tolstoyun bu şorbadan zəhləsi gedəcəyinə əmin olmalıyam”.
Qəti ayrılıq anı ümumi dostlardan birinin evindəki naharda baş vermişdi. Tolstoy Turgenyevin xaricdə yaşayan kəbindənkənar qızı Polinanın tərbiyə metodlarını tənqid edənə qədər söhbət sakit keçmişdi. Tolstoy inadla deyirmiş ki, əgər Polina Turgenyevin qanuni qızı olsaydı, onda onun təhsilinə daha ciddi yanaşardı. Qəzəblənmiş Turgenyev oturduğu yerdən dik qalxmış, hətta əlini qaldırmış, sonra özünü birtəhər ələ alaraq sekundantlarını[7] göndərəcəyinə söz verib getmişdi.
Dostların təkidi ilə təkbətək görüş baş tutmasa da, iki ədəbiyyat nəhənginin dostluğu tarixə qovuşmuşdu. “Sanki biz müxtəlif əsrlərdə və müxtəlif planetlərdə yaşamağa məhkum olmuşuq”, – 26 dekabr 1861-ci ildə Turgenyev A.A.Fetə yazdığı məktubda belə deyirdi. Qonşu olmaqlarına baxmayaraq, bir müddət belə yaşamışdılar. Tolstoy dinə bağlandıqdan və bir vaxtlar könlünə toxunduğu adamlara (onlar o qədər də az deyildi) barışıq məktubları göndərənədək bu, beləcə davam etmişdi. Turgenyev onun üzrxahlığını qəbul etsə də, aralarındakı dostluq bərpa olunmadan qalmışdı.
Heç nə barədə kitab
“Saynfeld” serialının izləyiciləri, bağışlayın, amma “Hərb və sülh” serialının işçi adı heç də “Hərb: kimə lazımdır bu dəb?” olmayıb (bu sözləri həmin o məşhur komediya serialının baş rol ifaçısı Eleyn Benes 1990-cı ildə rus yazıçısı Yuriy Testikovla görüşərkən deyib ). Serialn ilk adı lap şekspirsayağı imiş: “Axırı yaxşı qurtaran hər şey yaxşıdır”.
Sadiq pərəstişkarlar
Tostoy bütləşə bilən ilk yazıçılardandır. Hətta onun özü-özünü bütləşdirdiyini də söyləmək mümkündür. Ömrünün son illərində yüzlərlə pərəstişkarı heç olmasa onun plaşının ətəyindən yapışa bilmək ümidi ilə axışıb yazıçının malikanəsinə gəlirdi.
Son söz
Tostoy ömrünün sonunadək üsyankar olaraq qaldı. Ölüm ayağında olarkən dostları təkidlə onu provoslav kilsəsi ilə barışığa dəvət etdilər. Tolstoy razılaşmadı. “Lap ölüm səhrası ilə yola çıxsam belə, – guya o, deyib, – iki vur iki heç vaxt altı eləməz”. Yeri gəlmişkən, bu, uydurma-zad deyil. Lakin Tolstoyun ölümqabağı dedikləri bir o qədər dərin olmasa da, daha sirli olub: “…Lev Tostoydan başqa, bütün xalq uçurumdadır, sizsə bircə Levi görürsüz… Kişilər belə ölmür…” Sonra huşunu itirməkdə olan yazıçı pıçıldayaraq: “Mən həqiqət aşiqiyəm…” – deyib.
Robert Şnakenberq
Rus dilindən tərcümə edən: Əyyub QİYAS
[1] Lev Nikolayeviç Tolstoy “Tövbə”
[2]Tromboflebit – damarların qan laxtaları ilə qapanması xəstəliyi
[3] Alturizm – öz mənafeyini unudub başqalarının qeydinə qalmaq, başqalarına təmənnasız yardım etməyə hazır olmaq.
[4] Mənbə təsdiqlənməyib, bəlkə də boş əfsanədir.
[5] L.N.Tolstoyun 27 aprel 1894-cü il məktubu.
[6] Elə həmin məktubdan.
[7] Sekundant – dueldə şahidlik edənlər.