«Dərin olmasam da, — bir dəfə Onore de Balzak demişdi, — kifayət qədər əhatəli adamam». Bu, ikibaşlı fikrin nə səbəbdən və hansı şəraitdə söyləndiyi məlum deyil; yəqin ya öz xarici görünüşünə, ya da zəhmətlə qazandığı ədəbi uğurlarına (ya da elə hər ikisinə) görə belə qətiyyətlə deyib. Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi. O, birmənalı olaraq özünün qarqantüasayağı (Fransua Rablenin «Qarqantüa və Pantaqruel» romanının qarınqulu qəhrəmanına işarədir. tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi ilə məşhur idi.
Dəqiq məlumata görə bir dəfə Paris restoranlarının birində nahar edən ədib bir neçə düjin (bir düjin on iki ədəd deməkdir — tər.) qoyun kotleti, şalğam suyunda bişən ördək, bir-iki balıq, iki qızardılmış kəklik və yüzdən çox dəniz ilbizi aşırıb. Nahar on iki armud və müxtəlif şirniyyatlar, meyvə və içkilərlə başa çatıb. Onun özünü süfrə arxasında aparmağı kənardan çox iyrənc görünürdü. O, birbaşa bıçaqdan yeyir, yemək qalıqları ağzının kənarından ətrafa səpələnirdi. Çoxlarının onu axmaq yerinə qoymağı, dadbilmə qabiliyyətini itirən adam kimi təsəvvür etməyi əsla təəccüb doğurmurdu. Sadə kəndli ailəsində doğulan Onore Balsa soyadını dəyişmiş, ona aristokratlara aid «de» əlavəsi yapışdırmaqla özünü cəmiyyətə zadəgan kimi sırıya bilmişdi.
Müasirləri Balzakın həyat tərziylə dahiliyini səhv salmasınlar deyə, o, özünü dünyanın ən dahi yazıçılarından biri kimi təsdiq etməyə çalışdı və buna nail ola bildi. Qələmindən çıxan çoxcildlik "İnsan komediyası" silsiləsindən olan yazılar Balzakın Napoleondansonrakı cəmiyyətdəki ciddi müşahidələrinin bəhrəsi idi. Amma bu silsiləni yaratmaq onun həyat amalı deyildi. İlk dövrlərdə Balzak özünü faciə müəllifi kimi görürdü. Lakin onun Oliviyer Kromvelə həsr etdiyi pyesdəki qəhrəman ingilis xalqının həyatında iz buraxan gerçək diktator Kromveldən daha sərt alınmışdı. Pyesi oxuyan professorlardan biri yazıçının anasına demişdi ki, oğlu ədəbiyyatdan başqa nə işlə istəsə məşğul ola bilər.
Amma bu ittihamlar Balzakın gözünü qorxutmadı. Özünü kütləvi ədəbiyyatda sınamaq fikrinə düşən yazıçı 1822-ci ildə bir-birinin ardınca beş roman çap etdirdi. Bu kitablar da onun romanlarına seçdiyi təxəllüslər kimi ürəkaçan olmadı. Onlardan biri — «Lord R.Oon» (Lord R.Hoone), sadəcə, Balzakın adının anoqrammasıydı. Bəzən zahid həyatı sürən və gücünü sayı-hesabı bilinməyən boşalmış qəhvə fincanlarıyla qoruyub saxlamağa çalışan yazıçı gününün on beş saatını məktublara sərf edirdi. (Balzakın uzaq durduğu yeganə stimulverici vasitə tütün idi, yazıçı tütünün insan ağlını zəiflətdiyini deyirdi.) Romanlarının mövzusunu müxtəlif görüşlərdə, qəbul və toplantılarda seçirdi — bəzən bircə təsadüfi dialoq növbəti romanı yazmaq üçün bəhanə olurdu.
İyirmi il ərzində Balzak doxsan yeddi roman yazdı və onların ümumi səhifə sayı on bir mindən artıq idi. Onlardan bəziləri pornoqrafik cəhətdən son dərəcə kəskin alınmışdı. Digərləri isə — başdanxarablıq nümunəsi sayılırdı. Götürək elə baş qəhrəmanı xonsa-mələk olan, gənc cütlüyə Norveç fiordlarını (dar və girintili-çıxıntılı körfəz — tərc.) öyrədən «Serafita» romanını. Balzakın şəxsi həyatı qəribə keçsə də, bir o qədər maraqlı olmayıb.
Xarici görkəminin kasadlığına, gigiyena qaydalarından uzaq olmağına baxmayaraq, yüzlərlə qadınla yaxınlıq etməsi, son dərəcə heyrət doğurur. Balzak qazandığı pulların hamısını bir anda havaya verənlərdən olub. O, özünü inandırmışdı ki, hər bir insan aristokratlar kimi yaxşı yaşamalıdır və onun kifayət qədər yaxşı qazancı belə, bəzən buna bəs etmirdi. Bu səbəbdən də Balzak həmişə borca düşürdü. Sonra o, pul içində üzən — axtardığı yar idi, yetirdi pərvərdigar — polyak zadəgan qadınla qarşılaşıb, amma qadın özünü bu dahinin ağuşunda xoşbəxt hiss etsə belə, bir gün Balzakın bədxərcliyi üzündən bütün sərvətini itirəcəyini dərk edib. Qadın yazıçıya onun ölümündən bir neçə ay əvvəl ona ərə gedib, hansı ki, həmin vaxt yazıçının səhhəti onu muma döndərmiş, halsız etmişdi.
Toy səyahətindən sonra Parisdəki evinə qayıdan Balzak, dönərkən uzun illər ərzində ona xidmət edən, qulluğunda duran xidmətçisinin dəli olduğunu görür. Bu, «yaxşı əlamət deyil!» — yazıçı çığıraraq deyir. O, yanılmamışdı. Bir neçə ay sonra onun illər ötdükcə zəifləyən ürəyi dayandı. Ömrünün son illərində Balzak yaratdığı dünyada yaşadı. «Byanşonu çağırın gəlsin… ancaq o, məni xilas edə bilər», — deyən, yazıçı son nəfəsində "İnsan komediyası«ndakı həkim qəhrəmanı xatırlayır.
Qəhvə manyakı
Balzakın qeyri-adi yazıçılıq uğurlarına təkan verən nə idi? Eynən bizim milyonlarla həmvətənimizin gündəlik istifadə etdiyi üsul, yatıb yuxudan durandan sonra işləmək üçün güc yığmaq, gümrah olmaq — sınaqdan çıxan qəhvə. Düzdür, Balzakın bu içkiyə olan sevgisi ifrat hal almışdı; o, gün ərzində azı əlli fincan qara, tünd türk qəhvəsi içirdi. O dövrdə kütləvi qəhvəxanalar və qəhvə şəbəkələri olmadığından, bu qədər qəhvə tapmaq asan məsələ deyildi. Qəhvə dəmləməyə vaxtı olmayanda isə yazıçı bir ovuc dənəvər qəhvəni üyüdüb ağzına atırdı.
»Qəhvə mənim həyatımda önəmli rol oynayır, — Balzak etiraf edirdi. — Onun mənim fəaliyyətimə birbaşa epik təsiri var". Kənar təsirləri də istisna etmək olmaz. Həddən artıq qəhvə içmək yazıçının mədəsində kəskin ağrılara səbəb oldu, təzyiqini yüksəltdi və son nəticədə gətirib ürək genişlənməsinə çıxartdı. Həddən artıq kofein qəbul etmək yazıçının axırına çıxdı, Balzak dünyasını dəyişəndə əlli iki yaşı tamam olmamışdı.
Gözümü verərəm
Balzakın sevimli içkisi təkcə qəhvə deyildi, o, çayın da dadını yaxşı bilirdi. Yaxşı çay çeşidlərindən birini ona rus konsulu bağışlamışdı, konsula isə çayı Çin imperatoru özü hədiyyə etmişdi. Bahalı, ekzotik çay yarpaqları imperatorun şəxsi nəzarəti ilə toplanmış, karvanla Rusiyaya gətirilmişdi. Çində həmin çayla bağlı əfsanələr dolaşırdı. Deyirdilər ki, onun dadına baxan adamın gözü kor olur. Təəccüblü deyil ki, Balzak ən sevimli dostlarını bu bahalı içkiyə qonaq edirdi. Onun köhnə dostu Loran-Janın qismətinə bir neçə dəfə həmin çayın dadına baxmaq düşmüşdü və adam hər dəfəsində: «Yenə gözlərimlə risk edirəm, amma — lənət şeytana! — Bu çay ona layiqdir!»
Buna görə qəbul etmirdilər
Balzakın qarın dostlarından biri deyirdi ki, dahi ilə dəlini nazik tül pərdə ayırır. Böyük alman alimi və təbiətşünası Aleksandr fon Humboldt bir dəfə psixiatr dostundan xahiş etmişdi ki, onu əsl başdanxarabla görüşdürsün. Bu xahişdən sonra psixiatr evindəki nahara bir-neçə pasienti ilə yanaşı, Humboltla Balzakı da dəvət edir. Humboltla ilk dəfə qarşılaşan Balzak adi davranışı ilə o qədər də diqqət çəkmir, yemək zamanı isə ağzındakıları çeynəyə-çeynəyə laqeyd və qarışıq fikirlərlə durmadan gəvələyir. Süfrə arxasındakı söhbət başa çatandan sonra Humbolt dostuna tərəf əyilərək, belə bir nadir nüsxəylə görüşdürdüyü üçün ona minnətdarlıq edir. Psixiatr yalnız bu vaxt kartı açır və süfrə arxasındakı gerçək başdanxarabları ona göstərəndən sonra: «Sizin diqqətlə baxdığınız adam isə Onore de Balzakdır!» — deyir.
Nəşəxor
Bir dəfə şair Şarl Bodlerin təşkil etdiyi məclisdə Balzak nəşə çəkmək fikrinə düşür, hər şey qayda-qanunla, tanış həkim-psixiatrın nəzarəti altında olur. Hadisə XVII əsrin ən dəbdəbəli məkanlarından birində, pəncərələri birbaşa Senaya açılan malikanədə baş verir. Amma ətrafdakı mənzərəyə münasibət nəticə etibarilə ürəkaçan olmur. Balzak gözlədiyi kimi narkotikanın təsirindən «uçaraq, göyə qalxa» bilmir və onun effektindən narazı qalır. Yazıçı heyrətə gəlir: nəşə onun ağlını başından çıxarmır.
Ac dahi
Balzak özünü zadəgan kimi qələmə verməyə çalışsa da, aclığın nə olduğunu yaxşı bilirdi. Ömrünün kasıb çağlarını öz soyuq və mebelsiz miskin daxmasında keçirmişdi. Amma bu, dahi yazıçının iradəsini qıra bilmədi və o, evin interyerini öz təxəyyülü hesabına dəyişdi. Sadəcə, fırçanı götürüb, boş divarlarda evində görmək istədiyi əşyaların adlarını yazmaqla məsələni yoluna qoydu. Divarlardan birində yazmışdı: «Qırmızı ağacdan üzü cilalanmış kamod». Digərində: «Divar xalçası ilə Venetsiya güzgüsü». Soyuq, odunsuz sobanın üstündə isə «Rafaelin çəkdiyi mənzərə»… yazılmışdı.
Balzakın miskin sığınacağı Parisin ən axmaq rayonlarından birindəydi. Onun kimi tələbləri olan adam üçün bu sığınacaq son dərəcə dəhşətli və yarıtmaz idi. Balzak o qədər kasıb idi ki, çox vaxt naharı bir quru bulkanı suda isladıb yeməklə keçirirdi. Yazıçının acınacaqlı həyatını görən Paris kitab ticarətçilərindən biri onun yeni romanını almaqdan imtina etmişdi.
Gecə vaxtı evinə girən oğrunun onun yazı masasının kilidini qırmağı ilə bağlı əhvalat da çox məşhurdur. Yuxudan oyanan Balzak oğruya belə demişdi: «Gecənin qaranlığında masa üstə pul axtarmağa dəyməz, çünki o masanın qanuni sahibi heç gün işığında da onu tapa bilmir!»
Bahalı substansiya
Məlum mayeləri orqanizmdə qorumaq...Balzak dostlarına etiraf edirdi ki, sevişərkən işi aparıb heç vaxt toxum artırmağa qədər çıxarmır, çünki yaradıcılıq enerjisini itirməkdən ehtiyat edir. «Bütün həngamələr, sevgi oyunları, həzz almaq, təbii ki, yaxşı şeydir, — sonralar dostlarından biri Balzakın dediklərini bu şəkildə yaymışdı, — amma məsələni toxum artırmağa qədər uzatmaq lazım deyil». Balzak kişi toxumlarını beynin yaratdığı cövhər hesab edir, onun cinsi yolla ifrazını mümkün yaradıcı enerjinin itirilməsi adlandırırdı.
Bir dəfə Balzak çoxsaylı məşuqələrinin biriylə sevişib qurtaran kimi uca səslə demişdi: «Bu gün səhər roman yazmaqdan məhrum oldum!»
Robert ŞNAKENBERQ
Tərcümə etdi: Əyyub QİYAS
"Ədəbiyyat" qəzeti