Görkəmli amerikan yazıçısı Mark Tven 1835-ci ildə ABŞ-ın Missouri əyalətinin Florida bölgəsində doğulmuşdu. Əsl adı Semuel Lenqhorn Klemens olan Mark Tven bir müddət dənizçi işləməmiş, öz təxəllüsünü dənizçilərin tez-tez işlətdiyi “mark tven!- ikini işarə et” ifadəsindən götürmüşdü.
Mark Tven dörd yaşında ikən ailəsi Mississippi Çayı sahilindəki Hannibal şəhərinə köçməli olur. Dörd tərəfi çayla əhatə olunan bu qəsəbə yazıçının yaradıcılığında mühüm rol oynamış, yaratdığı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənmişdi. Belə ki, onun ən məşhur əsərləri olan “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” povestlərində təsvir olunan hadisələr məhs bu qəsəbədə cərəyan edir.
O, yaradıcılığa çox erkən yaşlarından başlamışdı. İlk zamanlar yumoristik məktublar yazaraq onları qəzetlərdə çap etdirir. Sonralar bir çox məqalə və hekayələr yazır. 1963-1964-cü illərdə məşhur “Morninq xoll” və “Yunion” jurnallarında reportyor işləyir.
Yerli bir qəzetin sifarişi ilə Aralıq dənizində gəmi səyahətinə çıxan yazıçı bu dövrdə qələmə aldığı yazılarını cəmləşdirib kitab halında nəşr etdirir.
1876-ci ildə “Tom Soyerin macəraları” povestini bitirən yazıçını bir sual narahat edirdi: Bu əsər kimin üçün, -böyüklər, yoxsa uşaqlar üçündür? Yazıçı bu suala özü belə cavab verir: “Bu əsər həm uşaqlar, həm də böyüklər üçündür”. Yazıçının fikrincə, bütün yaşdan olan oxucular burada öz istədiklərini tapa bilərlər.
M.Tven öz əsərlərini yazarkən, F.Rablenin “Qarqantua və Pantaqruel”, M.Servantesin “Don Kixot”, C.Sviftin “Qulliverin səyahəti” və D.Defonun “Robinzon Kruzo” romanlarının ümumi səciyyəsini, bədii üslubunu örnək kimi götürmüşdü. Belə ki, bütün bu əsərlər eyni zamanda həm yaşlı, həm də gənc oxucular tərəfindən maraqla qarşılanır.
1896-ci ildə 23 yaşındakı qızını, daha sonra həyat yoldaşını itirən Mark Tven ciddi ruhi sarsıntı keçirir. Daha sonra 29 yaşındakı kiçik qızının ölümü həyatın Mark Tvenə vurduğu son zərbə olur. Böyük yazıçı üç il əvvəl yazmağa başladığı bioqrafiyasını tamamlamağa macal tapmadan 1910-cu ildə ürək çatışmazlığından dünyasını dəyişir.
Mark Tvenin ölümündən 100 ildən çox vaxt keçsə də, əsərləri öz təravətini qoruyub saxlayır, oxunur və sevilir. Onun “Tom Soyerin macəraları” (1876) “Şahzadə və dilənçi” (1882), “Missisipidə keçən həyat” (1883), “Heklberri Finnin sərgüzəştləri” (1884), “Qoruyucu mələyə məktub” (1887), “Fərsiz Vilson” adlı əsərləri bütün dövrlər üçün aktualdır və bu gün oxucuların sevimli kitabları sırasında yer alır.
azertag.az