Qiraət və ədəbiyyata mədhiyyə
Mən oxumağı beş yaşında öyrənmişəm. Müəllimim Boliviyanın Koçabamba şəhərindəki de Lasal məktəbində çalışan Yustinian qardaş olub. Bu, həyatımda baş verən ən mühüm hadisədi. İndi, az qala, yetmiş beş il sonra kitab səhifələrindəki sözlərin vaxt və zaman çərçivələrini qırıb mənim həyatımı zənginləşdirərək obrazlara çevrildiyi həmin möcüzəni əla xatırlayıram. Kapitan Nemo ilə birlikdə su altında iyirmi min lyö üzmüşəm, hiyləgər Rişelyenin zamanında kraliçaya qarşı pis niyyəti olan fitnəkarlara qarşı Dartanyan, Atos, Patos və Aramislə çiyin-çiyinə vuruşmuşam, Jan Valjana çevrilib, kürəyimdə Mariusun cansız bədəni, Paris katakombalarını dolaşmışam… Qiraət xəyalları həyata, həyatı xəyallara çevirdi: bütöv bir ədəbiyyat dünyasına əl uzatsam çatardı. Anam danışırdı ki, ilk «qələm təcrübələrim» oxuduğum kitabların davamıydı, çünki qəhrəmanlardan ayrılmaq istəmirdim, ya da əsərin sonluğu xoşuma gəlmirdi. Demə, özüm də hiss etmədən ömürboyu bununla məşğul olmuşam: uşaqlığımı fərəh və macəralarla dolduran əhvalatların davamını yazmışam.
Amado Nervo və Pablo Nerudanın şeirlərindən gözləri yaşaran anamın, şeirlərimi tərifləyən yekəburun, keçəl babam Pedronun, o vaxtlar, o məkanda ədəbiyyatla dolanmaq mümkün olmasa da, məni canı-dildən yazıçılığa həvəsləndirən Luço dayımın bu gün burada olmasını çox istəyərdim. Ömrümboyu yanımda belə insanlar — məni sevən, məni ruhlandıran, tərəddüt elədiyim anlarda öz inamıyla mənə qüvvət verən insanlar olub. Onların və əlbəttə, öz inadkarlığım, bir az da bəxtimin gətirməyi sayəsində, demək olar, bütün vaxtımı yazıçılıq ehtiraslarına, yazıçılıq möcüzələrinə, mümkünsüzü mümkün, göz qabağındakını əlçatmaz eləyən, xaosu aradan qaldıran, eybəcəri gözəlləşdirən, dəqiqəni əbədiyyata qədər uzadan, ölümün özünə belə qalib gələn paralel həyatları yaratmağa həsr etmişəm.
Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani olmadığını, Malro isə qəhrəmanlıq və eposun «Odissey» və «İliada»nın arqonavtlarının dövründəki kimi mümkün olduğunu öyrədib.
Əgər bu çıxışımda az-çox borclu olduğum bütün yazıçıların adını çəkməli olsam onların kölgəsi bizi zülmətə qərq edərdi. Onların sayı-hesabı yoxdu. Onlar mənimlə təkcə yazıçılıq sirlərini bölüşməyiblər, həm də insanın daxili dünyasını bütün incəliklərinə kimi təhlil etməyə həvəsləndiriblər, onun igidliklərinə heyran olmağı, qəddarlığından dəhşətə gəlməyi öyrədiblər. Onlar mənim ən yaxşı dostum olublar, ən pis vəziyyətlərdən də həmişə çıxış yolu olduğunu onların kitablarından öyrənmişəm, yaşamağa isə, heç olmasa, bircə ona görə dəyər ki, yaşamasaq oxumağı və əhvalatlar uydurmağı bacarmazdıq.
Hərdən fikirləşirdim: oxucuların o qədər də çox olmadığı, insanların kasıb və savadsız olduğu, ədalətsizliyin baş alıb getdiyi bir ölkədə yazıçılıqla məşğul olmağa dəyərmi. Ancaq bu şübhələr heç vaxt mənim istəyimə üstün gəlmədi: hətta vaxtımın çoxunu çörək pulu qazanmağa sərf etdiyim vaxtlarda da yazmağa davam etdim. Fikirləşirəm ki, düz hərəkət eləmişəm: axı ədəbiyyatın çiçəklənməsi üçün cəmiyyətin əvvəlcə yüksək mədəni səviyyəyə, azadlığa, rifaha və ədalətə qovuşması lazım olsaydı, onda heç ədəbiyyat yaranmazdı. Ancaq ədəbiyyatın, onun oyatdığı düşüncələrin, məqsəd və arzuların sayəsində; xəyallar səltənətinə səyahətdən gerçək həyata qayıdanda hiss etdiyimiz ümidsizlik sayəsində sivilizasiya bu gün nağılçıların həyatı öz uydurmalarıyla insaniləşdirməyə yenicə başladıqları vaxtlardakı kimi amansız deyil. Oxuduğumuz yaxşı kitablarsız biz indikindən pis, daha üzüyola, daha soyuqqanlı olardıq, inkişafın hərəkətverici qüvvəsi — tənqid ruhu isə heç olmazdı. Yazıçılıq kimi qiraət də həyatın natamamlığına etirazdı. Həyatda əldə eləyə bilmədiklərimizi xəyallarımızda axtaranda, gerçək həyatın bizi qane etmədiyini, həyatın daha yaxşı ola biləcəyini hiss eləyirik. Onda yaşamaq istədiyimiz başqa-başqa həyatları necəsə dadmaq üçün xəyalımıza güc veririk. Xəyallarsız azadlığın əhəmiyyətini, tiran, ideologiya, ya din həyatı ayaqlar altında tapdalayanda onun necə cəhənnəmə çevrildiyini elə də hiss eləməzdik. Ədəbiyyatın bizi yalnız gözəllik və xoşbəxtlik barədə düşüncələrin qoynuna atmadığını, həm də hər cür zülm və təzyiqlərdən xəbərdar etdiyinə inanmayanlar qoy özlərindən soruşsunlar: insanları beşikdən məzara kimi nəzarətdə saxlamağa çalışan bütün rejimlər onlardan niyə bu qədər qorxurlar ki, amansız senzura tətbiq edirlər və müstəqil yazıçıların hər hərəkətinə göz qoyurlar? Onlar bunu ona görə eləyirlər ki, təxəyyülün kitab səhifələrində sərbəst dolaşmasına imkan verməyin necə təhlükəli olduğunu dərk eləyirlər, oxucu kitablarda ifadə olunan azadlığı cəhalət və qorxuyla müqayisə eləyib, bu azadlığı gerçək həyatdan da umanda «uydurmanın» qiyama çevriləcəyini başa düşürlər. Özündən müxtəlif əhvalatlar quraşdıran yazıçı — bunu istəyib istəməsə də, anlayıb anlamasa da — narazılıq yayır: axı o, dünyanın mükəmməl olmadığını, xəyallardan doğulan həyatın isə gündəlik həyatımızdan daha zəngin olduğunu göstərir. Əgər bu fakt insanların şüurunda kök atırsa, onlarla manipulyasiya etmək çətinləşir, barmaqlıq arxasında yaşamağın daha yaxşı olduğuna inandırmağa çalışan müstəntiqlərin yalanları daha onların beyninə batmır.
Yaxşı ədəbiyyat xalqlar arasında körpü salır, bizi sevindirir, kədərləndirir, ya heyrətləndirir, dil, etiqad, adət və din müxtəlifliyinə baxmayaraq bizi birləşdirir. Nəhəng ağ balina kapitan Axavanı özüylə suyun dibinə aparanda, Tokio, Lima, ya Timbuktuda yaşamasından asılı olmayaraq oxucuların ürəyini eyni qorxu sarır. Emma Bovari mışyak içəndə, Anna Karenina qatarın altına atılanda, Jülyen Sorel eşafota qalxanda, Borxesin «Cənub» əsərindəki Xuan Dalmann meyxanadan quldurun əlində bıçaq onu gözlədiyi küçəyə çıxanda, biz başa düşəndə ki, Komalanın (Pedro Paramonun kəndi) bütün sakinləri ölüb, Buddaya, Konfutsiya, İsa Məsihə, ya Allaha inanmasından asılı olmayaraq, ya özünü aqnostik hesab etsə də, pencəklə qalstuk, burnus, kimano, ya ponço geyinsə də — oxucu eyni cür sarsılır.
Hər dövrün öz dəhşətləri var. Bizim dövr öldürməklə cənnətə düşəcəyinə, günahsızların qanının tayfaya vurulan ləkəni yumasına, ədalətsizliyin aradan qaldırılmasına inanan fanatiklər və terrorçular dövrüdü. Hər gün bütün dünyada saysız-hesabsız adam özünü haqq-ədalət tərafdarı bilənlərin qurbanı olur. Totalitar imperiyalar yıxılanda fikirləşdik ki, indi həyatımızda harmoniya, sülh, plüralizm, insan haqları bərqərar olacaq, holokost, genosid, qırğınlar keçmişdə qaldı. Ancaq bu baş vermədi. Fanatiklərin ilham verdiyi vəhşiliyin yeni formaları get-gedə artdı, kütləvi qırğın silahlarının yayılması isə bizi qorxudur ki, günlərin bir günü bir ovuc ağlını itirmiş nüvə kataklizmi törədə bilər. Biz onların planlarını pozmalıyıq, onlarla mübarizə etməliyik, onlara qalib gəlməliyik. Onlar azdılar, ancaq onların cinayətlərinin əks-sədası bütün planetə yayılır, həmin cinayətlərin vahiməsi bizi dəhşətə gətirir. Tarix boyu əldə etdiyimiz azadlığı əlimizdən almaq istəyənlərin bizi qorxutmasına imkan verməməliyik. Biz liberal demokratiyanı qorumalıyıq: bütün qüsurlarına baxmayaraq o hələ də siyasi plüralizmi, dözümlüyü, insan haqlarını, tənqidə hörmətlə yanaşmağı, qanuniliyi, azad seçkiləri, hakimiyyəti dinc yolla dəyişə bilmə imkanını özündə əxz eləyir. Bütün bunlar bizi vəhşilərdən fərqləndirir, ədəbiyyatda vəsf edilən, hələ bizə qismət olmayan, vur-tut uydurduğumuz, haqqında kitablardan oxuduğumuz ideal, gözəl həyata yaxınlaşdırır. Qatil fanatiklərə müqavimət göstərməklə biz öz arzularımızı, arzuların gerçək olmasını müdafiyə eləyirik.
Bizim nəsildən olan bir çox yazıçılar kimi gəncliyimdə mən də marksist idim və sosializmin o vaxt mənim vətənimdə, Latın Amerikasında, bütün üçüncü dünya dövlətlərində get-gedə artan istismarı, sosial ədalətsizliyi aradan qaldıracağına inanırdım. Kollektivçilikdən üz döndərib liberala, demokrata çevrilmək üçün uzun, keşməkeşli yol keçdim. Bu, bəzi hadisələrin nəticəsində tədricən baş verdi — əvvəlcə ruh yüksəkliyilə qarşıladığım Kuba inqilabi hökumətinin sovet modelinin kopiyasına çevrilməsinin; həbs düşərgələrinin tikanlı məftilləri arxasından qaçmağı bacaran dissidentlərin danışdıqlarının; Varşava müqaviləsi ölkələrinin Çexoslovagiyaya soxulmasının; Raymon Aron, Jan-Fransua Revel, İsayya Berlin və Karl Popper kimi mütəfəkkirlərin təsiriylə demokratik mədəniyyətə və açıq cəmiyyətə öz münasibətimi dəyişdim. Sadəlövhlük, ya prinsipsizlik nəticəsində qərb ziyalılarının sovet sosializminin, ya ondan beş betar, Çin mədəni inqilabının qanlı cazibəsinə düşdüyü vaxtlarda bu ustadlar uzaqgörənlik və cəsarət nümunəsi göstərdilər.
Uşaqlıqdan Parisə getməyi arzulayırdım, çünki fransız ədəbiyyatına heyran olduğumdan əminiydim ki, orada yaşasam, Balzak, Stendal, Bodler və Prustun udduğu havayla nəfəs almağım əsl yazıçı olmağıma kömək eləyər, Peruda isə qalsam «ikici dərəcəli ədəbiyyatçı olacağam». Doğrudan da, aldığım əvəzsiz dərslərə görə Fransaya və Fransız ədəbiyyatına, mədəniyyatına borcluyam: misal üçün — ədəbiyyat təkcə ilham deyil, eyni dərəcədə intizam, zəhmət və inadkarlıqdı. Mən orada yaşayanda Sartr, Kamyu hələ sağıydılar, İonesko, Bekket, Batay və Sioranın, Brextin dramaturgiyasının, İnqmar Berqmanın filmlərinin, Jan Viların xalq teatrının və Jan-Lui Barronun «Odeon»unun, «yeni dalğa» və «yeni roman»ın, Andre Malronun parlaq çıxışlarının və o zamankı Avropanın ən möhtəşəm hadisəsi — «ildırımsaçan» general de Qolun mətbuat konfransları və çıxışlarının olduğu dövrüydü.
Ancaq mənə Latın Amerikasını tanıtdığına görə Fransaya daha çox minnətdaram. Orada başa düşdüm ki, Peru — tarixiylə, coğrafıyasıyla, eyni sosial-siyasi problemləri, həyat tərzi və onun danışdığı, yazdığı gözəl diliylə nəhəng birliyin bir hissəsidi. Bu birlik həmin illərdə yeni, güclü bir ədəbiyyat yaradırdı. Fransada mən Borxes, Oktavio Pas, Kortasar, Qarsia Markes, Fuentes, Kabrera İnfante, Rulfo, Onetti, Karpentyer, Edvards, Donoso və bir çox başqalarını oxudum. Onların əsərləri ispandilli ədəbiyyatı yeniləşdirmişdi və onların sayəsində Avropa və dünyanın başqa yerlərində bildilər ki, Latın Amerikası təkcə çevrilişlər, oyuncaq diktatorlar, saqqallı partizanlar, marakaslar, mambo, ça-ça-ça demək deyil, həm də ümumbəşəri dildə danışan ideyalar, bədii forma və obrazlardı.
O vaxtlardan bu günə qədər Latın Amerikası yıxıla-dura uzun bir yol keçib, ancaq Sezar Valexonun bir şeirində deyildiyi kimi: «qardaşlar, hələ qarşıda çox işlər durur». Bizdə diktatura rejimləri xeyli azalıb, Boliviya, Nikaraqua kimi yalançı demokratik sistemləri saymasaq, diktatura Kuba və özünü onun varisi hesab edən Venesuelada qalıb. Ancaq qitənin başqa ölkələrində demokratiya bərqərar olur, xalq tərəfindən bəyənilir, tariximiz boyu ilk dəfədi Braziliya, Çili, Uruqvay, Peru, Kolumbiya, Dominikan Respublikası, Meksika və demək olar, bütün Mərkəzi Amerikada sağlar da, sollar da qanunun, fikir azadlığının, seçkili sistemin, hakimiyyətin qanuni yolla dəyişdirilməsinin tərəfdarıdı. Bu düzgün yoldu və əgər Latın Amerikası bu yoldan dönməsə, rüşvət xəstəliyilə mübarizə eləsə, xarici dünyaya inteqrasiya eləsə, nəhayət, «gələcəyin qitəsindən» indinin qitəsinə çevriləcək.
Mən Avropada, bir yana qalanda, heç harada özümü yad hiss eləməmişəm. Yaşadığım hər yerdə — Parisdə, Londonda, Barselonada, Madriddə, Berlində, Vaşiqtonda, Nyu-Yorkda, Braziliyada, Dominikan Respublikasında — özümü evdəki kimi hiss eləmişəm. Rahatca yaşamaq, işləmək, yeni nəsə öyrənmək, xəyallara dalmaq üçün həmişə özümə bir «yuva» qurmuşam, dostlar, kitablar, süjetlər tapmışam. Düşünmürəm ki, özüm də istəmədən «dünya vətəndaşına» çevrilməyim necəsə «köklərimi», vətənimlə əlaqəni zəiflədib, çünki Peru təəssüratları yenə də məni bir yazıçı kimi qidalandırır və hətta hadisələr Perudan uzaqlarda cərəyan etsə də həmişə kitablarımda üzə çıxır. Fikrimcə, uzun illər doğulduğum yerdən uzaqda yaşamağım, əksinə, bu əlaqəni möhkəmləndirib, onu daha aydın görməyimə, əsası ikinci dərəcəlidən ayırmağa, tez-tez xatırələrə dalmağa imkan verir. Vətəni özünü borclu bildiyin üçün sevmirsən: bu, sevgililəri, valideynlə övladı, dostları bir-birinə bağlayan sevgi kimi öz-özünə ürəyin istəyilə yaranır.
Peru həmişə ürəyimdədi, çünki orada doğulmuşam, böyümüşəm, mənim şəxsiyyətimi formalaşdıran uşaqlıq və gənclik təcrübəmi orada keçirmişəm, orada sevmişəm, nifrət etmişəm, sevinmişəm, əzab çəkmişəm, xəyallara dalmışam. Orada baş verənlər başqa yerdə olanlardan məni daha çox həyəcanlandırır, təsir eləyir. Bu mənim istəyimdən asılı deyil — bu, sadəcə, belədi. Bəzi həmvətənlilərim məni satqınlıqda günahlandırıblar, sonuncu diktatura dövründə demekratik ölkələri rejimə qarşı dimlomatik və iqtisadi sanksiya tətbiq etməyə çağırdığıma görə məni, az qala, vətəndaşlıqdan məhrum etmişdilər. Ancaq mən hər növ diktatorlara — Pinoçetə, Kastroya, Əfqanistandakı taliblərə, İrandakı imamlara, CAR-dakı irqçiliyə, indi Myanma adlanan Birmadakı poqonlu müstəbidlərə qarşı da eyni çağırışları etmişəm. Əgər mənim ölkəmdəki kövrək demokratiyanı məhv edən yeni çevriliş baş versə — yəqin perulular buna imkan verməz — mən sabah yenə o cür hərəkət eləyərəm. Hər şeyi öz arşınlarıyla ölçən bəzi çızma-qaraçıların güman etdiyi kimi bu heç də incik adamın tələsik, emosional hərəkəti deyildi. Mən qəti əminiydim ki, diktatura istənilən ölkə üçün bəladı, qəddarlığın və korrupsiyanın mənbəyidi, onun açdığı dərin yaralar uzun müddət sağalmır, millətin gələcəyini zəhərləyir, demokratiyanın dirçəlməsini qabağını alır. Ona görə diktatura rejimlərinə qarşı, iqtisadi sanksiyalar da daxil olmaqla, bütün vasitələrlə mübarizə aparılmalıdır. Kədərli haldı ki, demokratik ölkələrin hökumətləri başqalarına nümunə olsun deyə öz ölkələrindəki diktaturaya qarşı cəsarətlə mübarizə aparan Kubadakı «Ağ paltarlı xanım» təşkilatıyla, Venesuela müxalifətiylə, Ayn San Su Çji, ya Lyu Syaobo ilə çiyin-çiyinə durmaq əvəzinə, çox vaxt onlara zülm edənlərə yarınırlar. Bu qorxmaz adamlar həm də bizim azadlığımız üçün mübarizə aparırlar. Mənim yerlim Xose Mariya Arqedas Perunu «bütün qanların qarışdığı» ölkə adlandırıb. Çox düzgün ifadə olunub. Biz məhz beləyik, istəyib-istəməsə də, hər bir perulunun içində dörd əsas hissənin: ənənə, irq, etiqad və mədəniyyətin cəmi yaşayır. Mən qürurla özümü lələklərdən parça, bürüncək toxuyan Naska və Parakasın, dünyanın ən yaxşı muzeylərində saxlanan saxsı qablar düzəldən, Maçu-Pikçu, Çimu, Çan-Çan, Kuelap, Sipan, El-Bruxo, El-Mol və La-Lunadakı məqbərələri tikən İspaniyadan əvvəlki mədəniyyətin daşıyıcıları olan moçika və inqlərin; Peruya atla, yəhərlə, qılıncla Yunanıstanı, Romanı, yəhudi-xristian ənənələrini, İntibahı, Servantesi, Kavedonu, Qonqoru və Andda yumşalan Kastiliyanın səlis dilini gətirən ispanların varisi hiss eləyirəm. İspaniya ilə bir yerdə bizə öz gücü, musiqisi, coşqun təxəyyülü ilə Perunu daha da zənginləşdirən Afrika da gəldi. Nə qədər dərinə getsək başa düşəcəyik ki, Peru Borxesin «Alef»i kimi miniatürdə əks olunan bütöv bir dünyadı. Ölkə üçün çox böyük şərəfdi — bənzərin olmaya, çünki bütün bənzərsizliklər onda qaynayıb qarışıb!
Əlbəttə, Amerikanın işğalı — istənilən işğal kimi — qan bahasına başa gəlib və şübhəsiz, bu qəddarlıq lənətlənməlidi. Ancaq biz çox vaxt bir şeyi yaddan çıxardırıq: bu soyğunçuluqlarda, cinayətlərdə təqsiri olan insanlar bizim öz ulu babalarımız, Amerikaya üzüb gələn və Amerika həyat tərzini qəbul edən ispanlardı, öz vətənlərində qalan ispanlar deyil. Tənqidin ədalətli olması üçün oz nöqsanlarını da deməlisən. Axı iki yüz il əvvəl biz İspaniyadan ayrılıb müstəqil olanda, keçmiş müstəmləkələrdə hakimiyyətə gələnlər hinduları azad etmədilər, əvvəlki ədalətsizliyi aradan qaldırmadılar, onları yadelli işğalçılar kimi acgözlüklə, qəddarlıqla istismar etməkdə davam elədilər, bəzi ölkələrdə isə yerli əhalini, demək olar, tamamilə qırdılar. Sözün düzünü deyək: iki yüz il ərzində hinduları azad etmək bizim, yalnız bizim vəzifəmiz idi və biz bunu yerinə yetirmədik. Bu məsələ hələ də bütün Latin Amerikasında həll olunmayıb — bizim hamımız üçün çox-çox ayıbdı.
İspaniyanı Perudan az sevmirəm və minnətdarlığım kimi ona borcum da böyükdü. Əgər İspaniya olmasaydı, mən heç vaxt bu kürsüdə dayanmazdım, heç vaxt tanınmış yazıçı olmazdım və taleyi üzünə gülməyən, mükafat almayan, kitabları çap olunmayan, oxunmayan və istedadlarını — zəif təsəllidi! — gələcək nəsillərin bəlkə nə vaxtsa özləri üçün kəşf eləyəcəkləri bəxti məndən az gətirən bir çox yazıçı həmkarım kimi kölgədə qalardım. Mənim kitablarımın hamısı İspaniyada çap olunub, qismən orada layiq olmadığım şöhrətə çatmışam, Karlos Barral, Karmen Balsels və başqa dostlarım isə yazdıqlarımın oxuculara çatmasının qayğısına qalıblar. Bundan başqa, vətəndaşlığımı itirmək təhlükəsi olanda, İspaniya mənə vətəndaşlıq verib. İspaniya pasportu gəzdirə-gəzdirə perulu olduğum heç vaxt mənə qeyri-adi gəlməyib, çünki təkcə mənə olan münasibətə görə yox, həm də tarix, dil, mədəniyyət kimi başlıca məsələlərə görə İspaniya və Peruya həmişə bir medalın iki üzü kimi baxmışam.
70-ci illərin əvvəllərində ürəkdən sevdiyim Barselonada yaşadığım beş il daha çox yadımda qalıb. Franko diktaturası hələ hakimiyyətdə idi, hələ adamlara atəş açırdılar, ancaq artıq cır-cındır içindəki mumiyaya dönmüşdü, əvvəlki kimi cəmiyyətə, xüsusən də mədəniyyət sahəsinə daha nəzarət eləyə bilmirdi. Onun ucaltdığı divarlarda senzorların yamaya bilmədiyi yarıqlar əmələ gəlmişdi və bu deşiklərdən ispan cəmiyyətinə əvvəllər hakimiyyət əleyhinə fəaliyyət sayılan yeni ideyalar, kitablar, fəlsəfi cərəyanlar, bədii dəyərlər ötürülürdü. Bu liberallaşmadan Barselona qədər heç bir şəhər daha çox istifadə eləmədi və onun qədər yaradıcılıq inkişafı keçirmədi. Barselona İspaniyanın mədəni paytaxtı oldu: havada duyulan azadlığı hiss eləmək üçün məhz orada olmaq lazımıydı. O həm də necəsə latın Amerikasının mədəni paytaxtı oldu: latın amerikalı rəssamların, yazıçıların, naşirlərin, artistlərin çoxu ya Barselonaya köçmüşdülər, ya da tez-tez oraya gəlirdilər: əgər yazıçı, şair, rəsam, ya bəstəkar olmaq istəsəydinizsə gərək həmin vaxtlarda məhz orada yaşayaydınız. Mənim üçün həmin illər yoldaşlıq, dostluq, yeni süjetlər, səmərəli iş illəri oldu. Paris kimi Barselona da həyatın və işin adama ruh verdiyi kosmopolit, ümumbəşəri şəhər idi. Vətəndaş müharibəsindən sonra ilk dəfəydi eyni ənənəyə mənsub olduqlarını anlayan ispan və latın amerikalı yazıçıların qardaşlığı yaranmışdı. Hamımız əminiydik ki, diktaturanın sonu yaxınlaşır və demokratik İspaniada mədəniyyət əsas rol oynayacaq.
Gözləntilərimizin hamısı özünü doğrultmasa da, İspaniyanın diktaturadan demokratiyaya keçidi bizim dövrdə sağlam düşüncənin və ağlın qələbə çaldığına nümunə ola bilər; siyasi rəqiblər ümumi işin xeyrinə qarşıdurmanı bir kənara qoyanda, gözəl də nəticə əldə olunur. İspaniyanın avtoritarizmdən azadlığa, gerilikdən tərəqqiyə, üçüncü dünya dövlətlərinə xas olan iqtisadi təzadlardan və bərabərsizlikdən «orta sinif cəmiyyətinə» keçidi, onun Avropaya inteqrasiyası, demokratik mədəniyyəti tez mənimsəməsi dünyanı heyrətə gətridi və ölkənin yeniləşməsini surətləndirdi. Bunları yaxından, bəzən isə içəridən izləmək mənim üçün çox həyəcanlı və ibrətamiz idi. Mən inanıram ki, millətçilik — çağdaş dünyamızın, elə İspaniyanın da sağalmaz xəstəliyi — bu gözəl nağılı məhv eləməz.
Mən millətçiliyin hər bir formasına nifrət edirəm. Millətçilik intellektual imkanları azaldır, etnik və irqi ayrıseçkiliyə yol açır. Dinlə yanaşı millətçilik iki dünya müharibəsi, ya Yaxın Şərqdə hələ də davam edən qırğınlar kimi tarixdə ən qanlı savaşlara səbəb olub. Hər şeydən çox məhz millətçilik Latın Amerikasının «balkanlaşmasına» imkan yaratdı, mənasız vuruşmalarda qanlar tökülməsinə, çox böyük vəsaitlərin məktəblər, kitabxanalar, xəstəxanalar tikmək əvəzinə silah almağa xərclənməsinə səbəb oldu.
Ancaq «yadları» qəbul etməyən, zorakılıq toxumları səpən millətçiliyi vətənpərvərliklə — doğulduğumuz, əcdadlarımızın yaşadığı, ilk arzularımızın yarandığı, sonralar xatirəyə dönüb bizi tənhalıqdan qoruyan əhvalatların izlərini saxlayan doğma torpağa sevgiylə qarışıq salmaq olmaz. Ata yurdu — bayraqlar, himn və qəhrəmanlar haqqında alovlu çıxışlar deyil, bizim xatirələrimizdə yaşayan bir əlçim yer, bir ovuc insanlardı ki, harda oluruqsa olaq onların, oranın xiffətini çəkirik, bilirik ki, haçansa üz tutmağa bir evimiz var.
Peru məndən ötrü doğulduğum, ancaq heç vaxt yaşamadığım, anamın, babamın, nənəmin, xalalarımın ağrılı xatirələrindən tanıdığım Arekipa şəhəridi, axı mənim nəslim Ağ şəhəri sərgərdan həyatlarında həmişə özlərilə gəzdiriblər. Peru məndən ötrü səhranın ortasında meskit ağacları bitən, mənim gəncliyimdə əzabkeş eşşəklərini əzizləyərək kədərlə «ikinci ayaq» adlandıran Pyura şəhəridi, mən orada bildim ki, uşaqları leyləklər gətirmir, kilsənin günah saydığı işdən, kişiylə qadının pis əməlindən törəyir. Peru məndən ötrü San-Migel məktəbi, qısa pyesimi səhnəsində gördüyüm «Varyete» teatrı, tumanı şalvarla əvəzlədiyim, ilk siqareti çəkdiyim, rəqs eləməyi öyrəndiyim, sevib qızlara öz ürəyimi açdığım Limanın Miraflores rayonunda «xoşbəxt məhəllə» adlandırdığımız Dieqo Ferro və Kolumb küçəsinin tinidi. Peru məndən ötrü on altı yaşımda ilk dəfə işə girdiyim, ədəbiyyatla yanaşı ömürlük peşəm olan jurnalistlik fəaliyyətinə başladığım, enerjisi aşıb-daşan La Xronika qəzetinin tozlu redaksiyası oldu və kitablarla birgə mənalı yaşamağıma, dünyanı yaxşı tanımağıma, bütün ölkələrdən olan hər cürə insanla görüşməyimə imkan verdi. Peru məndən ötrü Leonsio Prado adına Hərbi Akedemiyadı, orada başa düşdüm ki, Peru indiyə qədər təhlükəsizlikdə yaşadığım orta dərəcəli «qala» deyil, hər yandan sosial tufanların sarsıtdığı, bərabərsizliyin hökm sürdüyü qədim nəhəng ölkədi. Peru məndən ötrü bir ovuc tələbənin «Kaxide» təşkilatının özəyində dünya inqilabı eləməyə hazırlaşdığımız San-Markos universitetidi. Peru məndən ötrü həm də terror və siyasi qətllər içində üç il demokratiyanı müdafiə etdiyimiz Azadlıq hərəkatındakı dostlarımdı. Peru məndən ötrü qırx beş il əvvəl evlənmək xoşbəxtliyi nəsib olduğu ipə-sapa yatmayan fündüqburun kuzinam Patrisiyadı; o hələ də mənim əsəblərimi qıcıqlandırmaqla yazmağıma kömək eləyir. Onsuz mənim həyatım çoxdan puç olub gedərdi, ömrümüzü uzadan və bizə sevinc bəxş edən Alvaro, Qonsalo, Morqano və altı nəvəmiz dünyaya gəlməzdi. O hər şeyi bacarır və hər şeyi yaxşı bacarır. O, problemləri həll eləyir, evə baxır, səliqə-səhman yaradır, jurnalistlərə və zəhlətökən adamlara çox da üz vermir, mənim vaxtıma qənaət eləyir, görüş və səfərlər barədə qərarlar qəbul edir, çamadanlarımı yığıb açır, o qədər alicənabdı ki, hətta danlağını da komplimentə çevirir: «Mario, sən ancaq yazmağı bacarırsan!»
Daha ədəbiyyata qayıdaq. Uşaqlıqdakı cənnət mənim üçün kitabdan oxuduğum əfsanə deyil, məktəbli dostlarımla Tarzanın və Salqarinin qəhrəmanlarının oyunlarını çıxartdığımız Koçabambadakı üç eyvanlı böyük evimiz və bu hərarətli torpağın ulduzlu gecələrini sirlə dolduran səssiz kölgələrin — çardağında yarasaların yuva qurduğu Pyura prefekturasındakı evimizdi. Həmin illər yazmaq oyun idi, ailəmin heyran olduğu, mənə — nəvəyə, qardaş oğluna, atasız yetimə alqışlar bəxş eləyən gözəl məşğuliyyət idi. Atam dünyasını dəyişmişdi. O, hərbi-dəniz formasında hündür gözəl kişiydi. Onun şəkli gecə stolumun üstündəydi: yatmazdan əvvəl mən həmin şəklə baxıb dua eləyirdim, sonra şəkli öpürdüm. Bir səhər Pyurada anam bu cənabın əslində sağ olduğunu etiraf elədi. Deyəsən, bu xəbərdən mən hələ də özümə gəlməmişəm. Həmin gün onunla bir yerdə yaşamaq üçün biz Limaya yola düşməliydik. Mənim on bir yaşım var idi və o andan hər şey dəyişdi. Mən bakirəliyimi itirdim, tənhalığı, gücü, qorxunu hiss elədim. Mənim xilasım kitablarda, yaxşı kitablarda idi, mən həyatın gözəl, dolğun, sərgüzəştlərin bir-birini əvəz elədiyi, azad, xoşbəxt olduğum aləmdə gizlənirdim. Mən həm də gizlincə yazırdım, sanki nəsə pis bir iş tuturdum. Ədəbiyyat mənim üçün daha oyun deyildi. O, həyatımın mənasına, etiraza, qiyama, vəziyyətdən çıxış yoluna çevrilmişdi. O vaxtdan indiyə qədər hər dəfə qəm-qüssə məni basanda, ümidsizləşəndə yazı masamın arxasına keçmişəm və o mənə ümid verib, gəmi qəzasına düşənlərin sahilə üzüb çıxa bildiyi taxta parçasına çevrilib.
Bu çox zəhmət tələb eləyən iş olsa da, bütün yazıçılar kimi hərdən xəyallarının tükəndiyini duysan da, yaşanmış ömrün yaddaşımdakı obrazlarından səbrlə hekayət quraşdırmaqdan savayı həyatda heç nədən bu qədər ləzzət almamışam. «Yazıçılıq — həyat tərzidi», — Flober deyib. Bəli, məhz həyat tərzidi, xəyallarla, sevinclə, qığılcımları başınıza ələnən odla, ram etməyə çalışdığınız sözlərin axtarışıyla dolu həyat; o həyat ki, doğulan fikrin, böyüdükcə başqa əhvalatları udmaq istəyən hər əhvalatın sönmək bilməyən iştahını doyurmaq üçün sanki bir ovçu kimi yola çıxırsan. Romanı fikrində gəzdirəndə hələ vur-tut başgicəllənməsi hiss eləyirsən, sonra o nəsə bir forma alır və öz həyatını yaşamağa başlayır, — personajlar artıq hərəkət eləyir, fikirləşir, hiss eləyir, özünə qarşı hörmət və diqqət tələb eləyir, siz daha onları nəyəsə məcbur eləyə, ya öldürmədən öz istəklərindən məhrum eləyə bilməzsiniz — bu duyğular ilk dəfə olduğundakı kimi bu gün də məni ovsunlayır. Bu duyğular o qədər dolğun, o qədər heyrətamizdi ki, sanki sevdiyin qadınla günlərlə, həftələrlə, aylarla sevgiylə məşğul olursan.
Ədəbiyyatdan danışanda mən romana daha çox, onun əsas formalarından biri olan dramaturgiyaya isə daha az yer ayırdım. Bu isə, əlbəttə, ədalətsizlikdi. Gənc yaşlarımda Limanın Sequra teatrında Artur Millerin «Kommivoyajerin ölümü»nü görəndən dram mənim ilk məhəbbətimdi. Tamaşa məni o qədər həyəcanlandırmışdı ki, dərhal inqlər haqqında pyes yazmağa girişdim. Əgər 50-ci illərdə Limada teatr mühiti olsaydı mən romançı yox, dramaturq olardım. Buna baxmayaraq, teatra sevgim sönmədi: romanların kölgəsinə sığınıb, hər dəfə hansısa tamaşa məni məftun eləyəndə, həsrətlə özünü xatırladırdı. Ömrünün son illərində real həyatla bütün əlaqələrini üzüb, xəyallarında və xatirələrində sığınacaq tapan yüz yaşlı ata nənəm Mamaenin xatirəsi 70-ci illərin axırlarında onun tarixçəsini yazmağıma təkan verdi. Dərhal da hiss elədim ki, bunu teatr üçün yazmalıyam, bir-birini əvəz edən xəyalları bütün parlaqlığıyla təkcə səhnədə vermək mümkündü. Mən bu pyesi çəkinə-çəkinə, həyəcanla yazdım və onu Norma Alendro ilə baş rolda səhnədə görəndə o qədər ləzzət aldım ki, həmin vaxtdan roman və hekayələr arasında bir neçə dəfə bu janra qayıtdım. Onu da əlavə eləmək lazımdı ki, yetmiş yaşında aktyor sifətində səhnəyə qalxacağımı (əlbəttə, ayaqlarım əsə-əsə) heç vaxt ağlıma gətirməzdim. Bu avantüra ömürboyu əhvalatlar uyduran yazıçıya, bir neçə saat ərzində uydurma personajı təcəssüm etdirmək, tamaşaçılar qarşısında uydurma həyatı yaşamaq möcüzəsini qismət elədi. Bu fantastik təəssüratı onlarla bölüşməyə məni razı saldıqları üçün (son dərəcə qorxduğuma baxmayaraq) dostlarıma — rejissor Xuan Olle və aktrisa Aytane Sançes-Qixona — çox minnətdaram.
Ədəbiyyat həyatın yanlış təsviridir, buna baxmayaraq, həyatı yaxşı anlamağımıza, doğulduğumuz, gəzib dolaşdığımız, öldüyümüz labirintdən baş çıxarmağımıza kömək eləyir. Gerçək həyatın bizə qismət etdiyi uğursuzluğun, məyusluğun əvəzini verir, şifrələrdən ibarət olan varlığımızı müəyyən qədər anlaya bilirik.
Bizim əcdadlarımızın hələ heyvandan az fərqləndikləri vaxt — axı bir-birləriylə ünsiyyət saxlamağa imkan verən dil yenicə yaranmışdı — göy gurultusu, ildırım və vəhşi heyvanların nəriltisinin qorxuyla doldurduğu gecələrdə mağaralarda əhvalatlar uydurub danışmaqlarını həmişə heyranlıqla fikirləşmişəm. Bu bizim taleyimizdə həlledici məqam idi, çünki dövrə vurub oturmuş bu ibtidai insanların ovsunlu səsindən, xəyallarından sivilizasiya başlayıb — bizi tədricən adama çevirən, şəxsiyyət kimi yetişdirən, sonra fərdi tayfadan ayıran, elmi, incəsənəti, qanunları yaradan, təbiəti, insanı, kosmosu bütün dərinliklərinə qədər tədqiq etməyə, ulduzlara uçmağa həvəsləndirən uzun yolun əsası qoyulub. Müəmmalardan və təhlükələrdən qorxan oxucular qarşısında yeni musiqi kimi ilk dəfə səslənən bu nağıllar, miflər, əfsanələr həmişə ayıq-sayıq olan, dərd-sərləri yalnız yeməkdən, təbiət hadisələrindən qorunmaqdan ibarət olan bu insanların ürəyinə yəqin sərin su kimi çilənib. Nağıl söyləyənlərlə birlikdə arzulamağa və arzularını bölüşməyə başlayandan onlar, sadəcə, yaşamaq barədə düşünmürdülər, insanı kütləşdirən qayğılar burulğanından artıq çıxmışdılar. Arzulamaq, zövq almaq, xəyallara dalmaq, hansısa çərçivələrdən çıxmağa çalışmaq onların həyatını dəyişdi, onların həyatı təsəvvürlərindəki həyatın və marağın oyatdığı istəklərin təmin edilməsi, onları əhatə eləyən sirlərə vaqif olmaq üçün mübarizəyə çevrildi.
Nağılları danışmaqdan savayı yazmaq da mümkün olanda yazının meydana çıxması bu davamlı prosessi zənginləşdirdi və ədəbiyyat yarandı, deməli, həmin hekayətlər əbədilik qazandı. Ona görə yeni nəsl dərk eləyənə qədər təkrar eləmək lazımdır: ədəbiyyat əyləncədən, tənqidi ovqatı oyadan zehni məşğələdən daha üstündür. Ədəbiyyat sivilizasiyanın özünün mövcud olması üçün hökmən vacibdir, o, insanın yaxşı xüsusiyyətlərini qoruyub saxlayır. Ona görə vacibdir ki, biz yenə siailizasiyadan təcrid olunmayaq və həyat, cisimlərin daxilinə nüfuz etməyi bacaran, ancaq cisimləri əhatə eləyən, onlardan əvvəlki və sonrakı mühiti diqqətdən kənarda qoyan mütəxəssislərin proqmatizmiylə məhdudlaşmasın. Xidmətimizdə duracaq maşınlar icad eləyən bizlər sonradan bu maşınların quluna və qulluqçusuna çevrilməyək. Ona görə vacibdir ki, ədəbiyyatsız həyat arzusuz, məqsədsiz bir həyat olardı, bizim arzularımızın insanlarından, özünü başqalarının yerinə qoymağı bacaran insanlardan məhrum olan robotlardan ibarət bir dünyaya çevrilərdi.
Mağaradan göydələnlərə, dəyənəkdən kütləvi qırğın silahlarına, tayfa həyatının yeknəsəkliyindən qloballaşma əsrinə qədər xəyalların məhsulu olan ədəbiyyat insan təcrübəsini artıraraq faliyyətsizliyə, özümüzə qapılmağa imkan verməyib. Gerçək həyatda qismətimiz olmayan böyük ehtirasların, inanılmaz sərgüzəştlərin ədəbiyyat sayəsində qəhrəmanına çevrildiyimiz «yalançı həyat» qədər heç nə bizim istək və xəyallarımızı qanadlandıra bilməyib. Ədəbiyyat yalandı, ancaq nəyəsə can atan, xəyalları sayəsində adi gerçəkliyə həmişə şübhəylə yanaşan biz oxucular onu həqiqət kimi qəbul eləyirik. Ədəbiyyat — istədiyimizi əldə etməyə, olmadığımız kimi olmağa, özümüzü eyni zamanda həm ölümlü, həm ölümsüz olan bütpərəstlərin allahları kimi hiss etməyə, bütün qəhrəmanlıqların əsasında duran üsyankar ruhu aşılayan, insanlar arasındakı zorakılığı azaltmağa imkan verən sehrbazdır. Azaldan, tamamilə aradan qaldıran yox, çünki xoşbəxtlikdən tarix həmişə davam eləyir. Ona görə arzulamağa, oxumağa, yazmağa davam etməliyik, çünki həyatımızı yüngülləşdirməyin, vaxta qalib gəlməyin, mümkün olmayanı bacarmağın ən təsirli yollarından biri budur.
Stokholm, 7 dekabr 2010-cu il.
Tərcümə: Saday Budaqlı