1898-ci ilin sentyabrında “Qağayı” və “Çar Fyodor İvanoviç”in tamaşasında Anton Çexovu ən çox cəlb edən İrina rolunu ifa edən aktrisaydı. Yazıçı bütün diqqətini həmin aktrisaya yönəltmişdi.
İlk qarşılaşma
İrinanı oynayan aktrisanın böyük bir sənətkar olduğunu dostuna bildirən Çexov məktubunda belə yazırdı: “Mənə görə, İrina möhtəşəmdi. Səsi, mülayimliyi digərlərindən əsaslı dərəcədə fərqlənirdi. Əgər Moskvada qalsaydım yəqin İrinanı sevərdim”.
Çexov sevir...
İrina rolunu aktrisa Olqa Leonardovna Knipper ifa edirdi. Bu qadın hələ təzə-təzə aktirsalığa meyl etmişdi. Çexov sözsüz qadına vurulmuşdu. O, öz sevgisini məktubla ifadə etmişdi. Həmişə başqa qadınlara deməyə əsirgədiyi sözləri ağ kazğıza yazmışdı.
Qadının cavabı gecikmir: “Sizdən məktub alanda çox təəccübləndim, hətta sevincimdən qəhqəhə çəkdim. Mən düşünürdüm ki, yazıçı Çexov aktrisa Knipperi çoxdan unudub. Deməli, siz də məni yada saldınız. Çox sağ olun!”
Çexov təzədən içindəkiləri kağıza boşaldır: “Bəli, siz haqlısınız, yazıçı Çexov aktrisa Knipperi unutmayıb. Yəqin, sizinlə Yaltaya getmək çox gözəl olardı.”
Çexovun Knipperlə Yaltada görüşməyi çox asan başa gələ bilərdi. Çünki münasibətdə olduğu Liki adlı qadın vəba xəstəliyinə tutulmuşdu. Bu dəfə yazıçının Knipperlə görüşünə mane olacaq heç nə yox idi. Onlar Yaltanı gəzdikdən sonra birlikdə Moskvaya qayıtdılar…
Həsrət
Daha sonra bu görüş məktublarda öz əksini tapacaqdı. Qadın yazırdı: “Mən sizi daim xatırlayıram”. Çexov da eyniylə qadını, keçirdikləri xoş günü yada saldığını məktublarında qeyd edirdi. Daha sonra Çexov Yaltaya qayıdır. Sevdiyi qadın Moskvada, qarlı bir şəhərdə qalmalı olur. Çexov qadın üçün darıxdığını məktublarında bildirir: “İndi Yaltada soyuqdu. Bu mənə Moskvanı xatırladır. Kaş indi Moskvada olardım, mənim əziz aktrisam!”
Anlaşılmaz sevgi
Mayda Çexov Moskvaya gəlir. İyul ayında isə Knipper yazıçıyla yenidən Yaltaya yollanır. Çexov burda anası və bacısıyla birgə qalırdı. Yazıçıyla aktrisanın sonrakı məktublaşmalarından aydın olur ki, onların münasibətləri dəyişir, başqalaşır. Bu olanlar isə Çexovun yaxınlarına aydın deyildi. Onlar birlikdə yaşanmayan bu münasibətə ad qoya bilmirdilər. Çünki artıq Knipper Sevastopola getmişdi. Çexov isə Yaltada tək başına ona məktublar yazmaqla məşğul idi.
Məktublaşma
Məktublarda daha çox ən gözəl yerlərdə yaşamaq xəyalı qurulur, pyeslər haqqında, oynanılan tamaşalar barəsində fikir mübadiləsi yürüdülür, eləcə də bir-birini dəlicəsinə sevən iki aşiqin etirafları yer alırdı. Məsələn Çexov yazırdı: “Keçən dəfə Alekseev yanıma gəldi. Onunla pyes haqqında danışdıq. Dedim ki, sentyabra qədər bitirsin. Görürsən də, mən necə ağıllıyam” və yaxud: “Yaltada oturmuşam, darıxıram. Mənə elə gəlir indi sən qapını döyəcək, sonra açıb içəri girəcəksən. Ancaq bilirəm ki, sən bu saat gələ bilməzsən, çünki repetisiyadasan, öyrənirsən. Məndən və Yaltadan uzaqdasan”.
Olqa isə hisslərini bu cür ifadə edirdi: “İndi ürəyim sözlə dolub. Əlbəttə, ağlayıram. Axı mən qısa bir zaman kəsimində sizin evdə yaşadım. Mən indi bunu təsəvvür edə bilmərəm. Ancaq yalnız bu haqda düşünürəm. Yalnız sənin haqqında düşündüm. Dedim, bax indi, bu saat şəhərə gəlib, bu saat arabadan düşəcək...” ya da: “Yazıram və pəncərədən soyuq havaya baxıram. Düşünürəm ki, gələn yayı şimalda keçirək. Nə deyirsən? Ancaq hələ heç nə mümkün deyil. Bizə sadəcə arzulamaq qalır...” Qadın daim keçmişi xatırlayır və gələcəyinin Çexovda olacağını düşünür: “Məni pilləkəndən ötürdüyün yadındadır? Onda tutacaq necə xaincəsinə cırıldamışdı… Mən bunu dəhşətli dərəcədə sevirəm. İndi isə uzun zaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və yalnız sənin haqqında və gələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi? Biz səninlə çox az danışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz anlaşılmazıdır? Ah mənim gələcəyimin insanı!”
“Məni mərhmətsizliklə suçlayırsan. Səni sevən mən necə bunu edə bilərəm? Mənim qəlbim həmişə mərhəmətlə və sənin sevginlə çırpınıb. Sən bunun üçün izah gözləyir, ciddi-ciddi söhbətlə, üz cizgiləri ilə bunu tələb edirsən. Ancaq mən sənə demək lazım olduğunu bilmirəm və sənə min dəfə demişəm ki, səni sevirəm, başqa heç nə… İndi bizim bir yerdə olmağımızın günahı sən yox, şeytandı, məni özünə şəkən şeytan, səni isə özünə çəkən incəsənətdir.” – Çexov Knipperin məktubuna belə cavab vermişdi.
Münasibətin gərginləşməsi
“Sən artıq bilirsən, biz bir yerdə tanış insanlar kimi yaşaya bilmərik. Mən gəlmişdim sənin yanına. Artıq bu gizlənmələrdən bezmişəm. İnan mənə, bu mənə çox ağırdır. Hələ sənin ananın üzündəki iztirabı görmək daha dəhşətlidir. Mən axı iki od arasında qalmışam. Denən mənə, de ki, bir yerdə xoşbəxtcəsinə yaşayacağıq...” – Knipper dayanmadan öz əzablı sevgisini qələmə alırdı. Bu məktub onların birgə yaşamağının qərarı deyildi. Knipper bunu istəyirdi, ancaq tale buna imkan vermirdi. Lakin bu yazılanlar Çexova təsir eləmişdi. Yazıçı məhz bu istəklə, Knipperlə nikah qurmaq üçün Moskvaya gəlib oradan Volqaya getməyi düşünürdü… Onlar kilsə nikahıyla sevgilərini əbədiləşdirmişdilər.
Uzaq evlilik...
“Bütün günü özümü pis hiss elədim. Mənə elə gəldi, bu bağırsaq pozğunluğudur. Ancaq sonra anladım ki, hamiləyəm.” Knipper bu qədər acı taleyə, ayrılıq, hicran dolu sevgiyə görə gileylənmir, əksinə Çexovun sevgisiylə həyatı bütün çılpaqlığıyla görürdü. Artıq o, Çexovdan bir parça daşıyırdı…
“Canım! Sən niyə mənim yanımda, Yaltada deyil, Moskvadasan? Əgər sən Yaltada bütün qışı mənimlə bir yerdə olsan o zaman sənə asan olar, yüngül olar. Mən bir aktrisayla evlənəndə düşünmüşdüm ki, biz bir yerdə Moskvada qalacağıq. Ancaq sən elə bilmə ki, mən yanımda olmadığın üçün inciyirəm. Əksinə, hər şeyin yaxşılığa doğru getdiyini anlayıram...” – Çexov sevdiyi qadınının yaşadığını məktub vasitəsi ilə öyrənirdi.
“Mən düşüncəsiz, heç bir səbəbsiz səninlə əlaqə qurdum. Əgər səhnədəyəmsə gərək ki, heç kimə mane olmayam”. – Knipperin cavabı gecikmirdi… “Özünü günahkar sayma. Mənimlə birgə qışı keçirmədiyin üçün günhakar deyilsən. Əksinə, biz çox mehriban ər-arvadıq. Bir-birimizin işinə mane olmadığımız üçün yaxşı cütlük sayılarıq. Sən teatrı sevmirsənmi? Əgər sevməsəydin, başqa məsələ” – Çexov hər şeydən razı olduğunu Knipperin nəzərinə çatdırır.
Knipper isə öz növbəsində teatrdakı çıxışlarından, tamaşaçıların rəylərindən ağız dolusu bəhs edirdi. Son pyesin isə izləyicilər tərəfindən yaxşı qarşılanmadığını deyən qadın bunu baş vermiş bədbəxt bir hadisə kimi yazıçıya nəql edirdi.
Çexovun “Albalı bağı” səhnələşdilərkən yazıçı arvadına belə yazmışdı: “Bircə bunu demək lazımdı: mənim pyesimi Stanislavski məhv elədi”. Teatr yenidən uğursuzluğa düçar olmuşdu. Çexov pyesinin səhnləşdirmədə uğurlu alınmadığından sonra Knipperə belə bir məktub göndərir: “Yaltadan gedirəm. Heç də təəccüblənmə. Burda çox darıxdırıcıdır. Yaz gəlmir bura və sağlam ruhum yoxdur...” İsti havadan xoşu gəlməyən yazıçı 1904-cü ilin bürkülü iyul ayında vəfat etdi. Onun ölümündən sonra dünya bir az balacalaşdı. Və Çexov həyat haqqında öz düşüncəsini belə yekunlaşdırdı: həyat həyatdı, qalanı anlaşılmazdı…