Uğurlu yazarların 14 vərdişi

Uğurlu yazarların 14 vərdişi

Amerikalı Dram yazarlarının konfransından yenicə qayıtdım və fikirlərim «soyumadan” bu yazını qələmə alıram. 
 
Əvvəlcə qeyd edim ki, bu, bədii nəsrin, əslində, bütün janrlarında yazan müəlliflərin qatıldığı bir konfrans idi. Bu qəbildən tədbirlərdə mümkün olduqca çox iştirak etməyə can atıram. Künc-bucaqda qalan istedadlardan parlaq işıqlar altında fərəhlə gəzənlərinə kimi hər sinifdən yazarla həmsöhbət olmaq imkanı əldə edirəm. Əksər hallarda çıxış, tanıtım imkanlarından şikayətçi olanların kitablarını tanıtmaq sırası gələndə „təkərlərinin boşaldığı”nın şahidiyəm. Fərasət isə tanıdığım bütün uğurlu yazıçıları birləşdirən bəlkə də, ən nəzərəçarpan cəhətdir. 
 
Hər yazar özünəxas kitab marketinqi üsulları ilə bir-birindən fərqlənsə də, janrından asılı olmayaraq, təqdimat edən bütün uğurlu yazarların özünəinam və işlək strategiyaları birləşdirən “hazır top”-u var. Xüsusilə də, yenicə yazarsınızsa, bu məsləhətlərə qulaq versəniz, yaxşıdır. Ola bilər ki, hazırda bu yazıda sadalanacaq 14 vərdişdən bəzilərinə və ya heç birinə sahib deyilsiniz. Amma əminliklə deyə bilərəm ki, uzun illərdir müşahidə etdiyim bütün uğurlu yazıçıları birləşdirən bu vərdişləri mənimsəmək sizə heç bir zərər verməyəcək. Bu vərdişləri nə qədər tez tətbiq edib, ənənəyə çevirsəniz, irəliləmək sizin üçün bir o qədər asan olacaq.
 
İnvestisiyaya köklənməklə oxucu auditoriyasını genişləndirmək arasında qalmaq və hər ikisinin əhəmiyyətini anlamaq: Bu günün yazarlarının ilk və dəyişməz ortaq nöqtəsidir. Bizə tanıtım üçün müraciət edən əksər müəlliflərin ilk sualı bu olur: „İnvestisiya yatırımlarım necə irəliləyir?”. Təbii ki, biz bunu hər zaman müəyyənləşdirə bilmirik. Hətta, tonlarla kitablarınız və sadiq oxucularınızın olması kimi aydınlaşdırıcı şərtlər daxilində belə, investisiyanın geri dönüşünü müəyyənləşdirmək çətindir. Bir kitabın nəticələri sizə qoyduğunuz investisiyanın uğurlu dönüşü kimi qayıda bilər, digəri isə bütün gözləntilərinizi sıfıra vurar. JK Roulinqin “Harry Potter” silsiləsindən kənarda yazdığı yeganə romanının uğursuzluğu bunun ən böyük nümunəsidir. Səyləriniz gözləntilərinizi yüksəldə bilər, amma nə qədər az gözlənti içində olsanız, investisiyanın geri dönüşünü o qədər asan qarşılayacaqsınız. Bir çox yazar kitabı rəflərdə yerini aldığı gündən investisiyanın necə geri qayıdacağının dərdinə düşür. İş canlanmadan investisiyanın pul olaraq geri qayıtmaması gənc kadrın həvəsini və gələcəyini öldürür. İnvestisiya geridönüşü yaxşı hədəfdir, lakin mərhəmətsiz ustadır. Bəs, bunun əvəzinə nəyə köklənməli? Oxucu auditoriyasının genişləndirilməsinə. Əslində, yazar nə addım atırsa-atsın, harada olursa olsun, onun hər işi oxucu auditoriyasını genişləndirməyə xidmət etməlidir. Başqa bir hədəfə köklənmək boş zaman sərfidir. Açığı onu da deyim ki, başqa bir yolla irəliləməkdən konkret bir nəticə gözləməyə dəyməz. 
  
Hərəkətverici addım: Müəyyən plan tərtib etmək və təqvimə uyğun oxucu auditoriyasının genişlənmə arealını izləmək.
  
1. Adaptiv olun və özünüzü nümayiş etdirin: Bazarın dəyişən tələblərinə, yeni trendlərə, sizin kitabınıza da xeyri toxunacaq xəbərlərə sürətlə adaptasiya olmaq sahiblənilməli və formalaşdırılmalı yaxşı vərdişlərdəndir. Uğurlu yazarların adaptivlik və özünü hər bir yenilikdə sınamaq, nümayiş etdirmək kimi ortaq vərdişləri var. Yeni üsulla bağlı nəsə alınmayanda, dərhal əvəzedici vasitə tapırlar. Bəlkə, yanlış zamanda reklama gedib, bəlkə, yanlış özünüreklam vasitəsi seçib, bəlkə daha yaxşı bir kitab üzü hazırlatdıra bilərdi, bəlkə auditoriya klişe qəhrəmanlardan bezib – kitabın uğurunu sığortalayacaq bütün variantları sınaqdan keçirirlər. Adaptivlik uğura aparan yolda həlledici rola malikdir.
 
Hərəkətverici addım: İşinizə yaramayan şeylərin siyahısını tutun. Niyə işə yaramadığını müəyyənləşdirməyə çalışın. Bu üsulu nə ilə əvəz edəcəyinizi dəqiqləşdirib, hərəkətə keçin.
 
2. İnsanların oxumaq istədiklərini yazın: Bəli, öz düşüncə tərzinə, duyğuları ifadə vasitələrinə sonsuz güvənənlər üçün gülməli bənd ola bilər. Amma hətta klassiklər belə oxucu auditoriyasının fikri ilə istər-istəməz hesablaşmalı olublar. Bu maddənin altında düşündüyünüzdən daha dərin həqiqət yatır. Yazmağa başladığınız ilk gündən auditoriyanın gözləntisi sizin üçün mayakdır. Xüsusi bir janr üçün yazmaq sizi mütəxəssis edər, amma yazıçı etməz. Kiçik, amma yüksək zövqlü auditoriya üçün yazmaq isə sizi yazıçı edər, amma uğurlu etməz. Böyük bazarın istifadəçilərinin isə fərqli gözləntiləri var. Bu gözləntilər isə qeyd etdiyimiz müxtəlif istiqamətli dar auditoriyanı da özündə birləşdirir. Müraciət etdiyiniz janra bələd olun, oxucunun gözləntilərini müəyyənləşdirin. İstədiyinizi yazmaq mütləq mənada əhəmiyyətlidir, amma oxucunun istədiklərini yazmaq mütləq mənada satılacaq.
  
Hərəkətverici addım: Sizin müraciət etdiyiniz janra, mövzuya uyğun yazılmış 100 ən məşhur əsər siyahısındakı ilk beş kitabı dərindən, hərtərəfli mütaliə edin. İnsanların, həqiqətən də, diqqətini çəkmiş cəhətləri müəyyənləşdirin. Bunu edə bilməzsiniz? Bildiklərinizi yeniləmək sizə satıla bilən məhsulun hazırlanması prosesində kömək edəcək.
 
3. Bir janrı özəlləşdirin: Hər kitab xəyallarınızın kitabı olmayacaq. Janrlar arasında macəra yaşayan və demək olar ki, qələmini sınadığı hər janrda mükəmməl nümunələr sərgiləyən olduqca istedadlı yazarlar tanıyıram. Yazar üçün hər janrda „üstün” olanı yaratmaq qürur mənbəyidir, meydanda gövdə nümayişidir. Amma onların arasından bir Stefen Kinq çıxmadı. Çünki oxucu yazarın janrlararası keçidlərini izləmir. Bu son qayıtdığım konfransda bir xanım yazar çox ağıllı fikir səsləndirdi – pişik saxlamaq istəyənə it satmayın! Dahiyanə analogiyadır. Bir janra bağlanın, sadiq qalın. Janrlar arasında qaldıqca oxucu itirəcəksiniz. Reallığı görməzdən gəlməyiniz nəticəni dəyişmir. Ədəbi gücünüzü sübut etmək üçün bir addım irəli atacaqsınızsa, uğurdan iki addım geri düşəcəksiniz. Bu, biznesdir. Onun da öz şərtləri var. Bir xanım yazarla sırf bu nəzəriyyə üzərində işlədik. Texniki baxımdan onun silsilədən kənar əsəri olduqca uğurlu idi. Amma oxucu məktubları birmənalı şəkildə onu silsilənin davamını yazmağa çağırırdı. 
  
Hərəkətverici addım: Özünüzü tapdığınız janra bağlanın. Həmin janr üzrə ən çox müraciət edilən mövzuları, obrazları, yerləri, trend süjetləri, kitab qabıqlarını, dizayn işlərini, sosial şəbəkələrdə bu janrın ən çox izlənən nümayəndələrini qruplaşdırın. Seçdiyiniz janrın ustası olun. Bu sahədə o qədər məlumatlı olmalısınız ki, lazım gələrsə, dərs də keçəsiniz!
 
4. Ümid marketinq planı deyil: Kitabı nəşrə verib, hər şeyin yaxşı getməsi üçün dua etməyə başlamayın. Planınız, proqramınız, dəqiq marketinq cədvəliniz olsun. Hər bir günü xırdalıqları ilə bölüşdürün. Əgər imkan varsa, peşəkar komanda ilə işləyin. Nədə yaxşı olduğunuzu göstərin.
 
Hərəkətverici addım: Marketinq planınız kitabınız nəşrə yollananda hazır olsun. Bu planda bir illik hərəkət marşrutunuz nəzərə alınsın.
 
5. Cibinizdən xərcləyin: Əgər nəşriyyatın qapısına gələnə kimi cibinizə xərcləyəcək pul yığmısınızsa, deməli, işlər 50% yolunda gedəcək. Çünki kitab nəşri biznes qurmaqdır və hər bir biznes kimi bura da vaxtla yanaşı, nağd pul investisiyası qoymaq lazımdır. Burada 15 min dollarlıq investisiyadan söhbət getmir təbii ki. Amma 18 illik iş təcrübəm mənə bir qaydanı öyrədib – nə qədər çox yatırırsansa, o qədər çox götürürsən. Bu bənd mahiyyət etibarilə birinci tövsiyə ilə uzlaşır. İnvestisiyanın geri dönüşünü yalnız investisiya qoymusunuzsa, ümidlə gözləyə bilərsiniz.
 
Hərəkətverici addım: Büdcəni müəyyənləşdirin – vaxtınızdan, aylıq işlərinizdən və pulunuzdan nə qədərini kitabının investisiyası üçün sərf edə bilərsiniz. Kitabınız rəflərdə yerini aldığı gündən ayırdıqlarınızı xərcləyin. İnvestisiyanın sizi mümkün olduğu qədər gündəmdə saxlamasını təmin edin.
 
6. Tez-tez yazın. Silsilə şəklində yazın – Adətən, məsləhət üçün gələn yazarlar bu fikri səsləndirir: “Bir kitab yazıb, nəticəyə baxmaq, sonra qərar vermək istəyirəm”. Bu yazarlar 90% hallarda elə bir kitabla kifayətlənməli olurlar. Əgər „Apple” satmırsınızsa, bilin ki, bir məhsulla biznes qurmaq mümkün deyil. Hətta “Apple” belə ilin əvvəli-axırı yeni forma ilə gündəmə gəlir. Onlar belə bir məhsulla müştərinin gözləntisini qarşılamayacaqlarını bilirlər. Bir kitab bir kitablıq auditoriya deməkdir. Niyə? Bütün uğurlu yazarlar bilir ki, ilk kitabın ən güclü marketinqini ikinci kitab aparır. Üçüncü kitab əvvəlki iki kitabı tanıdır və s. 
 
Yaradıcılığınızı onlayn mağaza kimi düşünün. Burada nə qədər çox məhsul sərgilənsə, bir o qədər çox istifadəçiniz olacaq. Şərt deyil ki, siz eyni mövzunu uzada-uzada davam etdirəsiniz. Məqsəd, oxucuya hər il özünü xatırlatmaqdır.


Hərəkətverici addım: Nəşr təqvimini planlaşdırın. Tarixləri daşlara qeyd etməsəniz də, özünüzü daimi iş rejiminə kökləyin. Qəti hədəflər qoyun. Bir məqsəd uğrunda işləmək arzuların qanadında sovrulmaqdan min dəfə yaxşıdır.
 
7. Üz qabığının əhəmiyyətini anlamaq: Kitabınız üçün seçilmiş üz qabığını bəyənə bilərsiniz. Müəllifə öz kitabının üz qabığına vurulmaq ixtiyarı verilmir. Kitabın qapağına vurulmaq, onu alternativsiz, „ən yaxşı” hesab etmək tənqidlərə dözümsüzlüklə yanaşmağınıza səbəb olacaq. Geniş prespektivlərə pəncərə açmaq üçün tənqidlərə qulaq vermək mütləqdir. Daha çox kitabınız çap olunduqca, üz qabıqları alternativləri arasında seçim imkanı etmək də əhəmiyyət qazanır. Üz qabıqlarının çox olması kitabınızın marketinqinə də müsbət təsir göstərəcək. Sırf uğursuz üz qabığı səbəbindən oxucunun diqqətini çəkə bilməyib, uğursuzluğa düçar olan kitablarla az qarşılaşmamışıq. Hətta uğurunu sığortalanmış hesab etdiyimiz bir bədii nümunənin umulduğu qədər satılmamasının səbəbini araşdırmaq üçün geniş bir sorğu da aparmışdıq. 
 
Oxucular müəlliflərin bu fikrini çox vaxt təsdiqləyirlər: “Kitab yaxşıdırsa, üz qabığında nə əks olunduğunun əhəmiyyəti yoxdur”. Amma elə eyni oxucular da etiraf edir ki, kitabın üz qabığı diqqətlərini cəlb etməyəndə, içindəkinin nə qədər yaxşı olduğunu heç vaxt öyrənə bilmirlər.
 
Hərəkətverici addım: Yenə hekayənizi qələmə aldığınız janrda yazılmış romanlara müraciət edin. Janrın nüfuzlu imzalarının kimlərlə işlədiyini, çox satılan kitabların üz qabığının müəlliflərini öyrənin. Ən çox satılan 10-15 kitabı analiz edin. Üz qabığı dizaynındakı oxşar cəhətləri siyahlılaşdırın. Rəsmlərdəki, şriftlərdəki, yazı stilindəki, rənglərdəki, tonlaşdırmadakı oxşarlıqları ayırd etməyə çalışın. Dərin müşahidə apardıqca uğurlu üz qabığının arxasındakı sirri müəyyənləşdirəcəksiniz. Beyninizdə bir model formalaşdı? Yox, alınmadısa, peşəkar dizaynerlərlə məsləhətləşin, onların təkliflərindən yararlanın.
 
8. Sizi ağladacaq, gününüzü qara edəcək ədəbi redaktoru tapın: Mən belə bir redaktorun yazar üçün nə qədər vacib olduğunu iddia edəndə həmkarlar gülür. Amma, həqiqətən də, hər yazara belə bir redaktor lazımdır. Öz redaktorum sadəcə möhtəşəmdir. Hərdən məni boğaza yığır, az qalıram ki, on „rədd ol!” deyim. Hikkəmdən oturub ağlamaq istəyirəm. Amma bezmədən, usanmadan məni daha yaxşı yazmağa, yenidən işləməyə vadar edir. O, içimdən çıxıb, kənardan yazı prosesimi izləyib, nəticələri ilə bağlı obyektiv fikirlərini bildirən ikinci mənim kimidir. Hər yazarın özü kimi etibar etdiyi bir ədəbi redaktoru olmalıdır. Kitabınızı geri təhvil verən redaktor “Romanın hər şeyi mənə ləzzət elədi! Qüsursuzdur!” – deyirsə, özünüzə dərhal başqa redaktor axtarın. Heç kim yazısı düzəlişlərə ehtiyacı olmayacaq qədər mükəmməl yazar deyil. İstənilən bestseller yazardan rahatlıqla soruşa bilərsiniz – əlyazmalarının ilk versiyası zibilliyə gedib. Limitlərinizin sərhəddini görməyə məcbur edən redaktorlarla işləyin. Redaktoru fərdi məşqçi kimi düşünün – hər gün 10 hərəkət daha artıq icra edə bilirsinizsə, deməli, məşqçiniz yaxşıdır. Ağırlıqqaldırma məşqləri çiyinlərinizi incidəcək, evə gələndə məşqçinizin dalınca deyinəcəksiniz. Amma üç ay sonra nəticəyə baxanda, arxayınlıqla çəkdirdiyiniz şəkli „dünyanın ən mükəmməl məşqçisinin əl işi” rəyi ilə paylaşacaqsınız. Gündəlik ödədiyiniz xırda pullar böyük dividentlərlə nəticələnir.
 
Hərəkətverici addım: Redaktorunuzla dürüst və vicdanlı münasibət qurun. Əgər birinci kitabınızın uğurlu çıxışına baxmayaraq, redaktorunuzla istədiyiniz münasibət alınmayıbsa, növbəti kitabda başqa biri ilə anlaşın. Bəzən özünüzə başqa bir redaktorla işləmək fürsəti vermədikcə, daha yaxşı bir nümunənin müəllifi ola biləcəyinizi duymursunuz. Uğurun sırf sizdən asılı olduğunu düşünürsünüzsə, deməli, gördüyünüz işə biznes kimi yox, hobbi kimi yanaşırsınız. İtinizi sevən biri kimi itini sevən və sizinlə ortaq maraqları olan kimisə redaktor seçmək çox qeyri-peşəkar qərardır.
 
9. Oxucularınızla əlaqə yaradın: Uğur geridə bəzi açarlar qoyur. Uğurlu yazarlarla danışıb, bəzi ipucları istəsəniz, bu cavabı dönə-dönə eşidəcəksiniz: “Oxucularınız qızıldır, onlarla zərgər kimi rəftar edin. Şəxsi zəmində oxucularınızla əlaqə yaratmaqla onlara öz dünyanızın qapılarını açırsınız. Onları ədəbi səyahətlərinizin yol yoldaşı edirsiniz. Bir müəlliflə bu barədə söhbət edirdik. Dedi ki, kitabı rəflərdə yer alan gündən ilk üç gün içində nəticənin necə olacağını təxmin edə bilir. Belə ki, oxucuları hər yerdən ona kitabı ilə bağlı ictimai rəyi yazır, ətraflı məlumat verirlər. Bəli, oxucular bu işlərdə köməkdir. Oxucular bu tip əlaqəni çox dəyərli tutur, müəlliflə şəxsi, birbaşa əlaqənin olması qarşılığında daha həvəsli və sadiq oxucuya çevrilirlər. Oxucuların ən böyük köməyi isə sosial mediada apardıqları marketinqdə olur. Hətta bu işdən çox xeyir görmüş bir yazar dostum isə bu münasibəti lap inkişaf etdirib. Belə ki, onunla daimi maraqlanan oxucularının ad günlərini izləyir və onları ictimai mesajlarla təbrik edir. Əgər xəstə olduqları ilə bağlı status yazıb və ya hansısa itki ilə üzləşiblərsə, buna dərhal reaksiya verir. Xanım yazarın fikrincə, bundan daha yaxşı reklam ola bilməz. Bu həm də yazar-oxucu münasibətlərini gücləndirir. 
 
Reklama ayrılmış pulu və zamanı necə sərf edəcəyiniz sizdən asılıdır. Amma bunu sizin üçün könüllü edəcək adamlar varsa, bu fürsəti dəyərləndirin. Oxucularla görüş günlərinə həsr olunan saatlar və pullar tezliklə sizə böyük dividentlər şəklində geri qayıdacaq.
 
Hərəkətverici addım: Sizi daimi izləyən oxucuları təyin edin. Onlarla həftədə bir dəfə də olsa, mesajlaşın. Bu münasibət getdikcə daha səmimi və daimi xarakter alacaq. Söhbətlərinizi isə daha ədəbi və daha pozitiv mövzulara kökləyin.
 
10. Fərqli şeylər sınayın: İlk cəhd uğursuz alınanda insanı cəsarətsizlik üstələyir. Biznesə girişmək uğur qazanmaq üçün hətta ağılalmaz üsullara belə əl atmağı gözə almaqdır. Çünki çox vaxt uğursuzluğun arxasında hərəkətsizlik, axtarışsızlıq dayanır. Bir şeyi də nəzərə alın ki, elə ilk addımdan uğur yağmuruna düçar olan çox az iş var. İkinci bir versiya da var – birinci kitab üçün uğurla işləyən taktika ikinci kitab üçün işləməz. Yeni bir üsula adaptasiya olmağa hazırlaşın.
 
Hərəkətverici addım: Təqvimə uyğun hərəkət planı çəkin. Marketinq və reklam taktikanıza uyğun gələn və gəlməyən üsulları müəyyənləşdirin. Hansı üsula nə zaman əl atacağınızı konkretləşdirin. Hər bir üsula lazımı vaxt ayırıb-ayırmadığınızı, onun niyə uğursuzluğa düçar olduğunu aydınlaşdırın. Əgər taktikanın tələblərinə əməl etməmisinizsə, özünüzü bir daha sınayın. Təqvim sizə marşrutu harada pozduğunuzu, harada boşluq olduğunu göstərəcək.
  
11. Rəyləri oxuyun: Sonuncu dəfə nə zaman xüsusi bir başlıq altında rəy yazısı oxumusunuz? Rəy yazıları oxucu fikrini, zövqünü, nəyin sevilib, nəyin sevilmədiyini, bazarın nəbzini təyin etməyin ən yaxşı yoludur. Hətta bir ulduzlu rəyləri belə oxuyun. Oxucuların fikirlərinə, münasibətlərinə diqqət edin. Bəzən əlinizdəki kitabın taleyini dəyişəcək bir ipucu, fikir, ideya olur. Bəlkə rəyləri oxumaq sizə silsilə yazdıracaq, ya da əlinizdəki hekayəni dəyişdirtdirəcək. Xüsusilə, roman mövzularının auditoriyanın istəyinə hesablandığı dövrdə sosial şəbəkələrdə, forumlarda iştirakçı olmaq və oxumaq çox işinizə yarayacaq. Qeyri-bədii ədəbiyyat nümunələri ilə bağlı rəylərlə tanış olaraq, mövzunuzdakı boşluqları aşkarlayacaqsınız. Uğurlu yazar olmaq strateq olmaq deməkdir.
Hərəkətverici addım: Hekayənizin janrına uyğun kitablara gələn rəylərlə tanış olun. Əsərlərin ən çox hansı keyfiyyətlərə görə ulduz aldıqlarına baxın. Tələblərə, gözləntilərə fikir verin. Hər həftə biri uğurlu, biri uğursuz iki kitab seçin və hər ikisinə gələn rəyləri oxuyun. Bu üsul harada səhv etdiyinizi görmək məqsədilə dönə-dönə öz yazdığınızı oxumaqdan daha effektiv olacaq.
 
12.  Şəbəkəyə fokuslanın: Bu biznesə yeni girişəndə saysız-hesabsız tədbirlərdə iştirak etmişəm, tonlarla toyuq qızartması yeyib, milyonlarla əl sıxıb, çanta-çanta vizit-kart mübadiləsində tərəf olmuşam. O vaxt üçün bu produktivlik əmsalı idi. Həqiqətən də elə idi? Heç də yox. Bu gün sadəcə öz sahəmə aid adamların şəbəkəsində qalmağa fokuslanıram. Açığı şəbəkənin xaricində dəvətlərə vaxt da qalmır. Zaman keçdikcə görürəm ki, mən də belə tədbirlərin təşkilatçıları üçün marağımı itirirəm.
 
Hərəkətverici addım: Əlaqə qurmaqda çətinlik çəkməyəcəyiniz yazarların şəbəkəsinə qoşulun. Bəlkə də artıq hansınasa üzvsünüz. Şəbəkənin digər üzvləri ilə hər an əlaqə yarada bilirsinizmi? Kömək üçün asanlıqla müraciət edirsinizmi? Tədbirlərdən daimi məlumatınız olurmu? Şəbəkənin nümayəndəsi olmaq prosesi işlək və sizin üçün faydalıdır. Bunu sadəcə yazarlar cərgəsinə qoşula bilmək prosesi hesab etməyin.
  
13. Mikro-təsirliləri xatırlayın: Bir çox müəllifin sevimliləri „super oxucular”-dır. Super oxucu ədibin hər yazısını, əsərini, həyatındakı xırda dəyişikliyi belə izləyən, onunla bağlı istənilən məlumatı sosial hesablarında paylaşan fanatikdir. Tvitter, feysbuk və s. kimi şəbəkələrdə milyonlarla izləyicinin olması yazarın qürurlandıra bilər. Amma adını çəkdiyimiz super-oxucuların az olması məqsədəuyğundur. Çünki bu günlərdə onların sayının çox olması yazarın həyatına tamamilə nəzarət imkanı əldə etmələri deməkdir. Onları daim diqqət mərkəzində saxlayın – çünki super oxucuların hər biri paylaşdıqlarınızı sadəcə bəyənməklə kifayətlənən min oxucunun yerini verir. Onlarla şəxsi münasibətdə olun. Beşi ilə mütəmadi münasibətlər formalaşdırdıqdan sonra növbəti beş nəfərə keçin. Hər bir uğurlu yazarın sadiq oxuculardan ibarət krallığı var.
 
Hərəkətverici addım: Super oxucu qrupu yaradın. Və ya fanatik izləyicilərinizdən birini bu işə sövq edin. İşə haradan, necə, kiminlə başlayacağınızı bilmirsiniz? Bizim mütəxəssislərin pulsuz konsultasiyalarına qoşulun. Uğuru sığortalayın... 

Penni Sansivieri
 
Mənbə: “Huffington Post”
İngiliscədən tərcümə: Elcan Salmanqızı
Top