Ədəbiyyatın əfsanəsi Erik Artur Bler (Eric Arthur Blair) yaxud da, daha çox bilinən adıyla Corc Oruell (George Orwell) “Heyvanıstan” və “1984” kimi kult klassiklərinin yazarı olaraq xatırlanır. Lakin o, eyni zamanda, usta bir esseistdir. Ən yaxşı qısa yazılarından biri 1946-cı il tarixli təcrübə yazısı olan “Niyə yazıram?”-dır.
Oruell bu təcrübəsində çox da hüzurlu keçməmiş uşaqlığından bəzi detallar verərək başlayır. Atasızlıq, məktəbdə məruz qaldığı istehzalar, zorbalıq və güclü bir yalnızlıq hissi və bütün bunların onu yazmağa necə vadar etdiyini izləyir. Bu tip erkən dövr mikro-tramvaların onun yazıçılıq yönümü üçün necə lazımlı olduğunu irəli sürür. Bunu, yazmaq üçün gərəkli olduğuna inandığı 4 əsas hissi açıqlayaraq davam etdirir. Bunlar elə hisslərdir ki, sadəcə yazıçılıq deyil, daha bir çox yaradıcı fəaliyyət üçün də keçərlidir.
1. Əsl eqoizm – ağıllı görünməyi, haqqında danışılmağı, öldükdən sonra da xatırlanmağı arzulamaq, uşaqlıqda sizi aşağılayan yetkinlərdən daha üstün mövqeyə keçmək istəmək və s.-dir. Bunu güclü bir hiss olaraq qəbul etməmək çox mənasız olar. Yazıçılar bu xarakteristikanı elm adamları, sənətçilər, siyasətçilər, vəkillər, əsgərlər və uğurlu iş adamları ilə – bir sözlə, bəşərin üst təbəqəsi ilə paylaşırlar. İnsanların çoxu o qədər də eqoist sayılmaz. Çoxu xüsusən 30 yaşından sonra fərd olmaq hissindən imtina edib, daha çox başqaları üçün yaşamağa başlayır ya da özünü düşünə bilməyəcək qədər ağır iş yüküylə mübarizə aparmalı olur. Ancaq azlıqda olan bir qisim var ki, istedadlı, əzmli insanlardan ibarətdir. Onlar sonuna qədər öz həyatlarını yaşamaqda qərarlıdırlar və məhz yazıçılar bu sinfə daxildir. Qeyd etmək lazımdır ki, ciddi yazıçılar jurnalistlərdən daha çox təkəbbürlü və xudpəsənddir, hərçənd ki, pulla da daha az əlaqədə olurlar.
2. Estetik coşğu – xarici aləmdəki gözəlliyin idrakı və ya digər yandan, onu sözlərdə, onların doğru düzülüşlərində qəbul etmək, bir səsin digərinə dəyməsindəki, diqqətli bir yazının möhkəmliyindəki və ya gözəl bir hekayənin ritmindəki həzzdir. Bu, önəmli və itirilməməli olduğuna inandığın bir təcrübəni paylaşmaq arzusudur. Estetik hiss bir çox yazıçıda olduqca xəfifdir, amma bir məcmuə yazarının və ya dərs kitabı yazıçısının belə faydaçı bir zehniyyətdən uzaq olaraq istifadə etməyi sevdiyi xüsusi sözlər, söz qrupları vardır. Demək istədiyim, bir dəmiryolu siyahısından üst səviyyədə olan heç bir kitab estetik anlayışdan tamamilə məhrum deyildir.
3. Tarixi itki – hər şeyi olduğu kimi görmək, onlar haqqında doğru bilgilərə çatmaq və bunları gələcək nəsillər üçün toplamaq arzusudur.
4. Siyasi məqsəd. Burada “siyasi” sözünün mümkün olan ən geniş mənasını istifadə edirəm. Bu, dünyanı bəlli bir yönə istiqamətləndirmək məqsədilə digər insanların uğrunda çalışdıqları cəmiyyətlə bağlı vacib olan fikirləri dəyişdirmək üçün duyulan güclü istəkdir. Yenə də heç bir kitab siyasi baxımdan tamamilə tərəfsiz deyildir. “Sənətin siyasətlə işi olmamalıdır” düşüncəsi belə siyasi bir yanaşmadır. Fərqli hisslərin bir-birləri ilə savaş halında olmaları məcburiyyəti göz önündədir və yenə də təsirlərinin insandan-insana, zamandan-zamana dəyişə bildiyini açıq-aydın görmək mümkündür.
Oruell bu hisslərin fərqli zamanlarda və fərqli şəkillərdə öz yazı vərdişinə necə nüfuz etdiyinə dair müzakirəsini davam etdirərkən belə deyir:
“Bu son iki səhifəyə baxıram və düşünürəm ki, məni yazmağa vadar edən hisslərin daha çox vətənpərvər bir aurası varmış kimi görünür. Belə bir təəssürat yaratmaq istəmirəm. Bütün yazıçılar təkəbbürlü, xudpəsənd və tənbəldir və yazı təşviqlərinin təməlində bir müəmma vardır. Bir kitab yazmaq qorxunc, zəhmətli bir məşğuliyyət, uzun çəkən ağrılı bir xəstəlik kimidir. Bu elə bir durumdur ki, ancaq iblisin təhriki ilə hərəkət edən biri belə bir cəhdə girişir, bu iblisə də nə qarşı çıxmaq mümkündür, nə də onu anlamaq. Bildiyimiz yeganə şey, bu iblisin körpəni diqqət çəkmək üçün ağlayıb qışqırmağa təhrik edən instinktlə eyni olmasıdır. Doğru olan bir şey də var ki, o da kiminsə öz şəxsiyyətini gizləmək cəhdi olmadan doğru-düzgün bir şey yaza bilməyəcəyidir. Yaxşı yazı bir pəncərə şüşəsi kimidir. Hisslərimdən hansının daha qüvvətli olduğunu dəqiq şəkildə deməyim mümkün deyil, amma hansının arxasından getməyə layiq olduğunu bilirəm. Və geri dönüb əsərlərimə baxanda SİYASİ bir məqsəddən məhrum olduğum zaman ruhsuz kitablar yazdığımı, ümumilikdə bəzəkli keçidlərdən, mənasız cümlələrdən, dekorativ sifətlərdən və axmaqlıqlardan yardım gözlədiyimi gördüm.”
Bu fikirlərə ehtiyatla yanaşmaqda fayda var, çünki hər kəsin yaradılışı, düşüncəsi, var olmaq seçimi özünə görədir, bu, şəxsin özünəməxsusluğudur. Mən, məsələn, özümü Rey Bredberi (Ray Bradbury) modelinə daha yaxın hiss edirəm:
“Yazmaq ciddi bir iş deyildir. Bir həzdir o, bir bayramdır. Yazarkən əylənmiş olmalısınız. ‘Yox! İndi hansı söz? Ah ilahi…’ deyə gərginləşən yazıçılara qulaq asmayın. Cəhənnəmin dibinə qədər yolları var. Bu bir iş deyil. Əgər bunu iş kimi görürsünüzsə, dərhal buraxıb başqa bir şeylə məşğul olun.”
Hazırladı: Fatimə Əliyeva
Redaktə etdi: Şəfiqə Babayeva